Weather forecast for Zardab

Həsən bəy Zardabinin yaxın ətrafı haqqında bir neçə fakt




Həsən bəyin ulu babası Fətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18-19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə “Məlik” müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona “Məlik” titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar. Həm Şamaxı xanı Ağası xanın, həm də övladlarının Əlvənd bəyləri ilə qohumluq əlaqələri olmuşdur. Əlvənd bəylərinin inzibati ərazilərə naib təyin edilmələri dövrün siyasi mənzərəsinə daha çox uyğun gəlirdi. Fətəli bəyin Qarasubasar mahalının naibi olması barədə rəsmən məlumat olmasa da, sənədlərdə oğlu Rəhim bəyin Qarasubasar mahalının naibi olması barədə məlumatlar verilir. Odur ki, Fətəli bəyin əslən Əlvənd kəndindən olmasını və ya ən azından Əlvənd bəyləri ilə yaxın qohumluq əlaqələrinin olmasını da təxmin etmək olar. Fətəli bəyin Əlvənd icmasında da kifayət qədər yaxın qohumları yaşayıb. Zərdab kəndinin bu ailəyə mülk kimi verildiyini də ehtimal etmək olar.
Həsən bəyin babası Rəhim bəy 18-ci əsrdə anadan olub, Qarasubasar mahalının naibi və eyni zamanda Zərdab kəndinin sahibi idi. Yaşadığı dövrdə Məlik Rəhim bəy, Rəhim bəy Məlik Fətəli oğlu və Rəhim bəy Zərdablı kimi tanınıb. Daşıdığı “Məlik” tituluna görə Rəhim bəyin soyundan gələnlər Məlikov soyadını daşıyıblar.
1816-cı il dekabrın 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov Şamaxı xanı Mustafa xanla Zərdab kəndində görüşüblər. Məhz bu görüşdən sonra Mustafa xan bir daha əmin olur ki, xanlığın müstəqilliyi uzun sürməyəcək. Çox güman ki, bu görüşdə Qarasubasar mahalının, eyni zamanda Zərdabın naibi Rəhim bəy də iştirak edib və o, ruslarla savaşın sonunun yurdu üçün, mahalın, kəndin sakinləri üçün faciəli nəticələnəcəyini anlayıb. Bu səbəbdən Zərdab naibi Rəhim bəy və Əlvənd naibi Novruzəli bəy ruslar ilə məcburi ittifaq bağlayıblar.
İran-Rus müharibəsi zamanı Zərdab naibi Rəhim bəyin və Əlvənd naibi Novruzəli bəyin atlı dəstələri Kür sahilində mövqe tutaraq, kəndlərini İran sərbazlarından və gürcü çarlarının dəstələrindən müdafiə etmişdilər. Onların kəndlərini müdafiə etməsi rus qoşunlarının da işinə yaramışdır.
Rəhim bəyin naibliyi dövründə Zərdab kəndi inkişaf edərək, bölgənin iri yaşayış məntəqələrindən birinə çevrilmişdir. Bölgənin yeganə mağazası da Zərdabda yerləşirdi. Zərdabda ipəkçilik də sürətlə inkişaf edirdi. Zərdabda bitən tut ağacının yarpağı baramaqurdunu yetişdirmək üçün ən keyfiyyətli yarpaq hesab olunurdu. Əsasən heyvandarlıqla məşğul olan sakinlər, getdikcə taxılçılığa da üstünlük veriblər.
Rəhim bəy məclislər qurmağı xoşlayırdı. Bu məclislərdə tanınmış aşıqlar, müğənnilər, şairlər iştirak edərdi. Təhsilə də önəm verərmiş. Övladları üçün xüsusi müəllimlər tutmuş, onlara yüksək təhsil və tərbiyə vermişdir. Verilən təhsilin və tərbiyənin nəticəsi olaraq, Rəhim bəyin soyundan gələn onlarla şəxs həm ölkəmizdə, həm də xaricdə tanınmış, nüfuz qazanmışdır.
Həsən bəyin atası Səlim bəy Rəhim bəy oğlu XIX əsrin əvvəllərində anadan olub. Yeniyetməlik və gənclik dövrü at belində keçib. XIX əsrin 20-ci illəri qarışıq bir dövr idi. Səlim bəy də əlində silah, atası ilə bərabər Kür sahillərində mövqe tutaraq, Zərdabı və ətraf kəndləri talançı dəstələrdən müdafiə etmişdir. Sonradan hərbi xidmətə yazılmış və uzun müddət çar ordusunda praporşik rübəsində qulluq etmişdir.
Səlim bəy də atası kimi təhsilə, elmə və maarifə önəm vermişdir. Övladları mədrəsələrdə, məktəblərdə təhsil almışdır. Oğlu Həsən bəyi daha yüksək təhsil alması üçün Rusiyaya göndərmişdir. Yaşadığı Göyçay qəzasında xeyriyyəçiliklə də məşğul olmuşdur.
Yaşlı nəslin nümayəndələri Səlim bəyin Həsən (Zərdabi), Səfəralı, Mehralı və Şirinxanım adlı övladları olduqlarını bildirirlər. Azərbaycanın ilk fizika alimi Rəhim bəy Məlikov Mehralı bəyin oğludur. Məlikovlar nəslindən olan Məhəmməd bəy (Əlvəndi) Azərbaycanda ilk teatr qurucularından biridir. Azərbaycanın görkəmli alimi, akademik Böyükkişi Ağayev də Məlikovlar nəslindəndir.
Sənədlərdə Həsən bəyin əmiləri Mirzalı bəy Rəhim bəy oğlunun, Məhərrəm bəy Rəhim bəy oğlunun, Qasım bəy Rəhim bəy oğlunun, Əhməd bəy Rəhim bəy oğlunun adları çəkilir. Sənədlərdə Məhərrəm bəyin Kür sahilinin müdafiəsi zamanı öldürülməsi haqqında məlumat var.
Həsən bəy türk xalqlarının, müsəlmanların maariflənməsi, birləşməsi düşüncəsi ilə yaşamışdır. Elə bu səbəbdən də, 1872-ci illərin sonlarında, Kabarda-Balkar xalqının nümayəndəsi, Tiflis Müqəddəs Nina məktəbinin məzunu Hənifə xanım Abayeva ilə ailə həyatı qurmuşdur. Hənifə xanım 1856-cı ildə Şimali Qafqazda, Nalçikin Şkant kəndində anadan olub. Taubiyev nəslindən olan, təqaüdə çıxmış rus hərbçisi Aslanbəy Abayevin qızıdır. Hənifə xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub. 1929-cu ildə Bakıda vəfat etmişdir.
Həsən bəyin qızı Pəri xanım 1873-cü ildə anadan olub. Tiflis Müqəddəs Nina məktəbində təhsil alıb, 1889-cu ildə Peterburq Universitetinin Hüquq fakültəsini əla qiymətlərlə bitirib. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və sairə işlərdə çalışıb. 1893-ci ildə Əlimərdan bəy Topçubaşov ilə ailə qurub. Həyat yoldaşı ilə birlikdə Paris sülh konfransına gedən Pəri xanım, Azərbaycanda Sovet Hakimiyyəti qurulması səbəbindən Parisdə mühacirətdə qalıb yaşamağa məcbur olub. Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım 1947-ci ildə vəfat edib, Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.
Həsən bəyin oğlu Midhət bəy 1879-cu ildə anadan olub. Ana yurduna daha çox bağlı idi. Həmyerlilərinin atasını “şapkalı rus”, özünü isə “urus balası” adlandırmaları onu çox əsəbləşdirirdi. Bakı real məktəbini bitirib, Almaniyada Politexnik Texnikumunda elektrik mühəndisi ixtisası qazanıb. Almaniyadan qayıtdıqdan sonra Bakıda yaşayıb. Dövlət Dümasında öz mövqeyi ilə fərqlənib.
Midhət bəy 1915-25-ci illərdə Kazan şəhərində yaşayıb və əslən Kazandan olan Lidiya adlı qızla ilə evlənib. Fatimə adlı bir qızları olub. Azərbaycanın ruslar tərəfindən işğalından təxminən 5 il sonra ailəsi ilə birlikdə Bakı şəhərinə qayıdıb. 1925-ci ildə Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Şamaxıda və Lənkəranda, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub.
Midhət bəy həmişə ədalətli və cəsarətli davranar və heç vaxt yalan danışmazdı. 1935-ci ildə Lənkəranda həbs edilərək qolları qandallı Bakıya aparılıb və 10 il iş verərək Sibirə göndəriblər. Midhət bəyin 1937-ci ildə güllələndiyini yazırlar. Bəzi mənbələr isə 1940-cı ildə, yolda getdiyi zaman büdrəyib yıxılaraq vəfat etdiyini bildirirlər.
Midhət bəyin qızı Fatimənin Məmmədəli adlı oğlu və nəvəsi Hacağa bir müddət Bakıda yaşayıblar, sonra Stavropola köçüblər.
Həsən bəyin oğlu Səffət bəy Zərdabda anadan olub. “Türkiyə Mühəndislik xəbərləri” dərgisinə yazdığı tərcümeyi halında 1886-cı ildə anadan olduğunu bildirir. Türkiyədə ona verilən bir sənəddə isə təvəllüdü 1898-ci il göstərilib. İlk və orta təhsilini Azərbaycanda, Bakıda aldıqdan sonra təhsilini Riqa Ali Mühəndislik məktəbində davam etdirib. Bolşeviklərin inqilabından sonra məktəbi və məmləkətini tərk edib. Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirib. 1928-ci ildə Türkiyəyə gələrək, burada fasiləsiz olaraq memar kimi çalışıb. “Türkiyə Mühəndislik xəbərləri” dərgisinin bir neçə sayında Səffət bəyin memarlıq fəaliyyəti barədə xeyli sayda məlumatlara rast gəlmək olar. Dərginin yubiley sayında Türkiyənin ən tanınmış memarlarından biri kimi şəkli və barəsində yığcam bir tərcümeyi-hal da çap edilib.
Türkiyədəki sənədlərində adı və soyadı Safvet Məlik-Zərdabi kimi qeyd olunub. Nəfisə adlı türk qızı ilə evlənib, bir övladlarının olduğu və erkən vəfat etdiyi bildirilir. Qısa bir müddətdə Almaniyada da yaşayıb. Mühacirətdə Azərbaycanın istiqlalının bərpası üçün mübarizə aparıb, “Milliyyətçi Azərbaycan Dərnəyi”nin qurucularından biridir. Bir müddət Almaniyada yaşayıb, Ankarada dəfn olunub.
Həsən bəyin qızı Qəribsoltan xanım 1889-cu ildə anadan olub. Bakıda qız məktəbində, Tiflisdə rus qızlar gimnaziyasında təhsil alıb. 1910-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub, 1915-1920-ci illərdə Bakıdakı Rus-Azərbaycan qız məktəbində və rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib, eyni zamanda pedaqoji kurslarda öz təhsilini artırıb. İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçib, məktəblərin müəllimi adına layiq görülüb.
Bir müddət Bakıdan uzaqlaşaraq Gəncədə yaşayıb. İkinci Dünya müharibəsi illərində Zərdab rayonunun orta məktəblərində müəllim işləyib. Müharibədən sonra Bakıya qayıdaraq, 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində müəllim kimi çalışıb. Uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs deyərək onlara analıq edib. Maaşını, hətta təqaüdünü də həmin uşaqlara xərcləyib.
Azərbaycanda elm və təhsilin inkişafındakı əvəzsiz xidmətlərinə görə 1948-ci ildə “Azərbaycan SSR-in əməkdar müəllimi” fəxri adına layiq görülüb, “Lenin” ordeni ilə təltif olunub.
Ailə qurmayıb. 1967-ci ildə Bakıda vəfat edib. Bakının Qurd qapısı deyilən Qəbirstanlığında dəfn olunub.
Həsən bəy Zardabinin yaxın ətrafı haqqında bir neçə fakt Həsən bəy Zardabinin yaxın ətrafı haqqında bir neçə fakt Reviewed by Zardob on 30.5.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.