Qədim yaşayış məskənləri
olan müasir Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən
Alban-Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsinə daxil edilir.
Taleh Əliyev ərazidə son tunc - ilk dəmir dövrü üçün səciyyəvi olan Xocalı - Gədəbəy
mədəniyyətinin də izlərinin olduğunu yazır. Taleh bəy bildirir ki, Zərdab adına
yazılı mənbə baxımından XV əsrə aid Bədr Şirvaninin Divanında rast gəlinir.
Köçəri tayfaların məskunlaşdığı
müasir rayon ərazisində Zərdab yaşayış məntəqəsinin adına XVI əsr Səfəvi və
Osmanlı mənbələrində rast gəlinir. Osmanlıların hakimiyyətində olan Şamaxı bəylərbəyliyinin
sancaqlarından biri Zərdab sancağı adlandırılmışdır. 1583-cü ildə Şirvan əyalətinin
(və ya bəylərbəyliyinin) 13 sançağından biri olan Zərdab sançağına Rumeli Zaimlərindən
Mustafa hakim təyin edilmişdir.
Oqtay Əfəndiyevin
"Azərbaycan Səfəvilər dövləti" əsərində də Zərdabın adı çəkilir və
müasir Zərdab ərazisində yerləşən “Qoyun ölümü” keçidi barədə məlumat verilir.
Oqtay Əfəndiyev I Şah Təhmasibin Gürcüstan yürüşündən qayıdarkən “Qoyun
ölümü”ndən keçdiyini yazır. Osmanlı mənbələri də Şah Təhmasibin 02 fevral
1547-ci ildə “Qoyun ölümü”ndən keçərək Şirvan ölkəsinə gəldiyini yazır.
I Şah İsmayılın da
"Qoyun ölümü"ndən Kürü keçərək Şamaxıya getdiyi bildirilir.
Araşdırmaçı Ozan Sönməz cəsusların, Şah İsmayıl ordusunun “Qoyun ölümü”ndən keçərək
ölkəyə daxil olacağı barədə Şirvanşaha bilgi vermələrini yazır. Buket Gündüz I
Şah İsmayılın 10 may1501-ci ildə “Qoyun ölümü” keçidini keçdiyini və Gülüstan
qalası yaxınlığında, Cabanidə Şirvanşah ordusunu məğlub etdiyini yazır.
Osmanlı mənbələrində
Osmanlı və Səfəvilərin “Qoyun keçidi”ndəki
savaşı barədə də məlumat var. Tərəflər 09 sentyabr 1578-ci il tarixdə “Qoyun
keçidi”ndə qarşılaşıblar. Osmanlı ordusuna Özdəmiroğlu Osman paşa rəhbərlik
edirdi. İki saat davam edən döyüşdə Səfəvilər məğlub olublar. Oqtay Əfəndiyev "Azərbaycan
Səfəvilər dövləti" əsərində yazır ki, əks hücuma keçən qızılbaşlar Mirzə
Salman və digər əmirlərin başçılığı ilə Qarabağdan təcili hərəkətə başladılar.
“Qoyun ölümü” keçidindən Kürü keçən qızılbaşlar Şirvana daxil oldular və Osman
paşanı Şamaxı qalasında mühasirəyə aldılar.
Mənbələrdə “Qoyun
ölümü” keçidinin harada yerləşməsi haqqında məlumata rast gəlmədim. Bu keçidin
müasir Zərdabın Körpükənd kəndinin yaxınlığında yerləşməsini ehtimal etmək
olar.
Səfəvilər dövlətinin
tərkibində yerləşən müasir Zərdab ərazisi 1736-1747-ci illərdə Nadir şahın
yaratdığı Əfşarlar imperiyasının tərkibində
yerləşirdi. Nadir şahın ölümündən sonra, XVIII əsrin ortalarında Azərbaycanda
feodal dövlətlər, xanlıqlar yaradıldı. İndiki rayonun böyük hissəsi Şamaxı
xanlığının tərkibinə, qərb hissəsi isə müxtəlif illərdə həm Şamaxı, həm də Şəki
xanlığının tərkibinə qatılmışdır.
Şamaxı xanlığının
iri yaşayış məntəqələrinin biri olan Zərdab kəndinin adına mənbələrdə müntəzəm
olaraq rast gəlinir. Zərdab kəndi bu xanlığın 17 mahalından biri olan Qarasubasar
mahalına daxil idi. Mahal əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul
olurdu. Rus işğalından sonra, Şamaxı xanlığı ləğv edildikdə, əhali çar məmurları tərəfindən siyahıya alınmışdır. Siyahıya əsasən
Qarasubasar mahalının 510 təsərrüfatında 4585 nəfər yaşamışdır.
Kür çayında gəmiçiliyin
inkişafı, yelkənli gəmilərin burada dayanması, bərələr vasitəsilə Qarabağa yüklərin
daşınması Zərdabın sürətlə böyüməsinə səbəb olmuşdur. Şamaxı xanlığının Zərdab,
Cavad və Əlvənd kimi kəndləri Şirvanla Qarabağ arasında keçid məntəqələri idi.
Bu kəndlərdən keçərək Şamaxıya mal aparan tacirlərdən də xüsusi vergi
alınırdı.
XIX əsrə aid sənədlərdə
Zərdab naibi Rəhim bəy Məlik Fətəli bəy oğlunun adı çəkilir. XVIII əsrdə
yaşayan Məlik Fətəli bəy Zərdab kəndinin sahibi, naibi olmuşdur. Onun
Qarasubasar mahalına da naiblik etməsini ehtimal etmək olar. Rəhim bəy və Fətəli
bəy təqdimata ehtiyacı olmayan Həsən bəy Zərdabinin babalarıdır.
Türkiyə mətbuatında
Zərdab kəndində anadan olan Şeyx Məmməd Şirvani haqqında məlumat verilir. Şeyx
Şamilin silahdaşlarından biri olan Məmməd işğalçılara qarşı döyüşmüş, rus
zülmündən qaçıb Osmanlı dövlətində yaşamışdır. Verilən məlumata görə, zahiri və
batini elmləri təhsil edərək tələbələr yetişdirmiş, bir çox bölgələri gəzərək,
insanlara islamın mahiyyətini izah etmişdir.
İran və Rusiyanın
arasında aparılan müharibə Zərdab kəndindən də yan ötməmişdir. 1816-cı il
dekabrın 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov Şamaxı
xanı Mustafa xanla Zərdab kəndində
görüşüb və Şamaxı xanlığının gələcək statusunu müzakirə etmişdir. Məhz
bu görüşdən sonra Mustafa xan bir daha əmin olur ki, xanlığın müstəqilliyi uzun
sürməyəcəkdir.
Şamaxı xanlığı
1805-ci ilin dekabr ayında Rusiya tərəfindən işğal olundu. 12 oktyabr 1913-cü
ildə İran və Rusiya arasında bağlanan Gülüstan müqaviləsinə əsasən 8 Azərbaycan
xanlığı, o cümlədən Şamaxı xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı.
Rusiya ilk əvvəl digər xanlıqlar kimi Şamaxı xanlığının da daxili müstəqilliyinə toxunmadı. Lakin imperiya bölgədə öz mövqelərini
möhkəmləndirdikdən sonra, 1820-ci ildə Şamaxı xanlığı ləğv edildi və ərazidə
mahallardan ibarət olan Şirvan əyaləti təşkil olundu.
Əyalətin rəhbərliyi
Qafqazın Baş komandanı tərəfindən rus ordusunun zabitlərindən təyin edilmiş
komendantlara həvalə olunmuşdur. Əyalətdə komentantın rəhbərliyi ilə, tərkibi
yerli bəylərdən təyin edilmiş iki divanbəyindən, yerli əhalidən təyin edilmiş
iki köməkçidən və şəriəti təmsil edən molladan ibarət olan məhkəmə (divanxana)
yaradılmışdır. Yerlərdə də şəriət məhkəmələri fəaliyyət göstərirdi.
Yerlərdə köhnə idarəetmə
bölgüsü saxlanılmış, əyalət mahallara bölünmüşdür. Mahallar yerli bəylərdən təyin
edilmiş naiblər tərəfindən, kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə
olunurdu. Şirvan əyalətində xanlıq dövründəki mahal bölgüsü saxlanılmış, Zərdab
kəndi əyalətin Qarasubasar mahalına daxil edilmişdir.
XIX əsrin əvvəllərində
Həsən bəy Zərdabinin babası Rəhim bəy Fətəli bəy oğlu Zərdablı həm Zərdab kəndinin
bəyi, sahibi, həm də naibi idi. “Məlik” titulunu daşıyan Rəhim bəyin eyni
zamanda Qarasubasar mahalının naibi olması bildirilir. Məlik Rəhim bəyin
naibliyi dövründə Zərdab kəndi inkişaf edərək, bölgənin iri yaşayış məntəqələrindən
birinə çevrilmişdir.
İran-Rus müharibəsi
zamanı Zərdab naibi Rəhim bəyin və Əlvənd naibi Novruzəli bəyin atlı dəstələri
Kür sahilində mövqe tutaraq, kəndləri İran sərbazlarından və gürcü çarlarının dəstələrindən mühafizə
etmişdilər. Onların kəndlərini mühafizə etməsi rus qoşunlarının da işinə
yaramışdır. Sənədlərdə Rəhim bəy Məlik Fətəli
oğlunun adı ilə yanaşı Məhərrəm bər Rəhim bəy oğlunun, Mirzalı bəy Rəhim bəy
oğlunun, Səlim bəy Rəhim bəy oğlunun, Qasım bəy Rəhim bəy oğlunun, Əhməd bəy Rəhim
bəy oğlunun adları çəkilir. Səlim bəy Həsən bəy Zərdabinin atasıdır, uzun müddət
rus ordusunun zabiti olub.
XIX əsrin 30-cu illərində
komendant idarəetməsi də özünü doğrultmadı. Odur ki, 1840-cı ildə Qafqazın
yerli idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın
quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22
aprel 1840-cı il tarixdə Cənubi Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil edilmiş,
01 yanvar 1941-ci ildə bu fərman qüvvəyə minmişdir. Şirvan əyaləti və daxil
olduğu dairə bir inzibati ərazi kimi ləğv edilərək Xəzər vilayətinin tərkibinə
daxil edilmişdir. 1846-cı ilə qədər mövcud olmuş vilayət inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ,
Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Şamaxı qəzası
Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı, mərkəzi Şamaxı şəhəri
idi. Qəza 6 bölgəyə, Bərgüşad, Salyan, Qəbiristan, Lahıc, Xançobanı və Qoşun
bölgələrinə bölünmüşdür. Zərdab kəndi Bərgüşad bölgəsinin tərkibinə daxil
edilmişdir.
14 dekabr 1846-cı
ildə Qafqazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradıldı. Azərbaycan
ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil edildi.
Quberniyalar da öz növbəsində qəzalara bölünürdü. Mərkəzi Şamaxı şəhəri olan
quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi.
Zərdab kəndi 1846-1859-cu illərdə Şamaxı
quberniyasının Şamaxı qəzasının Bərgüşad bölgəsinin Qarasubasar mahalının tərkibində
yerləşib. 1859-cu ildə Şamaxı quberniyası Bakı quberniyası adlandırıldı və Zərdab
kəndi bu quberniyanın tərkibinə daxil edildi.
09 dekabr 1867-ci
il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində Göyçay qəzası
yaradıldı. Şamaxı qəzasının bir çox yaşayış məntəqələri, o cümlədən Zərdab kəndi
Göyçay qəzasına daxil edildi. Qəzanın mərkəzi Göyçay yaşayış məntəqəsi idi.
Göyçay qəzasının ən böyük kəndlərindən biri olan Zərdab kəndi Kür sahili
boyunca 50 verstlik məsafəni əhatə edirdi, qəza mərkəzindən 50 verst, pristav
idarəsindən isə 35 verst məsafədə yerləşirdi. Zərdab kəndi bölgənin zadəganlarının,
bəylərinin yaşadığı əsas yaşayış məntəqələrindən biri olub.
Quberniyanın iri
yaşayış məntəqələrindən biri olan Zərdab kəndindən digər bölgələrə ticarət,
karvan yolları uzanırdı. XIX əsrin 70-ci illərində Zərdab-Təbriz yolunun layihəsi
müzakirə edilmişdir. Y.P.Proçenko bu yolun Təbrizə gedən digər yollardan daha
qısa və daha əlverişli olacağı barədə geniş layihə hazırlamışdır.
1870-ci ildə Zərdab
kəndinin 407 təsərrüfatında 1129 nəfəri kişi, 840 nəfəri qadın olmaqla cəmi
1969 nəfər əhali yaşayıb. Kənd ərazisində 3 məscid, ictimai bərə və bölgənin
yeganə mağazası fəaliyyət göstərirdi.
Çar hökuməti
Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi haqqında verdiyi manifestdən 9 il
sonra, 1870-ci il may ayının 14-də quberniyalarda kəndli islahatları keçirmək
haqqında fərman verirdi və kəndlilərin mülkədarlardan şəxsi asılılığı ləğv
olundu. XIX əsrin sonlarında kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd
salmağa başladılar. Nəticədə Zərdab kəndinin əhalisi azalmağa başladı. Həsən bəy
Zərdabi 1882-ci ildə “Kaspi” qəzetinə göndərdiyi məktubda yazırdı ki, Zərdab kəndlilərinin
bir neçəsi bəylərin asılılığından azad oldular və azad olan kimi öz bağlarına
dağılışdılar, onların ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər
də getdilər və Zərdab bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə
yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olmasına görə
əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar.
1879-cu ildə Zərdab
17 məntəqədən ibarət olub. Bütün məntəqələr Kür sahilində, 50 verstlik bir məsafədə
yerləşmişdir. Ən böyük yaşayış məntəqələri Zərdab, Gəndəbil və Gəlmə kəndləri
idi. Zərdab kəndində 545 ev olub, 2479 nəfər (1332 kişi, 1147 qadın) əhali
yaşayıb.
XIX əsrin 80-ci illərində
Çar fərmanı ilə yerlərdə kənd icmaları və oba birlikləri yaradılmışdır. 1893-cü
ildə Zərdab kənd icmasına rəsmi olaraq 3 kənd, Zərdab, Zərdab-Gəlmə və Zərdab-Gəndəbil
kəndləri daxil idi. Mərkəzi Zərdab kəndi olan icmada 739 ev olub, 3727 nəfər
(2001 kişi, 1726 qadın) əhali yaşayıb. Zərdab kəndində isə 296 ev olub, 1538 nəfər
(832 kişi, 706 qadın) əhali yaşayıb.
Növbəti illərdə Zərdab
kənd icması 3 icmaya, I (Zərdab), II (Gəlmə) və III (Gəndəbil) Zərdab kənd
icmalarına bölünmüşdür. Mərkəzi Zərdab kəndi olan I Zərdab kənd icmasının
torpaq sahəsi 2240 desyatin idi, 242 təsərrüfatında 1376 nəfər (742 kişi, 634
qadın) əhali yaşayırdı. H.Zərdabi 1892-ci ildə "Kaspi" qəzetində
yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə
yaxın adam yaşayır”. Çox güman ki, Həsən
bəy o dövrdə hər üç Zərdab kənd icmasında yerləşən evləri və yaşayan əhalini nəzərdə
tutmuşdu.
Zərdabda həm əkinçilik,
həm də baramaçılıq inkişaf etmişdir. XIX əsrdə sakinlər getdikcə taxılçılığa da
üstünlük veriblər. Zərdab kəndində taxıl əkini əsasən Kür daşqınlarında əvvəl
başlayardı. Toxum sahələrə səpilər və daşqın zamanı Kür yatağından qalxan su bu
sahələrə daxil olardı. Həsən bəyin hazırladığı yüksək keyfiyyətli arpa və buğda,
“saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala təqdim olunmuşdur.
Kənddə ipəkçilik də
inkişaf etmişdir. Kəndlilər 3 batmana qədər barama toplayardılar. Zərdabda su
daşqını, suyun yatağından çıxması nadir hallarda baş verdiyi üçün tut ağacları
yaxşı inkişaf edər və ən yaxşı yarpaq Zərdab kəndində olardı. 1889-cu ildə Həsən
bəy Zərdabinin rəhbərlik etdiyi sexlərdə toxunan yun kilimlər və ipək cicimlər
kiçik gümüş medala layiq görünüb.
Bölgənin ən böyük
mağaza və dövlət anbarı Zərdabda yerləşirdi.
Bu mağaza gömrük, keçid statusuna malik idi. Kür çayı vasitəsilə gələn ərzaq,
geyim, digər təsərrüfat malları bu anbarda toplanardı. Yerli əhalinin tələbatını
ödəməklə yanaşı, bu mağazadan və anbarından digər bölgələrə, qəza və
quberniyalara ərzaq və digər geyim və təsərrüfat malları göndərilirdi. Zərdab
mağazası və anbar hərbi hissələrin də tələbatını ödəyərdi. 1868-ci ildə, Zərdab
kənd ərzaq (baqqal) kömrük mağazasının aşağı çinli qulluqçuları üçün kazarma tikintisinə
başlanmışdır. Tikinti barədə hərrac elan olunmuş və “Qafqaz” qəzetində dərc
edilmişdir. Rus generalı Paskeviç XIX əsrin 20-ci illərində, Əlvənd və Zərdab kəndləri
arasında, Kür sahillərində, mağaza və dəyirmanları mühafizə etmək məqsədilə 1
karabin batalyonu, 1 kazak polku və 4 artilleriya silahı yerləşdirmişdir.
Rus İmperiyasının 1898-ci
il “Qafqaz Təqvimi” toplusunda bildirilir ki, Bakı quberniyasında ən yaxşı
xalçalar Göyçay qəzasının Qarayazı və Zərdab, Şamaxı qəzasının Mollakənd və Ərəb
Qədim, Quba qəzasının İmam Qulukənd, Düşərgə və Çiçi kəndlərində toxunardı.
Alizarin boyaq maddələrindən istifadə olunması xalçaların maya dəyərinin aşağı
düşməsinə səbəb olmuşdur.
Zərdab kəndində
bölgənin ən böyük balıq vətəgələri fəaliyyət göstərmişdir. Kür çayında müxtəlif
növ balıqlar, naxa, sazan, kütüm, xəşəm, ilanbalığı, ağ balıq və digər balıq
növləri bol olardı. Kürdə tutulan balıqların kürüsü ən keyfiyyətli qida hesab
olunurdu. Zərdabda il ərzində təxminən 2 min ədəd nərə, kələmo, uzunburun balıq
ovlanar və təxminən 100 pud kürü hazırlanardı. Naxa, çəki, sıf, çapaq, xəşəm,
ilanbalığı da ən çox ovlanan balıqlar idi.
Balıq vətəgələri
yerli bəylər və ruslar ilə yanaşı xarici vətəndaşlar tərəfindən də icarəyə götürülürdü.
Tiflisdə çap edilən “Qafqaz” qəzetinin 07 iyun 1891-ci il tarixli sayında Zərdab
kəndlərinin də daxil olduğu Kür sahili vətəgələrin Hindistandan olan Sabro
Maqundasov tərəfindən icarəyə götürülməsi haqqında məlumat verilir.
Uzun illər Kür çayında
su nəqliyyatı fəaliyyət göstərib. Qafqaz Qubernatorunun tapşırığı ilə 1846-cı
ildə Kür çayının naviqasiya üçün yararlığı araşdırılmışdır. Kapitan-leytenant
Zelenarın rəhbərliyi ilə “Volqa” gəmisi Mingəçevirdən və Salyandan Zərdab kəndinə
qədər üzərək xəritə hazırlamışdır.
Zərdab kəndi
yaxınlığında çox əhəmiyyətli limanlar var idi. Zərdab, Əlvənd və Körpükənd
limanları həm sərnişinləri, həm də yükləri qəbul edirdi. Bakıdan Kür sahili
boyu məntəqələrə sərnişinləri və yükləri “Qafqaz və Merkuri”, “Şərq” cəmiyyətinin
nəqliyyatları daşıyırdılar. Kür çayında baş verən daşqınlar səbəbindən bəzən su
nəqliyyatının hərəkəti dayandırılıb. Ötən əsrin əvvəllərində isə daşqınlar səbəbindən
Qaradeyin və Zərdab kəndləri arasında 14 kənd su altında qalmışdır.
Əsrlər boyu Kür
çayında Zərdab kəndi ilə Qarabağ arasında bərələr fəaliyyət göstərib. XIX-XX əsrlərdə
Zərdab icmasının ərazilərində yeni bərələrin quraşdırılması məqsədilə
Qubernator Şurasında bir-neçə dəfə müzakirə aparılmışdır.
XIX əsrdə bir çox
xarici səyyahlar Zərdab kəndində olublar. İslam tarixi ilə yaxşı tanış olan
Polşa yazıçısı Vladislav Strzelnitsky, XIX əsrin əvvəllərində Azərbaycana səyahət
edib və Rubon jurnalında dərc etdirdiyi "Qafqaz esseləri" silsilə məqalələrində
Zərdab kəndi haqqında da yazıb. “...Zərdab ilə üz-üzbəüz, Kürün dərinliyindən,
kiçik ağaclarla, təzə ot və çiçəklər ilə örtülü bir ada yüksəlir. Bu ada quru otlar ilə örtülü çılpaq çöllər təfəkküründən
yorulmuş gözlər üçün əsl cənnət idi... Təəssüf ki, bu ada müəyyən vaxtlarda Kür
sularının altında qalır”.
Tanınmış tarixçi
Vasili Alekseyeviç Pottonun yazdığına görə, 1827-ci ildə Qarasubasar mahalının
Zərdab və Ləki kəndlərinin sakinləri bir rus eskadronunu ərzaqla təmin edirdilər.
Potto həmçinin yazırdı ki, yerli kəndlilər və balıqçılar kiçik gəmilər vasitəsilə
rus qoşunlarının Kür çayında hərəkətinə yardım edirdilər. 1827-ci ilin avqust
ayında kəndlilər öz qayıqlarında təxminən 5 minlik heyəti olan piyada
briqadasını Salyandan Zərdaba aparmışdılar.
Pottonun yazdığına
görə, 1827-ci ildə Zərdab kəndində yerləşən iki eskadron xəstəlik nəticəsində
böyük itkilər vermişdir. Polkovnik Boqdanov, 12 böyük rütdəli zabit, iki həkim
və 56 siravi döyüşçü ölmüş, digər zabitlərin və 269 əsgərin demək olar ki,
hamısı hospitalda müalicə alırdı. Zərdabda taxta xaçlar ilə döşənmiş ümumi qəbiristanlıq
ruslar üçün hüznlü bir xatirə kimi qalmışdır.
1849-cu ildə Zərdab
kəndində olan Pyotr Yeqorov qeydlərində yazır: “Zərdab kəndi saray adlanan yüzlərlə
qamış evlərdən ibarətdir və bu daxmalar ya bir yerdə cəmlənmiş, ya da ətrafa səpələnmişdir.
Kəndin arxasında ucsuz-bucaqsız bir çöl var, qarşısından isə Kür çayı axır.
Kürün sağ sahili boyunca kifayət qədər böyük, sıx və yaşıl bir meşə uzanır. Kür
sahilində yerləşən digər kəndlərdə olduğu kimi, əhali yarıköçəridir və sənaye
sahəsi ilə məşğul olmur. Əvvəllər Qarabağdan Şamaxıya gedən əsas yol Zərdabdan
keçib, amma hazırda bu yolun heç bir izi qalmayıb. Adətən belə köhnə yollar
dağıdılmış karvansara və su quyularının qalıqları ilə bilinir. Son illərdə Zərdabda körpü-dayanacaq
tikilmişdir. Dövlət ehtiyaclarını təmin etmək məqsədilə Salyandan gəmilər vasitəsilə
gətirilən duz, spirt və sairə buraya boşaldılırdı. Əhalinin əsas və ən gəlirli ticarəti ağır
qayğıya ehtiyac olmayan ipəkçilikdir, heç vaxt taxıl əkməzlər, amma qarpız və
qovun yetişdirirlər, varlı sakinlərin kifayət qədər heyvanları var, digərləri
isə bir və ya iki inəklə kifayətlənirlər.
Zərdabın sakinləri aprelin
axırı və ya mayın əvvəli öz evlərini tərk edərək, dağlarda yerləşən obalarına
yollanırlar. Evlərdə ipəkqurdlarına qulluq etmək üçün yalnız bir nəfər qalır.
Avqust və ya sentyabr aylarında barama yığmaq və ipək açmaq üçün evlərinə
qayıdırlar və payızın gəlməsi ilə heyvandarlıq üçün daha yaxşı yem toplamaq
üçün yenidən gedirlər.”
Karl Şults adlı
xarici vətəndaş da XIX əsrdə, ailəsi ilə birlikdə Zərdab kəndində yaşayıb və
xatirələrini “Qafqaz” qəzetində çap etdirib. Karl 20 yaşayış məntəqəsindən ibarət
olan Zərdab kəndini miniatür paytaxt adlandırıb. Məqaləsində yazırdı ki, Zərdab
düzənlik sahədə yerləşir. Sağ sahil isə meşələrdən və çoxlu sayda limanlardan
ibarətdir. Su yataqlarında həmişə bol su olur, payıza yaxın isə su çəkilir.
Kürdə balıq boldur, amma ən çox olan som (naxa) balığından savayı, “qırmızı
balıq” hesab olunan digərlərini ovlamağa icazə verilmir. Payızda bu ərazilərə
qazlar, ördəklər və digər quşlar uçub gəlir, sahələrdə vəhşi keçilər, qabanlar
gəzir. Bir sözlə şikayət etməyə əsas yoxdur, həmişə dadlı və ləzzətli qida
tapmaq olur. Karl Zərdabda yayın çox isti keçməsindən, 1861-ci ildə isə güclü
şaxta, yağışlar, zəlzələ, çəyirtkə basqını, qasırğa baş verməsindən də yazır.
Karl Şulst Zərdab haqqında ikinci yazısında Gözəl-Çuxur-Axmaz limanı haqqında
da məlumat verir. Bu limanın Zərdabdan təxminən 2 ağac yarım məsafədə yerləşdiyini,
12 may 1861-ci ildə baş verən güclü zəlzələ zamanı limanın suyunun xeyli
azaldığını bildilir.
1902-ci ildə I Zərdab
kənd icmasının 285 təsərrüfatında 916 nəfəri kişi, 894 nəfəri qadın olmaqla
1810 nəfər əhali, 1911-ci ildə isə 296 təsərrüfatında 2094 nəfər (1075 kişi,
1019 qadın) əhali yaşayıb. 1911-ci ildə icmada 2 məscid, 2 məktəb, dəyirman,
mağaza, bərə fəaliyyət göstərib. Zərdabda 6 bəy mülki var idi və 20 nəfər təhsilli
şəxs yaşayırdı.
Azərbaycan
Demokratik Respublikasının dövründə (1918-1920-ci illər) və Azərbaycan SSR-nin
ilk vaxtlarında, 1920-1929-cu illərdə Zərdab kəndi Göyçay qəzasının tərkibində
yerləşib. Zərdab kəndində 1917-ci ildə 118 ev, 1921-ci ildə isə 108 ev olub.
1926-cı ildə Göyçay qəzası, Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü,
Suraxanı (İsmayıllı), Ucar olmaqla, 7 bölgəyə bölünmüşdür. Zərdab kəndi Zərdab
bölgəsinin tərkibinə daxil edilib və bölgənin mərkəzi hesab olunurdu. Qəza mərkəzindən
53 km məsafədə yerləşən Zərdab bölgəsində 5 kənd şurası (soveti) var idi. Zərdab
bölgəsi bəzi sənədlərdə II Prikkurinsk kimi də göstərilib.
Göyçay qəzası
1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub. Zərdab
bölgəsi və eləcə də Zərdab kəndi bir müddət Göyçay rayonunun tərkibində yerləşib.
1933-cü il statistik məlumatlarına əsasən Zərdab kəndinin 111 təsərrüfatında
594 nəfər (298 kişi, 296 qadın) əhali yaşayıb. 1935-ci ildə yaradılan Zərdab
rayonuna Zərdab bölgəsində yerləşən kəndlər və eləcə də Mollakənd bölgəsində,
Ağdaş rayonunda yerləşən bir neçə kəndi daxil edilib. Zərdab kəndi rayonun mərkəzi
oldu.
1935-ci ildən rayon
mərkəzi olan Zərdab kəndinə, 24.09.1960-cı il tarixdə şəhər tipli qəsəbə
statusu verilmişdir. 1961-ci ildə Zərdab qəsəbə sovetliyinə Zərdab qəsəbəsi, Vəlixanlı,
Qoşaoba və Təzəkənd kəndləri daxil idi.
01 yanvar 1963-cü il tarixdə Zərdab rayonu ləğv
edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən Zərdabın
müstəqil rayon statusu bərpa edilmişdir. 1967-ci ilin sonralarında Zərdab qəsəbəsində
təxminən 6000 nəfər əhali yaşayıb, 50-dən çox idarə və müəssisə, kino-teatr, xəstəxana,
vərəm dispanseri, uşaq xəstəxanası, 1 mehmanxana, 3 məktəb, 1 poçt, 2 hamam,
kitabxanalar və mədəniyyət evi, onlarla ictimai iaşə və ticarət obyektləri, eləcə
də 1 kolxoz fəaliyyət göstərib. 15 mart 1968-ci il tarixdə, Azərbaycan SSR
Nazirlər Sovetinin qərarı ilə Zərdab qəsəbəsinə şəhər statusu verilmiş və şəhərdə
quruculuq-abadlıq işləri başlamışdır. “Bakı fəhləsi” qəzetinin 1968-ci il buraxılışında
“Pambıqçı” rayon qəzetinin əməkdaşı F.İmanov tərəfindən belə bir məlumat dərc
edilmişdir: “Zərdabın rayon mərkəzinə bu yaxınlarda şəhər statusu verilmişdi.
Son illərdə bu şəhər sürətlə inkişaf edir. Burada asfalt-beton zavodu, yeni
kinoteatr, çoxmənzilli evlər tikilmiş, su xətti çəkilmişdir. İki ildə fərdi evlər
nəzərə alınmasa, mənzil fondu 4500 kvadratmetr artıb. Hazırda Mədəniyyət evi,
mehmanxana və üç mərtəbəli inzibati bina tikilir. Zərdablılar öz şəhərlərini
sevirlər. Səkilər səliqəyə salınır, küçələr yaşıllaşdırılır və evlərinin kənarında
çiçəklər əkirlər. Bu ilin son iki ayında şəhərdə 3 mindən çox ağac əkilmişdir.”
1977-ci ildə Zərdab
şəhər sovetliyinə Zərdab şəhər və Təzəkənd kəndi daxil idi, Vəlixanlı və
Qoşaoba kəndləri ləğv edilərək, Zərdab şəhərinə birləşdirilmişdir.
Kür çayının Qarasu
çayı ilə qovuşduğu yer dəyişdirilmiş və 1980-ci illərdən başlayaraq Zərdab şəhərinin
ərazisi Kür çayı istiqamətində genişləndirilmişdir. Bu ərazilərdə yeni yaşayış
massivi, Qumlu yaşayış massivi salınmışdır. Keçən əsrin 80-ci illərində Zərdab
şəhərinin əhalisi artmış və 8 mini keçmişdir. 1990-cı illərdə Zərdab-Mollakənd
şossesinin kənarında və 2010-cı ildə isə Zərdab-Ucar şossesinin kənarında yeni
yaşayış massivləri salınıb. 1999-cu ildə Qoşaobaya yenidən kənd statusu verilib
və yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılaraq, rayonun yaşayış məntəqələrinin
uçot məlumatına daxil edilib. 01 sentyabr 2004-cü il tarixdə isə kənd, Zərdab şəhər
inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Qoşaoba kənd inzibati ərazi dairəsi
yaradılmışdır.
Şəhərdə 1 qəsəbə, 3
tam orta məktəb, 1 əsas orta məktəb, 1 Peşə liseyi, 4 Körpələr evi və uşaq
bağçası, 1 mədəniyyət evi, 5 kitabxana, 1 mehmanxana, 1 pambıqemalı zavodu, 1
süd zavodu, 2 asfalt zavodu, 2 bank filialı, kiçik istehsal sexləri, yüzlərlə
ticarət və xidmət obyektləri var. Şəhərdə dövlət, xidmət, özəl strukturların
rayon üzrə şöbələri, bölmə və filialları yerləşir. Sakinlər əsasən dövlət, xidmət,
özəl struktur bölmələrində çalışır, ticarət və kənd təsərrüfatı ilə məşğul
olur, əhaliyə fərdi xidmətlər göstərirlər.
Şəhərin mərkəzində
2 memarlıq incəsənət abidəsi var. Onlardan biri görkəmli maarifçi, pedaqoq, təbiətşünas
alim, milli mətbuatımızın və teatrımızın banisi Həsən Bəy Zərdabinin heykəlidir.
Digəri isə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş Zərdab
sakinlərinin xatirəsinə ucaldılmış kompleksdir. Şəhər mərkəzində Heydər
Əliyevin abidəsi ucaldılmışdır. Kür sahilində Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun
büstü və Həsən bəy Zərdabinin xatirə lövhəsi var. Şəhərdə 2 müzey, Tarix
Diyarşünaslıq müzeyi və Həsən bəy Zərdabinin ev muzeyi fəaliyyət göstərir. Ev
müzeyinin önündə Həsən bəyin büstü qoyulub.
“Zərdab” sözünün mənası
müxtəlif mənbələrdə müxtəlif şəkildə izah olunur. “Zərdo” sözündən götürüldüyü
də bildirilir. Əvvəllər Kür və Qarasu çaylarında baş verən daşqınlardan sonra,
Zərdab kəndinin ərazisindəki torpaqlarda “zərdo” maddəsinə oxşar qat yaranardı.
Elə bu səbəbdən ərazi “Zərdo - Zərdob - Zərdab” adlandırıldığı söylənilir. N.
Zeydlisin "Bakı quberniyası" kitabındakı izahatına əsasən isə “Zərdab”
sözü “soyuq, qızıl su” mənasında işlədilmişdir. Yəni, Zərdab qızıl (zər) və su
(ab) mənasını verir. Həmin vaxtlar Kür və Qarasu çayları daşarkən, çökəklərdə,
axmazlarda qalan su əkinlər və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Bir
çox tədqiqatçılar Zərdabı “Beynəlnehreyn”, yəni aydan arı, sudan duru
adlandırırlar.
Bəxtiyar Əsədli
Bizi Youtube kanalında izləyin - Zərdab kəndi (şəhəri)
İstifadə olunan mənbələr
Oqtaq Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”
Nailə Bayramova “Şamaxı xanlığı”
Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
Taleh Əliyev “Zərdabın tarixi-siyasi coğrafiyası”
Həsən bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi İsaməddin Əhmədov)
Azərbaycanın yaşayış məntəqələrinin siyahısı
Tiflisdə çap edilən “Qafqaz” qəzeti (XIX-XX əsr)
Bakı quberniyasının siyahıyaalınma sənədləri
“Qafqaz Təqvimi” toplusu
“Bakı fəhləsi” qəzeti (1968)
Rus İmperiyasının digər arxiv sənədləri
Hiç yorum yok: