Weather forecast for Zardab

Qədim Quşçu tayfasının nümayəndələri – Lələ Əhmədli ailələri

Zərdab Dəliquşçu kəndi


  Quşçu tayfasının dəliquşçu tirəsinə mənsub olan Lələ Əhmədli ailələri Zərdabın indiki Dəliquşçu, Xanməmmədli, Hüseynxanlı, Dəkkəoba, Qoşaoba və eləcə də bir zamanlar ərazidə mövcud olan Vəlixanlı, Nəcəfalı Obası kəndlərində məskən salmışdılar.
   Quşçu qədim türk tayfasıdır. Quşçu oykonimi öz arealının genişliyinə görə diqqəti cəlb edir, türkdilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim geniş yayılmışdır. XIX əsrdə Qafqazda quş, quşi və quşçu komponentli 38 toponim qeydə alınmışdır.  Hazırda Ermənistan adlanan keçmiş Azərbaycan ərazilərində, o cümlədən Dərələyəz, Sürməli mahallarında Quşçu adlı kəndlər olmuşdur. Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında, İrəvan əyalətinin Məzrə və Karbi nahiyələrində də Quşçu adlanan kəndlər olub. Hazırda Daşkəsən rayonunda Quşçu qəsəbəsi, Yevlax, Tovuz, Şamaxı, Laçın, Göygöl və Dəvəçi rayonlarında bu adda kəndlər var.
   Tədqiqatçıların fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır. Bəzi tədqiqatçılar isə söz birləşməsindəki “dəli” sözünün “vurğun”, “bir şeyin düşkünü”, “həddindən artıq həvəskar” mənasını qabardaraq, “dəliquşçu” etnoniminin “ovlayan quşla məşğul olan” anlamında olduğunu yazırlar və tirənin, nəslin ovçu quşlarla məşğul olduqlarını bildirirlər. Quşçu toponimlərinin, quşçu tayfa, tirə adlarının geniş areala malik olması sübut edir ki, bu adların ov quşu ilə heç bir bağlılığı yoxdur. “Dəli” sözü isə dilimizdə müxtəlif mənalarda, o cümlədən “qoçaq, igid” mənalarında da işlənir.

    Lələ Əhmədli obası


   Deyilənlərə görə, dövrünün ən nüfuzlu şəxslərindən biri olan Lələ Əhməd XVI əsrdə yaşamışdır. Lələ sözü keçmişdə birinci variantda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsi ilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilmişdir.
   Lələ Əhmədli obasının adı Şirvan (Şamaxı) xanlığından bəhs edən sənəd və əsərlərdə çəkilir. Buna qədər Taleh Əliyev məqalələrində, Osmanlı imperiyasının Şamaxı sancaqlarından biri olan Diku sancağını Dəkkə, indiki Dəkkəoba (Lələ Əhmədli obası) olduğunu ehtimal edir. Lələ Əhmədli obası Şamaxı xanlığının bəylərdən təyin olunmuş naiblərin idarə etdiyi Xançoban mahalının tərkibinə daxil idi. Şamaxı xanlığının 17 mahalından biri olan Xançoban mahalı əsasən, Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
  Lələ Əhmədli yaşayış məntəqəsi rus işğalından sonra, 1840-cı ilədək Şirvan (Şamaxı) əyalətinin, 1840-1846-cı illərdə Kaspi vilayətinin və 1846-1859-cu illərdə isə Şamaxı quberniyasının Şamaxı qəzasının Xançoban bölgəsinin eyniadlı mahalının tərkibinə daxil edilmişdir. 1859-cu ildə Şamaxı quberniyası Bakı quberniyası adlandırılmışdır. Lələ Əhmədli 1867-ci ildən Bakı quberniyasının tərkibində yaradılmış Göyçay qəzasının yaşayış məntəqəsi olub.
   Lələ Əhmədli obası 1870-ci ildə qəza mərkəzindən 60 verst məsafədə yerləşmişdir. Məsafəyə görə bu ərazi Lələ Əhmədli (indiki Dəli Qusçu) kəndinin hazırda yerləşdiyi ərazidən fərqlənir. 1870-ci illərdə Çar imperiyasının atlasında da Lələ Əhmədli yaşayış məntəqəsi indiki Dəli Quşçu kənd ərazisində qeyd olunmamışdır. 1870-ci ildə obanın 133 təsərrüfatında 306 nəfər kişi, 240 nəfər qadın olmaqla, 546 nəfər əhali yaşayıb.

    Dəli Quşçu (Lələ Əhmədli) kəndi


   Dəli Quşçu Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən 3 kilometr məsafədə, Zərdab-Mollakənd yolunun kənarında yerləşir. Ərazisi 2214 hektar, əhalisi təxminən 1400 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluqdur.
   Kənd ərazisində qədim yaşayış məskəni olub. XX yüzilliyin 70-ci illərində görülən meliorasiya işləri zamanı Dəli Quşçu kənd ərazisindən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və saxsı qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları tapılmışdır. Bunların bir çoxu Zərdab Tarix Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi nümayiş etdirilir.
   Kənd ərazisində kütləvi qəbiristanlıq, “Ağtəpə” adlanan kurqan bu gün də mövcuddur. Bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur, burada əsaslı tədqiqat işləri aparılmamışdır. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Ağtəpənin kurqan deyil, ilk orta əsr yaşayış yerinin, Üçtəpənin bir hissəsi olduğunu yazır və təpələrin üzərində sonradan müsəlman qəbirlərinin salınmasını bildirir.
   Lələ Əhmədli obasının ailələri indiki Dəli Quşçu kəndinin ərazisində XIX əsrin 70-ci illərindən sonra daimi məskunlaşmışdılar. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərinə qədər Lələ Əhmədli adlandırılmışdır. Aparılan islahatlardan sonra Göyçay qəzasında yaradılan kənd icmalarından biri də Lələ Əhmədli kənd icması idi. İcmaya Lələ Əhmədli kəndi və Qaravəlli Xanlıq obası daxil edilmişdir. 1879-cu ildə Lələ Əhmədli kəndində 131 ev olub və 336 nəfər kişi, 275 nəfər qadın olmaqla, 611 nəfər əhali yaşayıb. 1886-cı ildə icmanın 236 təsərrüfatında 628 nəfər kişi, 499 nəfər qadın olmaqla, 1127 nəfər əhali, Lələ Əhmədli kəndinin isə 188 təsərrüfatında 441 nəfər kişi, 373 nəfər qadın olmaqla, 814 nəfər əhali yaşayıb. 1886-cı ildə Lələ Əhmədli kəndinin qəza mərkəzindən məsafəsi 45 verst göstərilmişdir. Belə ki, 1886-cı ildə Lələ Əhmədli obaları artıq indiki Dəli Quşçu (keşmiş Lələ Əhmədli) kəndinin ərazilərində məskunlaşmışdılar.
   1890-cı ildə torpaq sahəsi 4440 desyatin olan icmanın 237 təsərrüfatında (228-si kəndli təsərrüfatı) 585 nəfər kişi, 483 nəfər qadın olmaqla, 1068 nəfər əhali yaşayıb. 1902-ci ildə Lələ Əhmədli kənd icmasının 181 təsərrüfatında 460 kişi, 473 qadın olmaqla, 933 nəfər əhali, 1911-ci ildə isə 182 təsərrüfatında 670 nəfər kişi, 469 nəfər qadın olmaqla, 1139 nəfər əhali yaşayıb. Sənədlərdə 1911-ci ildə Lələ Əhmədli kəndinin qəza mərkəzindən 45 verst məsafədə, pristav idarəsindən 29 verst məsafədə yerləşdiyi qeyd olunub.
   Azərbaycan Cümhiriyyəti dövründə də Lələ Əhmədli kəndi Göyçay qəzasının tərkibində yerləşib. Sovet dövründə Lələ Əhmədli kəndinin adı dəyişdirilmiş və Dəli Quşçu adlandırılmışdır. 1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünüb, Dəli Quşçu kəndi qəza mərkəzindən 53 km məsafədə yerləşən Zərdab bölgəsinə daxil edilib. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv edildikdən sonra, Dəli Quşçu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonuna tərkibində yerləşib. Dəli Quşçu kəndində 1917-ci ildə 47 ev, 1921-ci ildə isə 40 ev olub. Kənddə evlərin, təsərrüfatların azalmasının səbəbi, indiki Zərdab rayonunun müxtəlif yerlərində yaşayan Lələ Əhmədli ailələrinin yaşayış məntəqələrinə ayrıca kənd statusunun verilməsi idi. 1933-cü ildə kənddə artıq kollektivləşmə başlamış, 43 təsərrüfatından 16-sı ümumi təsərrüfatda birləşmişdir. Kənd kolxozu əvvəl “Partiyanın XVIII qurultayı”, sonradan isə “Bakı fəhləsi” anlandırılıb. Kənddə 120 nəfər kişi, 112 nəfər qadın olmaqla, 232 nəfər əhali yaşayıb.
   Dəli Quşçu kəndi 1961-ci ildə İsaqbağı kənd sovetliyinin tərkibində idi. 1977-ci ildə Dəli Quşçu kənd sovetliyi yaradılmış və sovetliyin tərkibinə Dəli Quşçu və Dəkkəoba kəndləri daxil edilmişdir. 05 iyul 2000-ci il tarixdə Dəkkəoba kəndi, Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.
   Kənd ərazisindəki Üçtəpənin Ağtəpə adlı hissəsindəki kiçik xatirə daşı var. Sakinlər bu daşın 1918-ci ildə Qafqaz-İslam ordusu tərəfindən qoyulduğunu söyləyirlər. Yerli əhali bu ərazilərdə, 1918-ci ildə erməni daşnakları ilə müharibədə həlak olunan türk və yerli əsgərlərin, eləcə də ermənilər tərəfindən qətlə yetirilmiş əhalinin dəfn olunduğu bildirirlər. Taleh Əliyev kənd ərazisində kütləvi qəbiristanlıq, “Ağtəpə” adlanan kurqan barədə yazır: “Dəli Quşçu kəndi yaxınlığında yerləşən Üçtəpə yaşayış yeri Ağtəpə və Qaratəpə hissələrindən ibarət olub. Təəssüflər olsun ki, digər bir təpəlik Sovet hakimiyyəti illərində təsərrüfat işləri zamanı dağıdılmışdır...  Üçtəpə abidəsi ilk orta əsr yaşayış yeri olmuş, orta əsrlərdə isə üzərində müsəlman qəbirləri salınmışdır. Tədqiqatlar Üçtəpə yaşayış yerinin Azərbaycan (Qafqaz) Albaniyasının Əcəri vilayətinin ən iri yaşayış məntəqələrindən biri olduğunu göstərir”. 
   Kənd qəbiristanlığının da tarixi qədimdir, 500 illik tarixi var. Dəli Quşçu kəndinin yaxınlığından bir zamanlar Şamaxıya, xanın iqamətgahına gedən və Şah yolu adlanan qədim yol da keçir.
   Dəli Quşçu və Bəyimli yaşayış məskənləri arasında bir zamanlar geniş meşə ərazisi olub. Bu meşə, XX əsrin ortalarına qədər çoxlu sayda ceyranlar yaşadığı üçün “Ceyranlı meşə” adlanıb.
  Kənd sakinləri Mehralıyev İdris Səftər oğlu, Səlimov Fuad Etibar oğlu, Şirinov Seyran Şahmurad oğlu Qarabağ müharibəsində şəhid olublar.



     Xanməmmədli kəndi


  Xanməmmədli kəndi Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Rayon mərkəzindən 7 kilometr şimal-qərbdə, Qarasu (Türyançay) çayının sahilində yerləşir. Ərazisi 702 hektar, əhalisi təxminən 530 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, arıçılıq, balıqçılıq və baramaçılıqla məşğul olur.
  Kənd Turyançay vadisində yerləşir. Min illərlə tarixə malik küp qəbirlərin, sikkələrin, məişət əşyalarının tapılması onu göstərir ki, kənd arazisində orta tunc dövründə də yaşayışı məskəni olub. Taleh Əliyev yazır ki, Qafqaz Albaniyasrnrn mühüm tərkib hissəsi оlmuş Əlican və Тüryапçау vadisinin Kür sahili boyu ərаziləri, уəni сənub hissəsi küp qəbirləri mədəniyyətinin yayıldığı ərаzilərdəndir. Xanməmmədli kəndinin ərazisində də qədim və orta əsrlər dövrlərinə aid olan tarixi memarlıq-mədəniyyət abidələri aşkar edilmişdir.
   Kəndin adı Xanməmməd adlı şəxsin adı ilə bağlıdır. Xanməmməd dövrünün nüfuzlu şəxslərindən olan Lələ Əhmədli nəslinin nümayəndələrindən biridir. XIX əsrin sonlarında Xanməmməd ailəsinin üzvlərinin burada daimi məskunlaşmasından sonra, ərazidə yaşayış məntəqəsi formallaşmış və Xanməmmədli adlandırılmışdır. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Lələ Əhmədli kənd icmasının əraziləri olan yaşayış məntəqəsi, 1926-cı ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazi vahidi olan Göyçay qəzasının Zərdab kənd icmasının, 1926-1929-cu illərdə Göyçay qəzasının Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib.
  Xanməmmədli kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 25 ev olub. 1933-cü ildə kəndin 28 təsərrüfatında, 81 nəfəri kişi, 89 nəfəri qadın olmaqla, 170 nəfər əhali yaşayıb. Bu dövrdə kənddə hələ də kollektivləşmə aparılmamışdır.  
   Ötən əsrin əvvəllərinə qədər Xanməmmədli hazırki ərazidən 5 km qərbdə, “Duzlu axmaz” adlanan gölün ətrafında yerləsirdi. Böyük Vətən müharibəsi illərində bu qobu zərdablıların duza olan tələbatını ödəmişdir. Deyilənlərə görə əhali "axmaz şabalıdı" deyilən bitkidən qida kimi də istifadə ediblər. İçməli su problemi olduğu üçün kənd, 1948-49-cu illərdə indiki əraziyə köcürülüb.
   Xanməmmədli kəndi sovet dövründə, eləcə də müstəqilliyimizin ilk illərində Gəlmə, Hüseynxanlı, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni inzibati ərazinin və kolxozun tərkində olub. Hüseynxanlı, Xanməmmədli kəndləri 17 iyun 2003-cü il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Hüseynxanlı mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
  Keçən əsrin ikinci yarısında kollektorlar qazılarkən kənd ərazisində 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdu. F.Osmanov bu qəbri e.ə. II - I əsrlərə aid etmişdir. Küp qəbirdəki skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Alın hissəsinə sikkə qoyulmuşdur. Sikkənin aversində Parfiya Arşakilərindən olan hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Müxtəlif torpaq işləri görülərkən Xanməmmədli və Salahlı kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır.
  Kənddə meliorasiya işləri zamanı tapılan küp qəbirlərin, sikkələrin, məişət əşyalarının mühafizəsi və tədqiqində "Əmək Şöhrəti" ordenli, Respublikanın Baş müəllimi Cəlil Bəşirovun böyük əməyi olub. Cəlil müəllim aşkar edilmiş küp qəbirləri nekropolu barədə rayonun "Pambıqçı" qəzetində məqalə yazmış, Moskvada dərc olunan "Arxeoloqireskaya otkritiya" jurnalına məlumat vermişdir. Cəlil müəllimin əməyinin nəticəsi olaraq ASE-nin 6-cı cildində Zərdab arxeoloji məntəqə kimi göstərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi tapıntını qeydiyyata almısdır. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cəlil müəllim bu tapıntılar əsasında Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti də yaradıb.
   Kənd sakinləri Qocayev Arif Əlibala oğlu Qarabağ müharibəsində şəhid olub, Əmrəliyev Elxan Tərlan oğlu isə itkin düşüb.


    Hüseynxanlı kəndi


  Hüseynxanlı Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd rayon mərkəzindən 6 kilometr şimal-qərbdə, Şirvan düzündə, Zərdab - Ağcabədi şosse yolunun 2 kilometrliyində, Qarasu (Türyançay) çayının sahilində yerləşir. Ərazisi 623 hektar, əhalisi təxminən 400 nəfərdir. Sakinlər əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıq ilə məşğul olur.
  Yaşayış məskənini vaxtilə Hüseynxan adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır. Mənbələrin verdiyi məlumata görə Hüseynxan da məşhur Lələ Əhmədin nəslindəndir və bu kəndin də ilk sakini Hüseynxan və onun ailəsi, xidmətçiləri olublar. Lələ Əhmədli ailələrinin Hüseynxanlı yaşayış məntəqəsində XIX əsrin sonlarından etibarən daimi məskən salmaları ehtimal olunur.
  Hüseynxanlı kəndində 1917-ci ildə 22 ev, 1921-ci ildə isə 20 ev olub. 1933-cü ildə yaşayış məntəqəsində 24 təsərrüfat olub və onların 15-i ümumiləşdirilmiş təsərrüfat idi. Kənddə 54 nəfər kişi, 51 nəfər qadın olmaqla, 105 nəfər əhali yaşayıb. Hüseynxanlı yaşayış məntəqəsinin əraziləri 1926-cı ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazi vahidi olan Göyçay qəzasının Zərdab kənd icmasının, 1926-1929-cu illərdə Göyçay qəzasının Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib.
   Hüseynxanlı kəndi sovet dövründə, eləcə də müstəqilliyimizin ilk illərində Gəlmə, Xanməmmədli, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni inzibati ərazinin və kolxozun tərkində olub. Hüseynxanlı, Xanməmmədli kəndləri 17 iyun 2003-cü il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Hüseynxanlı mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
  11 dekabr 2017-ci il tarixdə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
  Qonşu Xanməmmədli kəndinin ərazisi qədim dövrlərdə yaşayış məskəni olmuşdur. Kənd ziyalısı Cəlil Bəşirov kəndin ərazisindən çoxsaylı arxeoloji tapıntılar toplamışdır və bu tapıntılar əsasında dərs dediyi Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti yaratmışdır.
  Hüseynxanlı kənd sakini Əliyev Nurəmir Nurəddin oğlu Qarabağ müharibəsində şəhid olub və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.

    Dəkkəoba kəndi


  Yaşayış məntəqəsinin ərazisi Göyçay qəzasının Lələ Əhmədli kənd icmasına mənsub olub. Göyçay qəzasının kəndi kimi qeydə alınan Dəkkəoba, Azərbaycanda Sovet hakimiyyəti quruldduqdan sonra, Göyçay qəzasının Zərdab bölgəsinin, Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. XX əsrin əvvəllərində Lələ Əhmədli Dəkkəoba adlanan kənddə, 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev olub. 1933-cü ildə kənddə kollektivləşmə aparılmamış, 33 fərdi təsərrüfatda 249 nəfər əhali yaşamışdır. Kənd ötən əsrin 60-cı illərində İsaqbağı kənd sovetliyinin, 70-ci illərdən sonra Dəli Quşçu kənd sovetliyinin, müstəqilliyimiz ilk illərində isə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olub. 05 iyul 2000-ci il tarixdə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılıb.
  Dəkkəoba kənd sakinləri Eyvazov Söhrab Nadir oğlu və Şıxəliyev Elşad Əlişad oğlu Qarabağ müharibəsində şəhid olublar.


     Qoşaoba kəndi


  Qoşaoba Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Yaşayış məntəqəsinin ərazisi Zərdab şəhərinin ərazisi ilə bitişikdir. Ərazisi 4457,64 hektar, əhalisi təxminən 2200 nəfərdir. Əhali heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıqla məşğul olmaqla yanaşı, şəhərdəki dövlət və özəl strukturlarda, xidmət sahələrində, ticarət obyektlərində çalışırlar.
   Yaşayış məntəqəsi Lələ Əhmədli oba ailələri tərəfindən salınıb. XX əsrin əvvəllərindən etibarən, Zərdabın müxtəlif yerlərində yaşayan oba ailələri də Qoşaoba ərazisinə köçürülüb. Obaların birləşməsi nəticəsində yaranan kənd 1917-ci ildə Əhmədli Qoşaoba adlandırılmışdır. Kənddə 1917 və 1921-ci illərdə 34 ev olub. 1933-cü ildə Qoşaoba adlanan kəndin 33 fərdi təsərrüfatında 90 nəfər kişi, 100 nəfər qadın olmaqla, cəmi 190 nəfər əhali yaşayıb.
 Qoşaoba kəndində indi Ermənistan adlanan Qərbi Azərbaycandan zorla köçürülən ailələr də məskunlaşmışdılar. Professor Eldəniz Həsənov Lələ Əhmədlilərin Hacılı obasının və bir vaxtlar Çallı kəndinin yaxınlığında yerləşən Qaravəlli obasının ailələrinin də Qoşaoba ərazisinə köçürüldüyünü yazır.
  Uzun müddət Zərdab kənd (qəsəbə, şəhər) sovetliyinin tərkibində yerləşən kənd “Kommunist” kolxozuna daxil edilmişdir. Keçən əsrin 60-cı illərinin sonlarında Qoşaobanın kənd statusu ləğv edilərək Zərdab şəhəri ilə birləşdirilmişdir. Uzun müddət şəhərin bir məhəlləsi hesab olunan yaşayış məntəqəsinə, 1999-cu ildə yenidən kənd statusu verilib. Yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılaq, rayonun yaşayış məntəqələrinin uçot məlumatına daxil edilib. 01 sentyabr 2004-cü il tarixdə isə kənd, Zərdab şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Qoşaoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.

   Nəcəfalı obası kəndi


  Lələ Əhmədli ailələrinin Nəcəfalılı obası keçən əsrin əvvəllərində Zərdab-Ucar şossenin kənarında məskən salmışdır. Nəcəfalı Obası adlanan kənddə 1917-ci ildə 16 ev, 1921-ci ildə isə 20 ev olub. 1933-cü ildə yaşayış məntəqəsinin 15 fərdi təsərrüfatında 28 nəfər kişi, 38 nəfər qadın olmaqla, 66 nəfər əhali yaşayıb. XX əsrin ortalarında kənd sakinləri Qoşaoba ərazisinə köçürülmüşdür.

    Vəlixanlı kəndi


  Lələ Əhmədli ailələrinin Vəlixanlı obası keçən əsrin əvvəllərində Zərdabdan 4,5 km məsafədə, Zərdab-Kürdəmir şossesinin kənarında yerləşmişdir. Lələ Əhmədli Vəlixanlı adlanan kənddə 1921-ci ildə 15 ev olub. 1933-cü ildə Vəlixanlı kəndinin 14 fərdi təsərrüfatında 50 nəfər kişi, 62 nəfər qadın olmaqla, 112 nəfər əhali yaşayıb. 1961-ci ildə Vəlixanlı kəndi Zərdab qəsəbə sovetliyinin tərkibində idi. Keçən əsrin 60-cı illərində Vəlixanlı kəndinin sakinləri də Qoşaoba ərazisinə köçürülüb.

Bəxtiyar Əsədli


İstifadə olunan mənbələr:
1. Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nailə Bayramova “Şamaxı xanlığı”
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
4. Taleh Əliyev “Əlican və Türyançay hövzəsinin küp qəbirləri”
5. Taleh Əliyev “Üçtəpə yaşayış yeri”
6. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
8. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
Qədim Quşçu tayfasının nümayəndələri – Lələ Əhmədli ailələri Qədim Quşçu tayfasının nümayəndələri – Lələ Əhmədli ailələri Reviewed by Bəxtiyar on 15.6.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.