Müskürlülər
Müşkür
Azərbaycanda tarixi mahaldır. Mənbələrdə Vəlvələçayla Samur çayı arasındakı
Müşkür düzündə məskunlaşan ailə və nəsillərin, ellərin ümumi adı Müskürlü
adlanıb. Müskür toponiminə Sara Aşurbəyli ilk dəfə XII əsr gürcü mənbələrində,
Abbasqulu ağa Bakıxanov isə XIII əsrdə rast gəlindiyini bildilir. A.Bakıxanov
Gülüstani-İrəm əsərində Müskür mahalında yaşayan əhalinin türk olduğunu və Azərbaycan
türkcəsində danışdığını, islam dinininə mənsub olduğunu yazır. Dilimizin Quba
dialektində "qışlaq" mənasında "müşgür" sözü də qeydə
alınmışdır.
Müskürlü
tayfası Şirvan düzünə Quba qəzasının Müşkür mahalından köçüb gəliblər. Nailə
Bayramova Şirvan xanlığının Xançoban və Həsən mahallarında məskunlaşan Müskürlü
yaşayış məntəqələri haqqında məlumat verir. Bu obaların əhalisi də türk millətinə
və islam dininə mənsub olublar. Müskürlü ailələri XIX əsrin ortalarından etibarən
Qarasubasar mahalında da məskunlaşıblar.
Müskürlü obaları
Çar
imperiyasının Bakı quberniyasının Göyçay qəzasına aid sənədlərində Müskürlü
obaları haqqında məlumatlar var. Qəza mərkəzindən 12 verst məsafədə Müskürlü
Molla Qədim obası məskən salmışdır. Bu yaşayış məntəqəsi hazırda Müskürlü
adlanır və Göyçay rayonunun kəndidir. Qəza mərkəzindən 39 verst məsafədə
Müskürlü Gəraybəyli obası da məskən salmışdır. Hazırda bu oba ailələri
İsmayıllı və Ucar rayonlarının Gəraybəyli, Zərdab rayonunun Gödəkqobu kəndlərində
yaşayırlar.
Müskürlü ailələri Göyçay qəzasının tərkibində olan indiki Zərdab
rayonunun ərazilərində də yaşayıblar. 1870-ci ildə qəza mərkəzindən 50 verst məsafədə,
Kür sahilində, Zərdab rayonunun indiki Müskürlü kəndlərinin yerləşdiyi ərazidə Müskürlü
obası yurd salmışdır. Yerli məlumatlara görə Məmmədqasımlı yaşayış məntəqəsi əvvəllər
Müskürlü adlandırılmışdır. Müskürlü adına Həsən bəy Zərdabinin XIX əsrdə
“Kaspi” qəzetində yazdığı məqalədə də rast gəlinir. Həsən bəy yazırdı ki, bu
iki kəndin arasındakı “Dolanbaba” adlanan yerdəki taxıl sahəm yandırılanda, mənə
xüsusi rəğbəti olan Müskürlü və Pərvanlı camaatı mən gələnə qədər yanğını
söndürə bilmişdi.
1870-ci
ildə Müskürlü obasının 76 təsərrüfatında 291 nəfər kişi, 182 nəfər qadın olmaqla, cəmi 473 nəfər əhali, 1879-cu ildə isə 114 təsərrüfatında
343 nəfər kişi, 305 nəfər qadın olmaqla, cəmi 648 nəfər əhali yaşayıb.
Bir
çox mənbələrdə Müskürlü Kirli obasının da adı çəkilir. Müskürlü Kirli obasının
ailələri Göyçay qəza mərkəzindən 50-60 verst məsafədə, Kür sahilində, Bərgüşad
bölgəsində, indiki Zərdab rayonunun ərazisində yurd salmışdılar. XX əsrin əvvəllərində
Azərbaycanın yaşayış məntəqələrinin siyahısında da Zərdab bölgəsinin Müskürlü
Kirli obasının adına rast gəinir.
Baba
Məhərrəmli “əkin yeri”, “hündür sahil”, “yurd”, “kənd”, “yer” kimi sözlərin
türk dillərində “kir” sözü ilə bağlılığı olduğunu bildirir. Buna əsasən
Müskürlü Kirlini “müskürlülərin yeri, torpağı, yurdu, kəndi” kimi izah etmək
olar. “Kirli” sözünü “kirəli” sözünün təhrif edilmiş forması olduğunu da güman
etmək olar. “Kirəli” sözü “kirə ilə tutulmuş, kirayə verilmiş” mənasını da
verir. Odur ki, Müskürlü Kirlini müskürlülərin kirayəyə, icarəyə götürdükləri
yer anlamı verdiyini də ehtimal etmək olar.
1886-cı
ildə yaradılan Müskürlü Kirli icması qəza mərkəzindən 60 verst, pristav idarəsindən
28 verst məsafədə yerləşib, 146 təsərrüfatında 392 nəfər kişi, 373 nəfər qadın
olmaqla, cəmi 765 nəfər əhali yaşayıb. 1890-cı ildə Müskürlü Kirlinin 4222 desyatin torpaq sahəsi olub, 137 təsərrüfatında
744 nəfər əhali yaşayıb. 1902-ci ildə yaşayış məntəqəsinin 138 təsərrüfatında
859 nəfər, 1911-ci ildə isə 142 təsərrüfatında 367 nəfər əhali yaşayıb. 1911-ci
ildə məntəqədə 1 məscid və 1 dəyirman fəaliyyət göstərib.
Müskürlü
ailələrinin nümayəndələri Zərdab rayonunun indiki Qoruqbağı kəndinin ərazisində
də məskunlaşmışdılar.
Məmmədqasımlı kəndi
Zərdab
rayon ərazisindəki Müskürlü kəndlərindən biri Məmmədqasımlı kəndidir. Yaşayış məntəqəsi
XIX əsrdə yaradılmışdır. Kənd rayon mərkəzindən 14 kilometr qərbdə, Zərdab-Ağcabədi
şose yolunun yaxınlığında yerləşir. Ərazisi 1624 hektar, əhalisi təxminən 2000
nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, quşçuluq, pambıqçılıq,
baramaçılıq, meyvəçilik, tərəvəzçilik, arıçılıq və balıqçılıqla məşğul olur.
Kənd
vaxtı ilə Kür sahilində salınıb və Müskürlü adlandırılıb. Sonralar çay öz
yatağını dəyişib, yerində axmaz qalıb və nəticədə kənd Kür çayından 2 kilometr
uzaq düşüb. Kəndin ilk sakinləri Məmmədqasım və onun yaxın adamları olub və digər
müskürlü yaşayış məntəqələrindən fərqləndirmək üçün Müskürlü Məmmədqasımlısı, Məmmədqasımlı
Müskürlüsü və nəhayət Məmmədqasımlı adlandırılmışdır.
Bərgüşad
bölgəsinin Zərdab icmasına daxil edilən Müskürlü-Məmmədqasımlı kəndində 1917-ci
ildə 51 ev, 1921-ci ildə isə 66 ev olub. 1933-cü ildə yaşayış məntəqəsinin 93 təsərrüfatında
448 nəfər əhali yaşayıb. Məmmədqasımlı ötən əsrin 60-cı illərinə qədər 5 kəndi
(Məmmədqasımlı, Gödəkqobu, Pərvanlı, Yarməmmədbağı, Lələağacı) birləşdirən kənd
sovetliyinin mərkəzi, 05 oktyabr 1999-cu il tarixə kimi isə iki kəndin, Məmmədqasımlı
və Gödəkqobu kəndlərinin inzibati mərkəzi olub.
Burunlu kəndi
Zərdab
rayon ərazisində mövcud olan müskürlü kəndlərindən biri də Burunlu adlanır. Kənd
rayon mərkəzindən 18 kilometr qərbdə, Şirvan düzündə yerləşir. Ərazisi 925
hektar, əhalisi təxminən 580 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq,
quşçuluq, pambıqçılıq, taxılçılıq, bostançılıq, baramaçılıq, yemçilik, meyvəçilikdir.
Yaşayış məntəqəsi Burunlu adlı yerdə salındığı üçün belə
adlandırılmışdır. Kür çayı əvvəllər bu ərazidən keçirmiş və onun sərt əyildiyi
yer Burunlu adı ilə tanınmışdır. Bu ərazi hazırda axmaza çevrilib. Kənd XIX əsrdə
müskürlü icmasına mənsub ailələr tərəfindən salındığına görə Burunlu Müskürlüsü də
adlandırılmışdır.
Bərgüşad
bölgəsinin Zərdab icmasına daxil olan Müskürlü-Burunlu kəndində 1921-ci ildə 30
ev olu. 1933-cü ildə kəndin 41 təsərrüfatında 186 nəfər əhali yaşayıb. Hazırda Burunlu
Məlikli kənd inzibati ərazi dairəsinin tərkibində yerləşir.
Gödəkqobu kəndi
Zərdab
ərazisindəki digər müskürlü kəndi Gödəkqobu kəndidir. Kənd rayon mərkəzindən 11
kilometr qərbdə, Gümüşlü adlanan böyük düzənliyin başlanğıc hissəsində yerləşir.
Ərazisi 965 hektar, əhalisi təxminən 1450 nəfərdir. Əhalinin əsas məşğuliyyəti
taxılçılıq, heyvandarlıq, quşçuluq, pambıqçılıq, balıqçılıq, baramaçılıq və
yemçilikdir.
Yaşayış məntəqəsi XIX əsrdə yayı İsmayıllı rayonunun Qabandağ yaylağı ərazisində,
qışı isə Gödəkqobu adlanan yerdə keçirən müskürlü tirəsinə mənsub ailələr tərəfindən
salınmışdır. Kəndin ərazisi Müskürlü Gəraybəyli obasının qışlaq əraziləri olub.
Bu oba ailələrinin nümayəndələri hazırda İsmayıllı rayonunun Gəraybəyli kəndində
də yaşayırlar. Yaşayış məntəqəsi bir vaxtlar gödək, qısa və su yığılan çökək
yer, kiçik dərə mənasını verən qobu kənarında salındığı üçün Gödəkqobu
adlandırılmışdır. İlkin adı Gödəkqobu Müskürlüsü olub. Kəndin ərazisində böyük
axmazlar, o cümlədən Şor qobu adlanan axmaz mövcuddur. Bəzi mənbələr “Gödək”
komponentini xələclərin tirəsi olan gödəklilərin adı ilə də əlaqələndirirlər.
Bərgüşad
bölgəsinin Zərdab icmasına daxil edilən Müskürlü-Gödəkqobu kəndində 1917-ci ildə
51 ev, 1921-ci ildə 45 ev olub. 1933-cü ildə kəndin 51 təsərrüfatında 291 nəfər
əhali yaşayıb. 05 oktyabr 1999-cu ildə Məmmədqasımlı kənd inzibati ərazi dairəsinin
tərkibindən ayrılıb və Gödəkqobu kənd inzibati ərazi dairəsi yaradılıb.
Məlikli kəndi
Zərdab
rayonu ərazisində Müskürlü adı ilə tanınan kəndlərdən biri də Məlikli kəndidir.
Kənd Şirvan düzündə, rayon mərkəzindən 18 kilometr qərbdə, Kür çayının sahilində
yerləşir. Ərazisi 1865 hektar, əhalisi təxminən 1020 nəfərdir. Əhali əsasən
heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq,
balıqçılıq və meyvəçiliklə məşğul olur.
Yerli məlumatlara görə Məlikli kəndinin adı Məlik adlı nüfuzlu bir şəxsin
adı ilə bağlıdır. Yaşayış məskəni müskürlü tayfasının Məlikli nəslinin burada məskunlaşması
nəticəsində yaranmışdır. Kənd ərazisində Məlikli arxı, Məlikli bağı, Məlikli əkini
adlı ərazilər də qeydə alınıb.
1917
və 1921-ci illərdə kənd Müskürlü Kirli adlandırılmışdır. Bərgüşad bölgəsinin Zərdab
icmasına daxil edilən yaşayış məntəqəsində 1921-ci ildə 55 ev olub. 1933-cü ildə
yaşayış məntəqəsinin 88 təsərrüfatında 453 nəfər əhali yaşayıb. Məlikli iki kəndin,
Məlikli və Burunlu kəndlərinin inzibati mərkəzidir.
“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərov,
Böyük Vətən müharibəsi qəhrəmanı Cavad Cavadov, Xalq artisti Məzahir Süleymanov
Məmmədqasımlı kəndində, professor, tibb elmləri doktoru İsa İsayev, professor,
fəlsəfə elmləri üzrə alim Məhəmməd Teymurlu, görkəmli Azərbaycan müğənnisi
Mürşüd Abbasov, Böyük Vətən müharibəsi qəhrəmanı, hərbi həkim, podpolkovnik
Üzeyir İsayev Məlikli kəndində anadan olublar.
Burunlu kəndində anadan olan Məmmədov Bəhlul İsam oğlu, Rəhimov Elçin
Yaşa oğlu, Məlikli kəndində anadan olan Ömərov Osman Vəli oğlu, Zalov Məhəmməd
Rəsul oğlu, Abbasov Zülfü Mirqəni oğlu, Məmmədqasımlı kəndində anadan olan
Ağalarov Ağa Ağahüseyn oğlu, Həşimov Vüsal Camaləddin oğlu, Kərimov Nəfi Kərim
oğlu, Mehdiyev Səyyad Abdulla oğlu, Gödəkqobu kəndində anadan olan Aslanov Zeyqəm
Məhəmməd oğlu, Soltanov Tehran Soltan oğlu Qarabağ müharibəsində şəhid olublar.
Zeyqəm Aslanov “Azərbaycan bayrağı” ordeni və “Hərbi xidmətlərə görə” medalı ilə
təltif edilmişdir.
Bəxtiyar Əsədli
1, Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Abbasquluağa Bakıxanov “Gülüstani İrəm”
3. Nailə Bayramova “Şamaxı xanlığı”
4. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab
ensiklopediyası”
5. Həsən
bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi İsaməddin Əhmədov)
6. Baba
Məhərrəmli “Dünya dillərində homogen sözlər”
7. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
8. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
9. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01
yanvar 1977)
Zərdabın Müskürlü obaları və kəndləri
Reviewed by Bəxtiyar
on
17.6.20
Rating:
Hiç yorum yok: