“Seyidlər”
sözü ərəblərin Qureyş qəbiləsindən olan Seyyidlər tayfası ilə bağlıdır, "ağa,
cənab, tayfa başçısı" mənasını verir. Həzrət Mühəmməd Peyğəmbərin (səllallahu
aleyhi və səlləm) üçüncü nəsildən babası Haşimin nəslindən olanları “seyyid”
adlandırıblar. Haşimin nəslindən olanlara “haşimilər” və ya “Bəni-Haşim” də
deyilir. Hələ cahiliyyə dövründə Məkkəni ziyarət etməyə gələn ərəbləri şəhərdə
yerləşdirib onlara yemək vermək və Zəmzəm quyusundan su paylamaq ixtiyarı Bəni-Haşimdə
idi.
Sonralar
“Seyyid” sözü ehtiram əlaməti olaraq bir titul kimi işlədilmişdir. İslam dinində
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) və ondan sonra gələn səhabələrin
dövründə “Seyyid” titulu olmamışdır. Seyyidlər sonralar Peyğəmbərin nəslindən
olan adamlara bir fəxri təxəllüs kimi verilmişdir.
Keçmişdə Ərəbistandan gələnlərin bir hissəsi Azərbaycanda da məskunlaşmışdılar.
Mənbələrin verdikləri məlumatlara görə Seyyidlər tayfasının nümayəndələrinin Azərbaycana
gəlmələri Səfəvi hakimiyyəti dövrünə təsadüf edir. Azərbaycan ərazisində yerləşən
bəzi yaşayış məntəqələrinin adındakı “seyid” kəlməsinin də buradan yaranması
ehtimal olunur.
Əslən
Yuxarı Seyidlər kəndindən olan jurnalist Sarvan Kərimov, “seyid” sözü bağlı yer
adlarının “səud” sözündən yarandığını bildirir və yazır ki, Yəzidin hakimiyyətə
gəlməsindən sonra təriqətlər arasında
müharibələr başlandı. Abbasilərin 500 illik xəlifəliyi dövründə də çəkişmələr
davam etdi. Ələvilər ətraf ölkələrə təbliğatçılar göndərir, insanları Abbasilərə
qarşı mübarizəyə çağırırdılar. Belə təbliğatçılar Azərbaycan ərazilərində də fəal
idilər və yerli əhali onlara “səud”, yəni “Səuddan gəlmə” deyirdilər. “Səud”
sözü sonralar seyid kimi formalaşdı və hətta yerli əhali Səudların Məhəmməd
peyğəmbərin nəslindən olmalarını düşünərək, onlara xüsusi hörmətlə
yanaşırdılar.
Azərbaycanda
“Seyid” sözü ilə bağlı olan kənd adlarının Şahsevən tayfa qrupuna daxil olan
Seyidlilər tayfası ilə bağlı olduğunu ehtimal edənlər də var. Seyidlilər Cənubi
Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar.
Azərbaycan
ərazilərində “Seyid” sözü ilə bağlı müxtəlif ərazilər mövcuddur. Zəngəzur qəzasında,
indiki Meğri rayonu ərazisində, Zərdab, Goranboy, Salyan, Kəlbəcər, Saatlı, Şəmkir,
Laçın, Samux, Zəngilan rayonlarının ərazisində Seyidlər kəndi, Salyan rayonu ərazisində
Seyidsadıqlı kəndi, Ağdam rayonu ərazisində Seyidli kəndi, Qəbələ rayonu ərazisində
Seyidqışlaq kəndi, Cəlilabad rayonu ərazisində Seyidbazar kəndi, Bərdə
rayonunda Seyid Yusifli kəndi, Xocalı rayonu ərazisində Seyidbəyli kəndi, Xaçmaz rayonu ərazisində Seyidli kəndi,
Füzuli rayonu ərazisində Seyidmahmudlu kəndi, Laçın rayonu ərazisində Seyidlər
körpüsü, Şəmkir rayonu ərazisində Seyidlər qalası, Şəki rayonu ərazisində
Seyidyurd dağı, Gədəbəy rayonunda Zəyəmçayın sol qolu olan Seyidliçayı, Baş
Qafqaz silsiləsində Seyid yurdu zirvəsi var.
Zərdab
rayon ərazisində Aşağı və Yuxarı Seyidlər adlanan iki yaşayış məntəqəsi
mövcuddur.
Aşağı Seyidlər kəndi
Aşağı
Seyidlər Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Əvvəlki adı Seyidlər
olub və 06 may 1997-ci ildən dəyişdirilərək Aşağı Seyidlər adlandırılmışdır.
Rayon mərkəzindən 22 kilometr cənub-şərqdə, Kür sahilində yerləşir. Kənddə
heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, bostan və tərəvəzçilik,
balıqçılıq inkişaf etmişdir. Ərazisi 1008,16 hektar, əhalisi təxminən 760 nəfərdir.
Seyidlər
(Aşağı Seyidlər) kəndində ilk dəfə seyidlər adlı nəsil məskunlaşmışdır. Yerli məlumatlara
əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən, İmişlinin Məmmədli kəndindən
ayrılıb gəlmişlər. Bəzi mənbələrdə həmin insanların türkləşmiş ərəblər olduğu
qeyd edilir. Sonradan onlardan bəziləri çay yuxarı, vadidən aralı eyni adlı təzə
kənd, Yuxarı Seyidlər kəndi yaratmışlar. Yaşayış məskəninin XIX əsrin əvvəllərində
mövcud olduğunu ehtimal etmək olar. 1871-ci ildə Çar Rusiyasında hazırlanan
atlasda, indiki Yuxarı Seyidlər kəndinin yerləşdiyi ərazidə Seyidlər adlı
yaşayış məntəqəsi qeyd olunub. Yuxarı Seyidlər kəndini indiki Aşağı Seyidlər kəndindən
çıxan ailələr tərəfindən salındığını və ərazinin bir yaşayış məskəni kimi
formallaşıb atlaslarda adının (Yuxarı Seyidlər kəndinin) qeyd edilməsi üçün müəyyən
zamanın tələb olunduğunu nəzərə alsaq, Seyidlər (Aşağı Seyidlər) kəndinin
tarixinin ən azı XIX əsrin əvvəllərindən başladığı söyləmək olar.
Zərdab
ərazisində yerləşən Seyidlər (Aşağı Seyidlər) kəndinin adına XX əsrin əvvəllərinə
aid sənədlərdə rast gəlinir. 1911-ci ildə Göyçay qəzasının Əlvənd kənd icmasına
daxil olan Seyidlər yaşayış məntəqəsi qəza
mərkəzindən 75 verst, Kürdəmir kəndində yerləşən pristav idarəsindən isə 40
verst məsafədə yerləşib. Yaşayış məntəqəsinin 106 təsərrüfatında 488 nəfər kişi,
396 nəfər qadın olmaqla, cəmi 884 nəfər əhali yaşayıb. Kənddə 2 nəfər təhsilli
şəxs olduğu bildirilir.
Seyidlər
(Aşağı Seyidlər) kəndi Azərbaycan Cümhiriyyəti dövründə, Sovet hakimiyyətinin
ilk illərində Göyçay qəzasının kəndi olub. Əlvənd icmasına daxil olan Seyidlər
kəndində 1917-ci ildə 204 ev, 1921-ci ildə isə 195 ev olub. Yaşayış məntəqəsi 1926-cı
ildə Göyçay qəzasının yeni yaradılmış bölgələrindən biri olan Mollakənd bölgəsinə
daxil edilmişdir. 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması ilə əlaqədar
Göyçay qəzası ləğv olunub və kənd 1935-ci ildə yeni yaradılan Zərdab rayonunun tərkibinə
daxil edilib.
Seyidlər
kəndi 1961-ci ildə Şıxbağı kənd sovetliyinin, 1977-ci ildə isə Şahhüseynli kənd
sovetliyinin tərkibinə daxil idi. Kənd müstəqilliyimizin ilk illərində də
Şahhüseynli kənd inzibati ərazisinin tərkibində yerləşib. 14 iyul 1998-ci ildə
Şəftəhal və Aşağı Seyidlər kəndi Şahhüseynli kənd inzibati ərazi dairəsinin tərkibindən
ayrılıb və Şəftəhal mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi dairəsi
yaradılıb.
Əməkdar
mədəniyyət işçisi Maqbet Bünyatov, tanınmış jurnalist Urfan Məmmədli, tanınmış
uşaq həkimi İman Məmmədov Aşağı Seyidlər kəndində anadan olublar. Kənd sakinləri
Alxasov Vasif Tapdıq oğlu, Qasımov Elşən Tacəddin oğlu Qarabağ müharibəsində şəhid
olublar.
Yuxarı Seyidlər kəndi
Yuxarı
Seyidlər Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd rayon mərkəzindən
33 kilometr şimal-qərbdə, Kür çayı vadisində yerləşir. Ərazisi 1767,45 hektar, əhalisi
təxminən 820 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq,
yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, baramaçılıq,
balıqçılıq ilə məşğul olur.
Yuxarı
Seyidlər kəndi indiki Aşağı Seyidlər kəndindən gələn ailələr tərəfindən
salınmış, sonralar digər yaşayış məntəqələrindən də bu kəndə köçüb gələnlər
olub. Seyidlər kəndinə XX əsrin əvvəllərində, Kür daşqınından sonra su altında
qalan Rəhmətli və digər kəndlərdən də sakinlər köçüb gəlmişdir.
Kənd
XIX əsrdə Ərəş qəzasının tərkibində yerləşirdi. Ərəş qəzası Səfəvilər dövründə
təşkil edilmiş Ərəş sultanlığının ərazisində yaradılmışdır. Sultanlığın ərazisi
əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. Sonralar Səfəvi-Osmanlı
müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin
50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə isə sultanlıq
mahal kimi Şəki xanlığına qatılmışdır.
Rus
işğalından sonra indiki Yuxarı Seyidlər kəndinin əraziləri 1840-cı ilədək Şəki əyalətinin,
1840-1846-cı illərdə Kaspi vilayətinin Şəki qəzasının, 1846-1859-cu illərdə
Şamaxı quberniyasının Nuxa qəzasının tərkibinə daxil idi. 1859-cu ildə Şamaxı
quberniyası Bakı quberniyası adlandırılmışdır. 1867-ci ilin sonunda Nuxa qəzası
Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol
quberniyasının tərkibinə daxil edilmişdir. 1873-cü ildə çar hökümətinin
Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının
tərkibində, keçmiş Ərəş sultanlığının ərazilərində Ərəş qəzası yaradıldı.
Seyidlər (Yuxarı Seyidlər) kəndi Ərəş qəzasının tərkibinə daxil edildi.
Yuxarı
Seyidlər kəndi Çar Rusiyasının 1871-ci il atlasında Seyidlər kəndi kimi göstərilib.
Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov 1873-cü ildə yaşayış məntəqəsinin
30 təsərrüfatında 93 nəfər əhalinin yaşadığını bildirir.
1886-cı ildə
Ərəş qəzasının birinci bölgəsinin Kotavan kənd icmasının tərkibində yerləşən Seyidlər kəndində 53 ev
olub, 155 nəfər kişi, 152 nəfər qadın olmaqla, cəmi 307 nəfər əhali yaşayıb. Seyidlər
kəndi 1917-1921-ci illərdə də Kotavan kənd icmasına daxil idi və kənddə 1917-ci
ildə 47 ev, 1921-ci idə 87 ev olub.
Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin 10 dekabr 1919-cu il qərarı ilə Ərəş qəzası Ağdaş
qəzası adlandırılmışdı. 1926-cı ildə Ağdaş qəzası 4 bölgəyə bölünmüşdü. Yuxarı
Seyidlər kəndi qəza mərkəzindən 12 km məsafədə yerləşən Ləki bölgəsinin tərkibinə
daxil idi. 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı Ağdaş qəzası
ləğv edildi və Ağdaş rayonu təşkil olundu. Yuxarı Seyidlər kəndi 1935-ci ilədək
Ağdaş rayonununda yerləşib. 1935-ci ildə Bıçaqçı, Körpükənd, Siləyli yaşayış məntəqələri
ilə birlikdə yeni təşkil edilmiş Zərdab rayonunun tərkibinə daxil edilib.
Yuxarı
Seyidlər kəndi uzun müddət, həm sovet dövründə, həm də müstəqilliyimizin ilk
illərində Bıçaqçı kənd inzibati ərazisinin tərkibində yerləşib. 14 iyul 1998-ci
ildə Yuxarı Seydlər və Siləyli kəndləri Bıçaqçı kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılaraq, Yuxarı Seyidlər kəndi mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi
dairəsi yaradılıb.
Yuxarı Seyidlər kəndinin ərazisində qədim
yaşayış məskənləri olub. Sarvan müəllim kənd qəbristanlığının da daha qədim
olduğunu yazır. Kəndin yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar
yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir.
Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən
bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir. Qanlıca
gölünün yaxınlığında "Yerağzı" ("Yarayız", “Yarayic”,
"Yerayız") adlanan, qədim yaşayış yeri kimi tanınan ərazi də
mövcuddur. Araşdırmaçılar bu ərazinin qədim Bərdic şəhərinin qalıqları olduğunu
da ehtimal edirlər.
Bu ərazilərdə
ciddi tətqiqatlar aparılmadığı üçün ehtimallar da çoxdur. "Yerağzı",
"Yarayız", “Yarayic”, "Yerayız" kimi tanınan yaşayış məntəqəsinin
Bıçaqçı kəndinin yaxınlığında yerləşdiyini də bildirirlər. Yaşayış məntəqəsinin
tarixi X əsrlərə və ondan da əvvələrə gedib çıxır. Bu qədim şəhər haqqında Zərdabın
Bıçaqçı kəndi barədə olan yazımızda da məlumat vermişik.
Kənd
sakinləri Abbasov Abuzər Tənzil oğlu, Əhmədov Nəsimi Əhməd oğlu, Əzizov Elman
Ağa oğlu, Bəkirov İldırım Mahmud oğlu, İbişov Naməddin Tacəddin oğlu, Qədirov
Miraslan Asdan oğlu, Mahmudov Saqib Mahmud oğlu, Məmmədov Gəray Mirəhməd oğlu,
Məmmədov Haqverdi Fəxrəddin oğlu, Yusifov Fərhad Ərəstun oğlu Qarabağ müharibəsində
şəhid olublar.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
4. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01
yanvar 1977)
Zərdab rayonu Aşağı və Yuxarı Seyidlər kəndləri
Reviewed by Bəxtiyar
on
26.6.20
Rating:
Hiç yorum yok: