Weather forecast for Zardab

Zərdabın Əlvənd kəndi - Şirvanın qədim mərkəzi

Bəxtiyar Əsədli 

 Əlvənd Zərdab rayon inzibati ərazi vahidində kənddir. Kənd rayon mərkəzindən 24 kilometr cənub-şərqdə, Şirvan düzündə, Kür çayının sahilində yerləşir. Ərazisi 892 hektar, əhalisi təxminən 1100 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, baramaçılıq və balıqçılıqdır.

Şirvanın qədim mərkəzi Zərdab Əlvənd kəndi

     Əlvənd qədim və orta əsr dövrlərində

   Qədim insan məskəni olan müasir Əlvənd Albaniya dövlətinin ərazilərində yerləşmişdir. Tarixi mənbələrdə Alban şəhəri haqqında məlumatlar verilir. Bəzi tətqiqatçılar Alban şəhərini Zərdabın indiki Əlvənd (Alvand, Alvan) kəndi ilə eyniləşdirirlər.
   Kəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə, kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır. Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə keçən əsrin ortalarında, 1956-cı ildə kənddəki köhnə qəbristanlığın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib çıxdığını bir daha sübut edir.
   Tarixi mənbələrdə qədim "İpək yolu"nun Əlvəndin ərazisindən keçməsi də bildirilir. “İpək yolu”  qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu idi. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğramışdır.
   Əlvənd kəndinin yerləşdiyi ərazilər orta əsrlərdə Abbasilər xilafətinə tabe olub. Xilafətin zəifləməsindən sonra ərazi Şirvanda yaradılan Şirvanşahların dövlətinin tərkibinə daxil edilib. XI–XIII əsrlərdə Şirvanşahların dövləti Səlcuq imperiyası və Azərbaycan Atabəylər dövlətinə tabe edilmişdir.
   Mənbələr Əlvənd ərazisindəki Qətran qalası barədə məlumat verirlər. Abbasquluağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Əlvənddəki Qətran qalası (səngəri) haqqında yazıb. Mehman Əlvənd müsahibələrinin birində Əlvənd kəndinin yaxınlığında məşhur Qətran qalası olduğunu və Arran hökmdarları tərəfindən məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilmiş bu qalanın çox böyük tarixi sirlərin daşıyıcısı olduğunu bildirir. Türk dilində yazan Qətran Təbrizi səlcuqlar dövründən əvvəl yaşayıb. Bu fakt, türklərin  səlcuqlardan daha əvvəl Azərbaycan ərazilərində, o cümlədən Zərdab və Əlvənd ərazilərində yaşadığını göstərir.
   Mənbələrdə Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla görüşdüyü barədə məlumatlar var. Nizami Gəncəvi poemalarından birində şahın ona Həmdünyan adlı kənd bağışladığını qeyd edib. Mehman bəy müsahibəsində deyir: “Qızıl Arslan məhz Qətran qalasında Nizami Gəncəvi ilə görüşüb və ona Həmdünyan kəndini bağışlayıb. Sonralar Həmdünyan kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb. 1930-cu illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq zorla Türkmənistana və başqa yerlərə köçürülüb. Bu qədim kəndin ərazisi Əlvənd kəndinin yaxınlığındadır.” Mehman Əlvənd bildirir ki, 1918-ci illərdə ermənilər Əlvənd istiqamətində hücuma keçərək Qətran qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn türk qoşunları və yerli camaat qonşuluqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri darmadağın ediblər. Sovet vaxtı Qətran qalasının xarabalıqlarını itirmək məqsədilə, Zərdab rayonu ərazisində 2-3 dəfə Kür çayının axınının istiqamətini dəyişdiriblər. Çox təəssüf ki, mənbələrdə Qətran qalası barədə Mehman bəyin söylədiklərindən və Bakıxanovun “Gülüstani-İrəm” əsərində adı çəkilən Əlvənddəki Qətran səngərindən savayı heç bir məlumat yoxdur.
   Şirvan xanları Ağası xan və Mustafa xan həmin Qətran qalasında oturaraq Şirvanı idarə ediblər. Qala rus işğalından sonra Əlvənd Vat adlandırılmışdır. Çar imperiyasının sənədlərinə əsasən, 1871-ci ildə Bakı quberniyasının indiki Zərdab ərazilərində Əlvənd adlanan iki məntəqə qeydə alınıb. Birinci məntəqə Əlvənd adlanıb və indiki Əlvənd kəndinin yerində yerləşib. İkinci məntəqə isə birinci məntəqədən təxminən 7-8 kilometr şimal-şərqdə, Kür sahilində yerləşib və Əlvənd Vat adlandırılmışdır. Hazırda bu ərazilər Dəvəçökəyi kimi tanınır.
   Əlvənd kəndinin daxil olduğu Şirvanşahlar dövləti, XIII əsrin ikinci yarısı və XIV əsrdə Hülakü və Cəlairi dövlətlərindən asılı hala düşmüşdür. Kənd yaxınlığındakı Yarqıçı çökəyi adlanan yer, Hülakilərin dövründə Əlvənd ərazisində böyük yaşayış məntəqəsinin olmasından xəbər verir. Hülakilərin (Elxanilər) dövründə məhkəmə sistemində günahkarları şəriət qazisi yox, yasaya əsaslanan yarqıçı (yarquçu) ittiham edirdi, məhkəmə orqanı da yarqı (yarqu) adlanırdı. Yarqıçı sözü qədim türk dilində məhkəmə termini kimi daxil olub. Hülakilər dövründə yarqı (yarqu) məhkəməsi nisbətən böyük yaşayış məntəqələrində həyata keçirilib.
   Bəzi tarixi sənədlərdə Əlvənd yaşayış məskənində qədim Beyləqan şəhəri ətrafında yaşamış əlvənd nəslinin nümayəndələrinin də məskunlaşdığı da qeyd olunur. Araşdırmaşılar kənddə yaşayan əlililər nəslini qədim əlvənd nəsli (“əli vand”-əli nəsli) ilə əlaqələndirlir və kəndin adının buradan qaynaqlandığı bildirirlər. Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləğanlı adlandırırdılar. Bİləğanlılar nəslini XIII əsrdə monqollar tərəfindən dağıdılaraq məhv edilmiş qədim Beyləqan şəhərindən çıxmış ailələr ilə əlaqələndirirlər. Güman edilir ki, monqollar tərəfindən sıxışdırılan beyləqanlılar gəlib Kür çayı sahilindəki bu kənddə məskən salıblar.

    Əlvənd xanlıqlar dövründə

   Şirvanşahlar dövləti süquta uğradıqdan sonra Əlvənd yaşayış məntəqəsi Səfəvilərin və bir müddət Osmanlı imperiyasının tabeliyində olub. Nadir şah Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra, Əlvənd onun yaratdığı Əfşarlar imperiyasının (1736-1747-ci illər) tərkibinə daxil edilib. Nadir şahın ölümündən sonra Azərbaycan ərazilərində xanlıqlar yarandı və Xançoban tayfasından olan Əsgər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları Şirvanda hakimiyyəti ələ keçirdilər. Əlvənd kəndi Şirvan (Şamaxı) xanlığının tərkibinə daxil edildi.
   Şamaxı xanlığı yaranan zaman burada ikihakimiyyətliliyin yaranmışdır. Nadir şah tərəfindən Yeni Şamaxıya (Ağsu) hakim təyin edilən Hacı Məhəmmədəli, Nadir şahın qətlə yetirildiyi andan etibarən burada müstəqil hakimə çevrilmişdi. Köhnə Şamaxıda isə Xançoban nəslindən olan Məhəmmədsəid və Ağası xan qardaşları hakimiyyətə sahib oldular. İki hakimin çəkişmələri zamanı Əlvənd bir müddət Şirvan xanlığının mərkəzi olmuşdu və Ağası xan, Şirvan elitası Qətran qalasında mövqe tutmuşdular. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu”. Drenyakin isə yazırdı ki, Ağası xan Fətəli xan ilə Məhəmmədsəidin qohum olduğunu və Şamaxıda hakimliyin Məmmədrzaya verildiyini eşitdikdə təcili Əlvənddən Şamaxıya gəldi və böyük qardaşından hakimiyyəti tələb etdi. Sonralar Fətəli xan yenidən Şamaxıya hücum edərkən qardaşlar öz aralarındakı ixtilafı unudub Quba xanına qarşı çıxırlar. Lakin nəticədə məğlub olan qardaşlardan Məhəmmədsəid xan şəkili Məhəmmədhəsən xanın yanına, Ağası xan isə Əlvəndə çəkildi. Əlvənddə sığınacaq tapan Ağası xan çox keçmir ki, Qarabağ xanı İbrahimxəlil xan tərəfindən qardaşı Mehrəli bəyin öldürülməsinə cavab olaraq qətlə yetirilir.
   1790-cı ildə Əsgər xan və Mustafa bəy arasında hakimiyyət uğrunda gedən çəkişmələr zamanı da Əlvənd kəndi münaqişələrin içərisində idi. Ağası xanın oğlu Mustafa xan bir müddət Əlvənddə məskən salır. Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəy Şamaxı əyanları ilə ittifaq bağlayıb, Qasım bəyi Mustafa bəyin üzərinə də göndərmiş, lakin o, məğlub olub geri qayıtmışdı. A.Serebrov yazır ki, Əsgər xan ilə qardaşı Qasım xan arasında hakimiyyət uğrunda aparılan mübarizədən Ağası xanın Əlvənddə olan oğlu Mustafa bəy istifadə edərək hakimiyyəti ələ keçirdi. A.Fituni bildirir ki, Qasım xan əhali arasında öz qəddarlığı ilə ad çıxarmışdı. Buna görə də 1792-ci ildə əhali onu devirib, Mustafa bəyi Əlvənddən Şamaxıya dəvət etdi. Göründüyü kimi Əlvənd kəndi Şirvan xanlığında baş verən hadisələrdən kənarda qalmayıb və bəzi vaxtlarda mərkəzdə olub. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bunu təsdiqləyir: “Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu...  Qasım xan, Mustafa bəyin səngərinə hücum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı....  Nəhayət, hicri 1206-cı (1792-ci) ildə, Şirvan əyanının və xüsusilə Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əlvənddən gəlib şəhərdə (Ağsu şəhərində) hökumət bayrağını yüksəltdi”.
   Şirvan xanı Ağası xanın və övladlarının Əlvənd bəyləri ilə qohumluq əlaqələri olub. Ağası xan 1771-ci ildə Əlvənd məliyi Məlik Məhəmməd bəyin qızı Hacıxanım xanımla, Ağası xanın oğlu Haşım xan 1827-ci ildə Əlvənd bəyi Novruzəli bəyin qızı Fatma xanımla, Ağası xanın nəvəsi Əbil bəy Haşım xan oğlu 1839-cu illərdə Əlvənd bəyi Məhəmmədəli bəyin qızı Tükəzban xanımla evlənib. Mustafa xan 1810-cu ildə Əlvənd məliyi Məlik Mahmudun qızı Məlikqızı ilə evlənmişdir. Şirvan xanlarının nəslindən olan Əhməd xanın oğlu Fəti xan və Mustafa xanın nəvəsi Hacı bikə 1856-cı ildə evlənərək Əlvənd kəndində yaşayıblar. Fəti xanın və xidmətçilərinin yaşadığı məntəqə sonralar Fətixanlı adlandırılmış və Əlvən kənd icmasına daxil edilmişdir. Hazırda bu kənd Köhünlü adlanır və Kürdəmir rayonunun ərazisində yerləşir.
   1768-ci ildə Quba xanı Fətəli xan Şirvanı özünə tabe etmişdir. Əlvənd kəndi 1768-1790-cı illərdə Quba xanlığının tərkibinə daxil edilmişdir.
   Əlvənd kəndi Şirvan xanlığının Qarasubasar mahalının tərkibində yerləşirdi. Mahalın əhalisi əsasən əkinçiliklə məşğul olurdu. 1820-ci ildə Şirvan xanlığının xanlıq statusu ləğv edilən zaman əhali çar məmurları tərəfindən siyahıya alınmışdır. Mənbələr Qarasubasar mahalının 510 ailəsində 4075 nəfər yaşadığını bildirirlər.
   Əlvənd kəndi naiblər tərəfindən idarə edilmişdir. XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Şamaxı xanı Ağası xan onun qızı ilə evlənmişdir. XIX əsrin əvvəllərində, təxminən 1820-ci ilə qədər Əlvəndin naibi Məlik Mahmud bəy olub. Şirvan xanı Mustafa xan onun qızı ilə evlənib. 1820-ci illərdə Əlvənd naibi Məlik Novruzəli bəy olub. Novruzəli bəy Rus-İran müharibəsi zamanı, Zərdab naibi Rəhim bəy Fətəli bəy oğlu ilə birlikdə Əlvəndin və Zərdabın müdafiəsini təşkil edərək, sakinləri, kəndləri talanlardan mühafizə etmişdilər. Şamaxı xanlarının nəslindən olan Haşım xan Novruzəli bəyin qızı ilə evlənmişdir.
   Əlvənd kəndi Şirvan xanlığının inkişaf etmiş mühüm məntəqələrindən biri olub. XVIII əsrə aid sənədlərdə Əlvənddən, ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gedib gəlmək üçün bərə vardı. Əlvənddə fəaliyyətdə olan bazara hər şənbə Ağcabədidən, Zərdabdan, Göyçaydan, Ucardan, İmişlidən alverə gələrdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə uzaqlara daşınırdı. İndi də Qarabağ ərazisində "Əlvənd yolu" deyilən qədim bir yol var.
   Şamaxı xanlığının iqtisadi həyatında ipəkçilik xüsusi yer tuturdu. Bərgüşad, Qarasaçlı, Şıxəmir, Şəkili, Qaziyan, Bığı, Çaxırlı və sairə kəndlərdə əhalinin xeyli hissəsi ipəkçiliklə məşğul idi. Mustafa xanın qardaşı İsmayıl bəyin idarə etdiyi Əlvənddə ipək daha çox olurdu.
   Kür sahilində yerləşən və Şirvanla Qarabağ arasında qapı olan Zərdab, Cavad və Əlvənd kəndləri tacirlərin dayanacaq və keçid yeri olub. Bu kəndlərindən keçərək Şamaxıya mal aparan tacirlərdən xüsusi vergi alınırdı. Əlvənd kəndi ərazisində Kür çayının suyunun lal axması səbəbindən, bu ərazi Kür çayından keçid üçün əlverişli yer sayılırdı. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 22 sentyabr 1876-cı il tarixli 16 saylı nömrəsində yazırdı: “Qarabağda cənab Hacı Molla Ələkbər çaydan su çıxarmaqdan ötrü maşın ixtira etmək fikrinə düşüb və bu maşını Əlvənd qayəsində, Kür çayı sahilində yerləşdirəcək. Doğrudur, çarx ilə su çıxarmaq çətin deyil, amma bu qədər su çıxarmaq təəccübdür, ələlxüsus, Kür çayının Əlvənd olan yerindən ki, orada su çox lal axır.”

    Əlvənd Çar imperiyasının tərkibində

  1820-ci ildə, Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra, Əlvənd kəndi Çar imperiyasının tərkibinə daxil edildi. Kənd Kaspi (Xəzər) vilayətinin, Şamaxı və Bakı quberniyalarının tabeliyində olub. 1840-cı ildə yaradılan Kaspi (Xəzər) vilayətinin tərkibində 21 may 1843-cü il tarixdə Bakı, Dərbənt, Quba, Lənkəran və Şuşa qəzaları yaradılmışdır. 14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları təşkil olundu. Azərbaycan ərazisinin əsas hissəsi, o cümlədən Əlvənd kəndi Şamaxı quberniyasının tərkibinə daxil edildi. Quberniyanın tərkibinə Bakı, Lənkəran və Şuşa qəzaları və 14 dekabr 1846-cı ildə yaradılmış Nuxa və Şamaxı qəzaları daxil idi. Əlvənd kəndi Şamaxı qəzasının tərkibində yerləşirdi. Şamaxı qəzasının mərkəzi olan Şamaxı şəhəri, 1859-cu ildə baş verən güçlü zəlzələ nəticəsində dağılmışdır. Dekabrın 6-da Rusiya imperatoru II Aleksandr, Şamaxı quberniya idarəsinin Bakı şəhərinə köçürülməsi haqqında fərman imzalayır. Beləliklə, Şamaxı quberniyasının mərkəzi Bakı şəhəri olur və quberniya Bakı quberniyası adlandırılır.
   Əlvənd kəndi 1867-ci ilə kimi Bakı quberniyasının Şamaxı qəzasının tərkibində yerləşib. 09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi Göyçay şəhəri olmaqla, Şamaxı qəzasında ayrılaraq təşkil edilmişdi. Göyçay qəzasının tərkibinə daxil edilən Əlvənd kəndi, qəzanın ən böyük kəndlərindən biri idi. Yaşayış məntəqəsi qəza mərkəzindən 70 verst, pristav idarəsindən 30 verst məsafədə yerləşmişdir. 1870-ci ildə kəndin 344 təsərrüfatında 1008 nəfəri kişi, 962 nəfəri qadın olmaqla 1970 nəfər əhali yaşayıb. Sonrakı illərdə çar Rusiyası tərəfindən kəndli islahatları aparılmış, qəzalarda kənd icmaları və oba birlikləri yaradılmışdır. Əlvənd kənd icmasına bir-neçə kənd və oba daxil edilmişdir. İcmanın mərkəzi Əlvənd kəndi idi. 1879-cu ildə Əlvənd kənd icmasında 408 ev, 3 məscid var olub. İcmada 1144 nəfəri kişi, 954 nəfəri qadın olmaqla, cəmi 2098 nəfər əhali yaşayıb. Sənədlərə əsasən, 1886-cı ildə Əlvənd kənd icması Şamaxı qəzasının Kürdəmir bölgəsinə daxil edilib. Mərkəzi Əlvənd kəndi olan icma, qəza mərkəzindən 102 verst, pristav idarəsindən isə 31 verst məsafədə yerləşib. İcmaya 2 kənd – Əlvənd və Baxşı Qışlaq (Qışlaq Baxşı, Qara Mahmudlu) kəndləri daxil edilmişdir. İcmanın 520 təsərrüfatında 2852 nəfər əhali yaşayıb. Əlvənd kəndində isə 495 ev olub və 2706 nəfər (1470 kişi, 1236 qadın) əhali yaşayıb. 1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında "Böyük kənd" sözü də yazılıb.
   1902-ci ildə yenidən Göyçay qəzasına daxil edilən icmanın 512 təsərrüfatında 2953 nəfər (1628 nəfər kişi, 1325 nəfər qadın) əhali, 1911-ci ildə isə 563 təsərrüfatında 4376 nəfər (2536 kişi, 1840 qadın) əhali yaşayıb. İcma sakinlərinin 67 nəfəri bəy ailəsi üzvü, 18 nəfəri təhsilli olub, 4 nəfər isə rus dilini bilirdi. İcmaya Qoyunlu (və ya Koyunlu), Osmanalı, Seyidlər, Sovla, Xəlisə, Qışlaq Baxış, Xəlilli İbrahimbəy adlanan 7 yaşayıb məntəqəsi daxil edilmişdir. 1911-ci ildə icmada 1 poçt idarəsi, 1 məktəb, 2 məscid, 1 dəyirman, 1 bazar, 1 karvansaray fəaliyyət göstərib.
   Əlvənd bazarı bölgənin ən böyük bazarlarından biri idi. Bazar Şərqin Təbriz kimi ən böyük, ən qədim bazarları ilə belə müqayisə olunurmuş. Tacirlər Əlvənd bazarından Zərdabın məşhur tut bəkməzini, qurudulan yerli meyvələr, yerli ipək və yundan toxunan geyimləri, Əlvənd şalını, Həsən bəy Zərdabinin yetişdirdiyi çəyirdəksiz gilası, balıq kürüsü alıb aparırdılar. 1916-cı ildə ermənilərin təhriki ilə çox böyük silahlı dəstə İran tərəfindən gələrək Əlvəndə basqın ediblər. Bir neçə dəfə belə hücumlardan sonra bazar öz ticari əhəmiyyətini itirməyə başlayır. Əlvənddə yaşayan yəhudi əsilli tacirlər Göyçaya, Oğuza, Bakıya köçürlər. Sonralar isə Sovet hökumətinin repressiyaları əhalini sayını azaldıb.
   XIX əsrdə Əlvənddə yun toxuculuğu, eləcə də ipək qatışığı ilə alabəzək cecim toxuculuğu geniş yayılmışdı. Şirvan bölgəsində cecimin mürəkkəb bəzək kompozisiyasına malik növündən istehsal edilən “Əlvənd şalı” çox məşhur idi. Əlvənd şalları nəinki Azərbaycanda, digər ölkələr də tanınırdı. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycan Etnoqrafiyası” əsərində yazılır:  “XIX əsrdə Azərbaycanda şal istehsalı xüsusilə Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində geniş yayılmışdı... Şirvanın Kürboyu kəndlərində şal, adətən, keçi sap qatışığı ilə toxunurdu. Şalın bu növünün istehsal mərkəzləri arasında Əlvənd kəndi məşhur idi. Ona görə də o, çox vaxt "Əlvənd şalı" adlanırdı.”
   XIX əsrin 60-cı illərində Əlvənd kəndində biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Təbii çoxalan biyan Zərdabın demək olar bütün su tutar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi. Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı: “XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrəyə qədər su tutan 30-a yaxın çuqun qazan alıb gətirib onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər alman və erməni Martiros, Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başlayır”.
   XIX əsrdə Əlvənd kəndində taxılçılıq da inkişaf etmişdir. Kür çayının axdığı Zərdab bölgəsinin aşağı hissələrində tez-tez daşqınlar baş verirdi. Su altında qalan torpaq taxılçılıq üçün çox yararlı hesab olunub. Kənddə taxıl əkini əsasən Kür daşqınlarında əvvəl başlayardı. Toxum sahələrə səpilər və daşqın zamanı Kür yatağından qalxan su bu sahələrə daxil olardı.

     Əlvənd Sovet hakimiyyəti dövründə

   Azərbaycan Cümhiriyyəti dövründə də Əlvənd kəndi Göyçay qəzasının tərkibində olub. Əlvənd kəndi Göyçay qəzasının ən böyük kənd icmalarından biri olub. Sənədlərə əsasən, 1917 və 1921-ci illərdə icmaya 11 yaşayış məntəqəsi, Qışlaq Baxşı, Nuru oba, Osmanoba, Seyidlər, Sovla, I Ucarlı, Fətixanlı, I Xəlilli, Şahsoltanlı, Şahsünlü, Ebəyli kəndləri daxil idi. Sovet dövründə, 1926-cı ildə Göyçay qəzası Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı (İsmayıllı), Ucar olmaqla, 7 bölgəyə bölünmüşdür. Əlvənd kəndi Mollakənd bölgəsinə daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub. Əlvənd kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildə isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. 
   Sovet dövründə Əlvənd kənd soveti (şurası) tərkibinə ətrafda yerləşən bir-neşə kənd daxil edilmişdir. Sovet dövründə uzun müddət və eləcə də müstəqilliyimizin ilk illərində Əlvənd kənd inzibati ərazi dairəsi tərkibində olan Otmanoba kəndi, inzibati ərazi dairəsi tərkibindən ayrılırıb və Otmanoba kənd inzibati ərazi dairəsi yaradılıb.
   XX yüzilliyin 40-cı illərində Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi də Əlvəndə deportasiya edilmişdir. İkinci dünya müharibəsi zamanı, 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

      "Əlvənd" toponimi

   Bir çox bölgələrdə rast gəlinən Əlvənd toponimi araşdırılmışdır. Budaq Budaqov və Nadir Məmmədov "Azərbaycanın Lənkəran Regionu toponimlərinin izahlı lüğəti"ndə Masallı rayonundakı Alvadi kəndinin əsl adının Əlvənd olduğunu qeyd edir və Əlvəndin “Əli nəsli” demək olduğunu bildirirlər. Bu alimlərə görə Əli şəxs adı, “vənd” isə fars dilində nəsil deməkdir. Bu ərazidəki Alvadi çayının adının da kənd adı və “çay” sözündən yarandığı bildirilir.
   Tarixçilər Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşən, erkən orta əsrlər dövrünə aid edilən Govurqala yaxınlığında olan ərazinin hazırda da “Əlvənd” dərəsi adlandığını qeyd edirlər. Əlvənd adına İran ərazisində də rast gəlinir. İranın Həmədan şəhəri 3574 metrlik Əlvənd dağının ətəyində yerləşir. Sözün etimologiyası uca, müqəddəs, hündür kimi izah edilir. Yerli əhali Nuh gəmisinin Əlvənd dağının yüksək qayalarından birində dayandığına inanır. İranın Qəzvin ostanının şəhərlərindən biri Əlvənd adlanır. XIX əsrə aid tarixi sənədlərdə bu şəhər Qəzvin vilayətinin Əlvənd kəndi kimi göstərilir. Ərəb ədəbiyyatında İranın Sərə-Polə-Zohab şəhəri yaxınlığında Əlvənd adlı qədim şəhər olduğu yazılmışdır. İraqda da neft sənaye şəhəri hesab edilən Əlvənd şəhəri var. İranın qərbində Əlvənd adlı çay var. Bu çay İranın Ricab şəhərinin şimalından başlayır, İran-İraq sərhədindən, İraqın Diyala əyalətindən, Hanakin şəhərindən keçərək Diyala çayına tökülür. İranın dəniz donanmasında “Əlvənd” adlı hərbi gəmi var.
   Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvələrindən birinin, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan şahzadənin adı da Əlvənd (Əlvənd Mirzə) olub. Qaraqoyunlu hökmdarı olan Qara İsgəndərin oğullarından birinin də adı Əlvənd idi. Vladimir Minorskiy “Qaraqoyunlu Cahanşah və onun poeziyası” əsərində yazır: “... İsgəndərin digər oğlu Əlvənd, Həmədan yaxınlığında yerləşdi...”  Əbubəkr Tehrani «Kitabi diyarbəkriyyə» əsərində bildirir:  “1447-ci ilin axırlarında İskəndər ibn Qara Yusifin oğlu Əlvənd yağı olub öz hörmətli əmisi Cahanşah Mirzəyə qarşı üsyan qaldırdı, Kürdüstandakı Ərbili tutdu”.
   Rusiyanın “Fontalar Fabriki” saytında misdən hazırlanmış ağac fontanlardan biri “Əlvənd” fontanı adlanır. Zərdabın Əlvənd kəndindən olan Maarif adlı sosial şəbəkə istifadəçisi, Fransanın qərbində Alvand adlı dünyaca məşhur kosmetik zavod-laboratoriya mövcud olduğunu və bu zavodun məhsullarının Alvand adlı mağazalarda satıldığını yazır.

  Ziyalılar vətəni - Əlvənd

  Qədim tarixə malik Əlvənd tanınmış ziyalıların vətənidir. Əlvənddə anadan olan Şirin bəy Nuriyev Qori seminariyasında və Odessa universitetində təhsil almış, Göyçay qəza idarəsində məsul vəzifələrdə çalışmışdır. Teatr fədaisi, Həsən bəy Zərdabinin himayə edib tərbiyə və təhsil verdiyi, “Müsəlman dram teatrı cəmiyyəti”nə ilk üzvlərindən biri olan Məhəmməd bəy (Əlvəndi) Əlvənd kəndində anadan olub. Akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi Böyükkişi Ağayev, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müəllimi, filoloq, filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli, Bakı Dövlət Universitetinin dosenti Rafiq Qurbanov, tanınmış jurnalist və teleaparıcı, Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov, tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Adil Abdullayev, ABŞ-dan Azərbaycana ilk “Boinq” təyyarəsini  gətirən pilotlardan biri Adil Qəniyev, tanınmış ziyalı və sahibkar Rahib Osmanov, teatr və kino aktyoru, əməkdar artist Azər Mirzəyev və onlarla tanınmış şəxslər Əlvənd kəndində anadan olublar. “Avropalı Agent kod 152” əsərinin müəllifi, tanınmış yazar Mehman Əlvənd, əməkdar artist Dilarə Əliyeva əslən Əlvənd kəndindəndirlər. Azərbaycan Cümhiriyyəti qurucularından biri olan Məhəmmədhəsən bəy Vəliyevin (Baharlının) babası (anası İmarət xanımın atası) Adil bəy Məlikov da Əlvənd bəylərindən olub.
   Qarabağ müharibəsində onlarla Əlvənd kənd sakini döyüşmüşdür. Kənddə anadan olan Bayramov Şaiq Tofiq oğlu və Həsənov Elman Baharəddin oğlu Qarabağ müharibəsində şəhid olub.

Təəsüf ki, qədim tarixi olan Əlvənd yetərincə araşdırılmamışdır. Kənddə ciddi tədqiqatlara ehtiyac var.



Bizi Youtube kanalında izləyin - Qədim Əlvənd kəndi




Zərdabın Əlvənd kəndi - Şirvanın qədim mərkəzi Zərdabın Əlvənd kəndi - Şirvanın qədim mərkəzi Reviewed by Bəxtiyar on 7.6.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.