Midhət bəy |
Həsən bəyin arzuları var idi, amma bu arzular şəxsi deyildi, xalqının
maariflənməsi haqqında idi. Müsəlmanların avropalılar kimi səhərlər qəzet
oxumasını, axşamlar isə teatra getməsini istəyərdi. O, Azərbaycan türklərinin
avropalılara çatmasını, maariflənmələri nəticəsində digər türk xalqlarına nümunə
olacağını, onların ardınca bütün türk və müsəlmanların sivil, mədəni cəmiyyətə
daxil olacağını arzulayırdı. Əslində elə bir ciddi nəticəsi olmasa da, türk əsilzadələrini
birləşdirmək məqsədilə, Həsən bəy dağlı qnyaz nəslinin nümayəndəsi ilə evlənmişdir.
Hər iki oğluna türk liberal siyasətçilərin adlarını, Midhət və Səfvət adlarını
vermişdir.
Midhət bəy Məlikov 1879-cı ildə anadan olub. Midhət bəy barədə onu
yaxından tanıyanlar öz xatirələrində yazıblar. Bu dünyada onun üçün iki qütb
var idi, Günnüm dağ aulunda, sürətli Terek çayı sahilində, anasının döğmaları
yanında, digəri isə Zərdabda, sakit axan Kür sahilində, ata yurdunda idi.
Şirvanda nüfuzlu, tanınmış bəy nəslindən olan Midhət bəy, Balkarda da nüfuzlu şəxsin,
taubiya nəslinin nümayəndəsi Aslan bəyin nəvəsi idi. Qış aylarında Azərbaycanda
yaşayan Midhət bəyin Günnüm aulunda ən çox xatırladığı Abayevlərin qədim qalası
idi.
Günnümdə və qonşu Şkant aulunda həmyaşıdları Midhəti bir başçı kimi, bir
böyük kimi tanıyırdılar və onun bir dəfə söylədiyini ikinci dəfə təkrar etməsinə
ehtiyac qalmırdı. Midhət bəy heç vaxt yalan danışmazdı - bəylər heç vaxt yalan
söyləməzdi.
Zərdabda isə özünü adətən yad kimi hiss edərdi, burada demək olar ki,
dostları yox idi. Zərdab sakinləri, onları savadlandırmaq istəyən, maddi
yardımlarını onlardan əsirgəməyən atasını “şapkalı rus”, onu isə “urus balası”
adlandırırdılar. Yerli uşaqlar Midhəti bəzən incitsələr də, şikayət etmək təbiətinə
uyğun deyildi. Bəzən onu incidənlərə “şapkalı rusu” göstərmək, atasının tüfəngini
götürüb “düşmənlərini” güllələmək belə istəyirdi. Lakin atasının Sibirə göndərilməsi
qorxusu onu dayandırırdı. Anası onu sakitləşdirib deyərdi ki, narahat olmasın,
hər yerdə belə lovğa, özündən razı, qorxaq insanlar var.
Bakı realnı məktəbini bitirir, 1901-ci ildə Almaniyaya təhsil almağa
yollanır. Midhət dörd ildən artıq müddətdə Almaniyada yaşayır, təhsil alaraq
mühəndis ixtisasına yiyələnir. Almaniyanın Оsnаbryuk şəhərindən olan Eva adlı
qızla tanış olur, iki il onunla dostluq edir. Vətənə qayıdarkən Evaya onunla
getməyi təklif edir. Eva Asiyaya getməyə etiraz edir və Midhətin də qalmağını
istəyir. Midhət Evanı sevirdi və əgər təsəvvür etsə idi ki, onun üçün necə
darıxacaq, bəlkə vətənə qayıtmazdı. Gedişindən əvvəl Evanın ana olacağını belə
bilmirdi. Bilsəydi, yəqin ki, Almaniyada qalardı. Eva Midhətin gedişindən sonra
bilir ki, ana olacaq. Amma bu haqda Midhətə yazmağına qüruru mane olur, həm də
o, məktub yazmağı sevməzdi.
Almaniyadan qayıtdıqdan sonra Bakıda yaşayır. Şəhərdə Midhət bəy və şəhər
meri Novikov arasındakı münasibətlərdən əhvalatlar gəzirdi. Doğmaları və
tanışları Midhət bəydən soruşardılar: “Midhət, o səndən nə istəyir?” Midhət bəy
cavab verərdi: “İtlər həmişə çobanın çomağına sürtünürlər”.
Novikov düzgün insan idi, amma ən adi yaltaqlığa qarşı laqeyd deyildi.
Onun bu zəif cəhətini bilən insanlar, özünə eşitdərəcək dərəcədə Novikova
yaltaqlanardılar. Bir dəfə şəhər meri iclas zamanı siqaret çəkməyi qadağan
edir. Bunu fürsət bilən deputat Gevorq Məlikov (Məlikyan), guya ki, yanında
dayanan Novikovu görməyərək yaltaqlıq edərək deyir ki, Novikov bir ata kimi
sizin sağlamlığınızın qeydinə qalır. Midhət bəy öskürərək ətrafda toplaşanların
diqqətini özünə cəlb edir və deyir ki, Novikov çox səmimi insandır, bu qadağada
məqsədi, sizə şərq yaltaqlığınızı və ədəbsizliyinizi göstərməyə imkan
yaratmaqdır. Bununla sizin kimi insanları tanımaq və sizlərdən qorunmaq istəyir.
Gevorq Məlikov susmağa məcbur olur və əsəbiliyi sifətindən hiss olunur.
Midhət bəy iclas zalında Gevorq Məlikovla, onun fikirlərinin əsassız və
yalan olması səbəbindən mübahisələr edərdi. Onun bu hərəkəti müsəlman
deputatları çox sevindərərdi. Midhət bəy yanlış hərəkət edən müsəlmanlara qarşı
da eyni mövqedə idi. Novikov Midhət bəyin və onun bacısı əri Əlimərdan bəy
Topşubaşovun “təkəbbürünü qırmaq” istəyini özünə şərəf məsələsi sayırdı.
Artıq Bakıda tanınan Midhət Məlikovun qəribə arzulrı var idi. O, gözəl tələbəlik
illəri keçirdiyi, mühəndislik təhsili aldığı Almaniyaya qayıtmağı da
arzulayırdı. Təmiz səliqəli küçələr, sarışın qızlar, yaşıl futbol meydançası
üçün darıxardı. Almaniyada top ilə oynamağı öyrənmiş və bu oyunu sevmişdi,
futbolsuz çox darıxardı. Almaniyada o, qızlardan əlavə, futbola və velosipedə
olan iki sevgi də qoyub gəlmişdir. Əgər anasının göz yaşları, təkidi, ailəni
rüsvay etmək iradı olmasa idi, Midhət özünə velosiped alardı. Futbol oynamaq
üçün isə, ən azından iki komanda lazım idi. Bakıda həvəskarlarından ibarət
futbol klubu yaratmaq istəyirdi. Amma müsəlmanların nərdi və qəlyanı tərk etmələri,
qısa tumanda və isti havada top qovmaları real, inandırıcı deyildi.
Bir dəfə qəfildən, icazəsiz Murtuza Muxtarovun kabinetinin qapısı açılır
və Midhət bəy otağa daxil olur. Murtuza bəylə salamlaşır, otağa göz gəzdirərək
nazir Petra Arkadiyeviçin güllənləndiyi xəbər verir. Təəssüfləndiyini bildirən
Muxtarov, “Bunun bizə nə dəxli var? Bu nazir sənin nəyindir?” deyə soruşur. Midhət
bəy cavab verir ki, yəni anlamırsınız ki, bu özündənrazı, lovğa adamlar müdafiəsiz
çarı öldürəcəklər və yer üzündə öz cənnətlərini qurmaq istəyəcəklər. Onların bu
cənnəti bizim üçün cəhənnəm olacaq. Sənin tikdirdiyin bu qalaya da gələcəklər,
həm də silahla gələcəklər. Bax bizə belə dəxli var. Daha sonra sakit danışan
Midhət bəy daha ucadan və ötkəm səslə əlavə edir: “Hazırda çardan daha çox, bu
insanların hakimiyyətləri var. Onlara mane olan istədikləri şəxsi öldürürlər.
Dünən onlar rüşvət almaqdan imtina edən polisi, bu gün naziri öldürüblər və
sabah çarın özünü öldürəcəklər. Və bir-birinin arxasınca insanları öldürməyə
başlayacaqlar, səni milyonlarına görə öldürəcəklər, yanında duran Ploşkonu
arxitektor olduğu üçün öldürəcəklər”. Otaqda olan digər şəxsi, sonradan
inqilabçı olan şəxsi göstərib deyir ki, onu da öldürməyə bir səbəb tapacaqlar.
Midhət bəy bir müddət Kazan şəhərində yaşayıb, 42 yaşında əslən Kazandan
olan Lidiya ilə evlənib. Azərbaycanın ruslar tərəfindən işğalından təxminən 5
il sonra ailəsi ilə birlikdə Bakı şəhərinə qayıdır. 1925-ci ildə Yerli Təsərrüfat
Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Şamaxıda
və Lənkəranda, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində
olub.
Midhət bəyin cəsarəti, həmişə düzgün danışması, sözünü deməsi Lidiyanı
şox narahat edərdi. Lidiya ərindən xahiş edərdi ki, qızları Fatiməni düşünsün,
güllələnməsin deyə belə dəhşətli sözlər danışmasın. Midhət bəy həyat yoldaşına
deyərdi ki, indiki insanlar ancaq öldürməyi, qarət etməyi bacarırlar. Amma,
qorxma, onlar mənə heç nə etməzlər, mən mühəndisəm və onlara lazımam.
Amma Midhət bəy Stalin rejimini qiymətləndirməyi bacara bilməmişdir.
Yeni rejimin fanatikləri olan gənc nəsil
yetişdirdilər və onların arasında mühəndislər də var idi. 1935-ci ildə Lənkəranda
həbs edilərək qolları qandallı Bakıya aparılıb. İlk ifadəsindən əsəbləşən müstəntiqlər
onun barmaqlarını sındırmışdılar. Bu haradasa Midhət bəyin xeyrinə oldu.
Barmaqları sındığı üçün özü ifadərini yaza bilmədi. Müstəntiqlər isə onun
Stalin və partiya haqqında söylədiyi sözləri protokola yazmağa cəsarət etmədilər.
O dövrdə bu tip protokolların müstəntiq tərəfindən doldurulması belə qorxulu
idi. Midhət bəyin istintaqda söylədiklərini nisbətən yumşaq sözlərlə əvəz edib
protokola yazdılar. Nəticədə Midhət bəyə 10 il iş verdilər. Həbsindən beş il
sonra, müharibə ərəfəsində bacısı Qərib Soltanın yanına Sibirdən bir nəfər gəlmişdi.
Onun bildirdiyinə görə, Sibir sürgünündə olanlar arasında Mithədin boyük hörməti
var. Bir çox mübahisələri həll edən bəyi orada Mitya adlandırırdılar.
Midhət bəyin həbsindən sonra, həyat yoldaşı və qızı Fatimə Qərib Soltan
xanımla birlikdə yaşayıblar. Lidiya əri həbs olunandan sonra siqaret çəkməyə
başlayıb. Nəvəsi olandan sonra isə siqareti tərgidib. Ona elə gəlirdi ki, Midhət
evə qayıdıb. Fatimənin oğlunu Midhət bəyin dul qadını tərbiyə etdi və nəvə,
“babası Midhətin surətidir” sözlərini tez-tez eşidərdi.
Midhət bəyin 1937-ci ildə güllələndiyini yazırlar. Bəzi mənbələr isə
1940-cı ildə, yolda getdiyi zaman büdrəyib yıxılaraq vəfat etdiyini bildirirlər.
Onu dəfn etməyi və yenidən işə qayıtmağı iki məhkuma tapşırırlar. Bu məhkumların
bəxti gətirir, yaxınlığında qəbiristanlıq olur, Midhət bəyi dəfn etdikdən
sonra, iki saat bu qəbiristanlıqda dincələ biliblər.
Hazırladı: Bəxtiyar Əsədli
İstifadə olunan mənbə:
Мамед Али Сафаров ”...И зарево окрасит волны рек...”
Həsən bəy Zərdabinin oğlu Midhət bəy barədə maraqlı faktlar
Reviewed by Bəxtiyar
on
7.7.20
Rating:
Hiç yorum yok: