Weather forecast for Zardab

Zərdab rayonu Otmanoba kəndi

Bəzi araşdırmaçıların fikrincə məhz “otman” sözü bir çox yer və şəxs adlarında təhrif edilərək “osman” kimi işlədilib. Araşdırmaçılar yazırlar ki, türklər ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan övladı “otman” adlandırıblar. 



  Otmanoba Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd rayon mərkəzindən 27 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə, Zərdab və Kürdəmir rayonlarının sərhəddində yerləşir. Ərazisi 1555,74 hektar, əhalisi təxminən 770 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, meyvəçilik, baramaçılıq, balıqçılıqdır. 
 Yaşayış məntəqəsi kimi 2 əsrə yaxın yaşı olduğu ehtimal olunur. Göyçay qəzasına aid rus arxiv sənədlərində Əlvənd kənd icmasınn Osmanalı adlanan yaşayış məntəqəsinin adı çəkilir. Sənədlərə əsasən XIX əsrin sonlarında kəndin 67 təsərrüfatında 310 ailə, XX əsrin əvvəllərində isə 102 təsərrüfatında 811 nəfər yaşayıb. 1917 və 1921-ci illərdə 190 evdən ibarət olan və Osmanoba adlanan yaşayış məntəqəsi Kürdəmir bölgəsinin Əlvənd icmasına daxil edilmişdir.
  1926-cı ildə Mollakənd bölgəsinin Əlvənd icmasının tərkibində yerləşən kənd, 1935-ci ildən yeni yaradılan Zərdab rayonuna daxil edilib. Yaşayış məntəqəsi Sovet dövründə və müstəqilliyimizin ilk illərində Əlvənd kənd inzibati ərazisində yerləşib. 17 iyun 2003-cü il tarixdə Əlvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılırıb və Otmanoba kənd inzibati ərazi dairəsi yaradılıb.
 Kəndin ərazisində sahəsi 10 hektardan çox olan meşə var. Bu meşə yaşayış məntəqəsinin adı ilə əlaqədar olaraq Otmanoba meşəsi adlanır. Bu meşədə Azərbaycanın qədim kəndlərindən olan Gur-gur kəndinin köhnə yurd yerlərinin və qəbiristanlığının qalıqları indi də qalmaqdadır.
 Kəndin adının mənası ilə bağlı müxtəlif fikirlər var. “Otmanoba” sözü mürəkkəb quruluşlu toponimdir. Toponimdəki “oba” sözü məlum olduğu kimi, el, yurd, kənd, məskən mənalarında işlənilir. Azərbaycanda adının tərkibində “oba” sözü olan yüzə yaxın yer, məkan var. Bəzi mənbələr Otman sözünün Osman sözünün dəyişikliyə uğramış forması olduğunu və kəndin adını “osmana məxsus oba” mənasında izah edirlər. Osman adının mənası “səlahiyyətli, dəyişkən, yaradıcı, şanslı, şən, diqqətli, ciddi, səxavətli, müasir, temperamental, dost, aktiv” kimi izah edilir. Bəzi tarixi sənədlərdə bu kəndin adı Otmanavalı kimi də göstərilib. Rayonun yaşlı əhalisi hazırda da kəndi Otmanavalı kimi səsləndirir. “Aval” sözü “nəsil”, “ailə” mənasında işlədilir.
  “Otman” sözünün mənası haqqında fərqli fikirlər var. Nazim Tapdıqoğlu kəndin adını həm “od çıxan yer” kimi, həm də yaşayış məskəninin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq “otlaq olan oba” kimi də izah edir.
 Bəzi araşdırmaçıların fikrincə məhz “otman” sözü bir çox yer və şəxs adlarında təhrif edilərək “osman” kimi işlədilib. Araşdırmaçılar yazırlar ki, türklər ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan övladı “otman” adlandırıblar. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev qurar, ən kiçik oğul evdə qalardı. Araz Gündüz “Türk dilində kimlik bildirən adlar” kitabında yazır ki, Odman, Otman Ata ocağının odunu qoruyan, atasının ardıcı, varisidir. Əski türklərdə atanın varı-yatırı, ev-eşiyi kiçik oğula verildiyi üçün, bu ad da evin kiçik oğluna qoyulurdu.
  Osmanlı İmperatorluğunun qurucusu Osman Bəyin gerçək adının Otman olduğunu yazan tarixçilər var. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Osman bəyin adı Avropa qaynaqlarında Ottoman kimi yazıldığı da məlumdur. Araz bəy yazır ki, Osmanlı-Türk imperatorluğunun özülünü qoymuş Toğrul bəyin ardıcı (varisi) olmuş kiçik oğlunun adı da Otman olub.
  Bir çox türkoloqlar, türklər tərəfindən Xəlifənin adının Otoman-Otman-Osman olaraq təhrif edildiyini güman edirlər, çünki islami adlar arasında əvvəllər belə ada rast gəlinməyib. 
  Arxiv sənədlərində Əlvənd zadəganlarının, bəylərinin Göyçay qəzasının Əlvənd kənd icmasında yerləşən Osmanalı (Osmanoba-Osmanavalı-Otmanavalı-Otmanoba) məntəqəsində yaşadığı qeyd olunur. Yəni ki, bəylərin ata ocaqları, evləri bu yaşayış məntəqəsində yerləşib. Bu məlumat və eləcədə, yaşlı nəslin kəndi hələ də Osmanavalı deyil, Otmanavalı adlandırması, atanın varisi, ocağın davamlığı mənasında işlədilən “otman” terminini önə çıxardır.
   Otmanoba kənd sakinləri İsmayılov Davud İsmayıl oğlu, Qədirov Mehdi Ədil oğlu, Əliyev Mail Mikayıl oğlu Qarabağ müharibəsində şəhid olublar.

Bəxtiyar Əsədli


 zərdab rayonu otmanoba kəndi

İstifadə olunan mənbələr
1. Rus imperiyasının arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Araz Gündüz “Türk dilində kimlik bildirən adlar”
4. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
Zərdab rayonu Otmanoba kəndi Zərdab rayonu Otmanoba kəndi Reviewed by Bəxtiyar on 10.7.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.