Şahhüseynli
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən
24 kilometr cənub-şərqdə yerləşir. Ərazisi 2200 hektar, əhalinin sayı təxminən
1400 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, quşçuluq,
bostançılıq, baramaçılıq, meyvəçilik, balıqçılıqdır.
Şahhüseynli, yoxsa Şahsünlü?
Uzun
müddət Şahsünlü adlanan yaşayış məntəqəsinin adı XX əsrdə dəyişdirilmiş və
Şahhüseynli adlandırılmışdır. Mənbələrin yazdıqlarına görə Şahhüseynli XIX əsrdə
Şamaxı qəzasında yaşayan tayfanın adı olub. Lakin hələ Şamaxı qəzası
yaradılmamışdan öncə, Şamaxı xanlığında, Şirvan əyalətində Şahsünlü adlanan yaşayış
məntəqəsinin olması məlumdur.
Osmanlı
mənbələrində də Şahsünlü tayfasının adına rast gəlinir. Azərbaycan XVIII əsrdə
Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində olduğu
vaxtlar, Şahsünlü tayfası Osmanlı dövlətinə qarşı çıxmışdı. Osmanlı divan
toplantılarında qəbul edilən qərarların toplandığı dəftərlərdə, Təbriz əyalətinin
Qarabağ xanlığında yaşayan Şahsünlülər haqqında sənədlərə rast gəlinir. Osmanlıların
cəzalandırdıqları Şahsünlülər, Azərbaycanın müxtəlif bölgələrinə köçmüşdülər. Şahsünlülər
Şirvana da gəlmiş, Azərbaycanda feodal dövləti olan Şamaxı xanlığınının
Xançoban mahalında (indiki Zərdab rayonu ərazisində) məskən salmışdılar. Osmanlı
dövləti Şahsünlü ailələrinin təqib edilməsi üçün Şirvan hakimlərinə hökm də göndərmişdir.
Yaşayış
məntəqəsinin təhrif olunmuş Şahsünnü variantına da rast gəlinir.
Şahsünlü kəndi XIX əsrdə
Şirvan
xanlığı rus işğalından sonra, 1820-ci ildə ləğv edilib. 1840-1846-cı illərdə
Şahsünlü obası Xəzər vilayətinin, 1846-1859-cu illərdə Şamaxı quberniyasının,
1859-cı ildən isə Bakı quberniyasının tərkibində yerləşib. Bakı quberniyasında
Göyçay qəzası yaradıldıqdan sonra, Şahsünlü obası bu qəzanın tərkibinə daxil
edilib. 1870-ci ildə qəza mərkəzindən 75 verst məsafədə yerləşən obanın 69 təsərrüfatında
341 nəfər əhali yaşayıb.
Növbəti
illərdə Şahsünlü Şamaxı qəzasının tərkibinə daxil edilmişdir. 1879-cu ildə
Şahsünlü obasının 67 təsərrüfatında 179 nəfəri kişi, 150 nəfəri qadın olmaqla,
cəmi 329 nəfər əhali yaşayıb. 1893-cü ildə Kürdəmir bölgəsinin Şahsünlü
icmasına Şahsünlü kəndi və Nuru obası daxil idi, 100 təsərrüfatında 237 nəfər
kişi, 202 nəfər qadın olmaqla, cəmi 439 nəfər əhali yaşayıb. İcmanın mərkəzi
olan Şahsünlü kəndi qəza mərkəzindən 102 verst, pristav idarəsindən 31 verst məsafədə
yerləşib, 80 təsərrüfatında 167 nəfər kişi, 157 nəfər qadın olmaqla, cəmi 324 nəfər
əhali yaşayıb.
Şahsünlü
kəndi XX əsrdə
Şahsünlü
icması və obası XX əsrdə yenidən Göyçay qəzasına daxil ediilmişdir. 1902-ci ildə
isə obanın 77 təsərrüfatında 393 nəfər əhali, 1911-ci ildə isə icmanın 108 təsərrüfatında
563 nəfər əhali yaşayıb. Şahsünlü kəndi qəza mərkəzindən 75 verst, pristav idarəsindən
40 verst məsafədə yerləşib. İcma əhalisinin 21 nəfəri bəy ailəsi, 3 nəfəri təhsilli
şəxs olub.
Keçən
əsrin əvvəllərində daşnakların Şamaxı qəzasına basqını zamanı qəza kəndlərinin əhalisinin
bir hissəsi Kürqırağı obalara, əsasən Zərdab nahiyəsinin Şahsünlü kəndinə köç
etmişdilər. Kütləvi qırğın törətmək cəhdlərinin qarşısı alan yerli müqavimət dəstələri
və türk əsgərləri onları geri qaytarıblar.
Kürdəmir
inzibati ərazisinə daxil olan Şahsünlü kəndində 1917-ci ildə 100 ev, 1921-ci
ildə isə 101 ev olub. Sovetləşmənin ilk dövrlərində Göyçayın Qaraməryəm kəndinin
tərkibinə daxil olan Təklə-Səfidən (Təklə-Sofi) Şahsünlü kəndinə köçüb gələnlər
olub. Bu köçə səbəb bolşeviklərin Səfi-Təklə əhalisinin var dövlətini əlindən
almaları və özlərini də qırmaları olub. Qədim Təklə qəbiristanlığı da
dağıdılmışdır.
1926-cı
ildə Göyçay qəzası, Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı
(İsmayıllı), Ucar olmaqla, 7 bölgəyə bölünmüşdür. Şahsünlü kəndi Mollakənd bölgəsinə
daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə
əlaqədar olaraq ləğv olunub. Şahsünlü kəndi 1935-ci ildə yeni yaradılan Zərdab
rayonuna daxil edilib. Kənd Şıxbağı kənd sovetliyinin tərkibində yerləşirdi. Kollektivləşmə zamanı kənddə yaradılan ilk
kolxoz “Əkinçi” adlanıb.
1961-ci
ildə Şıxbağı kənd sovetliyinin tərkibində yerləşən yaşayış məntəqəsi Şahsünnü
adlanırdı. 1977-ci ildə isə Şahhüseynli adlanan yaşayış məntəqəsi Seyidlər və Şəftəxal
kəndləri ilə birlikdə Şahhüseynli kənd sovetliyinin tərkibində yerləşirdi. Şahhüseynli
kəndi keçən əsrin sonlarına qədər üç kəndin inzibati mərkəzi olub. 14 iyul
1998-ci il tarixdə Şəftəhal və Aşağı Seyidlər kəndləri Şahhüseynli inzibati ərazi
dairəsinin tərkibindən ayrılıb və Şəftəhal mərkəz olmaqla yeni kənd inzibati ərazi
dairəsi yaradılıb.
SSRİ-nin əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqiçisi,
Azərbaycan Respublikasının sabiq İdman naziri, Azərbaycan Respublikasının Milli
Olimpiya Komitəsinin sabiq prezidenti, yunan-roma güləşi üzrə üç qat dünya
çempionu, altı dəfə Dünya Kubokunun sahibi, Avropa və SSRİ çempionu, üç dəfə
SSRİ Kubokunun sahibi Məhyəddin Allahverdiyev əslən Şahhüseynli kəndindəndir.
Professor,
80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik
vəsaitin müəllifi, Sumqayıt Dövlət Universitetinin sabiq kafedra müdiri Həmid
Alıyev Şahhüseynli kəndində anadan olub.
Kənd
sakinləri Alıyev Şəmil Məhəmməd oğlu, Azayev Cabir Rza oğlu, Dəmirov Famil
Ağacan oğlu, Seyidov Qabil Ziyad oğlu Qarabağ müharibəsində şəhid olublar.
Bəxtiyar Əsədli
İstifadə edilən mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nailə Bayramova “Şamaxı xanlığı”
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab
ensiklopediyası”
4. Osmanlı dövlətinin “Mühimme” dəftərləri
5. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01
yanvar 1977)
Zərdab rayonu Şahhüseynli (Şahsünlü) kəndi
Reviewed by Bəxtiyar
on
6.7.20
Rating:
Hiç yorum yok: