Weather forecast for Zardab

Zərdab Qafqaz müharibəsi illərində

XIX əsrin əvvəllərində, Qafqaz müharibələrində münaqişələrin içərisində olmuş və qarışıq bir dövr yaşamış Zərdabın adına arxiv sənədlərində də rast gəlinir. Bu sənədlərdə Həsən bəy Zərdabinin babalarının, atasının və əmilərinin də adları çəkilir. Bu arxiv sənədlərinin bəzilərinin qısa xülasəsini təqdim edirik.


  • 1816-cı il dekabr ayının 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov Şamaxı xanı Mustafa xanla Zərdab kəndində  görüşüb və Şamaxı xanlığının gələcək statusunu müzakirə edib. Məhz bu görüşdən sonra Mustafa xan bir daha əmin olur ki, xanlığın müstəqilliyi uzun sürməyəcək.
  • General Yermalovun gündəliyində, Paskeviçin general mayor Krabbenin məlumatları əsasında çar Nikolaya yazdığı hesabat haqqında qeydlər var. Krabbe bildirirdi ki, Kürün Salyandan Zərdaba qədər olan hissəsində qoşunlar üçün çörəyin bir hissəsini və içməli suyu əldə etmək olar. Krabbe məlumat verirdi ki, xoşbəxtlikdən düşmən Zərdab ətrafındakı ehtiyatı məhv etməyib və 6 ay müddətinə, ehtiyatımızın Astraxandan Bakıya gələnə qədər, qoşunları ərzaqla təmin etmək mümkün olacaq.
  • General leytenant Paskeviç XIX əsrin 20-ci illərində, Əlvənd və Zərdab kəndləri arasında, Kür sahillərində, mağaza və dəyirmanları mühafizə etmək məqsədilə 1 karabin batalyonu, 1 kazak polku və 4 artilleriya silahı yerləşdirmişdir.
  • 02 oktyabr 1826-cı ildə general-leytenant Paskeviç, general Yermolova yazdığı hesabatında bildirir ki, müttəfiqləri olan Zərdab naibi Rəhim bəy, Ləmbəran mahalının naibi Məmməd Hüseyn, Qarabağ mahallarının naibləri Qasım bəy, Məlik Aslan və başqaları İran dəstələri ilə döyüşlərdə fəallıq göstərmişdir. Rəhim bəy öz oğlu Məhərrəm bəyi Kür sahillərinə kəşfiyyata göndərmiş və Məhərrəm bəy tapşırığı yerinə yetirərkən öldürülmüşdür.
  • Hesabatdan görünür ki, Şəki əyalətinin gürcü çarının dəstələrindən azad edilməsində Şirvan əyalətinin Əlvənd və Zərdab kəndlərindən olan atlılar da iştirak etmişdilər. Zərdab naibi Rəhim bəy Fətəli bəy oğlu və Əlvənd naibi Novruzəli bəy tərəfindən yaradılmış bu atlı dəstələr mövqe tutaraq Kür sahilini mühafizə etmişdilər. Bu atlı dəstələrin tərkibində Rəhim bəyin övladları Mirzalı bəy, Səlim bəy, Qasım bəy, Əhməd bəy də var idi.
  • 14 oktyabr 1826-cı ildə general-leytenant Paskeviç, general Yermolova yazdığı hesabatında bildirir ki, oktyabrın 9-da general mayor Krabbe Köhnə Şamaxıdan çıxaraq, öz dəstəsi ilə Zərdab istiqamətində yollanıb. Əgər Şirvan köçəriləri Cavada getmək istəsələr, dəstə də oraya yollanmalı idi. Əks təqdirdə Krabbe öz dəstəsi ilə Zərdaba gedərək, Ləki kəndində və ətrafda yerləşən dövlət anbarlarına nəzarət etməli idi.
  • 18 oktyabr 1826-cı ildə general-leytenant Paskeviç, general Yermolova yazdığı hesabatında bildirir ki, tədarükün gedişatını, vəziyyətini öyrənmək məqsədilə leytenant, qnyaz Vaçnadzeni Zərdaba göndərib. Lakin Şəki xanının qardaşının Zərdab yaxınlığında olması səbəbindən, qnyaz Zərdaba getməyərək, 7 gün Ağcabədi kəndində qalmağa məcbur olub.  
  • 11 noyabr 1826-cı ildə general Yermolov mayor Aşeberqə yazaraq əmr edirdi ki, Zərdab mahalında Kür üzərində,  general-leytenant Paşkeviçin istədiyi kimi körpü salmaq mümkün olmadığı üçün, mümkün qədər çox bərə hazırlansın və keçiddə ləngimə olmasın.
  • Tanınmış tarixçi Vasili Alekseyeviç Pottonun yazdığına görə, 1827-ci ildə Zərdab kəndində yerləşən iki eskadron xəstəlik nəticəsində böyük itkilər vermişdir. Polkovnik Богданов, 12 böyük rütdəli zabit, iki həkim və 56 siravi döyüşçü ölmüş, digər zabitlərin və 269 əsgərin demək olar ki, hamısı hospitalda müalicə alırdı. Zərdabda taxta xaçlar ilə döşənmiş ümumi qəbiristanlıq ruslar üçün hüznlü bir xatirə kimi qalmışdır.

          Hazırladı: Bəxtiyar Əsədli



Zərdab Qafqaz müharibəsi illərində Zərdab Qafqaz müharibəsi illərində Reviewed by Bəxtiyar on 20.7.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.