Azərbaycanda
qohum olan ailələrin bir-birinə yaxın yerlərdə yurd salıdığı yaşayış məskənləri,
müxtəlif bölgələrdə məhlə, oba, oymaq, şenlik, dəkkə, dingə, qışlaq, dəngə,
yaylaq, tirə, koma, basalaq və sairə adlarla tanınmışdır. “Dəkkə” sözü bəzi
alınma sözlər kimi çoxmənalılıq qazanmışdır. Uyğur dilindən alınan fars mənşəli
“dəkkə” sözü “zərbə, kobud münasibət” mənasını da verir. “Ərəb və fars sözləri
lüğəti”ndə “dəkkə” sözü “dağ keçisi”, “vəhşi keçi”, “səki”, “pəyə”, “tövlə”
anlamındadır. “Dəkkə” sözü iri heyvanların aşığı, maçası mənasında da işlədilir.
“Dəkkə” adlanan milli papaq növü də olub.
Tanınmış
tətqiqatçı-jurnalist Əjdər Fərzəli “Dədə Qorqud yolu” kitabında indiki Zərdab ərazisindəki
Dəkkəoba kəndinin adı ilə bağlı yazır ki, “dəkkə” sözü “dək”, “dekabr”,
“dekada”, “deka-meron” sözlərindən götürülüb. Dekabr qədimdə onuncu ay məzmunu
daşıyıb, necə ki, dekada, ongünlük deməkdir.
Zərdab
ərazisində yerləşən kəndlərin adlarındakı “Dəkkə” sözünü, “hündür yer” mənasında
da işlədilən “dingə” sözü ilə bağlı
olduğunu, yaşayış məntəqələrinin nisbətən hündür ərazidə salındığı üçün belə
adlandırıldığını da bildirirlər.
Hazırda Zərdab rayonu ərazisində “dəkkə” toponimi ilə bağlı Böyük Dəkkə
və Dəkkəoba kəndləri var. Bala Dəkkə adlanan yaşayış məskəni isə artıq bir kənd
kimi mövcud deyil, təbii inkişaf nəticəsində Təzəkənd kəndi ilə birləşmişdir. Mənbələr
hələ 1700-ci illərdə indiki Dəkkəoba və Böyük Dəkkə kəndlərinin ərazilərində
yaşayış məntəqələrinin olduğunu yazırlar.
Dəkkəoba
kəndi
Dəkkəoba
kəndi “dəkkə” və “oba” sözlərinin birləşməsindən yaranmışdır. Oba kiçik yaşayış
məskənlərinə verilən addır. Daimi yaşayış məskənindən aralı salınan obada adətən
qohum ailələr məskunlaşırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə həm
yaylaqlarda, həm də qışlaqlarda obalar xırda vahidlərə, dəngələrə bölünürdülər.
Xalq “oba” sözünü oykonimlərdə yaşada bilmişdir. Ayrı-ayrı bölgələrdə mövcud
olmuş belə obalar kəndə çevrilərkən, bəzən kənd adlarında “oba” komponentini də
saxlayırdı. Zərdab rayonu ərazisindəki Otmanoba, Qoşaoba, Dəkkəoba yaşayış məntəqələri
də bu tip oykonimlərdəndir.
Dəkkəoba
kəndi Şirvan düzündə, Kür çayının sol sahilində, rayon mərkəzindən 5 kilometr şərqdə
yerləşir. Ərazisi 1838 hektar, əhalisinin sayı təxminən 1250 nəfərdir. Kənd əhalisi
əsasən maldarlıq, əkinçilik, baramaçılıq, quşçuluq, balıqçılıq ilə məşğul olur.
Dəkkəoba
“dəkkəlilərə məxsus oba” deməkdir. Obanın ilk sakinlərinin XIX əsrdə indiki
Böyük Dəkkə kəndindən ayrılıb gələn ailələrin olduğu bildirilir. Əvvəllər Kiçik
Dəkkə, Məscid oba və Məscidli oba da adlandırılmışdır. Əjdər Fərzəli Dəkkəoba kəndinin
“onuncu oba” mənasını verdiyini yazır.
XIX
əsrin sonlarında, Dəkkəoba ərazilərində Quşçu tayfasının nümayəndələri olan Lələ
Əhmədli nəslinin nümayəndələri məskunlaşdıqdan sonra, yaşayış məntəqəsi tədricən
böyümüşdür. Quşçu qədim türk tayfasıdır. Quşçu oykonimi öz arealının genişliyinə
görə diqqəti cəlb edir. Türkdilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim
geniş yayılmışdır. Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən
olan quşanların (qara hunların) adı ilə bağlıdır. Lələ Əhmədli qədim Quşçu
tayfasının bir ailə sülaləsidir. Lələ Əhmədli oba ailələri indiki Zərdab ərazilərində,
Dəkkəoba, Dəli Quşçu, Xanməmmədli, Hüseynxanlı kəndlərində və eləcə də Vəlixanlı,
Nəcəfalılı (indiki Qoşaoba) yaşayış məntəqələrində daimi məskunlaşmışdılar.
Yaşayış
məntəqəsinin əraziləri Göyçay qəzasının Lələ Əhmədli kənd icmasına mənsub olub.
Tədricən inkişaf edən Dəkkəoba Göyçay qəzasının kəndi kimi qeydə alınmışdır. Azərbaycanda
Sovet hakimiyyəti quruldduqdan sonra, Dəkkəoba Göyçay qəzasının Zərdab bölgəsinin,
Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun kəndi olub.
Lələ Əhmədli Dəkkəoba adlanan kənddə 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev
olub. 1933-cü ildə kənddə kollektivləşmə aparılmamış, 33 fərdi təsərrüfatda 249
nəfər əhali yaşamışdır. Kənd ötən əsrin 60-cı illərində İsaqbağı kənd
sovetliyinin, 70-ci illərdən sonra Dəli Quşçu kənd sovetliyinin, müstəqilliyimiz
ilk illərində isə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibinə daxil
olub. 05 iyul 2000-ci il tarixdə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən
ayrılaraq, Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılıb.
Böyük
Dəkkə kəndi
Dəkkə
toponimi ilə bağlı digər kənd Böyük Dəkkə kəndidir. Kənd Şirvan düzündə, Kür
çayının sahilində, rayon mərkəzindən 7 kilometr şərqdə yerləşir. İsaqbağı
inzibati ərazi dairəsinin tərkibinə daxildir. Ərazisi 440,43 hektar, əhalisi təxminən
400 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, quşçuluq, taxılçılıq,
meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıqdır.
Yaşayış məntəqəsi kimi XIX əsrdə formallaşıb. Obanın Hacıəsədli nəslinə
mənsub ailələr tərəfindən salındığı bildirilir. Tarixi sənədlərdən aydın olur
ki, XIX əsrin sonlarında Böyük Dəkkənin 25 təsərrüfatında 138 nəfər əhali
yaşayıb.
Böyük
Dəkkə 1929-cu ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan
SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının, 1929-1935-ci illərdə Göyçay
rayonunun tərkibində yerləşib, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonuna
daxil edilib. Böyük Dəkkə kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 30 ev
olub. 1933-cü ildə Böyük Dəkkə kəndinin 33 fərdi təsərrüfatında 250 nəfər əhali
yaşayıb. Böyük Dəkkə kəndi Zərdab rayonu təşkil olunandan İsaqbağı inzibati ərazisinin
tərkibində yerləşir.
Böyük Dəkkə “böyük oba” mənasındadır. Böyük olduğuna və digər eyniadlı
yaşayış məntəqələrindən, Kiçik Dəkkə (Dəkkəoba) və Bala Dəkkədən fərqləndirmək
üçün belə adlandırılmışdır. Araşdırmaçılar, eləcə də Nazim Tapdıqoğlu “Dəkkə”
sözünü dik, dəngə “sözü” ilə bağlayırlar və yaşayış məntəqəsinin adının Dikkə
kimi yarandığını ehtimal edirlər.
Dəkkəlilər
yaxşı baramaçı və balıqçı sayılıblar. H.Zərdabi də XIX əsrin sonlarına yaxın Zərdabdakı
Dəkkə kəndinin balıq vətəgəsini bir neçə illiyə icarəyə götürdüyünü və ov yerlərini
pulsuz olaraq dəkkəlilərə verdiyini yazmışdır.
XX əsrin
ortalarına qədər kənd ərazisində balıqçıların ov yeri, göl olub. Gölü kəndin
adına uyğun olaraq Dəkkə gölü adlandırıblar. Hazırda həmin gölün ancaq qurumuş
çökəkliyi qalıb. Qonşu İsaqbağı və Böyük Dəkkə kəndləri arasında suyu duzlu
olan göl də var. Suyun duzlu olması səbəbindən gölü el arasında Şorçala gölü
adlandırırlar.
Bala Dəkkə kəndi
Bala Dəkkə yaşayış məntəqəsi hazırda Təzəkənd kəndi ilə birləşmişdir. Hacı
Əsədli nəslinə mənsub ailələr tərəfindən salınan Bala Dəkkənin tarixi XIX əsrdən
başlayır. Üzün müddət rayonun icra strukturlarında müxtəlif vəzifələrdə
çalışan, rayon qəzetinin əməkdaşı olmuş, Təzəkənd sakini, jurnalist Fərasət
Bilalov bildirir ki, Bala Dəkkə sakinləri əvvəllər Kür çayının indiki
yatağında, Hacı Mahmudlu adlanan obada məskən salıblar. Həmin dövrdə çayın
yatağı xeyli aralıdan, təqribən 500-600 metrlik məsafədən keçdiyi üçün oba
sakinlərinə təhlükə törətməyib. Sonralar Kür çayının yatağı dəyişdirilib və çay
obanın lap yaxınlığından axıb. Daşqınlar səbəbindən sakinlərin oba ərazisində
yaşaması mümkün olmayıb və onlar təqribən 400-500 metr aralıda olan Böyük Dəkkə
yaxınlığına köçüblər. Yaşayış məntəqəsini Böyük Dəkkədən fərqləndirmək üçün
Bala Dəkkə adlandırıblar. Bala Dəkkə kəndində 1917-ci ildə 17 ev, 1921-ci ildə
isə 18 ev olub.
Bala Dəkkənin təsərrüfat həyatında baramaçılıq, pambıqçılıq və daha çox
balıqçılıq üstünlük təşkil etmişdir. Sakinlər həm satmaq, həm də qida kimi
balığın kürüsünə daha çox üstünlük verirdilər. Balıq, Böyük Vətən müharibəsi
illərində Bala Dəkkəliləri və eləcə də Kür sahilində yaşayan digər sakinləri
aclıqdan qurtaran əsas qida olmuşdur.
1933-cü ildə Bala Dəkkə kəndinin 20 təsərrüfatında 128 nəfərin yaşadığı
haqqında məlumat var. Fərasət müəllim bildirir ki, Bala Dəkkədə kolxoz 1935-ci
ildə yaradılıb və onun ilk sədri Süleyman Süleymanov olub. Süleyman kişi tək kənddə
deyil, bütün rayonda müdrik, sözü keçən ağsaqqal kimi tanınıb. Kolxoz o vaxtlar
Respublika Nazirlər Sovetinin Sədri işləmiş Hüseyn Rəhmanovun adını daşıyıb,
pambıq yığımında fərqləndiyi üçün Azərbaycan Kənd Təsərrüfatı Sərgisində də
iştirak edib. Sonrakı illərdə Bala Dəkkə Təzəkənd kəndinə, təsərrüfatı isə "Kommunist"
kolxozunun tərkibinə birləşdirilmişdir.
Təzəkənd
kəndi
Təzəkənd
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kəndi Zərdab şəhərinin şimal-şərqdən
500 metrliyində, Kür çayının sahilində yerləşir. Ərazisi 1365 hektar, əhalisi təxminən
1130 nəfərdir. Əhali heyvandarlıq, əkinçilik, yemçilik, quşçuluq, meyvəçilik,
baramaçılıqla məşğul olur. Kənd sakinləri Zərdab şəhərində yerləşən dövlət və
özəl strukturlarda da çalışırlar.
Hazırki Təzəkənd əraziləri Zərdab kənd icmasına daxil edilən ərazilər
olub. Təsərrüfat işləri zamanı tapılan mis sikkələrə, məişət əşyalarına görə bu
ərazilərin qədim insan məskənləri olması bildirilir. Zərdab-Mollakənd yolunun
sağ hissəsindən kiçik küp qəbir də aşkar edilmişdir. Təəsüf
ki, şumlama prosesi zamanı küp qəbir dağıdılmışdır. Ərazidən tapılan boğaz hissəsi
dar olan tayqulp qab isə son antik-ilk orta əsrlərin başlanğıcına aid
edilmişdir.
“Təzəkənd”
yeni kənd mənasındadır. Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim
tarixə malik olan kənd deyil. Yaşayış məntəqəsi Sovet Hakimiyyəti qurulduqdan
sonra Gəndəbil, Şıxbağı, Nəzəralı, Əlibəyli və Zərdab kəndlərindən köçüb gəlmiş
ailələr tərəfindən salınıb. Təzəkənd hazırda Zərdab şəhərinin bir hissəsinə
çevrilmişdir. Yaşayış məntəqəsini şəhərlə böyük su kanalı ayırır.
Yaşayış
məskəninin yuxarı məhəlləsi indi də yaşlı əhali tərəfindən “Dəkkə” adlandırılır.
1933-cü ildə Təzəkəndin 39 təsərrüfatında 98 kişi, 80 qadın olmaqla 178 nəfər əhali
yaşayıb. 1935-ci ildə Təzəkənd kəndində Kaqanoviç adına kolxoz qurulub və bu
kolxoza Səfərəliyeva Türfə Səfərali qızı rəhbərlik edib. Zardab.com.az saytının
məlumatına əsasən kolxoz sədri Türfə ilə Qaçaq Saday arasında maraqlı bir hadisə
baş verib. “Qadından kolxoz sədri olmaz” düşüncəsi və Türfəni öldürmək məqsədi
ilə Saday bəy kəndə gəlir. Sədrin yaşadığı həyətə daxil olur, Türfə onu
qarşılayır. Saday bəyin kəndə gəldiyini bilən silahlı milis işçiləri də həyətə
daxil olurlar. Saday bəyə öz həyətində gizlənməsinə şərait yaradan T. Səfərəliyeva
milisləri, “Saday bəy mənim qorxumdan bu kəndə gələ bilməz” söyləyərək yola
salır. Saday bəy gizləndiyi yerdən çıxır, üzünü qadına tutaraq ,”Sən kişi qeyrətli
qadınsan, mən səni öldürməyə gəlmişdim, sən isə mənə həyat bağışladın, sənə bir
can borcluyam, əvəzini necə çıxa bilərəm?” deyə müracit edir. T. Səfərəliyeva
ona “şəxsən mənə heç nə lazım deyil,
sözüm təkcə budur ki, bir də bizim kəndə yaxın düşmə, camaatımızı incitmə”
cavabını verir. Şahidlərin dediklərinə görə o gündən sonra Saday bəy bir daha Təzəkəndə
üz tutmur.
Kənd
Sovet hakimiyyətinin sonrakı dövrlərində “Kommunist” kolxozunun tərkibinə daxil
edilmişdir. Kolxoz dövründə Təzəkənd əhalisi yaxşı baramaçı və pambıqçı hesab
olunurdu.
XX əsrin
sonlarında, XXI əsrin əvvəllərində kənd ərazisi Zərdab-Mollakənd şossesinə
doğru daha da genişlənmişdir. Yeni salınan yaşayış massivində Zərdab şəhərindən
gələn əhali də məskən salmışdır.
Təzəkənd
kənd ərazisində məhsuldarlığı saniyədə 3 kubmetr olan yeni sugötürücü qurğu və
nasos stansiyası tikilib istifadəyə verilib.
Azərbaycanın
18 rayonunun ərazisində Təzəkənd adlanan kəndə rast gəlinir. İndi Ermənistan
adlanan Qərbi Azərbaycanda bu adda 6 kənd olub. İran ərazilərində 1 şəhər, 10 qəsəbə
və kənd olmaqla 11 yaşayış məntəqəsi, Gürcüstanda isə 2 kənd Təzəkənd adlanır.
Böyük Dəkkə kənd sakinləri Abdullayev Nurlan Rasim oğlu, İsayev Sahib
Ağahüseyn oğlu, Məmmədov Kamran Nurəddin
oğlu, Məmmədov Namiq Aslan oğlu, Dəkkəoba kənd sakinləri Eyvazov Söhrab Nadir
oğlu, Şıxəliyev Elşad Əlişad oğlu, Təzəkənd sakinləri İsaqov Zakir Nüsrət oğlu,
İsrəfilov Məhəmməd Şahvələd oğlu Qarabağ müharibəsində şəhid olublar. Nurlan
Abdullayev III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə
təltif edilib.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Çar İmperiyasının arxiv sənədləri
2. Həsən bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi
İsaməddin Əhmədov)
3. Nazim
Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
4. Taleh Əliyev “Əlican və Türyançay hövzəsinin
küp qəbirləri”
5. Əjdər
Fərzəli “Dədə Qorqud yolu”
6. Azərbaycanın
yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
Zərdab rayonu Dəkkəoba, Böyük Dəkkə, Bala Dəkkə və Təzəkənd kəndləri
Reviewed by Bəxtiyar
on
20.7.20
Rating:
Hiç yorum yok: