Məlikumudlu
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, Zərdab şəhərindən
13 kilometr şimalda, Zərdab-Ucar şose yolunun bir neçə kilometrliyində yerləşir.
Ərazisi 1917,77 hektar, əhalisi 1400 nəfərdən çoxdur. Əhalinin əsas məşğuliyyəti
heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, meyvəçilikdir.
Məlikumudlu
kəndinin ərazisi qədim yaşayış məskənlərindən biri hesab olunur. Kənd ərazilərində
torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsa başı, Atabəylərə
aid sikkələr tapılmışdır. Tədqiqatlar nəticəsində ərazidə IX-XIII əsrlərdə kənd
tipli yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Taleh Əliyev Məlikumudlu ərazisindən
tapılan sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir.
Xanlıqlar
dövründə Məlikumudlu kəndinin ərazisi indiki Zərdab, Şamaxı, Ağsu, Kürdəmir və
İsmayıllı rayonlarının müəyyən əraziləri ilə birlikdə Xançoban mahalına daxil
idi. Yaşayış məntəqəsində Məlik Umud nəslinin davamçıları məskən saldığı üçün Məlikumudlu
adlandırılmışdır. Məlik Umud bəy türk boylarından biri olan Bayat tayfasının nəslindəndir,
Bayat-Məlik Umud obasının başçısı olub. Şirvan xanlığının nüfuzlu şəxslərindən
biri olan Məlik Umud bəy, sonralar Şirvanın Xançoban mahalının naibi təyin
edilib. Şirvan xanları ilə qohumluq əlaqələri olan Məlik Umud bəyin oğlu
İsrafil bəy, Şirvan xanlarının nəslindən olan, 1833-cü il təvəllüdlü Töhfə
xanımla evlənmişdir.
Bayat-Məlik Umud obası
Bayat-Məlik Umud türk boylarından biri olan Bayat tayfası ailələrinin
yaşadığı bir obadır, bəzi mənbələrdə Boyat-Məlik Umud adlandırılmışdır. Rəvayətə
görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türküstanda
yaşayan Bayat tayfasına mənsub ailələr XIII əsrdə monqollar ilə birgə öncə Kiçik
Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə
köçən Bayat tayfa ailələrinin bir qismi XV əsrin sonu XVI əsrin əvvəllərində səfəvilər
ilə birgə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məşkunlaşan Bayatlar öz
adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat,
Uzun Bayat, Göyçay qəzasında Bayat-Məlik Umud, Bayat-Nadir Hüseyn (bəzi mənbələrdə
Bayat-Nəzir Hüseyn) obalarına vermişdilər. Bayat tayfasının Bayat-Məlik Umud
obasında məskunlaşan ailələrin başçısı Məlik Umud bəy, sonralar Şirvanın
Xançoban mahalının naibi təyin edilib. Oba XIX əsrin əvvəllərində Çalıqışlaq
adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər.
Sənədlərdə
Bakı quberniyasının Göyçay qəzasında, indiki Ucar və Zərdab rayonunun ərazilərində
yaşayan Bayat-Məlik Umud obası haqqında məlumatlar var, obanın qəza mərkəzindən
20-22 verst məsafədə yerləşdiyi yazılıb. 1870-ci ildə Bayat-Məlik Umud obasının
49 təsərrüfatında 161 nəfər kişi, 130 nəfər qadın olmaqla, cəmi 291 nəfər əhali, 1879-cu
ildə isə yaşayış məntəqəsinin 58 təsərrüfatında 198 nəfər kişi, 146 nəfər qadın
olmaqla, cəmi 344 nəfər əhali yaşayıb.
Çar
Rusiyası tərəfindən yerlərdə kənd icmaları və oba birlikləri yaradıldıqdan
sonra, Boyat-Məlik Umud oba birliyi, icması təşkil edilib. 1886-cı ildə Bərgüşad
bölgəsinə daxil olan Boyat Məlik Umud icması qəza mərkəzindən 30 verst, pristav
idarəsindən 16 verst məsafədə yerləşmişdir. İcmanın 76 təsərrüfatında 247 nəfər
kişi, 186 nəfər qadın olmaqla, cəmi 433 nəfər əhali yaşayıb. 1890-cı ildə 2
obadan ibarət olan birliyin torpaq sahəsi 1250 desyatin idi. Oba birliyinin 72
təsərrüfatında 229 nəfər kişi, 181 nəfər qadın olmaqla, cəmi 410 nəfər əhali, 1911-ci ildə isə 51 təsərrüfatında
187 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 333 nəfər əhali yaşayıb.
Boyat
Məlik Umud yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Lək kənd
icmasının tərkibində yerləşib. Kənddə 1917-ci ildə 152 ev, 1924-cü ildə isə 120
ev olub. Sovet hakimiyyəti illərində Boyat-Məlik Umud oba birliyinə mənsub ailələr,
Ucarın indiki Boyat və Zərdabın indiki Məlikumudlu kəndlərində daimi məskunlaşıblar.
Bayat-Nadir Hüseynbəy obası
Sənədlərə
görə müasir Zərdab ərazisində Bayat tayfasının Bayat-Məlik Umud obası ilə
yanaşı, Bayat-Nadir Hüseynbəy obasının ailələri də məskunlaşmışdılar. Bəzi mənbələrdə
Boyat-Nəzir Hüseynbəy kimi də yazılan obanın ailələri, Çallı kəndinin
yaxınlığındakı ərazilərdə, Nəzirli nəslinə məxsus torpaqlarda yurd salmışdılar.
1870-ci ildə oba qəza mərkəzindən 40 verst məsafədə yerləşib, obanın 11 təsərrüfatında
31 nəfər kişi, 19 nəfər qadın olmaqla, cəmi 50 nəfər əhali yaşayıb.
Məlikumudlu kəndi
1926-cı
ildə Göyçay qəzası 7 bölgəyə bölünmüş və Məlikumudlu kəndi qəzanın Ucar bölgəsinə
daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə
əlaqədar olaraq ləğv olunub və Məlikumudlu kəndi 1929-1935-ci illərdə Göyçay
rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib.
Sovet dövründə və müstəqilliyimizin ilk illərində Çallı inzibati ərazisinin tərkibində
yerləşən kənd, 14 iyul 1998-ci il tarixdə Çallı kənd inzibati ərazi dairəsinin
tərkibindən ayrılmış və Məlikumudlu kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Kənd
sakinləri Səfərov İsmayıl Sarı oğlu, Məmmədov Vasif Əlihəsən oğlu, Zərbəliyev
Zabit Kamil oğlu, Şıxəliyev Pərviz Nəsir oğlu Qarabağ müharibəsində şəhid
olublar.
Azərbaycanın
şəhər və rayonlarında İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan,
"Şöhrət" ordeni ilə təltif edilən Mübariz Ağayev, II Dünya müharibəsində
“I Dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Döyüş xidmətlərinə
görə”, “İgidliyə görə”, "Berlinin alınmasına görə" medalları ilə təltif
olunan Babaş Nağıyev Məlikumudlu kəndində anadan olublar.
Bəxtiyar Əsədli
Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi
Reviewed by Bəxtiyar
on
3.7.20
Rating:
Hiç yorum yok: