Həsən bəy Zərdabi ilə ailə həyatı
quran Hənifə xanımın həyat fəaliyyəti həm Kabarda-Balkar Respublikası ilə, həm
də Azərbycanla bağlı olub. Hənifə xanım Azərbaycanda tanındığı və barəsində
araşdırmalar aparıldığı kimi, Kabarda-Balkar Respublikasında da anılır və fəaliyyəti
barədə yazılar (İnal Çerçesovun və digərləri tərəfindən) dərc edilir.
Şimali Qafqazın ilk maarifçilərindən
biri olan Hənifə Abayeva Şkant kəndində anadan olub, kornet rütbəli təqaüdə
çıxmış rus hərbçisi və Balkar taubiyev nəslindən olan Aslanbəy Abayevin
qızıdır. Aslanbəy Abayev rus dili və digər elmlər üzrə təhsil almış ilk Balkar
nümayəndələrindən biri idi. İlk təhsilini hələ Müqəddəs Georgi qalasında əmanət
olarkən almışdır. Sonralar müxtəlif illərdə Şora Normov, Xan Girey və digər
Qafqaz ziyalılarının xidmət etdiyi Qafqaz dağ qvardiya hissələrinə göndərilmişdir.
Abayev orada mütərəqqi düşüncəli insanlar ilə ünsiyyət qurmaq fürsəti
tapmışdır.
1861-ci ilin dekabrında Aslanbəy
Abayev, Kabarda dairə rəisi, general-mayor, qnyaz Orbelianiyə, qızları 10
yaşlı Paşahanı və 8 yaşlı Hənifəni Stavropol və ya Tiflis məktəblərindən birinə
göndərmək xahişi ilə müraciət edir. Bu müraciət generalı çox təəccüblənmişdi.
XIX əsrin ortalarında, zadəgan olmasına baxmayaraq, dağ xalqlarından birinin
nümayəndəsindən, yerli ənənələrinin daşıyıcısından belə bir xahiş ən azı
qeyri-adi görünürdü. Lakin mütərəqqi düşüncəli bir adam olan qnyaz, təqaüdə
çıxmış korneti ruhdan salmır və bu işdə ona kömək edir. Vaxtanq Orbeliani Terek
qoşunlarının rəhbər komandirləri arasındakı hörmətindən və nüfuzunda istifadə
edərək, Aslanbəy Abayevi dəstəkləmək məqsədilə məktub da yazır: “Aslanbəy
Abayev xidmət edərkən təhsilli insanlarla daim ünsiyyətdə olub, cəmiyyətdə
kişilərin maariflənməsi ilə yanaşı, qadınların da maariflənməsi qənaətinə gəlib... Qadınları təhsil almaq hüququ, hətta ailədə səs
hüququ olmayan varlıq hesab edən, dağlıq ərazilərin sərt qanunları ilə yaşayan
fanatik dindarlar arasında Abayev bir nümunədir. Abayev tərəfindən atılan bu
addım uzaq yerli müsəlman əhaliyə müsbət təsir göstərəcəkdir. Məsələni o qədər
vacib hesab edirəm ki, bu gənc müsəlman qızlarının məktəblərdən birinə mümkün qədər
tez qəbul olunması üçün öz istəklərimi belə ifadə edə bilmirəm”.
Aslanbəy Abayevin qızlarının qəbulu
məsələsi müsbət həll olunur. Paşahan və Hənifə Qafqaz quberniyasının paytaxtı
Tiflis şəhərində yerləşən Müqəddəs Nina Xeyriyyə cəmiyyətinin tələbələri
oldular. Qızların təhsil haqları Kabarda cəmiyyətinin hesabına ödənilmişdir.
Müqəddəs Nina Xeyriyyə cəmiyətinin Şura sədri və Kabarda dairə rəisinin qohumu Manana
Orbeliani tərəfindən imzalanmış, Paşahan və Hənifənin qəbul sənədində deyilir:
“...tələbələrin məktəbə qəbulu zamanı... yarım il üçün pul 50 manat olmaqla
qabaqcadan və ilkin mərhələdə hər tələbə üçün 30 manat, cəmi 160 manat ödənilməlidir.
Ödəniş ildə iki dəfə (01 yanvar və 01 may tarixlərində) həyata keçirilməlidir...
rəqs üçün əlavə 7 manat, fransız dili üçün isə əlavə 15 manat ödənilməlidir”.
Müsbət cavabdan sonra, Abayevlərin
Şkant kəndinə doğma münasibət göstərən Çereks bölgəsinin rəisinə, qızları
Nalçikə çatdırmaq barədə göstəriş verildi. Lakin dairənin paytaxtına ancaq
kişik qız, Hənifə gedə bilir. Paşahan son anda xəstə anasının yanında qalmaq məcburiyyətində
oldu. Onun əvəzinə Yuxarı Xulam sakini Fuza Şakmanova göndərirdi.
3 aydan çox Nalçikdə qalan Hənifə
və Fuza Simeonovsk kilsəsinin keşişi Blaqonravovun ailəsində yaşadılar. Burada
onlar rus dilindən ilk dərslərini aldılar. Keşiş dairə rəisinin sorğusuna cavab
olaraq yazırdı ki, uşaqlar çox çalışqan və bacarıqlıdırlar.
Tiflisə gözlənilən
səfər 1862-ci ilin yayında baş tutdu. Hənifə və Fuza indiki orta məktəb səviyyəsində
hesab edilən Müqəddəs Nina məktəbində təhsil alan ilk dağlı qız tələbələri
oldular. Onlar 10 il təhsil aldılar və sonra əldə etdikləri əla nəticələrə görə,
məktəb Şurasının qərarı ilə pedoqoji kurs dinləyiciləri üçün kursa tövsiyyə
olundular.
1872-ci illərin sonlarında Hənifə
xanım Bakı gimnaziyasının müəllimi Həsən bəy Məlikov ilə ailə həyatı qurdu.
Buna qədər nə Həsən bəyin, nə də Hənifə xanımın evlənmək üçün valideynlərinin razılığını
almağa fürsətləri olmamışdır və xeyir-dua üçün Müqəddəs Nina məktəbinin himayədarı,
böyük qnyagina Olqa Fedorovnaya müraciət etdilər.
Sonralar Hənifə xanım Həsən bəylə
tanışlığını belə xatırlayır: “Həsən bəy “Qafqaz” qəzetində Tiflis Müqəddəs Nina
məktəbində kurs bitirmiş qızların siyahısını oxuyur. Təhsili bitirənlərin
siyahısında mən də var idim. Həsən bəy müsəlmanlar üçün yeni olan ailə həyatı
qurmaq arzusu ilə, gələcək qız müəlliməsi ilə tanış olmaq istədi. Tanışlıq baş
tutdu və biz əmin olduq ki, istəklərimiz və baxışlarımız eynidir. Evlənməyi və
birlikdə çalışmağı qərara aldıq”.
Hənifə xanım Həsən bəy Zərdabiyə
tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu. Birgə yaşadıqları müddətdə
həyat yoldaşına həmfikir olur və yardımlar edir. Həsən bəylə birlikdə “Əkinçi”
qəzetinin nəşrində də çox əziyyətlər çəkir. Təhsilə, elmə böyük önəm verən həyat
yoldaşına təhsil sahəsində də kömək edir və öz evində qızlar üçün məktəb açır.
1873-cü ildə bu məktəbdə 12 nəfər qız təhsil alırdı. Şəriət qanunlarının hökm
sürdüyü dövrdə bu çox cəsarətli addım idi. Qadınların təhsil almasını istəməyən
yerli fanatiklərin mümkün sui qəsdlərindən qorumaq üçün, Həsən bəy və Hənifə
xanım tələbələrini evlərinə qədər müşayət etməli olurdular.
Həsən bəy həmişə təzyiq altında
çalışırdı. Hakimiyyət dairələri onun fəaliyyətindən narazı idilər və bu fəaliyyətin
daxilində dövlət təməllərini sarsıtmaq cəhdi görürdülər. 1877-ci ildə “Əkinçi”
qəzeti qadağan edilir, Hənifə Məlikovanın ev məktəbini də bağlayırlar. Ər və
arvad Bakını tərk edərək, Həsən bəyin vətəni Zərdab kəndinə gedirlər və burada
təxminən 20 il yaşayırlar. Həsən bəy və Hənifə xanım Zərdabda
yaşadıqları dövrdə də, təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan
insanlara elm, savad öyrədirdilər. Bu məqsəd ilə mənzillərində pulsuz məktəb də
açdılar.
1896-cı ildə həyat yoldaşı ilə
birlikdə Bakıya geri qayıdırlar. Artıq cəmiyyətin yenidən qurulması fikirlər irəli
sürülür, müxtəlif yerlərdə, dairələrdə təhsil ocaqları yaranmışdır. Məlikovların
evlərində gələcək dövlət xadimləri, şairlər, yazarlar, dramaturqlar, rəssamlar,
alimlər, ziyalılar tez-tez qonaq olurdular. Hənifə xanımın bölgədə qadınların təhsil
alması barədə ideyası yerli ziyalılar tərəfindən dəstəklənir və 1901-ci ildə
Bakıda qızlar üçün ilk dövlət məktəbi açılır. Üç ildən sonra, 1904-cü ildə Məlikovların
səyi ilə Azərbaycanın paytaxtında birinci qızlar gimnaziyası açılır və rəhbəri
Hənifə xanım olur. 1909-1919-cu illərdə isə Bakı şəhər dövlət birinci rus-tatar
qız məktəbində müdir vəzifəsində çalışmışdır. 1910-cu ildə din xadimlərinin təsiri
altında olan valideynlərinin təhriki ilə şagirdlər müvəqqəti olaraq məktəbi tərk
etmişdilər.
Hənifə xanım Azərbaycan
qadınlarının taleyində çox mühüm rol oynamışdır. Birinci dünya müharibəsindən əvvəl
Hənifə xanımın yüzdən artıq keçmiş şagirdi Zaqafqaziya müəllim kadrlarının əsasını
təşkil edirdilər. Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir
şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Təşkilat tezliklə
böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. Oktyabr
inqilabından sonra Hənifə xanım və onun keçmiş şagirdləri qadın klubları
yaratmışdılar və təhsil proqramları işləyib hazırlamışdılar.
Azərbaycana yaşayan Hənifə xanım öz
kökünü unutmur, doğulduğu yer ilə əlaqələrini heç vaxt qırmur. Ailəsi ilə birlikdə demək
olar ki, hər yay Nalçikə gedərdi. Hənifə xanımım sayəsində qurulan Azərbaycan və
Kabarda-Balkar ziyalılarının əlaqələri sürətlə böyüyürdü. Məlikovlar digər türk
və müsəlman xalqlarının nümayəndələrinə də maddi və mənəvi dəstəklərini əsirgəmirdilər.
Həsən bəy və Hənifə xanım, Şimali Qafqazın ilk peşəkar hüquqşünası, publisisti
və ictimai xadimi Basiyat Şahanovun və Balkar maarifçisi, publisisti və
yazıçısı Misost Abayevin də məqalələrinin “Kaspi”də dərc edilməsinə köməklik
göstərmişdilər. Basiyat Şahanovun “Doğma həyat etüdləri” və Misost Abayevin
“Balkariya” oçerki birinci dəfə “Kaspi”də dərc edildi. Basiyat Şahanovun vəfatından
sonra onun həyat yoldaşı və uşaqları Hənifə xanımım ailəsində sığınacaq
tapmışdılar.
Həsən bəyin və Hənifə xanımım köməyi
ilə, Şimali Qafqazın şairi Səid Şahmurzayevin şeiri ilk dəfə Azərbaycanda dərc
edilib. Şahmurzayev yazır ki, əgər Həsən bəy və Hənifə xanım mənə poeziya
yolunu açmasaydılar, yəqin ki, mən şeir yazmağa davam etməzdim. Qonağı olduğu Məlikovlar
ailəsini tərk edərkən, qonaqpərvər ev sahibləri ona mürəkkəbqabı hədiyyə
etmişdilər. Bəlkə də, Məlikovların dəstəyi Səidin öz xalqının ilk maarifçisi
olmasına bir təkan olmuşdur.
Həsən bəy Zərdabi görkəmli inquş
pedaqoqu və ictimai xadimi Əsədulla Axriyev ilə ömrünün sonuna qədər dostluq
etmişdir. Həsən bəy inquş dostuna da öz dəstəyini heç vaxt əsirgəməmişdir.
Kabarda-Balkar Dövlət
Universitetinin birinci rektoru Xatut Berbəyov və universitetin digər yaşlı nəsil
müəllimləri Bakıda, Azərbaycan Dövlət Universitetində aspirantura təhsili almış
və dissertasiya müdafiə etmişdilər. Azərbaycan və Kabarda-Balkar ziyalılarının
ünsiyyət və dostluğu, 20-ci illərin sonlarında, Nalçikin bakılıların ən sevimli
bir istirahət yeri olmasını təmin etdi. Təxminən on il sonra bakılılar, onları
öz evlərində sevərək qonaq edənlərin əvəzini artıqlaması ilə ödədilər. Bakı
sakinləri Stalin repressiyaları dövründə, çoxlu sayda Kabarda-Balkar sakinlərini
həbslərdən və düşərgələrdən xilas etdilər.
Hənifə xanım 1920-1926-cı illərdə
Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışmışdır. 1929-cu
ilin may ayında vəfat edib. Azərbaycan rəhbərlərindən biri olan Qəzənfər
Musayev dəfn mərasimdə iştirak edərək dedi: “Bu gün biz iki deyil, üç deyil və
hətta onlarla deyil, minlərlə uşağı tərbiyə edən bir xanımı itirdik. Xalq onun
etdiyi bütün yaxşılıqları unutmayacaq.”
Hazırladı: Bəxtiyar Əsədli
Hənifə xanım Məlikova (Abayeva) ilə ilgili maraqlı faktlar
Reviewed by Bəxtiyar
on
2.7.20
Rating:
Hiç yorum yok: