Weather forecast for Zardab

Bakı quberniyası



   Şamaxı zəlzələsi və Bakının mərkəzi şəhərə çevrilməsi
 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniya Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı, Lənkəran qəzaları və Xəzər dənizindəki adalar daxil idi. 1860-cı ildə Dərbənd quberniyasının ləğvindən sonra Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı. 1867-ci ilin dekabrında Yelizavetpol quberniyası təşkil edildikdən sonra, Şuşa və Nuxa qəzaları Bakı quberniyasından ayrılıb bu quberniyaya daxil edildi. Bakı quberniyasında isə yeni qəzalar, Cavad və Göyçay qəzaları yaradıldı.
 Bakı quberniyası şərqdən Xəzər dənizi ilə, qərbdən Yelizavetpol quberniyası ilə, cənubdan Astara və Araz çayları ilə, şimaldan isə Dərbənd vilayəti və Xəzər dənizi ilə həmsərhəd idi. Quberniyanın əhalisi əsasən taxılçılıq, tütünçülük, bağçılıq, bostançılıq, pambıqçılıq, heyvandarlıq, balıqçılıq, ipəkçilik, toxuculuq ilə məşğul olurdu. Bakı qəzasının təsərrüfatında isə əsas yeri neft sənayesi tuturdu.
   Qubernatorlar
 İnzibati ərazi qubernatorlar tərəfindən idarə olunurdu. 1859-1872-ci illərdə qədər inzibati əraziyə hərbi qubernatorlar rəhbərlik etmiş, 1872-ci ildə isə mülki idarəetmə üsulu tətbiq olunmuşdur. 1859-1863-cü illərdə qnyaz, general mayor Konstantin Tarxanov-Mouravov, 1863-1872-ci illərdə general- leytenant Mixail Kolyubakin, 1872-1875(77)-ci illərdə general-leytenant Dmitri Semenoviç Staroselski, 1875(77)-1881-ci illərdə general leytenant Valeri Мixayloviç Pozen, 1882–1888-ci illərdə baron, general-mayor Qibş fon Qrostal (Yustin) Kazimiroviç, 1888-1899-cu illərdə Vladimir Petroviç Rogge, 1899-1904-cü illlərdə general mayor Dmitry Aleksandroviş Odintsov, 1904-1905-ci illlərdə Mixail Aleksandroviş Nakaşidze, 1905-ci ildə icraçı Pavel Alekseyeviç Lileyev, 1905-1915-ci illərdə Vladimir Vladimiroviç Alişevski, 1916-1917-ci illərdə icraçı Lev Vladimiroviç Potulov, 1917-ci ildə P.F.İlyuşkin, Cümhiriyyət dövründə isə Müseyib bəy Əxicanov (1918-05.02.1919), Rəşid bəy Axundzadə (05.02.1919-25.08.1919), Əmir bəy Nərimanbəyov (02.09.1919-28.04.1920) quberniyaya rəhbərlik etmişdilər. 18 fevral 1905-ci ildə quberniyada hərbi vəziyyət elan olunmuş, qnyaz, general-leytenant İvan Qiviç Amilaxvari 19.02.1905 - 05.06.1905-ci il tarixlərdə, general Semen Andreyeviç Faddeyev isə 5.06.1905 - 22.12.1906-cı il tarixlərdə general-qubernator təyin edilmişdilər.
Bakı quberniyasının gerbi 05 iyul 1878-ci ildə təsdiq edilmişdir. Gerbdə qara Andreyevsk lenti ilə birləşdirilən qızılı rəngli palıd yarpaqları ilə əhatə edilmiş qara qalxan və qalxanın yuxarısında imperator tacı təsvirləri verilmişdir. Qara qalxanın üzərində isə 3 qızılı rəngli alov təsviri həkk edilmişdir.
  Bakı quberniyası 1870-ci ildə
 1870-ci ildə quberniya Bakı, Cavad, Göyçay, Şamaxı, Lənkəran və Quba qəzalarında ibarət idi. Quberniyada 4 şəhər, Bakı, Şamaxı, Lənkəran, Quba şəhərləri, 1 qəsəbə, 972 kənd, 178 oba, 323 yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqəsi, 3 qərargah, 5 kömrük məntəqəsi, 33 kazak postu, 14 xüsusi təyinatla gələn əhalinin müvəqqəti yaşayış məntəqəsi (vataq), 23 poçt məntəqəsi, 1 kiçik kənd (xutor) olmaqla, cəmi 1557 yaşayış məntəqəsi, 79025 ev, 253361 nəfər kişi, 214916 nəfər qadın olmaqla, cəmi 468277 nəfər əhali qeydə alınmışdır. 9460 ev şəhərlərdə, 1292 ev qəsəbədə, 54512 ev kəndlərdə, 12755 ev obalarda, 930 ev yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqələrində, 2 ev qərargahlarda, 3 ev kömrük məntəqələrində, 35 ev kazak postlarında, 10 ev müvəqqəti yaşayış məntəqələrində, 26 ev poçt məntəqələrində yerləşirdi. Əhalinin 51651 nəfəri şəhərlərdə, 10168 nəfəri qəsəbədə, 346883 nəfəri kəndlərdə, 52180 nəfəri obalarda, 5745 nəfəri yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqələrində, 313 nəfəri qərəgahlarda, 115 nəfəri kömrük məntəqələrində, 608 nəfəri kazak postlarında, 290 nəfəri xüsusi təyinatla gələn əhalinin müvəqqəti yaşayış məntəqələrində, 324 nəfəri isə poçt məntəqələrində yaşayırdı.
Şəhər əhalisi quberniya əhalisinin 13 %-ni təşkil edirdi. Əhalinin 28 %-i Quba, 20 %-i Şamaxı, 17 %-i Lənkəran, 13 %-i Cavad, 11 %-i Bakı, 11 %-i isə Göyçay qəzalarında yaşayırdı. 1 kvadrat mil sahəyə 660,9 nəfər əhali düşürdü. Bakı qəzasında 1 evə düşən əhalinin sayı 5 nəfər, Cavad qəzasında 4 nəfər, Göyçay qəzasında 5 nəfər, Şamaxı qəzasında 6 nəfər, Lənkəran qəzasında 6 nəfər, Quba qəzasında isə 7 nəfər idi. 78 yaşayış məntəqəsində 1000 nəfərdən çox əhali yaşayıb. Quberniyada poçt yolunun uzunluğu 618 verst idi.
1870-ci ildə Bakı şəhərində 23 məscid, 6 kilsə, 1 real məktəb, 1 qadın məktəbi, 16 müsəlman məktəbi, 1 hərbi xəstəxana, poçt və teleqraf məntəqələri, sahil bağı, 1 hərbi liman, 1 ticarət limanı, I dərəcəli kömrük məntəqəsi, müxtəlif təyinatlı istehsal obyektləri, 18 zavod, 18 karvansaray, 3 bazar, 39 ticarət mərkəzi, 289 müxtəlif təyinatlı ticarət obyektləri, Quba şəhərində 5 məscid, 2 kilsə, 8 sinaqoq, 1 xristian məktəbi, 3 müsəlman məktəbi, 5 yəhudi məktəbi, 1 karvansaray, 2 bazar, 157 müxtəlif təyinatlı ticarət obyektləri,  poçt və teleqraf məntəqələri, 41 istehsal müəssisəsi, Şamaxı şəhərində 13 məscid, 5 kilsə, 1 qəza məktəbi, 31 müsəlman məktəbi, 2 xristian məktəbi, 14 bazar, 4 karvansaray, 1 poçt və 1 teleqraf stansiyası, 129 toxuculuq sexi və onlarla müxtəlif istehsal sexi, Lənkəran şəhərində 6 məscid, 2 kilsə, 5 bazar, 1 poçt məntəqəsi, III dərəcəli kömrük məntəqəsi, müxtəlif təyinatlı istehsal obyektləri, Salyan qəsəbəsində isə 1 məscid, 11 mədrəsə, 3 karvansaray, 5 bazar, 1 poçt məntəqəsi, müxtəlif təyinatlı istehsal obyektləri, III dərəcəli kömrük məntəqəsi fəaliyyət göstərib.
1870-ci ildə 9922 evdən ibarət olan Bakı qəzasında 27489 nəfər kişi, 23963 nəfər qadın olmaqla, cəmi 51452 nəfər əhali, 13142 evdən ibarət olan Cavad qəzasında 33140 nəfər kişi, 27826 nəfər qadın olmaqla, cəmi 60966 nəfər əhali, 9990 evdən ibarət olan Göyçay qəzasında 27509 nəfər kişi, 22544 nəfər qadın olmaqla, cəmi 50053 nəfər əhali, 15826 evdən ibarət olan Şamaxı qəzasında 52353 nəfər kişi, 43950 nəfər qadın olmaqla, cəmi 96303 nəfər əhali, 11984 evdən ibarət olan Lənkəran qəzasında 44023 nəfər kişi, 35235 nəfər qadın olmaqla, cəmi 79258 nəfər əhali, 18161 evdən ibarət olan Quba qəzasında isə 68847 nəfər kişi, 61398 nəfər qadın olmaqla, cəmi 130245 nəfər əhali yaşayırdı.
Quberniyanın 263 məntəqəsində əhali üçün nəzərdə tutulan yaşayış evi qeydiyyata alınmamışdır. 68 yaşayış məntəqəsi 1 evdən, 49 yaşayış məntəqəsi 2-5 evdən, 98 yaşayış məntəqəsi 6-10 evdən, 646 yaşayış məntəqəsi 11-50 evdən, 249 yaşayış məntəqəsi 51-100 evdən, 143 yaşayış məntəqəsi 101-250 evdən, 32 yaşayış məntəqəsi 251-500 evdən, 5 yaşayış məntəqəsi 501-1000 evdən, 2 yaşayış məntəqəsi 1001-1500 evdən, 1 yaşayış məntəqəsi 2264 evdən, 1 yaşayış məntəqəsi 4972 evdən ibarət idi.
285 yaşayış məntəqəsində yerli əhali yaşamırdı. 27 yaşayış məntəqəsində 10 nəfərə qədər əhali yaşayırdı. 156 yaşayış məntəqəsində 11-50 nəfər, 173 yaşayış məntəqəsində 51-100 nəfər, 683 yaşayış məntəqəsində 101-500 nəfər, 155 yaşayış məntəqəsində 501-1000 nəfər, 42 yaşayış məntəqəsində 1001-1500 nəfər, 15 yaşayış məntəqəsində 1501-2000 nəfər, 8 yaşayış məntəqəsində 2001-2500 nəfər, 8 yaşayış məntəqəsində 2501-5000 nəfər, 1 yaşayış məntəqəsində 5228 nəfər, 3 yaşayış məntəqəsində 10001-15000 nəfər, 1 yaşayış məntəqəsində isə 25087 nəfər əhali yaşayırdı.
Evlərin sayına görə quberniyanın ən iri kəndləri Maştağa (949 ev), Qrız (640 ev), Lahıc (598 ev), Nüqədi (523 ev), Kürdəmir (506 ev), Qala kəndi (424 ev), Privolnoe (419 ev), Zərdab (407 ev), Balaxanı (396 ev) və Novxanı (354 ev) kəndləri, əhalinin sayına görə isə Lahıc (5228 nəfər), Qrız (4755 nəfər), Maştağa (4751 nəfər), Kürdəmir (3776 nəfər), Nüqədi (3238 nəfər), Tarcal (2924 nəfər), Qovxanı (2428 nəfər), Xınalıq (2315 nəfər), Cek (2155 nəfər), Privolnoe (2133 nəfər) və Qala (2080 nəfər) kəndləri idi.
   Bakı quberniyası 1879-cu ildə
 1879-cu ildə 1563 yaşayış məntəqəsindən, o cümlədən 5 şəhərdən, 2 qəsəbədən, 1012 kənddən, 186 obadan, 282 yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqəsindən, 2 qərargahdan, 3 kömrük məntəqəsindən, 32 kazak postundan, 14 xüsusi təyinatla gələn əhalinin müvəqqəti yaşayış məntəqəsindən (vataq), 19 poçt məntəqəsindən, 2 kiçik kənddən, 4 qışlaqlardan ibarət olan Bakı quberniyasında 91301 ev, 288147 nəfər kişi, 241070 nəfər qadın olmaqla, cəmi 529217 nəfər əhali qeydə alınmışdır. 12004 ev şəhərlərdə, 40 ev qəsəbələrdə, 13447 ev obalarda, 653 ev yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqələrində, 219 ev isə qərargahlarda yerləşirdi. 66463 nəfər əhali şəhərlərdə, 401378 nəfər kəndlərdə, 4948 nəfər yeni köçürülmüş əhalinin məskunlaşdıqları yaşayış məntəqələrində, 706 nəfər qərargahlarda, 84 nəfər kömrük məntəqələrində, 246 nəfər xüsusi təyinatla gələn əhalinin müvəqqəti yaşayış məntəqələrində, 55392 nəfər isə obalarda yaşayırdılar.
 Bakı şəhərində 3516 ev, 8627 nəfər kişi, 6478 nəfər qadın olmaqla, cəmi 15105 nəfər əhali qeydə alınmışdır. Şəhərdə 11 məscid, 5 kilsə, 1 mülki xəstəxana, 1 hərbi xəstəxana, 1 dəniz hospitalı, 1 real məktəb, 1 qadın məktəbi, 1 şəhər xalq məktəbi, 17 müsəlman məktəbi, 1 yəhudi məktəbi, 1 xristian məktəbi, poçt və teleqraf məntəqələri, 27 bazar və müxtəlif ticarət mərkəzləri, hərbi liman və limanın nəzdində zavod, I dərəcəli kömrük məntəqəsi, 3 mexaniki zavod tipli müəssisə, 5 tipoqrafiya müəssisəsi, 9 dəyirman, 262 istehsal müəssisəsi, 36 karvansaray, 1506 müxtəlif təyinatlı ticarət obyektləri fəaliyyət göstərirdi. Şəhərdə 3 bağ, 3 fontan var idi, dəmir yolu xətti Bakıdan Balaxanı və Suraxanıya qədər uzanırdı. Şamaxı şəhərində 4972 ev, 13999 nəfər kişi, 11069 nəfər qadın olmaqla, cəmi 25068 nəfər əhali qeydə alınmışdır. Şəhərdə 13 məscid, 5 kilsə, 1 qəza məktəbi, 31 müsəlman məktəbi, 2 xristian məktəbi, 14 bazar, 4 karvansaray, 1 poçt və 1 teleqraf stansiyası, 129 toxuculuq sexi və onlarla digər istehsal sexləri fəaliyyət göstərirdi. Lənkəran şəhərində 827 ev, 2504 nəfər kişi, 2275 nəfər qadın olmaqla, cəmi 4779 nəfər əhali qeydə alınmışdır. Şəhərdə 6 məscid, 2 kilsə, 1 ilk rus məktəbi, poçt məntəqəsi, III dərəcəli kömrük məntəqəsi fəaliyyət göstərirdi. Quba şəhərində 1379 ev, 6219 nəfər kişi, 5105 nəfər qadın olmaqla, cəmi 11324 nəfər əhali qeydə alınmışdır. Şəhərdə 3 məscid, 3 kilsə, 8 sinaqoq, ilk rus məktəbi, 3 müsəlman məktəbi, 3 yəhudi məktəbi, karvansaray, 157 müxtəlif təyinatlı ticarət obyektləri, bazar, poçt və teleqraf məntəqəsi, 41 müxtəlif istehsal müəssisəsi fəaliyyət göstərirdi. Salyan şəhərində 1292 ev, 4955 nəfər kişi, 5213 nəfər qadın olmaqla, cəmi 10168 nəfər əhali qeydə alınmışdır. Şəhərdə 11 məscid, 62 müsəlman məktəbi (mədrəsə), 3 karvansaray, poçt məntəqəsi, pristavın qəbul bölməsi, III dərəcəli kömrük məntəqəsi, hərbi anbar, ticarət obyektləri fəaliyyət göstərirdi.
 1879-cu ildə evlərin sayına görə quberniyanın ən iri kəndləri Maştağa (1117 ev), Nüqədi (737 ev), Lahıc (708 ev), Zərdab (545 ev), Kürdəmir (532 ev), Privolnoe (480 ev), Balaxanı (473 ev), Qala (456 ev), Əlvənd (408 ev), Aşağı və Yuxarı Çiçi (395 ev) kəndləri, əhalinin sayına görə Lahıc (5750 nəfər), Maştağa (5071 nəfər), Nüqədi (4072 nəfər), Tarcal (3042 nəfər), Kürdəmir (3018 nəfər), Rustov (2792 nəfər), Aşağı və Yuxarı Çiçi (2608 nəfər), Əlvənd (2479 nəfər), Qala (2321 nəfər), Balaxanı (2276 nəfər) kəndləri idi.
   Bakı quberniyası 1893-cü ildə
 1893-cü ildə Bakı quberniyasında 1186 yaşayış məntəqəsi, 86307 ev, 401257 nəfər kişi, 311446 nəfər qadın olmaqla, cəmi 712703 nəfər əhali qeydə alınmışdır. Bakı şəhərində 86611 nəfər, Şamaxı şəhərində 22139 nəfər, Lənkəran şəhərində 4222 nəfər, Quba şəhərində 13917 nəfər, Salyanda isə 12121 nəfər əhali yaşayıb. Evlərin sayına görə quberniyanın ən iri kəndləri Maştağa (1137 ev), Nüqədi (864 ev), Lahıc (701 ev), Kürdəmir (599 ev), Qala (555 ev), Privolnie (554 ev), Balaxanı (513 ev), Əlvənd (495 ev), Mədrəsə (483 ev), Yuxarı və Aşağı Çiçi (468 ev) kəndləri, əhalinin sayına görə isə Lahıc (7083 nəfər), Maştağa (6179 nəfər), Nüqədi (5032 nəfər), Kürdəmir (4902 nəfər), Rustov (3956 nəfər), Tarcal (3926 nəfər), Yuxarı və Aşağı Çiçi (3384 nəfər), mərəzəli (3249 nəfər), Afurca (2921 nəfər), Balaxanı (2843 nəfər) kəndləri idi.
   Bakı quberniyası XX əsrdə
1911-ci ildə 33496,10 kvadrat verst sahəsi olan Bakı quberniyasında 465 icma, 1718 yaşayış məntəqəsi, 88293 ev, 354507 nəfər kişi, 308166 nəfər qadın olmaqla, cəmi 662673 nəfər əhali qeydə alınmışdır.
1917-ci ildə, çar rejimi devrildikdən sonra bolşeviklər Bakı quberniyasında hakimiyyəti ələ keçirdilər və quberniyanın bir çox ərazilərində rus-daşnak dəstələri tərəfindən dinc əhaliyə qarşı soyqırım törədildi. 1918-ci ildə türk ordusunun köməkliyi ilə rus-daşnak qüvvələrindən azad edilən quberniya yenidən müstəqil Azərbaycan dövlətinin tərkibinə daxil edildi. 1920-ci ildə, rusların yenidən işğalından sonra qəza idarəetmə sistemi saxlanılmış, quberniyalar isə ləğv edilmişdir.

   Hazırladı: Bəxtiyar Əsədli


Bakı quberniyası


Bakı quberniyası Bakı quberniyası Reviewed by Bəxtiyar on 12.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.