Weather forecast for Zardab

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov

 Məlik Məhərrəmov 29 avqust 1920-ci ildə Zərdab rayonu Bıçaqçı kəndində anadan olub. 1936-cı ildə natamam orta məktəbin 7-ci sinfini bitirmiş, Bakı Xalq Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1939-cu ildə texnikumu bitirdikdən sonra isə hərbi xidmətə çağırılır, Moskva şəhərində Mərkəzi hərbi rabitə məktəbinin göndərilir.
 Müharibə başlayanda 70-ci atıcı diviziyasının 68-ci atıcı polkunun rabitə vzvoduna komandir təyin edilmiş və Şimal – Qərb cəbhəsinə göndərilmişdir. Novqorod istiqamətində döyüşlərdə iştirak edir. 29 avqust 1941-ci ildə Lujck şəhərində birinci dəfə yaralanır və Yaroslavl şəhər hospitalına göndərilir. Müalicədən sonra 2-ci Zərbə Ordusunun 160-cı xizək batalyonunun rabitə vzvoduna komandir təyin edilir.
 02 fevral 1942-ci ildə Lyuban şəhərinə hücum zamanı, Volxov yaxınlığında ikinci dəfə yaralanır və hospitalda müalicə alır. Müalicədən sonra, 1942-ci ilin mart ayında Vladimir piyada məktəbinə göndərilir. 6 aylıq hazırlıq kursundan sonra, leytenant rütbəsi ilə Ryazan pulemyot məktəbinə təyinat alır. 1943-cü ilin yayına qədər pulemyot vzvoduna komandirlik edir və gələcək zabitlərə hazırlıq keçir.
 Cəbhəyə getmək arzusu nəzərə alınaraq, 23 avqust 1943-cü ildə Mərkəzi Cəbhənin 77-ci qvardiya atıcı diviziyasına göndərilir. 1943-cü ilin sentyabr ayında 218-ci qvardiya atıcı polkunun 5-ci atıcı rotasına komandir təyin edilir.
 17 sentyabr 1943-cü ildə komandirlik etdiyi rota Desna çayını keçir və çətin bir döyüşdə, Kireyevka kəndində möhkəmləndirilmiş alman məntəqələrini ələ keçirir. Hücumu davam etdirərək, Ukraynanın Cerniqov vilayətinin Mena şəhərinə daxil olaraq, bir çox küşələri düşməndən təmizləyirlər. Rota komandiri cəsarət və qorxmazlıq nümayiş etdirir. Göstərdiyi şücaətə görə, 30 sentyabr 1943-cü tarixli 68 nömrəli əmr ilə “Qırmızı Bayraq” Ordeni ilə təltif edilir.
 1943-cü il sentyabr ayının 26-sından 27-sinə keçən gecə rotası ilə birlikdə Dnepr çayını keçmək və qarşı sahildə mövqe tutaraq, digər bölmələrin çayı keçməsini təmin etmək tapşırığını alır. Az itki ilə qarşı sahildə mövqe tutmağı bacaran rota, düşmənin əks həmlələrini dəf edərək, bütün bölmələrin Dnepr çayını keçməsini təmin edir. Göstərdiyi rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət heyətinin 15 yanvar 1944-cü il tarixli əmri ilə “Lenin” və “Qızıl Ulduz” ordenləri ilə təltif edilir. Məhərrəmovla birlikdə 18 nəfər rota üzvünə Sovet İttifaqı Qəhramanı adı verilir. Bu müharibədə birinci dəfə bir rotanın 18 nəfər əsgəri Sovet İttifaqı Qəhramanı adı verilməsinə təqdim olunmuşdur.
 21 oktyabr 1943 –cü ildə növbəti dəfə yaralanır və Tula şəhərində yerləşən hospitalda müalicə alır. Müalicədən sonra yenidən Ryazan pulemyot məktəbinə göndərilir. 1944-cü ilin yayına qədər pulemyot rotasına komandirlik edir.
 1944-cü ilin yayında 77-ci qvardiya atıcı diviziyasının 218-ci qvardiya atıcı polkuna göndərilir və 2-ci atıcı batalyona komandir müavini təyin edilir. Cənubi Buq çayının keçərkən və Xolm şəhərinin azad edilməsində xüsusilə fərqlənir.
 24 iyul 1944-cü ildə batalyon Vepşa çayını keçir. Bu döyüşdə yaralanmış batalyon komandirini əvəz edir. Uğurlu döyüş əməliyyatı təşkil edir və batalyon almanları tutduqları mövqelərdən qovur.
 1944-ci ildə, 31 iyuldan 1 avqusta keçən gecə, komandirlik etdiyi batalyon birinci olaraq Visla çayını keçir və düşmənin müdafiəsini yararaq qarşı sahildəki mövqelərini ələ keçirir. Bu döyüşdə batalyon heç bir itki vermir. Batalyona uğurlu rəhbərliyə və şəxsi rəşadətinə görə, 12 sentyabr 1944-cü il tarixli 242 nömrəli əmr ilə “3-cü dərəcəli Kutuzov” ordeni ilə təltif edilir və qvardiya baş leytenant rütbəsi alır. 1944-cü ilin noyabr ayında 215-ci qvardiya atıcı polkuna göndərilir və ona qvardiya kapitanı rütbəsi verilir.
 1945-ci ilin mart ayında Visla çayının cənub sahilində düşmən müdafiəsinin yarılmasında komandirlik etdiyi batalyon xüsusilə fərqlənir. Batalyon döyüşçüləri desant qrupları şəklində hərəkət edərək Almaniya sərhədlərinə yaxınlşırlar. Komandirliyi ilə batalyon düşmən qüvvələrinin əks hücumlarını dəf edərək onlara böyük itkilər verirlər. Bu döyüşlərdə növbəti dəfə yaralanır. Göstərdiyi igidliyə görə 12 iyun 1945-ci il tarixli, 265 nömrəli əmr ilə “I dərəcəli Vətən müharibəsi” ordeni ilə və həmçinin “1941-1945-ci illərdə Almaniya üzərində Qələbəyə görə medalı ilə təltif edilir.
 Müharibədən sonra 1946-1950-ci illərdə Xızı rayon, 1950-1954-cü illərdə isə Suraxanı rayon hərbi komissarı vəzifələrində çalışıb. 1954-cü ildə Frunze hərbi Akademiyasını bitirir, Zaqafqaziya Hərbi Dairəsinin 216-cı atıcı diviziyanın 68-ci piyada alayı və atıcı polkunun qərərgah rəisi təyin olunur.
 1954-cü ildə Stalinin adının yasaq edilməsinə və xidmətlərinin inkar olunmasına etiraz nümayişi olmalı idi. Moskvadan əmr gəlir ki, Sumqayıta 2 bölük, Tbilisiyə isə qalan bütün hərbi hissəni və texnikanı yeridib nümayiş dağıdılsın. Sovet əsgərini sovet xalqının üzərinə yeritməkdən imtina etdiyi üçün qərərgah rəisi vəzifəsindən kənarlaşdırıldı.
 Moskvadan gələn general belə söyləmişdir ki, Məhərrəmov, sən çox lazımlı kadrsan, sən nümayiş və mitinqi dağıtmaq əmrini yerinə yetirməkdən imtina etdiyin üçün, sənə verilməsi nəzərdə tutulan general rütbəsini itirdiyin kimi, sənin hərbi işdən tamam kənarlaşdırılması ilə biz də itirəcəyik. Məhərrəmov generala, “mən itirdim, amma xalqımız qazanacaq” cavabını vermişdir.
 1956-1958-ci illərdə üç rayonu birləşdirən Ağdaş rayon hərbi komissarı vəzifəsində çalışır. 1958-1961-ci illərdə Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi vəzifəsinə təyin olunur. 1961-1965-ci illərdə Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar vəzifələrində işləyir. 1965-1973-cü illərdə yenidən Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi təyin edilir.
 1973-cü ildə polkovnik rütbəsi ilə ehtiyata çıxır və universitetdə fəaliyyətini davam etdirir, əvvəl kadrlar şöbəsinin, sonra isə ömrünün sonuna qədər Birinci şöbənin rəisi vəzifəsində çalışır. 1985-ci ildə ikinci dəfə “I dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif edilmişdir. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi", “... 30 illiyi”, “...40 illiyi” yubiley medalları, "Əmək veteranı" medalı ilə də təltif olunub.
 1995-ci ildə Məlik Məhərrəmovun yubileyi  qeyd edilir və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü 16 iyul 2004-cü il tarixdə, ömrünün 84-cü ilində vəfat edir. 2009-cu ildə Zərdab rayonunda  Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulub.

         Hazırladı: Bəxtiyar Əsədli

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov





Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Reviewed by Bəxtiyar on 28.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.