Əyalətin
rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən rus ordusunun zabitlərindən təyin
edilmiş komendantlara həvalə olunmuşdur. Şəki xanlığının ərazisində də
komendant üsul-idarəsi yaradıldı və mayor Fon Disterlo Şəki komendantı təyin
edildi. Komendant idarəçiliyinə təsərrüfat, məhkəmə, polis və gizli bölmə
adlanan idarəetmə strukturları daxil idi.
Şəki adını eramızdan əvvəl Cənubi Qafqaza, oradan da Kiçik
Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlayırlar. Saklar Cənubi
Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını veriblər.
Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki olub.
Şəki xanlığının işğalı və ləğv edilməsi
XIX əsrin əvvəlində Azərbaycanın şimal-qərbində yerləşən
dövlətlərdən biri də Şəki xanlığı idi. Rusiyanın işğalı ərəfəsində Qutqaşın və
Ərəş sultanları da Şəki xanlığından asılı vəziyyətdə olub və bu xanlıqda 20 min
ev olduğu bildirilir. Xanlığı Səlim xan idarə edirdi. Tarixə Kürəkçay müqaviləsi
adı ilə düşmüş sazişə əsasən, 21 may 1805-ci il tarixdə Şəki xanlığı Rusiyadan
vassal asılılığına düşdü. 1806-cı ilin iyununda Qarabağ xanı İbrahimxəlil xan
öz ailəsi ilə birlikdə vəhşisəcinə qətlə yetirilməsindən qəzəblənən Səlim xan
ruslara qarşı çıxdı. Ömrünün sonuna qədər çarizmə, əsarətə qarşı mübarizə aparan
Səlim xan bu döyüşdə məğlub edildi və ailəsi xan olmaq hüququndan məhrum olundu.
1806-cı ilin dekabr ayının 10-da İrandan üz döndərib Rusiya tərəfinə keçən Xoy
hakimi Cəfərqulu xan Şəki xanı təyin
edildi. Rus ordusunun general-leytenantı rütbəsinə layiq görülən Cəfərqulu xan
ömrünün sonuna qədər imperiyanın sadiq nökəri olmuşdur. Cəfərqulu xanın ölümündən
sonra İsmayıl xan Şəki xanı elan edildi. Bir müddət sonra əslən erməni olan,
rus silahının köməyi ilə Qafqazda amansız vəhşiliklər, xüsusi qəddarlıq törədən,
niyyəti ən münbit torpaqlarda ermənilərin yerləşdirilməsi olan, Talış hakimi
Mir Həsən xanın həbs olunmasında, Gəncə xanı Cavad xanın oğlu Uğurlu ağanın vəhşicəsinə
qətlə yetirilməsində və meyitinin yandırılmasında yaxından iştirakı olan
general V.Q. Madatov Şəki xanlığında peyda olur. V.Q.Madatovun xanlığın ərazisində
görünməsindən bir həftə sonra İsmayıl xan zəhərlənib öldürüldü.
Şəki əyalətinin yaradılması
İsmayıl xanın ölümündən sonra, 1819-cu ilin iyul ayının 31-də
Şəkidə xanlıq üsul-idarəsini ləğv edildi. İşğal edilmiş xanlıqların ərazilərində
yeni inzibati ərazilər yaradılmışdır. Şimali Azərbaycan torpaqlarında Bakı,
Quba, Şirvan, Şəki, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən
dairələri, İrəvan vilayəti, Qazax və Şəmşədil inzibati əraziləri yaradılmışdır. Əyalətlər iki dairədə birləşdirilmişdir. Dairələrə hərbi
dairə rəisləri rəhbərlik edildi. Əyalətin rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən
rus ordusunun zabitlərindən təyin edilmiş komendantlara həvalə olunmuşdur. Şəki
xanlığının ərazisində də komendant üsul-idarəsi yaradıldı və mayor Fon Disterlo
Şəki komendantı təyin edildi. Komendant idarəçiliyinə təsərrüfat, məhkəmə,
polis və gizli bölmə adlanan idarəetmə strukturları daxil idi. Komendantlara
böyük səlahiyyət verilmişdir, onlar dövlət xəzinəsinə, yerli müəssisələrə nəzarət
edir, mahallara naibləri, məmurları təyin edir, vergilərin yığılmasını həyata
keçirir, yolların və körpülərin vəziyyətinə, çarizmin Azərbaycandakı yerinin və
siyasətinin möhkəmlənməsinə cavabdeh idilər. Gizli bölmə əhalinin əhvalını, rus
hakimiyyətinə münasibətləri öyrənirdi. XIX əsrin əvvəlində Şəki xanlığının əhalisi haqqında ilk məlumat
1804-cü ilə aiddir. Sənədlərdə göstərilir
ki, 1804-cü ildə Şəki xanlığında 15000 ev olub, 75000 nəfər əhali yaşayırdı.
1824-cü il siyahıya alınmasına görə Şəki əyalətində 272 kənd olub, 84517 nəfər əhali
yaşayıb. Əyalətdə 8 mahal, Şəki, Ərəş, Ağdaş, Padar, Alpout, Qutqaşın, Xaçmaz və
Bum mahalı var idi. Ən böyük mahal Şəki mahalı idi. Bu mahalda 89 kənd, 7463 ev
olub və 33797 nəfər əhali yaşayıb. Siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav
udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər
isə erməni kimi qeydə alınıb. O cümlədən Qutqaşın mahalının Sultan Nuxa kəndinin
ana dilləri azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni
kimi qeydə alınmışdır. Yəhudilərin yaşadığı yeganə kənd isə Vartaşen kəndi idi.
Ləzgilər də siyahıyaalmada "tatar" kimi qeydə alınıb, amma 3–4 kəndin
ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin
yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir. Evlərin sayına görə əyalətin ən böyük kəndləri Xaçmaz (842
ev), Qutqaşın (663 ev), Vartaşen (656 ev), Göynük (538 ev), Vəndam (445 ev), Nic (483 ev),
Küngüt (404 ev), Biləcik (350 ev), Zəyzid (304 ev), Bum (281 ev), əhalinin
sayına görə isə Xaçmaz (3844 nəfər), Göynük (3433 nəfər), Qutqaşın (3126 nəfər),
Vartaşen (3103 nəfər), Vəndam (2165 nəfər), Nic (1997 nəfər), Küngüt (1814 nəfər),
Biləcik (1576 nəfər), Bum (1470 nəfər), Zəyzid (1382 nəfər) kəndləri olub. Əyalət sakinləri əsasən kənd təsərrüfatı, xüsusilə bağçılıq
və ipəkçilik, sənətkarlıq və ticarət ilə məşğul olurdular. 1824-cü ildə Şəki şəhərində
400 ticarət obyekti, həftəbazarı adlanan yarmarkalar fəaliyyət göstərirdi.
Ticarətdə ipək satışı əsas yer tuturdu. 1834-cü ildə Şəkidə ipəyə tələbat 7805
pud təşkil etmişdir. İpək əsasən Rusiya, Fransa, İran və Türkiyəyə daşınırdı.
Əyalətdə neft, duz, dəmir, qənd, buğda və sairə məhsulların da ticarəti həyata
keçirilirdi. Şəki əyalətində sənətkarlığın demək olar ki, bütün sahələri
geniş inkişaf etmişdi. Şəki sənətkarlarının
hazırladığı məhsullar nəinki əyalətdə satılır, eyni zamanda Bakı, Quba, Qarabağ
və digər ərazilərə aparılırdı. Boyaqçılıq, dəriçilik, misgərlik, zərgərlik,
dabbaqlıq, qalayçılıq ən çox inkişaf etmiş sənətkarlıq sahələri idi. 1829-cu
ildə Şəki əyalətində cənubi Qafqazda ilk kapitalist müəssisəsi, Xanabad ipəkçilik
emalatxanası fəaliyyətə başlamışdır. Emalatxana elə də böyük olmasa da, məhsullarının
keyfiyyəti ilə fərqlənirdi. Fabrikdə 30 dəzgah quraşdırılmışdır, 72 nəfər yerli
işçi ilə yanaşı 12 italiyalı ailə də çalışırdı.
Ermənilərin Şəki ərazilərinə köçürülməsi
Ruslar Qafqazı işğal etdikləri zaman ermənilərin xəyanətkar əməllərindən
öz məqsədləri naminə istifadə etmişdilər.
Ermənilər də öz riyakar əməllərini həyata keçirmək üçün ruslar ilə əməkdaşlıq
edirdilər. Rusiya işğaldan dərhal sonra İran və Türkiyədən Qafqaza, o cümlədən
Azərbaycana ermənilərin kütləvi köçürülməsinə
və yerləşdirilməsinə başlamışdı. Cəfərqulu xan da Şəkiyə özü ilə 1000 nəfərlik
ailə gətirmişdi. Bu ailələrin içərisində xan ailəsinin nökərləri olan və mənbələrdə
"Xoy erməniləri" adı ilə qeyd edilən erməni ailələri də var idi. Gələn
ailələrin bir hissəsi Şəki xanlığının kənarlarında məskunlaşdırıldı, bir hissəsi
isə şəhərdə yerləşdirildi. Əkinçilikdə məşğul olan bu erməni ailələri yerli əhalini
öz evindən çıxararaq onlara məxsus olan əmlakı mənimsəyir, özbaşınalıqlar törədirdilər.
Xanlığın mərkəzinə gətirilən ermənilər isə quldurluq edir, talançılıqla məşğul
olur, əhalini soyur və incidirdilər. Cəfərqulu xanın gətirdiyi Xoy ailələri
geriyə qaytarılsa da, onların xanlığın ərazisində saxlamaqda maraqlı olan
ruslar xoy erməni ailələrinə toxunmadılar. Erməni Madatov Qarabağda və ətraf ərazilərdə bir çox
torpaqları zorla öz mülkiyyətinə keçirirdi. O müxtəlif ərazilərdə yaşayan erməniləri qərəzli məqsədlə
Qarabağa köçürür, bu ərazidə xüsusi erməni mərkəzi yaratmağa səy göstərirdi.
General V.Q.Madatov 1817-ci ildə Şəkidə yaşayan, erməni adlandırılan 400 ailəni
də Qarabağa aparan zaman məhz bu fitnəkar məqsədi güdürdü. Əslində bu erməni
adlanan ailələr Qacarın Qarabağa hücumu zamanı Şəkiyə qaçan albanlar idi. XIX yüzilliyin əvvələrində Rusiya işğal edilmiş ərazilərə
rus təriqətçilərinin və bidətçilərinin köçürülməsinə xüsusi diqqət yetirirdi. Şimali
Azərbaycanda ilk rus məskənləri 1830-cu illərin əvvəllərində yarandı. XIX əsrin
30-40-cı illərində bu iş xeyli sürətləndi.
1843-cü ildə Şəki qəzasına 78, 1844-cü
ildə isə 63 nəfər rus təriqətçisi köçürülmüşdü. Ruslar yerli əhali olan qədim
türk etnoslarının, ingiloyların, udinlərin (utilərin) xristianlaşdırılması
siyasətini də həyata keçirmişdir.
İşğalçılara qarşı çıxışlar, üsyanlar
1805-ci ildə Şəki xanlığı Rusiya imperiyasına birləşdirildikdən
sonra, müxtəlif vaxtlarda işğalçılara qarşı çıxışlar olmuşdur. Hələ 1806-cı ildə
xəyanətlə barışmaq istəməyən Səlim xan rus qoşunları üzərinə hərəkət edərək, Tiflis alayının 2 rotasını şəhərdən qovmuş, ömrünün
sonuna qədər güclü düşmənə qarşı mübarizə aparmışdır. Cəfərqulu xanın Şəkiyə xan təyin edilməsi yerli əhalinin kəskin
müqaviməti ilə qarşılanmışdı. 1807-ci il yanvarın 5-də Şəki əhalisi bu təyinata
etiraz əlaməti olaraq bir neçə rus əsgərini öldürmüşdü. Xanın hakimiyyətini
tanımaq istəməyənlər dərhal həbs edilmişdi. Rusiya işğalına qarşı ən böyük və birinci üsyan 1807-ci ildə
Göynükdə başladı. Üsyana Baş Göynük kənd sakini sultan Murad başçılıq edirdi. Qeyri-bərabər
döyüşdə üsyançıların güclü müqavimət ilə üzləşən rus işğalçıları toplardan istifadə
edərək onların sıralarını dağıtdı. 3 gün davam edən şiddətli döyüşdən sonra qüvvələri
tükənən üsyançılar təslim oldular. Üsyan başçısı sultan Murad həbs olunsa da,
qaladan qaçmış və Cara gedərək müstəmləkə əsarətinə qarşı mübarizəni davam
etdirmişdi. 1814-cü ildə İsmayıl xanın Şəki xanı elan edilməsindən sonra
Şəkidə yeni üsyan baş qaldırdı. Rus kapitanı Denibekov İsmayıl xanın və Şəkinin
bir sıra nüfuzlu bəylərinin məsləhəti ilə üsyan başçıları ilə danışığa girdi.
Lakin kapitan xəyanət edərək danışığa gələn 4 nəfər üsyan başçısını həbs elədi,
70 əsgər və bir top götürərək qaladan çıxıb üsyançıların üzərinə yeridi. Silahsız
xalq müqavimət göstərməyin çətin olduğunu görərək evlərinə dağılışdılar. 1826-cı ildə Şəki əhalisi yenidən üsyan qaldırdı. Qorxuya
düşən Rusiya öz qoşunlarını şəhərdən
çıxarmaq məcburiyyətində qaldı. Səlim xanın oğlu Hüseyn xan yaranmış vəziyyətdən
istifadə edərək xanlığı ələ keçirdi. Lakin 1826-cı ilin sonunda rus
qoşunlarının qələbəsindən sonra hakimiyyəti əldə saxlaya bilməyən Hüseyn xan
İrana getdi.
1838-ci il Şəki üsyanı XIX əsrin I yarısında şimal-qərbi Azərbaycanda
baş verən ən böyük üsyanlardan biri idi. Üsyana Hüseyn xanın oğlu Məmməd bəy
başçılıq edirdi. 1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək
atlı və piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki əyalətinə
girdi. 400 evdən ibarət Xaçmaz kəndinin sakinləri dağlılara qoşuldu. Qısa müddətdə
üsyan bütün Şəki əyalətini bürüdü. Üsyançılarla
birləşməyə cəhd göstərən dağlı qoşunu ilə Şəkidə yerləşdirilmiş rus
qoşunu arasında şiddətli döyüş başladı. Məmməd bəy Şəkiyə yaxın olan yüksəklikləri
ələ keçirərək şəhərə daxil oldu. Döyüşlər zamanı hər iki tərəf ağır itki verdi.
Tezliklə üsyançılar qaladan 15 sajen
aralıda yerləşən karvansarayı, ona yaxın olan bütün tikililəri və bağları ələ
keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus qarnizonu qalada gizləndi. Qalanın
bir hissəsini dağıdan üsyançılar komendant idarəsini, əyalət xəzinəsini ələ
keçirdilər. Dağlı qoşunu ilə birləşən üsyançıların əlbir mübarizəsi işğalçılara
amansız zərbə vurdu. Ruslara Tiflisdən köməyə hərbi qüvvələr gəldi. Dağlı
qoşunu şəhəri tərk etdi və rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla
yatırıldı, üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı.
Əyalətin ləğv edilməsi
XIX əsrin 30-cu illərində komendant idarəetməsi artıq özünü
doğrultmadı. Zabitlərdən təyin edilmiş komendantlar eyni vaxtda hərbi rəis, məhkəmə,
mülki rəhbərlik vəzifələrini və dövlət xəzinəsinə nəzarəti yerinə yetirə
bilmirdilər. Odur ki, 1840-cı ildə Qafqazın yerli idarəetmə sistemində əhəmiyyətli
dəyişiklik edildi və Rusiyanın quberniyalarında olduğu kimi vilayətlər, qəzalar
və bölgələr yaradıldı. 22 aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə təsdiq
edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”sinə uyğun olaraq, Cənubi
Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil edilmiş, 01 yanvar 1941-ci ildə bu fərman
qüvvəyə minmişdir. Şəki əyaləti də bir inzibati ərazi kimi ləğv edilmiş və Xəzər
vilayətinin tərkibinə daxil edilmişdir. 1846-cı ilə qədər mövcud olmuş vilayət inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ,
Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Şəki qəzası 1846-cı
ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
Hazırladı: Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr
1. Z.Ə.Cavadova “Şimal - Qərbi Azərbaycan”
2. Солмаз Рустамова “Азербайджанские погромы в документах”
3. Afaq Tahirova “Şəki şəhərinin tarixi”
4. Çar imperiyasının arxiv sənədləri
Şəki əyaləti (1819-1840)
Reviewed by Bəxtiyar
on
29.8.20
Rating:
Hiç yorum yok: