Zərdab rayonunun Xasa adlanan yaşayış məntəqəsi
təbii inkişaf nəticəsində Körpükəndlə birləşmiş və hazırda rəsmi olaraq bir kənd
kimi mövcud deyil. “Xasa arxı” adlanan arxın yaxınlığında yerləşən bu ərazilərdə
IX – XIII əsrlərdə də yaşayış məntəqəsi olduğu ehtimal olunur.
Ötən illərdə və hazırda Azərbaycan ərazilərində
Xasa toponimini ilə bağlı yaşayış məskənlərinə rast gəlinir. Yelizavetpol
quberniyasında da, Gəncə ətrafında da “Xasa” sözü ilə bağlı yer, məkan adlarına
rast gəlinir. Köhnə Gəncənin cənubunda Xasa yeri adlanan ərazi indi də var. Mənbələrdə
Gəncənin V-IX yüzilliklərdə məhəllələrdən ibarət olduğu və bu məhəllələrdən
birinin Xasa yeri adlandığı bildirilir. Yelizavetpol quberniyasına aid sənədlərdə
Xasadərəli kəndinin adı çəkilir və hazırda Goranboy rayonu inzibati ərazi
vahidində Xasadərəli kəndi var. Kəndin adının mənası "yaşıl dərə"
kimi izah olunur. Gəncə şəhəri yaxınlığında, Samux rayonuna daxil olan Xasabağ
adlanan qəsəbə də var.
Gəncə ərəblər tərəfindən və eləcə də XII əsrdə
zəlzələ nəticəsində dağıldıqdan sonra, əhalinin bir qismi müxtəlif ərazilərə
köçməyə məcbur olmuşdular. XIX əsrin əvvəllərində Gəncənin ruslar tərəfindən
işğal edilməsi və həmçinin Sovet repressiyaları da əhalini yurd-yuvalarından
didərgin salmışdır. İndiki Zərdab ərazisinin Xasa yaşayış yerində məskunlaşan
ailələrin də Gəncə ətrafından gəldiyini ehtimal etmək olar.
Rus işğalından sonra indiki Zərdab rayonunun
Xasa yaşayış məskəninin əraziləri Şəki əyalətinə və sonralar Nuxa və Ərəş qəzasının
tərkibinə daxil edilmişdir. Bu inzibati ərazilərdən bəhs edən, tanış ola
bildiyimiz sənədlərdə Xasa yaşayış məntəqəsinin adı çəkilmir. Sovet hakimiyyəti
dövründə isə Zərdab rayonu ərazisində Xasa kəndi qeydə alınıb. Kənd ötən əsrin
60-cı illərinə qədər, qonşu Körpükənd ilə birlikdə Bıçaqçı kənd sovetliyinə
daxil edilmişdir. Sənədlərə əsasən, əsrin 70-ci illərində Körpükənd kənd
sovetliyinin tərkibinə daxil edilən Xasa yaşayış məskəni, Körpükənd kəndi ilə
birləşdirilmiş və rəsmi olaraq bir kənd kimi mövcudluğunu itirmişdir.
Azərbaycanda “Xasa” sözü ilə bağlı ərazilərdə məskunlaşan
ailələr türk əsilli əhali olub.
İraqın Kərkük ərazilərin də Xasa toponiminə də
rast gəlinir. Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində Əl-Xasa adlanan ərazi
var.
“Xasa” Azərbaycan dilinin bəzi dialektlərində
"yaşıllıq, göylük" mənasında işlənir. “Xasa” sözü “əla, yaxşı” mənasında
da işlədilib. Azərbaycan şifahi ədəbiyyatında belə döndərmə var
Sənin bu xasa zülfün,
Batmaz bir tasa zülfün.
Gah çıxar seyran edər
Gah batar yasa zülfün.
Məmməd Səid Ordubadi də öz misralarında “xasa”
sözündən istifadə edib. (“Gəl, müştəri, gəl görək, tazadır xasa çörək…”)
Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən
Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq mülkiyyəti forması
“xass” adlandırılmışdır. ”Xasa” sözü ilə bağlı yer adlarının “xass” sözündən
götürüldüyünü də ehtimal etmək olar. Ola bilər ki, bu ərazilər keçmişdə hər
hansı bir hökmdara və ya onun ailə üzvünə məxsus olub.
Nazim Tapdıqoğlu kəndin adının “xas” sözündən
götürüldüyünü ehtimal edir və yazır ki, “xas” sözü “çox təmiz”, “Allah tərəfindən
seçilmiş” mənasındadır.
Nizami Gəncəvinin qəhrəmanı Şirinin, Zərdabın
indiki Xasa yaşayış məskəninin ərazilərində olduğu güman edilir. Şirinin at
belində seyrə çıxdığı Kür sahili ərazilər, Kürbasar və Ceyrançölü Körpükənd və
Xasa ərazisindədir.
Bəxtiyar Əsədli
Zərdab rayonu Xasa yaşayış yeri
Reviewed by Bəxtiyar
on
28.8.20
Rating:

Hiç yorum yok: