Şirvan toponiminin mənası haqqında fikirlər müxtəlifdir.
V.F.Minorski “Şirvan” sözünün şir, yaxud şər tayfasının adından törəməsi
ehtimalını irəli sürərək yazır: "Şirvan adını Şərqi Qafqazın bir sıra yerlərinə
Xəzərin cənub sahillərindən (Gilan, Deyləm) köçüb gələnlərin köhnə məskənləri
ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür". Abbasquluağa
Bakıxanov isə “Gülüstani-İrəm” əsərində yazır: “Təqvimülbüldan müəllifi deyir
ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən
onun adı ilə tanınmışdır. ”Ənu” ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri
deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan
olmuşdur. Əmin-Əhməd ”həft-iqlim” adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə
bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.”
Şamaxı xanlığının işğalı
Şirvan həm coğrafi mövqeyinə, həm də sərvətlərinə görə daim
iğtişaşlar gedən ərazi olmuşdur. Ərəblər, monqollar, Səfəvilər, ruslar,
farslar, Osmanlılar həm bir-biri ilə, həm də yerli hakimiyyət ilə döyüşmüş və
bu ərazi müxtəlif dövrlərdə dəfələrlə düşmən əlinə keçmişdir. XVIII - XIX-ci əsrlərdə
rus, fars və osmanlı qüvvələri Şirvanı ələ keçirmək üçün həm bir-biri ilə, həm
də Şirvan (Şamaxı) xanlığı ilə müharibələr etmiş və sonda ruslar Şirvanı işğal
etməyə müvəffəq olmuşdular.
XVIII əsrdə Rusiya ilə Şamaxı xanlığının münasibətləri daha
gərgin olub. Əsrin 90-cı illərinə qədər rus ticarətində Şamaxı mühüm rol oynasa
da, Ağa Məhəmməd şah Qacarla toqquşmaq təhlükəsi Rusiyaya Şamaxı xanlığını
işğal etməyə imkan vermirdi. XIX əsrin ilk illərində isə Rusiyanın
Gürcüstan və Azərbaycan torpaqlarının
işğalına başlaması I Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu və
Şamaxı xanlığının müstəqilliyi real təhlükə qarşısında qaldı. Şamaxı xanlığı
1805-ci il dekabr ayının 27-də Rusiya tərəfindən
işğal olundu. Qüvvələrin qeyri-bərabər olması və Azərbaycan xanlarının bir cəbhədə
birləşməməsi səbəbindən, 12 oktyabr 1913-cü ildə İran və Rusiya arasında
bağlanan Gülüstan müqaviləsinə əsasən 8 Azərbaycan xanlığı, o cümlədən Şamaxı xanlığı
Rusiya imperiyasının tərkibinə qatıldı. Rusiya öz hiyləgər siyasətinə uyğun
olaraq ilk əvvəl bəzi xanlıqlar kimi Şamaxı xanlığının da daxili müstəqilliyinə toxunmadı. Lakin imperiya bölgədə öz mövqelərini
möhkəmləndirdikdən sonra, 1820-ci ildə Şamaxı xanlığı ləğv edildi və ərazidə
mahallardan ibarət olan Şirvan əyaləti təşkil edildi. Şamaxının son xanı Mustafa
xan İran dövlətinə qaçdı və XIX əsrin 20-ci illərində bir-neçə dəfə xanlığını
geri qaytarmağa cəhd etsə də, buna nail ola bilmədi.
Əyalətin yaradılması
İşğal edilmiş xanlıqların ərazilərində yeni inzibati ərazilər
yaradılmışdır. Şimali Azərbaycan torpaqlarında Bakı, Quba, Şirvan, Şəki,
Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, Qazax və Şəmşədil
inzibati əraziləri (distansiya) və İrəvan vilayəti yaradılmışdır.
Əyalətlər iki dairədə birləşdirilmişdir. Birinci dairəyə Şirvan,
Şəki, Qarabağ və Talış əyalətləri, ikinci dairəyə isə Bakı, Quba, Dərbənd əyalətləri
daxil idi. Dairələrə hərbi dairə rəisləri rəhbərlik edirdi. Şamaxı əyalətinin
daxil edildiyi dairəyə hərbi dairə rəisi 1824-cü ildə təyin edilmiş və idarəetmə
mərkəzi Şuşa şəhərində yerləşirdi. Əyalətin rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən
rus ordusunun zabitlərindən təyin edilmiş komendantlara həvalə olunmuşdur.
Komendant idarəçiliyinə təsərrüfat, məhkəmə, polis və gizli bölmə adlanan idarəetmə
strukturları daxil idi. Komendantlara böyük səlahiyyətlər verilmişdir, onlar
dövlət xəzinəsinə, yerli müəssisələ nəzarət edir, mahallara naibləri, məmurları
təyin edir, vergilərin yığılmasını həyata keçirir, yolların və körpülərin vəziyyətinə
cavabdeh idilər. Komendatlar eyni zamanda çarizmin Azərbaycandakı yerinin və
siyasətinin möhkəmlənməsinə cavabdeh idilər. Gizli bölmə əhalinin əhvalını, rus
hakimiyyətinə münasibətləri öyrənirdi.
Xanın mülki, kəndləri, torpaqları komendantlar tərəfindən
müharibədə və mülki xidmətdə fərqlənənlərə verilirdi. Mülklərin verilməsi dairə
rəhbərliyi, Baş komandan və hətta imperator tərəfindən də həyata keçirilirdi.
Keçmiş Şamaxı xanı Qasım xana çar I Aleksand tərəfindən 16 kənd verilmişdir.
Əyalətdə komentantın rəhbərliyi ilə, tərkibi yerli bəylərdən
təyin edilmiş iki divanbəyindən, yerli əhalidən təyin edilmiş iki köməkçidən və
şəriəti təmsil edən molladan ibarət olan məhkəmə (divanxana) yaradılmışdır. Yerlərdə
də şəriət məhkəmələri fəaliyyət göstərirdi.
Yerlərdə köhnə idarəetmə bölgüsü saxlanılmış, əyalət
mahallara bölünmüşdür. Mahallar yerli bəylərdən təyin edilmiş naiblər tərəfindən,
kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu. Şirvan əyalətində
xanlıq dövründəki mahal bölgüsü saxlanılmışdır, belə ki, əyalət Salyan, Muğan,
Rudbar, Xançobanı, Lahıc, Qarabağlar, Qoşun, Nəvai, Həsən, Qarasubasar, Xazayurt,
Houz, Qəbiristan, Əkərət, Sərdurin, Bölükət və Elat mahallarına bölünürdü. Kənd
idarəçiliyində də elə bir ciddi dəyişikliklər edilməmişdir. Mənbələrin bildiklərinə
görə, XIX əsrin əvvəllərində Şirvanda, Salyan da daxil olmaqla, təxminən 144
min əhali yaşayıb.
1824-cü ildə Köhnə Şamaxı yerində şəhər yenidən quruldu və əhali
burada məskunlaşmağa başladı. Polis rəisi (qalabəyi) və yerli əhalidən təyin
edilmiş iki pristavın (yüzbaşının) rəhbərlik etdiyi şəhər polis idarəsi təşkil
olunmuşdu.
Ermənilərin və rusların Şirvana köçürülməsi
Rus işğalından dərhal sonra xeyli erməni ticarət adı ilə Azərbaycanda,
o cümlədən Şirvanda məskunlaşmağa başladı. XIX əsrin 20-ci illərində,
xanlıqların Rusiya tərəfindən tamamilə işğalından sonra İrandan və Türkiyədən gətirilən
erməni ailələri kütləvi sürətdə Azərbaycan ərazilərində, o cümlədə Şamaxı ətrafında
yerləşdirilirdi. N.A.Abelov yazırdı ki, XIX əsrin əvvəllərində, hələ Mustafa xanın
rəhbərliyi dövründə kifayət qədər erməni əhalisi Şirvanda yerləşdirilmişdir.
Abelov bildirir ki, XIX əsrin 30-cu illərində də İrandan ermənilərin köçürülüb
gətirilməsi nəticəsində Şamaxı, Şirvan ərazilərində, o cümlədən sonradan
yaradılan Göyçay qəzasında yeni erməni kəndləri yaranmışdır. Yeni yaradılmış
erməni yaşayış məntəqələri kənd adlarında da özünü büruzə verirdi. Məsələn,
Alpout Tatar və Alpout Erməni adlanan kənd adlarında olduğu kimi. Erməni ailəri
həm də türk, müsəlman kəndlərində yerləşdirilirdi.
1828-ci ildə, Türkmənçay müqavilsindən sonra Azərbaycanda, o
cümlədən Şirvanda ruslar da məskunlaşmağa başlamış və nəticədə ərazidə rus kəndləri
yaranmışdır. Rusların Azərbaycanda yerləşməsi mərhələr üzrə davam etmişdir. Çar
məmurları dəfələrlə vurğulayırdılar ki, rus köçkünləri yerli müsəlman əhalidən
kasıb olmamalı, əksinə, daha da varlı olmalıdırlar. Nəticədə, rus köçkünlərinin
iqtisadi və hüquqi vəziyyəti, yerli Azərbaycan kəndlilərinin vəziyyətindən
müqayisə olunmaz dərəcədə yaxşı idi.
Əyalətin ləğv edilməsi
İdarəetmə orqanlarında və məhkəmələrdə işlər rus dilində
aparılırdı, yerli qulluqçular rus məmurları ilə əvəz edilirdi. Bürokrat məmurlar
yerli əhalinin şikayətlərini həll etmir, onları incidirdilər. Bu və digər səbəblərdən
Azərbaycan ərazilərində narazı insanlardan ibarət silahlı dəstələr yarandı və
bu dəstələr çar məmur və zabitlərinə, kişik hərbi dəstələrə hücum etməkdən belə
çəkinmirdilər. Hərəkatların genişlənməsindən çəkinən imperiya tərəfindən
komissiya yaradıldı və yerlərdəki vəziyyət araşdırılmağa başlandı. Yoxlama
zamanı məmurlar tərəfindən əhaliyə qarşı xeyli haqsızlıq faktları üzə çıxdı.
Yerli polis idarələrində baxılmamış şikayətlərin sayı da kifayət qədər idi.
XIX əsrin 30-cu illərində komendant idarəetməsi də özünü doğrultmadı. Zabitlərdən təyin edilmiş komendantlar eyni vaxtda hərbi rəis, məhkəmə, mülki rəhbərlik vəzifələrini və dövlət xəzinəsini nəzarəti yerinə yetirə bilmirdilər. Odur ki, 1840-cı ildə Qafqazın yerli idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22 aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”sinə uyğun olaraq, Cənubi Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil edilmiş, 01 yanvar 1941-ci ildə bu fərman qüvvəyə minmişdir. Şamaxı əyaləti və daxil olduğu dairə bir inzibati ərazi kimi ləğv edilmiş və Xəzər vilayətinin tərkibinə daxil edilmişdir. 1846-cı ilə qədər mövcud olmuş vilayət inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Şamaxı qəzası Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı, mərkəzi Şamaxı şəhəri idi. Qəza 6 bölgəyə, Bərgüşad, Salyan, Qəbiristan, Lahıc, Xançoban və Qoşun bölgələrinə bölünmüşdür.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Bakıxanov “Gülüstani İrəm”
2. Solmaz Rüstəmova “Şamaxı şəhəri”
3. Çar imperiyasının arxiv sənədləri
Şirvan əyaləti (1820-1840-cı illər)
Reviewed by Bəxtiyar
on
24.8.20
Rating:

Hiç yorum yok: