XX əsrin ortalarına qədər indiki Zərdab ərazisində Xələc adlanan
yaşayış məntəqəsi var idi. Keşən əsrin ortalarından etibarən kənd sakinləri tədricən
Ucar rayonunun ərazisnə köçürülmüşdür. Əhalinin bir qismi Göyçay rayonuna gedərək
orada yaşayıblar. Hazırda Göyçayda Xələc adlanan məhəllə var. Ötən əsrin 60-cı
illərində isə Zərdabdakı Xələc kəndi tamamilə boşalmışdır. Hazırda Çallı kəndinin
yaxınlığında “Xələc yurdu” deyilən bir ərazi qalmaqdadır.
“Xələc” toponimi oğuzların xalac tayfasının adını özündə əks etdirir.
Mahmud Kaşğari göstərir ki, XI əsrdə oğuzlar 22 tayfadan ibarət olmuşlar.
Sonralar bu tayfalardan ikisinin ayrılaraq birləşməsi nəticəsində yeni qalac
(xalac, xələc) tayfası formallaşmışdır. Rəşidəddin XIII əsrdə oğuzların tərkibində
xalac tayfasının da yer aldığını göstərmişdir. Yaxın Şərqin işğallarında
(XII-XVIII əsrlər) iştirak etmiş bu tayfanın bir hissəsinin hazırda İran və
Türkmənistan ərazilərində yaşadıqları bildirilir. Xələclər Azərbaycanın müxtəlif
bölgələrində də məskunlaşıblar və XVIII-XIX əsrlərdə oturaq həyat tərzinə
keçiblər.
XVIII-XIX əsrlərə aid tarixi sənədlərdə Şamaxı xanlığının Qarasubasar
mahalında, indiki Zərdab ərazilərində yerləşən Xələc kəndinin adı çəkilir. Mahal
əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu. Şirvan xanlığı rus işğalından
sonra, 1820-ci ildə ləğv edildi və Xələc Qarasubasar mahalının tərkibində 1840-ci
ilə qədər Şirvan (Şamaxı) əyalətinə, 1840-1846-cı illərdə Kaspi vilayətinə,
1846-1859-cu illərdə isə Şamaxı quberniyasına daxil edildi. 1859-cu ildə Şamaxı
quberniyası Bakı quberniyası adlandırıldı və Xələc kəndi 1867-ci ilə qədər
quberniyanın Şamaxı qəzasının, 1867-ci ildən isə Göyçay qəzasının kəndi oldu.
1870-ci ildə 55 təsərrüfatında 270 nəfər əhali yaşayan Xələc kəndi qəza
mərkəzindən 40 verst məsafədə yerləşib. 1879-cu ildə isə kəndin 68 təsərrüfatında
165 nəfər kişi, 127 nəfər qadın olmaqla, cəmi 292 nəfər əhali yaşayıb. Kənddə bir məscid fəaliyyət göstərirdi.
Çar hökümətinin islahatlarından sonra qəzalarda kənd icmaları və oba
birlikləri yaradılmışdır. Bu icmalardan biri Xələc kənd icması idi. 1893-cı ildə
icmanın tərkibinə 3 yaşayış məntəqəsi, Qaravəlli Tapdıq obası, Xələc və Çallı kəndləri
daxil idi. İcmanın 214 təsərrüfatında 1040 nəfər əhali, Xələc kəndinin isə 107
təsərrüfatında 544 nəfər əhali yaşayıb.
1890-cu ildə 209 təsərrüfatında 1019 nəfər əhali yaşayan icmanın
torpaq sahəsi 833 desyatin idi. 1902-ci ildə icmanın 233 təsərrüfatında 1122 nəfər
əhali, Xələc kəndinin 108 təsərrüfatında 568 nəfər əhali, 1911-ci ildə isə Xələc
icmasının 237 təsərrüfatında 1214 nəfər əhali, Xələc kəndinin 116 təsərrüfatında 609 nəfər əhali yaşayıb.
Xələc kəndində 1917-ci ildə 160 ev, 1921-ci ildə isə 140 ev olub. Xələc
kəndi 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin və 1920-1929-cu illərdə
isə Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibinə daxil
idi. 1926-cı ildə Göyçay qəzasında bölgələr yaradılıb və Xələc kəndi Zərdab
bölgəsinə daxil edilib. 1929-cu ildə Azərbaycanın rayonlaşdırılmasından sonra
yaşayış məntəqəsi, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildə isə yeni
təçkil olunan Zərdab rayonunun tərkibinə daxil edilib. 1933-cü ildə Xələc kəndinin
136 təsərrüfatında 676 nəfər əhali yaşayıb.
Sonrakı illərdə Xələc kəndinin əhalisi tədricən Ucar rayonunun indiki
Xələc kəndinə köçüblər. Nəticədə həm Zərdab, həm də Ucar rayonlarında Xələc
adlanan yaşayış məntəqələri yaranıb. 26.06.1955-ci il tarixdə Ucardakı yaşayış
məntəqəsi I Xələc, Zərdabdakı yaşayış məntəqəsi isə II Xələc adlanıb. 1961-ci
ildə Çallı kənd sovetliyinə daxil olan II Xələc kəndinin sakinləri, ötən əsrin
60-cı illərində tamamilə Ucar rayonuna və digər ərazilərə köçürülmüş və kənd
bir yaşayış məntəqəsi kimi ləğv edilmişdir.
Hazırda Ucar rayonu ilə yanaşı Xızı, Qubadlı, Salyan, Şərur
rayonlarında, İranda Xələc adlı kəndlər Türkmənistanın Lebap vilayətində şəhər
tipli Xələc qəsəbəsi var. Zəngəzur mahalının Qafan rayonunda da Xələc kəndi
olub.
Bəxtiyar Əsədli
Zərdabın Xələc kəndi
Reviewed by Bəxtiyar
on
20.8.20
Rating:
Hiç yorum yok: