Kür
daşqınları səbəbindən kəndin qəbristanlığı bir neçə dəfə başqa ərazilərə
köçürülmüşdür. Gur-gurun yer üzündən silinməkdə olan bir qəbristanlığında
vaxtilə minlərlə qəbir olub. Qəbiristanlıqda 1703-cü ilə aid daş məzar-başdaşı bu
gün də mövcuddur.
Gur-gur yaşayış yeri
Azərbaycanda qədim kəndlərdən biri də Gur-gur kəndidir. Zərdab ərazisində
yerləşən Gur-gur artıq rəsmi olaraq bir kənd kimi mövcud deyil. Əlvəndin
Şirvanın mərkəzi olduğu zamanlar Gur-gur kəndi inkişaf etmiş və genişlənmişdir.
Həmin dövrlərdə kənddə liman və Kür çayından keçmək üçün bərə də olub. Sonralar
Gur-gurda yaşayan əhalinin əksəriyyəti müxtəlif səbəblərdən digər ərazilərə köç
etmişdilər.
Gur-gur kəndi ötən əsrlərdə indiki Otmanoba meşəsində yerləşirdi.
İndi də oradakı keçmiş yurd yerləri qalır. Yaşlı nəsil keçən əsrin 30-cu illərində
burada onlarla ev olduğunu bildirirlər. Deyilənlərə görə sonralar kənddə qanlı
düşmənçilik səbəbindən ardıcıl olaraq qarşılıqlı qətl hadisələri baş vermiş, nəticədə
əksər ailələr başqa yaşayış məntəqələrinə köçüb getmiş, kənddə 16 ev qalmışdır.
Hazırda Gur-gur adlanan ərazidə 7 ailə yaşayır və bu ailələr də Otmanoba kənd
sakini sayılırlar.
Çar imperiyasına aid siyahıyalınma sənədlərində Gur-gur kəndi
haqqında da məlumat verilmir. Çox güman ki, rus işğalından sonra bu yaşayış məntəqəsi
Əlvənd icmasına daxil edilmişdir.
Gur-gur ərazisində təsərrüfat işləri zamanı saysız-hesabsız və çox qədim
məişət və mədəniyyət nümunələri tapılıb. Qaya uçqunu zamanı da buradan saxsı
nümunələri üzə çıxarılmış, hətta 8 metr dərinlikdən maddi mədəniyyət nümunələri
əldə edilmişdir. Kəndin ərazisində arxeoloji qazıntılar aparılmayıb, lakin
araşdırmaçılar kənd ərazisində böyük bir şəhərin olduğunu ehtimal edirlər.
Taleh Əliyev yazır: “Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində
Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən
xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı
çəkilən göl ilə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab
rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”
Kür daşqınları səbəbindən kəndin qəbristanlığı bir neçə dəfə başqa ərazilərə
köçürülmüşdür. Gur-gurun yer üzündən silinməkdə olan bir qəbristanlığında
vaxtilə minlərlə qəbir olub, illər keçdikcə buradakı qəbirlərin əksəriyyəti
tamamilə torpaqda itiblər. Qəbiristanlıqda 1703-cü ilə aid məzar-başdaşı bu
gün də mövcuddur. Yerli sakinlərin bildirdiklərinə görə bu qəbiristanlıq qədim
olmaqla yanaşı həm də mərkəzi qəbiristanlıq olub. Köhünlü, Sovla, Seyidlər,
Gur-Gur, Otmanoba və digər kəndlərdən olan mərhumları burada dəfn ediblər və
vaxtilə bu qəbiristanlıqda daha qədim məzarlar da olub.
Sovetləşmənin ilk dövrlərində Gur-gur kəndində kollektivləşmə
aparılıb və kənd ərazisində “İnqilab” kolxozu adlanan kolxoz qurulub. Zərdab
rayon dövlət arxivinin sabiq müdiri Mirağa Bağırov, 1939-cu ildə bu kəndlə
bağlı “Zərdab Staxanovçusu” qəzetinində dərc edilmiş məqalə barədə məlumat
verir (zardob.blogspot.com). Məqalədə yazılıb: “Srağagün Zərdab rayon partiya
komiteti aktivinin iclası oldu. İclasda Muradov, Hüseyn Süleymanov, Oruc
Süleymanov, Hüseynov, Axundov, Səməd Cəbrayılov və Məmmədov yoldaşlar çıxış edərək
rayonun Gur-Gur kəndində “İnqilab” kolxozunun torpaqlarının Dağıstan ləzgilərinə
icarəyə verildiyini, icarə pulunu isə hesaba keçirmədiklərini kəskin tənqid
etmişlər.”
“Gur-gur” toponimi
Toponim haqqında müxtəlif fikirlər var. Ərazidə və eləcə də
qonşu kəndlərdəki yaşlı sakinlər deyirlər ki, kəndin adı, qonşuluqdakı Əlvənd kəndi
Şirvanın paytaxtı olan vaxtlarda, burada da çoxlu ailələrin yaşaması,
insanların gur olması ilə əlaqədar yaranmışdır.
Toponimin adı ilə bağlı daha bir ehtimal xəndək və axmazlar ilə əlaqədardır.
Keçmişdə əhali suvarma məqsədilə süni axmazlar yaradardılar. İndiki Zərdab ərazisində,
Kür çayı yaxınlığında da sakinlər süni axmazlardan istifadə etmişdilər. Bu suni
axmazlar adətən Kür çayına yaxın yerdə yaradılar və daşqınlar vaxtı çaydan su
xüsusi xəndəklər vasitəsilə axmazlara axıdılardı. Xəndəklərdə axmaza axan su səs-küy,
gurultu yaratdığı üçün, belə xəndəkləri əhali “gurgur” adlandırardı. Mənbələrdə
yazılır ki, Gurgur kəndi də bu xəndəklərin yaxınlığında yerləşmiş və öz adını xəndəklərdən
(gurgur) götürmüşdür.
Tədqiqatçılar “Gur-gur” toponiminin “Gər-gər” sözlərinin təhrif
olunaraq yarandığını da bildirirlər. Mehman Əlvənd yazır: “Müasir Əlvənd kəndinin
qonşuluğunda Gur-gur kəndi də öz tarixinə görə çox qədimdir. Əslində isə bu kəndin
əsl adı Gər-gərdir. Tarixi mənbələrdə bu yer haqqında məlumatlar vardır. Qətran
Təbrizi də bu yer barədə yazıb.”
Gər-gər adına türk xalqları coğrafiyasında bir sıra yerlərdə rast gəlinir.
Gərgər qədim türk tayfası olan Qarqarın dəyişik variantıdır. Qarqarlar çox qədim
etnosdur, əvvəlcə dağlarda məskunlaşmış, sonralar isə düzən sahələrə gələrək
oturaq təsərrüfatla məşğul olmağa başlamışlar. Zaman kecdikcə Qarqar adı ilə əlaqədar
olaraq adlanmış yer adları Gərgər, Hərgər, Herher, Qərqər və Xarxar
formalaşmışdır.
Qubanın Qırız kəndinin və Qusarın Laza kəndinin
yaxınlığında Gur-gur şəlaləsi, Yardımlı Peştəsər kəndi yaxınlığında Gur-gur dağ
nekropolu, Türkiyənin Ərzurum əyalətinin Tekman ərazisində Gur-gur məhəlləsi
var. Tiflis quberniyasının Borçalı qəzasında (indiki Cəlaloğlu rayonunda) Gər-gər
kəndi olub. Gədəbəy rayonunda Gər-gər kəndi, Türkiyənin Adıyaman əyalətində
Gər-gər inzibati rayonu, Arazın cənubunda
Gərgər mahalı, İranın Xuzistan ostanının Şuştər şəhərində, Karun çayının bir
qolu olan Gərgər çayı var. Hadişəhrin cənub hissəsinin tarixi adı Gərgər olub.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr
1. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
2. Taleh Əliyev “Zərdabın tarixi-siyasi
coğrafiyası”3. Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət. Beynəlxalq Elmi Konfransın materialları (2018)
4. Azərbaycan toponimlərinin ensiklopedik lügəti (2007)
Zərdab rayonu, Gur-gur yaşayış məntəqəsi
Reviewed by Bəxtiyar
on
25.8.20
Rating:

Hiç yorum yok: