Weather forecast for Zardab

Yelizavetpol (Gəncə) quberniyası


 Yelizavetpol quberniyası 09 dekabr 1867-ci il tarixli Çar fərmanı əsasında yaradılmışdı. Tərkibinə Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi daxil edildi və quberniyada yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. Quberniyanın mərkəzi Yelizavetpol (Gəncə) şəhəri idi.
 Quberniya şimaldan Tiflis quberniyası, Zaqatala və Dağıstan vilayətləri ilə, şərqdən Bakı quberniyası ilə, qərbdən Tiflis və İrəvan quberniyaları ilə, cənubdan isə Cənubi Azərbaycan (Araz çayı) ilə sərhəd idi.
 Quberniyanın gerbi 05 iyul 1878-ci ildə təsdiq edilmişdir. Gerbdə qara qalxan üzərində qızılı sütunda, gümüş naxışlarla bəzədilmiş, qara dəstəkli qırmızı qılınc və iki gümüşü Müqəddəs Georgi xaçı təsvir edilmişdir. Qalxan imperator tacı ilə örtülmüş və Andreyevski lenti ilə bağlanmış qızılı palıd yarpağı ilə əhatə olunmuşdur.
 Əhali əsasən kənd təsərrüfatı, sənətkarlıq sənaye fəaliyyəti və ticarət ilə məşğul olurdu. Nuxa qəzası böyük ipəkçilik mərkəzi hesab olunurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələr də (Yelizavetpol və Zəngəzur qəzaları) yerləşirdi. Azərbaycanda toplanan pambığın xeyli hissəsi Yelizavetpol quberniyasının pambıqtəmizləmə zavodlarında emal edilirdi.
 XIX əsrin əvvəllərində, işğaldan sonra ruslar tərəfindən quberniyanın ərazilərində kütləvi sürətdə erməni ailələrinin yerləşdirilməsinə baxmayaraq, XIX əsrin sonlarında quberniya əhalisinin 63%-ni Azərbaycan türklərindən, qalan əhali ruslardan, kürdlərdən, ermənilərdən, udilərdən, hapıtlardan, yəhudilərdən, almanlardan və digər millətlərdən ibarət olub.
 1872-ci ilin mart ayına qədər inzibati ərazini hərbi qubernator, sonrakı illərdə isə qubernatorlar idarə edirdi. 1868 - 1876-cı illərdə Fokion Estafayeviç Bulatov, 1880-1897-ci illərdə qnyaz, general-mayor Aleksandr Davidoviç Nakaşidze, 1897-1900-cü illərdə general-mayor İvan Petroviç Kireyev, 1900-1905-ci illərdə palkovnik Nikolay Aleksandroviç Lutsau, 1905-ci ildə icraçı Yegor Baranovski, 1905-1907-ci ildə Aleksey Alekseyeviç Kalaçyov, 1907-1908-ci illərdə Samkalov, 1908-1916-cı illərdə Georgi Samoyloviç Kovalyov, 1916-1917-ci illərdə Mixail Petroviç Poyarkov, Cümhüriyyət dövründə isə general-mayor İbrahim ağa Vəkilov, Xudadat bəy Rəfibəyli inzibati ərazinin qubernatoru olublar.
 1893-cü ildə 8 qəzadan, Yelizavetpol, Ərəş, Cavanşir, Cəbrayıl, Zəngəzur, Nuxa, Şuşa və Qazax qəzalarından ibarət olan quberniyada 413 icma, 1524 yaşayış məntəqəsi, 108833 ev, 410460 nəfəri kişi, 318483 nəfəri qadın olmaqla, cəmi 728943 nəfər əhali qeydə alınmışdır. Quberniyada 516 məktəb, 676 məscid, 444 kilsə, 1 monastr, 2 sinaqoq, 1517 istehsal müəssisəsi, 4555 ticarət obyekti, 7 xəstəxana, 6 aptek fəaliyyət göstərirdi. Quberniyada 3 şəhər, Yelizavetpol (Gəncə), Nuxa (Şəki) və Şuşa şəhərləri var idi və 67394 nəfər şəhər əhalisi qeydə alınmışdır.
 1893-cü ildə evlərin sayına görə quberniyanın ən iri icmaları Xaçmaz (1005 ev), Vəndam (917 ev), Vartaşen (891 ev), Nic (816 ev), Xılxına (811 ev), Baş Göynük (725 ev), Xınzırək (613 ev), Goran (584 ev), Qutqaşın (584 ev) və Tağlar (525 ev) icmaları, əhalinin sayına görə isə Baş Göynük (5631 nəfər), Vəndam (5557 nəfər), Xılxına (5464 nəfər), Nic (5282 nəfər), Xaçmaz (4755 nəfər), Vartaşen (4693 nəfər), Dovşanlı (4257 nəfər), Xınzırək (4219 nəfər), Çertaz (3687 nəfər) və Tuğ (3602 nəfər) icmaları olub.
 Evlərin sayına görə quberniyanın ən iri kəndləri Xaçmaz (1005 ev), Nic (775 ev), Vəndam (766 ev), Xılxına (730 ev), Baş Göynük (652 ev), Xınzırək (613 ev), Vartaşen (550 ev), Qutqaşın (544 ev), Tağlar (525 ev) və Yuxarı Ayıblı (474 ev) kəndləri, əhalinin sayına görə isə Baş Göynük (5095 nəfər), Nic (5084 nəfər), Xılxına (5018 nəfər), Xaçmaz (4755 nəfər), Vəndam (4328 nəfər), Xınzırək (4219 nəfər), Dığ (3159 nəfər), Gorus (3146 nəfər), Daşbulaq (3135 nəfər) və Tağlar (2996 nəfər) kəndləri idi.
 1917-ci ildə Yelizavetpol quberniyasında 4 şəhər, Gorus, Yelizavetpol, Nuxa, Şuşa şəhərləri və 8 qəza, Yelizavetpol, Ərəş, Cavanşir, Zəngəzur, Karyagin, Nuxa, Şuşa və Qazax qəzaları var idi. Ərazisi 38922,43 kvadrat verst olan quberniyada 1516 yaşayış məntəqəsi, 676377 nəfəri kişi, 598754 nəfəri qadın, 1213626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar olmaqla, cəmi 1275131 nəfər əhali qeydə alınmışdır. Əhalinin 156044 nəfəri (12,24%) şəhərlərdə yaşayırdı.
 Milli azadlıq hərəkatında mühüm yeri olan quberniyada bolşeviklərin nüfuzu zəif idi. Oktyabr çevrilişindən sonra, Bakıda sovet hakimiyyətinin elan edilməsi quberniyada milli azadlıq hərəkatını daha da qüvvətləndirdi. 
 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhüriyyəti qurulduqdan sonra, quberniya Cümhüriyyətin əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsinin mərkəzinə çevrildi. 16 iyunda Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət olunmuş türk qoşunları da quberniyada yerləşdirildi. İyun ayının 17-də  Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil edilmiş II Hökumət Kabinəsinin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı bərpa edildi və quberniya da Gəncə quberniyası, mərkəzi şəhər Gəncə şəhəri  adlandırıldı. Gəncə şəhəri 1918-ci ilin 17 iyunundan sentyabrın 17-dək dövlətin paytaxtı oldu.
 Gəncə quberniyasına 10 qəza, Qazax, Gəncə, Nuxa, Ərəş, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Cəbrayıl, Şuşa qəzaları və Göyçə dairəsi daxil idi. Gəncə quberniyasını qubernator idarə edirdi.
 Rus-bolşevik işğalından sonra, 11 may 1920-ci ildə XI Qırmızı ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkatı ilə üzləşdi. Gəncədə, Qarabağda və digər bölgələrdə rus işğalına qarşı üsyanlar baş verdi. XI ordu hissələri bu üsyanları amansızlıqla yatırdı, sovet hakimiyyəti bərpa olundu və Gəncə quberniyası ləğv edildi.

       Hazırladı: Bəxtiyar Əsədli


 Yelizavetpol (Gəncə) quberniyası


Yelizavetpol (Gəncə) quberniyası Yelizavetpol (Gəncə) quberniyası Reviewed by Bəxtiyar on 18.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.