Weather forecast for Zardab

Zərdab rayonu Allahqulubağı kəndi


  Allahqulubağı Zərdab rayonu Əlibəyli kənd inzibati ərazi dairəsində kənddir. Şirvan düzündə, Kür çayının sahilində, rayon mərkəzindən 3,5 kilometr cənub-şərqdə yerləşir. Ərazisi 542 hektar, əhalisinin sayı təxminən 770 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq, balıqçılıqdır.
 XIX əsrin ikinci yarısından etibarən, kəndlilərin bəylərin himayəsindən azad edilməsindən sonra Zərdab əhalisi azalmağa başladı. Kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd saldılar və nəticədə indiki Zərdab rayon ərazisində yeni yaşayış məskənləri, kəndlər yarandı. Allahqulubağı kəndi də bu yaşayış məntəqələrindən biri idi. Kəndin adı “Allahquluya məxsus bağ” mənasındadır. 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir. Zərdabdan və digər yerlərdən gələn ailələr, Allahqulu adlı şəxsə məxsus olan bağda salınmış yaşayış məskənində məskunlaşdıqdan sonra, bağ yeri yaşayış məntəqəsinə çevrilmişdir. Sonralar inkişaf edrək bir kənd kimi formallaşmış və Allahqulubağı kəndi adlandırılmışdır.
 Kəndin ərazisi keçən əsrin əvvəllərində Göyçay qəzasının tərkibində olub. 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Zərdab icmasında Birinci və İkinci Allahqulubulağı adı ilə iki yaşayış məntəqəsi qeydə alınıb. 1917-ci ildə I Allahqulubağıda 51 ev, 1921-ci ildə isə I Allahqulubağıda 61 ev, II Allahqulubağıda isə 69 ev olub. 1933-cü ildə kəndin 55 təsərrüfatında 178 nəfəri kişi, 140 nəfəri qadın olmaqla 318 nəfər əhali yaşayıb.
 Kənd SSRİ dövründə və müstəqilliyimiz ilk illərində Gəlmə, Əlibəyli, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə Gəlmə inzibati ərazisinin və Karl Marks adına kolxozun tərkibinə daxil idi. Əlibəyli və Allahqulubağı kəndləri 05 iyul 2000-ci il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Əlibəyli mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
 Kənd sakinləri Məmmədov Mətləb və Köçəriyev Rahib Qarabağ müharibəsində şəhid olublar.
 Qarabağ  xanı  Mahmudqulu  xana  mənsub  xəlfəli elatının Allahquluuşağı adlı nəsli, Şuşa rayonunda Allahqulular (keçmiş adı Allahquluuşağı) kənd, Yardımlı  rayonunun  Vərgədüz  kəndində Allahqulu  bulağı var.

    Bəxtiyar Əsədli


Zərdab rayonu Allahqulubağı kəndi Zərdab rayonu Allahqulubağı kəndi Reviewed by Bəxtiyar on 17.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.