İndiki Zərdab ərazisində bir
zamanlar mövcud olan qədim yaşayış məntəqələri istilalar və iğtişaşlar zamanı
dağıdılmış, qalıqları isə məhv edilmişdir. Vaxtında tətqiqatlar aparılmadığı səbəbindən
bu qədim şəhərlər haqqında dəqiq məlumatlar əldə edilməsi artıq müşkül bir məsələyə
çevrilmişdir.
Azərbaycanın ərəblər tərəfindən
işğalı haqqında məlumat verən mənbələr işğal dövrü zamanı mövcud olan onlarla şəhər,
qala və yaşayış yerlərinin adlarını çəkirlər. Mənbələrdə adları çəkilən şəhərlərin
bəzilərinin sirri hələ də torpaq altında qalmaqdadır. Muğan, Abxaz, Yunan, Bərdic,
Bərzənc, Çiravan kimi vaxtilə mühüm əhəmiyyət daşıyan, indisə adları yalnız
kağız üstə qalan onlarla yaşayış məntəqələri hələ də tədqiqatçısını gözləyir.
Mənbələr Kür çayı vadisində,
indki Zərdab rayonu ərazisində yerləşdiyi ehtimal olunan Azərbaycanın orta əsr
qədim şəhəri haqqında məlumat verirlər və bu şəhəri Bərdic, Bərzənc və ya Bərzənd
adlandırırlar. Bərdic, Bərzənc və ya Bərzənd adlarının eyni və ya müxtəlif şəhərlərə
məxsus olması mübahisəli olaraq qalır. Bərdic şəhəri haqqında orta əsr ərəb mənbələrində
məlumatlar verilmişdir. Tarixi sənədlərə əsasən bu şəhər, X-XIII əsrin böyük şəhərlərindən
biri olub və şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə
yanaşı çəkilərmiş. Hüdudül-Aləm müəllifi Azərbaycanın əsas ticarət şəhərlərindən
biri olan bu şəhərin rifah və nemətlər şəhəri olduğunu yazır. 10-cu əsrdə
(945-991-ci illərdə) yaşamış ərəb tarixcisi Müqəddəsi "İqlimlərin öyrənilməsi
üçün mükəmməl təsnifat" (Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsərində
(Tərcümə Osman Ciner) Rihab bölgəsindən danışır: “Bu bölgə böyük və gözəl bölgədir...
Tamamən islam bölgəsidir... Bu bölgənin bütün məntəqələrini əhatə edən bir ad
tapa bilmədik. Buna görə də buranı Rihab adlandırdıq... Biz bu bölgəni üç məntəqəyə
ayırdıq. Birinci Ran məntəqəsi gəlir... Məlik çayı bu məntəqəni ikiyə bölür.
Baş şəhər Bərdə (Bərzə) şəhəridir. Mahalları Tiflis, Kal, Hunan, Şəmkir, Gəncə
(Cenze), Bərdic, Şamaxı, Şirvan, Bakü, Şabran, Babül Ebvab, Ebhan, Qəbələ, Şəki,
Malazgirt, Tabladır.”
Coğrafiyaşünaslar Azərbaycanın
ticarət yolları haqqında məlumatlar vermişdilər. IX-X əsr ərəb
coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd
ticarət yolunda, Kür vadisində mühüm ticarət mərkəzi Bərdic şəhəri vardır,
karvanlar bu şəhərdən keçib gedirdi. X əsrdə Arranda olmuş ərəb səyyahları Bərdicin
adını ölkənin kiçik, abad şəhərləri sırasında çəkirlər. Səyyahlar yazırdılar
ki, Bərdədən çıxan yolçular bu yolu başa vuranacan on beş poçt-gömrük məntəqəsindən
keçməli olurdular. Bərdədən sonra onlar Bərdic və ya Bərzəncdə əylənir, sonra
Kür çayını keçərək Şamaxıya doğru gedir, sonra Şirvan, əl-Abxaz şəhərlərini keçərək
Samur körpüsünə çatır, onu da adlayaraq Dərbəndə yetişirdilər.
Azərbaycan və Türkiyə
tarixçiləri öz əsərlərində ərəb səyyahlarına istinad edərək, Bərdic və ya Bərzənc
şəhərləri haqqında yazırlar. Ahmet Erol “Klassik islam dönəmində yollar”
kitabında yazır: “XII əsrin səyyahı İdrisi Bağdaddan Azərbaycana gedən
yollardan bəhs edərək məlumat verir ki, Bərdədən Bərdicə 18 fərsəngdir, Bərdic
(Bərzənc) Kür sahilindədir. Bura böyük ticarət mərkəzidir. Bərzəncdən Kür
çayını keçmək sürəti ilə Şamaxıya on dörd fərsəngdir. İbn Həvqəl X əsrdə
“Yollar və məmləkətlər” əsərində Bərzənc şəhəri haqqında yazır: “Bərdədən Bərzəncə
18 fərsəx yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var”. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”
monoqrafiyasında yazır: “Bərdədən Bab ül-Əbvaba ticarət yolundan bəhs edən İstəxri
məlumat verir ki, Bərdədən Bərzəncə 18 fərsəx yoldur. Müqəddəsi isə bildirir ki, Bərdədən Bərzəncə
1 mənzil, Bərzəncdən Şamaxıya 2 mənzil, sonra Şirvana 3 mənzil yoldur.”
Bərdic şəhərinin harada yerləşməsi
hələ də tam elmi təsdiqini tapmamışdır. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”
monoqrafiyasında Salman ibn Rəbiənin Azərbaycana yürüşündən bəhs edərək yazır
ki, “Sonra Salmanın dəstəsi "qədim şəhər sayılan" Şamxoru (indiki Şəmkir
şəhəri) tutdu və şərqə sarı dönərək, Bərdic arxasında Arazın Kürlə qovuşduğu
yerə getdi, Kürü keçdi...” İndiki Zərdab
ərazisi də Şəmkir şəhəri və Arazın Kür ilə qovuşduğu yerin, Sabirabad rayonunun
arasında yerləşir.
Bərdic, Bərzənc və ya Bərzənd
adlarının eyni və ya müxtəlif şəhərlərə məxsus olması mübahisəli olaraq qalır.
Nailə Vəlixanlı “Ərəb xilafəti və Azərbaycan” kitabında yazır: “X əsrdə Arranda
olmuş ərəb səyyahları Bərdicin adını ölkənin kiçik, abad şəhərləri sırasında çəkirlər.
Bu şəhəri Bərdənin 18 fərsəxliyində yerləşdirən İbn Havqəl onu “Kür üstündə
mühüm ticarət şəhəri” adlandırır. Əl-İstəxri Dərbənd yolunda Bərdədən sonra ilk
böyük dayanacaq kimi Bərzəncin adını çəkir və yolçuların Kür çayını məhz bu
yerdə keçdiklərini bildirir. Buna görə də bəzi tədqiqatçılar Bərdiclə Bərzənci
eyniləşdirirlər. Maraqlı burasıdır ki, qismən adların oxşarlığından doğan bu
dolaşıqlıq ərəb müəlliflərinin bu yerlər haqqında məlumatında da özünü göstərir.
Hətta bir-birinə oxşayan Bərzənd, Bərzənc, Bərzə, Bərdic və başqaları haqqında
məlumat verən Yaqut əl-Həməvi (məs. Bərzənd haqqında olan məlumatında) adların
oxşarlığından doğan şübhələrini gizlətmir. Bununla belə, mənbələrin diqqətlə
araşdırılması, hər halda, müəyyən nəticə çıxarmağa imkan verir. Bərdic şəhəri,
Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə
olunmuş bir yerdə (görünür, Kürün əyintili yerlərindən birində) yerləşmişdi.
Yaqut bu şəhərdən çıxmış və Xilafətdə yaxşı tanınan, 301-ci (913-914-cü) ilin
ramazan ayında vəfat etmiş məşhur hədis ustası (ərkan ər-hədis) əl-Hafiz Əbu Bəkr
Əhməd ibn Harun ibn Ruh əl-Bərdicinin adını çəkir. Bərzənc şəhəri isə, onun təsdiq
etdiyinə görə, Bərdənin 18 fərsəxliyində idi. Yaqut Şamaxıya gedən yolçuların
Kür çayının o biri sahilinə bərə (mibər) vasitəsilə buradan keçdiklərini də
bildirir. Çox güman ki, Bərzənc adı elə həmin o “bərə” sözü ilə bağlı meydana
çıxmışdır (bərəzəncir).”
Tarix üzrə fəlsəfə doktoru
Taleh Əliyev Zərdab rayonunun Yuxarı Seyidlər kəndi ərazisində Qanlıca gölünün
yaxınlığında “Yerağzı” yaşayış yeri kimi tanınan ərazinin Bərdic şəhərinin
qalıqları olduğunu ehtimal edir və zerdab.com saytında gedən “Orta əsr Bərdic şəhəri
haqqında” məqaləsində yazır: “Maraqlı cəhət Bərdic və Bərzənc toponimlərinin
müqayisəsidir. N.A.Karaulov Bərzənc toponimini Bərdiclə eyniləşdirsə də bu şəhərin
Bərzənd olmadığı qənaətinə gəlir. Bu fikri E.Muradəliyeva da təsdiqləyir. Yaqut
əl-Həməvi isə, ümumiyyətlə, bu adı çəkilən toponimlərin üç ayrı şəhər olduğunu
yazır. O, Bərzənd, Bərdic və Bərzəncin müxtəlif şəhərlər olduğunu qeyd edir.
Hüdud əl-Aləmə görə, Bərzənd və Bərdic ayrı-ayrı şəhərlərdir. Bərzənd Adərbayqanda
(Kürdən cənubda – T.Ə.), Bərdic isə Arranda yerləşirdi. Bərdic şəhəri, Yaqutun
məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə olunmuş bir
yerdə, çayın əyintili yerlərindən birində yerləşmişdi... Kürün əyintili sahilləri
də məhz müasir Ağdaş və Zərdab rayonlarının qovşağında – Körpükənd-Yerağzı
istiqamətindədir. Hal-hazırda bu toponim Şiraz şəhərindən şimal-şərqdə yerləşən
kiçik bir qəsəbədə öz adını saxlayır.”
Taleh Əliyev apardığı
araşdırmalara əsasən Bərdic ilə Bərzənc və ya Bərzəndin müxtəlif şəhərlər
olduğunu bildirir və yazır ki, “Bəzi tədqiqatçılar şəhərin Kürün sağ sahilində
yerləşdiyini də yazır. Ticarət yollarının ardıcıllığı bu məsələdə əhəmiyyətli
yer tutur. Lakin bu zaman onlar Bərdici Bərzənclə qarışdırmışlar. Bərdic məhz
indiki Yuxarı Seyidlər kəndinin yaxınlığında Kürün üstündə yerləşmişdir. Sadəcə
olaraq Kür çayı əsrlər boyu öz yatağını dəyişərək cənuba doğru çəkilmiş, nəticədə
köhnə yatağın yerində axmazlar qalmış və Bərdic şəhərinin xarabalıqları olan
Yerağzı yaşayış yeri Kür çayından qismən şimalda qalmışdır.” Taleh Əliyev
Əl-İstəxrinin, Yaqut əl-Həməvinin və digər səyyahların qeydlərini, Hüdudül-Aləmdə
verilən məlumatları, Salman ibn Rəbiənin Qəbələ yürüşü haqqında məlumatı
araşdıraraq yazır: “Qeyd edək ki, Bərdic və Bərzənd müxtəlif şəhərlərdir və Bərdic
Kür çayının üstündə lokalizə edildiyi halda Bərzəndi bu cür yerləşdirmək
olmaz.”
Taleh Əliyev şəhərin yerinin
müəyyənləşdirilməsində orta əsr ticarət yollarının mənbə məlumatlarında qeyd
olunan məsafələri araşdıraraq bildirir ki, Bərdic şəhərinin Türyançaya yaxın
yerdə yerləşdiyi qənaətinə gəlmək mümkündür. Jurnalist, əslən Zərdabın Yuxarı
Seyidlər kəndindən olan Sarvan Kərimov bir vaxtlar Qanlıca gölün yaxınlığında
yerləşən şəhərin Yerağzı və ya Yerayız deyil Yarayız adlandığını bildirir.
Sarvan müəllim yazır ki, tarixi X əsrə və ondan daha qədimə gedib çıxan bu şəhər
müharibələr nəticəsində dağılıb və qanlı gölə çevrilib. Əslən Bıçaqçı kəndindən
olan Qulu Zərdabi isə bu şəhərin Yarayıc adlandığını və bir vaxtlar Bıçaqçı kəndinin
yaxınlığında, Gümüşlü düzündə yerləşdiyini yazır.
Məlumatlara əsasən Bərdic şəhəri
Şirvanın cənub sərhədlərində yerləşmişdir. Bərdic şəhəri Dərbənd, Şirvan,
Şamaxı ticarət yolu üzərində Arran bölgəsini birləşdirən bir qapı olmuşdur.
Çingiz Mürsəlov “İslamı dönəmdə Şirvan tarixi” kitabında yazır: “Ərəb tarixçilərindən
olan Yaqubi, Şirvanın cənub sərhədini belə ifadə edir: Müsəlmanlar qorxulu düşmənləri
Xəzər qoşunları ilə müharibədə Bərdəyə çəkilmək məcburiyyətində qaldılar. Yenidən
gücləndirilən İslam qüvvələri düşmən üzərinə hücum edərək Bərzənə (Bərdic) üzərindən
körpünü keçib Şirvan torpaqlarına girdilər.” Həzrəti Osmanın dövründə də Xəzərlər
ilə müharibə aparan İslam ordusu Şirvanın sərhədində yerləşən Bərdə şəhərindən
Bərdicə daxil olmuşdular. Çingiz Mürsəlov yazır: “Xəlifə, Abdurrahman ibn Rəbiəyə
Xəzərlər üzərinə getməsini əmr edib, yardım üçün Arranın şərq səfəri ilə görəvli
olan Salman ibn Rəbiəyə dəstək olmasını yazdı. Salman Bərdəyə oradan da Bərdicə
keçərək Şirvana girmişdir.” Şirvan ilə Qarabağ sərhədində yerləşən Zərdab ərazisi,
həm də bu ərazinin tarixən Qarabağa keçid yolu olması, Bərdic şəhərinin yerləşdiyi
əraziyə uyğun gəlir.
Çingiz Mürsəlov Bərzənc şəhəri
haqqında da yazır, bu şəhərin də Bərdə yaxınlığında, Şirvanın sərhədində yerləşdiyini
göstərir. “Şimala doğru hərəkət edən İslam ordusu Debili ələ keçirtdikdən sonra
şimal-qərbdən Araz çayı boyunca irəliləyərək Beyləqanı və daha sonra Azərbaycanın
paytaxtı Bərdə şəhərini fəth etdi. Bu sırada Muğanın fəthi Dərbənd yolunu
açmışdır. Daha sonra İslam ordusu Kür çayı üzərindəki Bərzənc keçidini keçərək
Şirvan bölgəsini fəth etdi.”
Bərdic ilə Bərzənc və ya Bərzənd
adlarının oxşarlığı bəzi tədqiqatçıların bu şəhərləri eyniləşdirməsinə səbəb
olmuşdur. Rus şərqşünası Vladimir Minorskiy ilə Hənəfi Palabıyıkın Bərzənc şəhərinin
yerləşdiyi ərazi haqqında fikirləri tamamilə fərqlidir. Minorskiy yazır ki, Bərzənc şəhəri Zərdabın
Körpükənd adlanan kəndinin lap yaxınlığında, Bərdədən təqribən 35 kilometr şərqdə
mövcud olmuşdur. Hənəfi Palabıyık isə “Klassik islam çoğrafiyaçılarına görə
Ərzurum” kitabında İbn Rüstəhə və Yaquta istinad edərək yazır ki, Ress çayı
(Araz çayı) Vərsandan Bərzənc şəhərinə keçir. Bərzənci keçdikdən sonra Kür çayı
ilə birləşir və Təbəristan (Xəzər) dənizinə tökülür. Beyləqan şəhəri bu iki
çayın arasında yerləşir. Bu məlumat dəqiqdirsə
və Azərbaycanın orta əsr xəritəsinə nəzər salsaq, Bərzənc şəhərinin Vərsan və
Cavad (indiki Sabirabad) şəhərləri arasında yerləşdiyini güman etmək olar. Ola
bilər ki, Minorskiy Bərdic şəhərini, adların oxşarlığı səbəbindən, Bərzənc kimi
göstərmişdir. Yuxarıdakı faktların doğruluğuna inansaq, belə bir nəticəyə gəlmək
olar ki, Bərdic və Bərzənc şəhərləri fərqli şəhərlər olub.
Azərbaycan ərazisində mövcud
olan Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta
görə Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd
sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı.
Orta əsrlərdə, indiki Zərdab
ərazisində mövcud olduğu ehtimal edilən digər iri şəhərlərin də adları çəkilir.
Suffin adlanan, böyük ticarət mərkəzi hesab edilən qədim şəhərin indiki Zərdab ərazisində,
Yuxarı Seyidlər kəndinin yaxınlığında yerləşdiyi ehtimal olunur. Deyilənlərə görə, Şirvanda İslam dinini
yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanıb.
Yasər adlanan şəhərin də
indiki Zərdab ərazisində, Yuxarı Seyidlər kəndinin yerində mövcud olduğu güman
edilir. Deyilənlərə görə, bu şəhər də böyük ticarət mərkəzlərindən biri olub və
Suffin şəhəri ilə qonşuluqda yerləşib.
İndiki Zərdab ərazilərinin də
daxil olduğu Delan Naur (Yetmiş göl) haqqında XIV əsr tarixi sənədlərində
yazılıb. Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində
monqol hökmdarları Hülakilərın tarixindən bəhs edərək yazır ki, "1266-cı
ildə... Abaqa xan buyurdu ki, Kür çayı
sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar,
Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu”. Əsərdə
haqqında danışılan Delan Naur monqol dilində "Yetmiş göl" deməkdir,
monqollar Kürün şimalında Hacıqabul, Kürdəmir, Zərdab ərazilərində mövcud olmuş
gölləri bu cür adlandırmışlar. Taleh Əliyev XIII əsrdə, indiki Zərdab ərazisində,
Qutluq-Balıq adlanan qədim bir şəhərin də mövcud olduğunu yazır: “Elxanilərdən
Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər
inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda (müəllif: və
ya Delan Naur) olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göl
ilə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab
rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”
İndiki Zərdab ərazisində bir
zamanlar mövcud olan qədim yaşayış məntəqələri istilalar və iğtişaşlar zamanı
dağıdılmış, qalıqları isə məhv edilmişdir. Vaxtında tətqiqatlar aparılmadığı səbəbindən
bu qədim şəhərlər haqqında dəqiq məlumatlar əldə edilməsi artıq müşkül bir məsələyə
çevrilmişdir.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Müqəddəsi "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"
(Tərcümə Osman Ciner)
2. Ahmet Erol “Klassik islam dönəmində yollar”
3. Taleh
Əliyev “Orta əsr Bərdic şəhəri haqqında”
4. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”
5. Nailə Vəlixanlı “Ərəb xilafəti və Azərbaycan”
6. Çingiz Mürsəlov “İslamı dönəmdə Şirvan tarixi”
7. Hənəfi Palabıyık “Klassik islam çoğrafiyaçılarına görə Ərzurum”
İndiki Zərdab rayonu ərazisində qədim şəhər
Reviewed by Bəxtiyar
on
14.8.20
Rating:
Hiç yorum yok: