Rusiyanın
işğalından sonra Azərbaycan dairələrə və əyalətlərə bölünmüşdü. 1840-cı ildə isə Qafqazın yerli
idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın
quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22
aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə təsdiq edilmiş “Zaqafqaziya
diyarının bölünməsi haqqında əsasnamə”sinə uyğun olaraq, Cənubi Qafqazda Kaspi
(Xəzər) vilayəti təşkil edilmişdir. Vilayətin inzibati mərkəzi Şamaxı şəhəri
idi. 25 dekabr 1840-cı ildə Şamaxada Dövlət Şurasının üzvü, senator, Xüsusi Məsləhətçi
Baron Pavel Qan təntənəli surətdə Kaspi (Xəzər) Vilayət İdarəsinin açılışını həyata
keçirdi. Yeni islahat 01 yanvar 1841-ci il tarixdən qüvvəyə minmişdir. 1846-cı
ilə qədər mövcud olmuş vilayət inzibati
cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ (Şuşa), Nuxa, Talış, Bakı, Quba və Dərbənd
qəzalarından ibarət idi. 1846-cı ildə, Şamaxı quberniyasına daxil edilərkən Şəki
qəzası Nuxa qəzası, Talış qəzası isə Lənkəran qəzası adlandırılmışdır.
Kaspi
(Xəzər) vilayətnin idarəetmə orqanlarına Vilayət Rəisi, Vilayət İdarəsi, Xəzinə
Palatası, Dövlət Əmlak Palatası, Cinayət və Mülki Məhkəmə Palatası, Prokurorluq
daxil idi. Vilayətə 3 nəfər rəhbərlik etmişdir.
Kaspi
vilayətinin rəisləri:
1841-1842-ci
illər - polkovnik Aşeberq Nikolay Fyodoroviç, rəis vəzifəsini icra edib
1842-1844-cü
illər - general mayor İvanov Appolon Alekseyeviç
1844-1846-cı illər polkovnik baron Vrangel Aleksandr Yevstafeviç,
1845-ci ildən general-mayor
Vilayətin
gerbi 26 may 1843-cü il tarixdə təsdiq olundu. Gerbin təsvirində qızıl sahəsi olan qalxan dörd hissəyə
bölünmüşdür. Yuxarıda sağda ayaqüstə dayanan pələng, solda torpaqdan çıxaraq
alovlanan qaz, aşağıda sağda Xəzər dənizini anlamında mavi zolaq, solda isə
qarlı zirvəsi olan dağlar silsiləsi təsvirləri verilmişdir. Qalxanın
yuxarısında isə İmperator tacı olan qartalın qalxanı qanadları altına alması təsvir
edilmişdir.
Vilayətin
ömrü cəmi 6 il oldu. 14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya
diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq, vilayət ləğv edildi və Qafazda Tiflis,
Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı.
Hiç yorum yok: