İsaqbağı Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, rayon mərkəzindən 8 kilometr cənub-şərqdə, Kür sahilində yerləşir. Ərazisi 937,28 hektar, əhalisi təxminən 1200 nəfərdir. Əhali əsasən əkinçilik, quşçuluq, heyvandarlıq, baramaçılıq, balıqçılıqla məşğul olur.
XIX əsrin ikinci yarısından etibarən, kəndlilərin bəylərin himayəsindən azad edilməsindən sonra Zərdab kəndinin əhalisi tədricən azalıb və kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd salmağa başlayıblar. Nəticədə indiki Zərdab rayon ərazisində yeni yaşayış məskənləri yaranıb. Belə yaşayış məskənlərindən biri də İsaq adlı şəxsə məxsus olan bağda salınmış və İsaqbağı adlandırılmışdır. Kəndin adı “İsağa məxsus bağ” mənasındadır. “İsaq” adı “təbəssüm, gülüş” mənasını verən “İshaq” adının təhrif edilmiş formasıdır.
Həsən bəy Zərdabi məktublarında kəndin adını İsaq-Baqi adlandırıb. Nazim Tapdıqoğlu yazır ki, 1850-ci illərə qədər Zərdab ərazisində Baqi, Beşqızlar kəndi olub. Mənbələrdə İsaq-Baqi variantı ilə Baqi kəndi arasında əlaqənin olub-olmaması barədə məlumat verilmir. Mənbələr yaşayış məntəqəsinin bir zamanlar İsabağı da adlandığını yazır.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində yaşayış məntəqəsi Göyçay qəzasının tərkibində yaradılmış III Zərdab kənd icmacının tərkibində yerləşib. İcmanın mərkəzi Gəndəbil kəndi idi və Gəndəbil icması da adlanıb. 1929-cu ilədək Bakı quberniyasının, Azərbaycan Cümhüriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının kəndi olub. Yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad inzibati ərazisinin Zərdab icmasına daxil edilib. İsaqbağı kəndində 1917-ci ildə 58 ev, 1921-ci ildə isə 53 ev olub. 1926-cı ildən Göyçay qəzasının Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə Zərdab rayonunun tərkibinə daxil edilib.
Keçən əsrin əvvəllərində Kür daşqınları nəticəsində ərazini tez-tez su basdığından kənd sakinləri indiki İsaqbağı kəndinin ərazisinə köçüblər. Kəndin yaxınlığındakı İsaqbağı meşəsində köhnə yurd yerinin və qəbiristanlığın izləri indi də qalıb.
1933-cü ildə kəndin 65 təsərrüfatında 316 nəfər (167 kişi, 149 qadın) əhali yaşayıb. Kənddə hələ də kollektivləşmə aparılmadığı üçün, təsərrüfatların hamısı fərdi olub.
Sovet hakimiyyəti dövründə və eləcə də müstəqillik dövründə rayonun ən böyük inzibati mərkəzlərindən olan İsaqbağı kəndi, hazırda da rayonun ən iri kəndlərindən biridir.
1935-ci ildə Zərdab rayonu yaradılıb və rayonda 9 sovetlik fəaliyyət göstərməyə başlayıb. Bu sovetlikdən biri İsaqbağı kənd sovetliyi idi. 1961-ci ildə İsaqbağı sovetliyinin tərkibində İsaqbağı, Böyük Dəkkə, Qaravəlli, Dəli Quşçu, Dəkkəoba kəndləri və Südçülük-Camışçılıq sovxozu (indiki Bəyimli qəsəbəsi) yerləşirdi. 1977-ci ildə Zərdab rayonunda fəaliyyət göstərən 14 sovetlkdən biri olan İsaqbağı kənd sovetliyinin tərkibinə İsaqbağı, Böyük Dəkkə, Qaravəlli kəndləri daxil edilmişdir. Qaravəlli kəndi 17 iyun 2003-cü il tarixdə İsaqbağı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb.
Kəndin ərazisində qeydə alınan coğrafi adlardan biri İsaqbağı gölü adlanır. Yerli sakinlər bu gölü axmaz adlandırırlar və bir zamanlar Kür çayının yatağı olduğunu bildirirlər. Ərazidəki meşə İsaqbağı meşəsi adlanır. Meşənin sahəsi 100 hektardan çoxdur, əsasən çəkilliklərdən ibarətdir. Meşə Eyvazlılar meşəsi kimi də tanınır. Kənd yaxınlığında Mühran adlanan sahə var. “Mühran” sözünün mənası çayırlıq deməkdir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini, general-mayor İnqilab Muradov, fəlsəfə elmləri namizədi, Rusiyada sahibkarlıqla məşğul olan, xeyriyyəçi Elman Fərəcov, professor Hasil Fətəliyev Zərdab rayonunun İsaqbağı kəndində anadan olublar. Tanınmış iş adamı Vəfa Muradzadə əslən İsaqbağı kəndindəndir.
Kənd sakinləri Fərəcov Fərəc Baxşeyiş oğlu, Soltanov Müqtədir Soltan oğlu Qarabağ müharibəsində şəhid olublar.
Hiç yorum yok: