Ramiz Kərimov
1954-cü ildə Zərdab rayonu Şəftəhal kəndində anadan olub. Orta təhsilini
bitirəndən sonra hərbi xidmətə yollanıb. 1974-cü ildə hərbi xidmətdən
qayıtdıqdan sonra, Moskva Kooperativ İnstitunun Bakı filialının qiyabi şöbəsinə
daxil olub. Həmin ildən 4 saylı “Dəmir-beton” trestində işləməyə başlayıb.
1976-cı ildə komsomol göndərişi ilə Bakı şəhər yanğınsöndürmə hissələrinə
göndərilib. İlk fəaliyyətinə 04 iyun 1976-cı ildə zavodların birində baş verən
yanğını söndürməklə başlayıb.
06 mart 1977-ci
il, saat 14.51-də növbətçi hissəyə məlumat daxil olur. Qaz boru kəmərində
yanğın başlamışdır. Yüksək gərginlikli elektrik xətti qırılmış və qaz kəmərinin
üstünə düşərək qığılcım yaratmışdır. Təsadüfən boru kəmərinin elə bu hissəsində
qaz sızması olub və yanğın başlamışdır. Yaxınlıqda neft emalı zavodu və yaşayış
binaları yerləşirdi, yanğının qarşısı təcili alınmalı idi. Yanğını söndürmək
üçün göndərilən 4 nəfərlik birinci bölmənin tərkibində Ramiz Kərimov da var idi.
Qaz kəmərində
baş verən yanğının qarşısının alınmasında Ramiz və yoldaşları əsil fədakarlıq
nümayiş etdirdilər. Yanğınsöndürmə maşını su doldurmaq üçün qayıdarkən,
faciənin miqyasını başa düşən Ramiz və iki yoldaşı hadisə yerində qalırlar.
İstiyə və yüksək təzyiqə tab gətirməyən kəmər partlamış, alovlanan qaz Ramiz və
yoldaşlarını əhatə etmişdir. Ramiz alovlar arasından yoldaşlarına yol açmış və
onların həyatını xilas etmişdir. Təəssüf ki, özü alovların arasından çıxa
bilməmişdir. Həkimlərin səyinə baxmayaraq, Ramiz Kərimov 1977-ci ilin mart
ayının 6-sında 7-sinə keçən gecə vəfat etmişdir.
Ölümündən
sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ildə Bakı şəhərinin
Nizami rayonunda yerləşən parkların birində qəhrəmanın büstü qoyulub. Büstün
üzərindəki xatirə lövhəsində adı, soyadı, təvəllüdü və vəfat etmə tarixi ilə
yanaşı, “Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş
yanğınsöndürən” sözləri yazılıb. Anadan olduğu Şəftəhal kəndində də qəhrəmanın
büstü qoyulub.
Keçən əsrin
70-ci illərin sonralarında bəstəkar Süleyman Ələsgərov, Əli Vəkilin sözlərinə
solist və simfonik orkestr üçün “Ramiz Kərimov haqqında ballada” bəstələmişdir.
Bu əsər Rauf Adıgözəlovun ifasında böyük rəğbətlə qarşılanmışdır.
Zərdab
şəhərindəki küçələrinin biri Ramiz Kərimovun adını daşıyır.
Bəxtiyar Əsədli
Hiç yorum yok: