Weather forecast for Zardab

Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşi (Həsən bəy Zərdabinin nəvəsi)


 Dəfn edildiyi məzar daşında 1900-cü ildə (Tiflisdə) anadan olduğu yazılıb. Şəhadətnaməsində, attestatında isə 26 oktyabr 1901-ci il tarixdə anadan olması qeyd olunub.

 1918-ci ildə Bakı real məktəbini bitirib. Teyyub Qurban tərəfindən mətbuatda çap edilən, 1918-ci il aprel ayının 24-də Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin dəftərxanası tərəfindən təsdiqlənib möhür vurulmuş attestatında yazılıb:

 "Verilir Bakı Real Məktəbinin məzunu, 1901-ci il oktyabrın 26-da anadan olmuş, müsəlman, məmur oğlu Rəşidbəy Əlimərdanbəy oğlu Topçubaşova ondan ötəri ki, həqiqətən 1917- ci il sentyabrın 1-dən 1918-ci il aprelin 18-dək Bakı Real Məktəbinin əlavə sinfində təhsil almış, əla davranış və aşağıda göstərilən qiymətlərlə məktəbi bitirmişdir:

   İlahiyyat - əla (5)

   Rus dili - yaxşı (4)

   Alman dili - yaxşı (4)

   Fransız dili - əla (5)

   Riyaziyyat - kafi (3)

   Cəbr - kafi (3)

   Triqometriya - kafi (3)

   Həndəsə - kafi (3)

   Tarix - əla (5)

   Təbiiyyat - yaxşı (4)

   Fizika - yaxşı (4)

   Riyazi coğrafiya - yaxşı (4)

   Rəsmxət - yaxşı (4)

   Qanunşünaslıq - yaxşı (4)"


 Yeniyetmə yaşlarından Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən  tələbələrin sırasına daxil edilmiş, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransaya, Paris Universitetinə göndərilmiş, Sorbonna Universitetində təhsil almışdır.

 Rəşid bəy xaricdə təhsil almaq üçün Azərbaycan Xalq Cümhuriyətinin maarif nazirinə müraciət etmişdi. Müraciəti anası Pəri xanım yazmışdır. Rəşid bəy Topçubaşovun arxivdə saxlanılan bu sənədi Teyyub Qurban tərəfindən mətbuatda çap edilmişdir.

 AZƏRBAYCAN RESPUBLİKASININ XALQ MAARİFİ NAZİRİ ƏLAHƏZRƏT CƏNABLARINA

Birinci Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş Rəşidbəy Topçubaşovun anası Pəri xanım Topçubaşovadan

Sizdən xahiş edirəm ki, Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş oğlum Rəşidbəyi hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edəsiniz. Zira o, hazırda Parisdədir və pansiona daxil olmuşdur. Oğlum arzu edir ki, tarix-filoloji və yaxud texniki ixtisas üzrə ali təhsil alsın.

   Müraciətimə aşağıdakı sənədləri əlavə edirəm:

   1) Doğum haqqında şəhadətnamə

   2) Attestat

   3) Real gimnaziyanın əlavə kursunu bitirməsi haqqında sənəd.

   İmza: Pəri xanım Topçubaşova

Həsən bəy Zərdabinin nəvəsi

 Bir neçə xarici dil öyrənmişdir. Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi təyin edilmişdir, atası Əlimərdan bəyin şəxsi katibi olmuşdur. Rəşid bəy Cümhuriyyətin süqutundan sonra, 1922-ci ildə Sovet Azərbaycanın verdiyi təqaüddən imtina etmişdir.

 Vilayət Quliyev tərəfindən tərtib edilən “Əlimərdan bəy Topçubaşov - Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabında Rəşid bəy haqqında bilgilər var.  Əlimərdan bəy Xəlil bəy Xasməmmədova yazdığı məktubunda (səh.591) vəfat etdiyi oğlu Rəşid bəy üçün darıxdığını bildirir. Tez-tez yazılarını, kitablarını, qeydlərinı gözdən keçirdiyini, hər cümə axşamı Pəri xanım və oğlu Əli Əkbərlə birlikdə Rəşid bəyin qəbrinin üstünə getdiyini, dua oxuduğunu, məzarını çiçəklərlə bəzədiyini yazır. Əlimərdan bəy yazır: “Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir... Əziz oğlumla bağlı xatirələr məndən ötrü çox dəyərlidir. Bu xatirələr burada, Yer üzərindəki həyatımı o biri dünya ilə bağlı fikirlərimlə birləşdirir...”


 Araşdırmaçı yazar Dilqəm Əhməd  Rəsulzadənin mühacirətdə çap etdiyi “Yeni Kafkasya” jurnalında Rəşid bəy haqqında maraqlı bir xatirənin çap edildiyini bildirir. “Mustafa” imzası ilə verilən bu yazı Rəşid bəyin Azərbaycan nümayəndə heyətinin tərkibində İstanbuldakı fəaliyyəti ilə bağlıdır. Dilqəm bəy yazını dilimizə uyğunlaşdırıb mətbuatda çap etdirib. Bu yazıda Rəşid bəy haqqında naraqlı məlumatlar var.

“Topçubaşı Rəşid bəy

Parisdən qara xəbər aldıq. Oradakı Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Topçubaşı Əlimərdan bəyin oğlu Rəşid bəy 5-6 ay əvvəl tutulduğu vərəm xəstəliyindən kanuni-əvvəlin 20-də Parisdə vəfat edib.

Azərbaycan gəncliyi çox müqtədir və dəyərli bir üzvünü itirdi. Rəşid bəy həyata yeni atılmış, hələ 25 yaşında vətənpərvər, münəvvər gənclərimizdən idi. Mühacirət həyatının maddi və mənəvi bir çox məhrumiyyət, sıxıntı və iztirabları... Paris banklarından birində kiçik bir məmur vəzifəsi. Ayda 500 frank müqabilində sabahdan axşama qədər çalışmaq. Şimalın sərt, naxoş havası, iqlimi, nəhayət mərhəmətsiz “Kox” çöpləri və qürbət eldə yeni bir məzar... Gənc azəri məzarı.

Yeni qapanmış bu təzə məzarın üstündə sözlərin nə dərəcəyə qədər təsəlliverici bir təsirinin olduğunu bilmirəm.

1918-ci ildə burada Azərbaycan heyəti-mürəxxəsəsinin Pera Palas otelində yaşadığını xatırlayıram.

Rəşid bəy o zaman Bakı real məktəbini yeni bitirmiş və ali təhsil üçün atasıyla bərabər İstanbula qədər gəlmişdi. Oteldə daim görüşürdük. Gecə-gündüz türkcə dərslərinə davam edirdi.

Körpüdə bir gün təhsildar özünə: “Buyurun, kiçik mürəxxəs bəy” dedi və yol verdi. Sonra Rəşid bəyə biz də “kiçik mürəxxəs bəy” deməyə başladıq. Bəzən bu zarafatımıza bir az qəzəblənmiş kimi olardı.

Unudulmaz günlər... Burada, hər yerdə, hər kəsdə, bəlkə bütün qəlblərdə bizlərə qarşı böyük bir məhəbbət, ciddi bir səmimiyyət vardı. Çox uzun sürən ayrılıq dövründən sonra nəhayət bir-birini tapmış iki qardaş...

O məşum işğal günləri.

Türklük sanki bir röya idi, gördü və oyandı.

Averov (yunan zirehli gəmisi – D.Ə) zabitlərinə Pera Palasda verilən böyük balo gecəsi. Dostlardan birinin otağında toplanıb məyus-məyus danışırdıq. Rəşid bəy çox üzüntülü idi. Birdən: “Mən artıq burada qalmaq istəmirəm. Bura bir yunan şəhəri oldu” dedi və hiddətindən az qaldı ki, ağlasın.

1922-ci ildə Parisdə Azərbaycan tələbələrinin bir çay ziyafətini xatırlayıram. Rəşid bəy o zaman Ecole des Sciences Politiques ali məktəbinin son siniflərində idi. Dərdləşirdik. Vətənin istilasından, bolşeviklərin cəhənnəm idarəçiliyindən danışırdıq. Tələbələrimizdə böyük bir həyəcan görürdüm. Rəşid bəyin nitqini heç unutmuram: “... Dostlar, görürsünüz, yolumuz çətin və məşəqqətlidir. Fəqət qayəmiz yüksəkdir! Vətənimizi tarimar edən, millətimizin ruh və vücudunu əsarət zəncirinə boğan bir düşmənə boyun əymək yoxdur. Azəri gəncliyi şərəfsiz həyatı istəməz. Qürbətin bu acı günlərinə qatlanaraq mübarizəmizi sonadək davam etdirəcəyik”.

Ehtimal ki, indi bu fani dünyaya əbədi vida edərkən zavallı Rəşid son sözünü, son vəsiyyətini: “Ana, məni yüksək bir yerə gömün və qəbirdə üzümü şərqə, vətənə doğru çevirin. Bəlkə, oradan vətənin uca qarlı, dumanlı dağlarını, Kürün indi həzin-həzin axan dalğalarını görə bilim” deyərək ölmüşdür.

Qanlı mücadilə, böyük qəhrəmanlıq, çoxalan qurbanlar, yeni-yeni qazılan məzarlar... Sibirin uzaq buzlu çöllərində, Mərmərənin laqeyd sahillərində, Sain çayının yad sahillərində bir-bir qurulan bu kiçik, yalnız təpələr...

Azərbaycan azadlıq yolunu matəmlərlə bəzəmiş bu əziz məzarlar qarşısında böyük hörmət və məhəbbətlə əyilərək gizli-gizli göz yaşlarımı saxlamağa acizəm”.

Rəşib bəy Əlimərdan bəy oğlu Topçubaşi

 Rəşid bəy ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntıların nəticəsi kimi meydana çıxan vərəm xəstəliyi səbəbindən, gənc yaşında ikən vəfat etmişdir. Paris yaxınlığındakı Sen-Klu məzarlığında dəfn olunmuşdur. 568876 nömrəli bu məzar beşmərtəbəlidir, məzar daşının üstündə isə dəfn edilən dörd nəfər haqqında məlumat var. Köhnə məzar daşının üstündə "Quran"dan ayələr də yazılmışdı və bu həmin qəbiristanlıqda üstündə ərəbcə yazılar olan yeganə məzar idi. Məzar daşının üzərində və eləcə də məzarlığın arxiv sənədlərində Rəşid bəyin 1926-cı ildə dəfn olunduğu yazılıb. 1934-cü ildə Əlimərdan bəy Topçubaşov, 1947-ci ildə Pəri xanım Topçubaşova (Məlikova, Zərdabi), 1977-ci ildə isə övladları Ələkbər bəy Topçubaşov bu məzarda dəfn edilib. Məzar daşı Əlimərdan bəyin yubileyi ərəfəsində dəyişdirilmiş və Əlimərdan bəyin qəbirüstü abidəsi qoyulmuşdur. Abidəni heykəltəraş Akif Əsgərov hazırlayıb.

     Hazırladı: Bəxtiyar Əsədli

Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşi (Həsən bəy Zərdabinin nəvəsi) Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşi (Həsən bəy Zərdabinin nəvəsi) Reviewed by Bəxtiyar on 1.2.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.