Weather forecast for Zardab

Bıçaqçı kəndinin şair oğlu Qədir Əfəndi

  Qədir Əfəndi müasir Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. Mədrəsələrdə təhsil alan Qədir Əfəndi şeirləri ilə Azərbaycanda tanınırdı. Təəssüf ki, şairin əlyazmalarının çox az hissəsi dövrümüzə gəlib çatmışdır. Sovet repressiyası zamanı ərəb əlifbası ilə yazıran əlyazmaların saxlanması qorxulu idi. Şairin nəvəsi Səməd Səmədovun (Safdil) bildirdiyinə görə ötən əsrin 30-cu illərində şairin əlyazmalarını quyu qazaraq basdırıblar.

 Görkəmli tədqiqatçı alim Salman Mümtazın 1928-ci ildə nəşr olunan “El şairləri” kitabında Qədir Əfəndinin şeirləri də çap olunmuşdur. 2005-ci ildə Əlyazmalar İnstitutu tərəfindən Salman Mümtazın “Azərbaycan ədəbiyyatı (El şairləri)” iki cildlik kitabında Qədir Əfəndinin “Şəltük”, “Alça”,  “Çust”, “Çeşmək”, “Şahpalıt” şeirləri də çap edilmişdir. Əzizə Cəfərzadənin 1983-cü ildə nəşr edilən “Hər budaqdan bir yarpaq” kitabında da şairin şeiri dərc olunub.




 “Şahpalıt” şeirinin yazılmasının maraqlı tarixçəsi var. Vəndam kənd sakini, şair Yusif Əfəndi Qədir Əfəndiyə bir put şabalıd göndərəcəyini vəd etmiş, lakin payız və qış qurtarsa da, şabalıddan bir xəbər gəlib çıxmamışdı. Odur ki, Qədir Əfəndi “Şahpalıt” şeirini yazaraq Yusif Əfəndiyə göndərmişdir.

 XVIII-XIX əsrlərdə Azərbaycan mədrəsələrində şeir məclisləri təşkil edilərdi. 1880-ci illərdə Ağdaşın Zeynəddin kəndindəki mədrəsənin nəzdində də kiçik bir şeir məclisi təşkil olunmuşdur. Rəhbəri qocaman müəllim Muxtar Əfəndizadənin atası şair İsmayıl Əfəndizadə olan məclisdə Vəndam kəndindən Yusif Əfəndi, müasir Zərdabın Bıçaqçı kəndindən Qədir Əfəndi, Qarabaqqal və Ləkçılpaq kəndlərindən Məhəmməd Talıb və Məhəmməd  Zakir,  görkəmli yazıçı Qafur Əfəndizadə Faiz (Qantemir) və eləcə də Göyçay, Qəbələ, Xaldan və Zərdabdan şeir həvəskarları iştirak etmişdilər.

 Şairlərin növbəti səyahəti Lənbərana idi. Dostları Lənbərana səyahətə gedən zaman Bıçaqçı (Pıçaqçı) kənd sakini Qədir Əfəndiyə təklif edirlər ki, onlarla getsin. Qədir Əfəndi üzr istəyərək sabah gələcəyini vəd etsə də, şair dostlarına qoşula bilmir. Bundan sonra şairlər bir-birinə həcv formasında yazılmış şeirlər göndərirlər. Bu şeirlər Salman Mümtazın “Müşairə” adlı əlyazmasında toplanmışdır. Salman Mümtazın Nakamla bağlı 10 vərəqdən ibarət olan “Şəki şairləri” sənədi, “Müşairə” adlı əlyazması Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Müşairədə (şeirləşmə) iştirak edən şəxslərin adları vərəqin əvvəlində verilmişdir.  

Salman müəllimin “Müşairə”sində əsas fikir şairlərin bir-birinə qarşı istehzalı ifadələrdən, mənfi xüsusiyyətlərinə atmaca ilə, zarafatla verdikləri cavablardan ibarətdir. Müşairədəki şeirlərdə yalnız Qədir Əfəndinin cavabı öz adı ilə getmişdir. Şeirlərin hansı şəxslər tərəfindən yazıldığı məlum olmasa da, bu fikirlərin deyiliş tərzi, dil və üslub formasına görə Nakama, Sədrəddin Əfəndiyə, Hacı Abdullaha, Həbib Əfəndiyə aid olması təxmin edilmişdir. Şeirlər yaxşı münasibətdə olan dostların bir-birinə zarafatla yazdıqları misralardan ibarətdir. Bu həcvlərdə həm ağıllı məsləhətlər, həm də satirik səhnələrin tərbiyəvi əhəmiyyəti vardır. Dostlar bu məzəli cəvabları ilə Allahın qoyduğu qanunlara sadiq qalmağı, xalqı  aldatmamağı, insanlardan rüşvət almamağı, yalan danışmamağı tövsiyyə edirlər. 

Nakamın dostu Qədir bəyə yazdığı həcv:

Dami-təzvir qılıb türbeyi-Veysül Qərəni, 

Soymağa başlamısan, həm gələni, həm gedəni. 

Xaki-misqal ilə naşərh satırsan xalqə, 

Qoymusan aləmə sən imdi bu lənətləməni. 

Kimsə guş eyləməmiş, görməmiş əsla hərgiz,

Dini dünyaya satan sən kimi bir goreşəni. 

Şübhə yoxdur atacaq duzəxə Allahü Qədir, 

Həm səni, həm sənə bu əmrdə fitva verəni. 

Lənbəran qəryəsinə gəlməyə vəd etmişdin, 

Aldadıb vədə xilaf etdi sənə nəfs edəni.

Kəndini asim edüb bizləri məmnun etdin, 

Gəlmədin, yoxlamadın böylə gözəl ənciməni...

 

Sədrəddin Əfəndinin Qədir Əfəndiyə yazdığı şeirdə deyilir:

Həcv qıldın bu itə, mən də sənə həcv etdim, 

Hürdürürlər, bu cahan içrə iti hürdürəni. 

Cümlə aləm edəcək seyr xüsumətdə, 

Görəcəkgi həşrdə bir yerdə iti, səni, məni. 

(Molla Yusif Qaradağlı bu misralar ilə Yusif Əfəndiyə işarə edib) 

İstədim bir neçə kim, mədh qılam şənindən,

Bala əfəndi durub dutdu əliylə dəhəni. 

Dedi kim, söyləmə böhtan o kişi haqqında, 

Bihudə mədh qılıb anna səza olmayanı...

 

Qədir əfəndinin dostlarına cavabı: 

Ey bana eyib dutan xidməti Veysül Qərəni,

Döksün Allah bu əql və bu kəmaliylə səni.  

Xadimin xidməti gər mə`siyət olsaydı həman,

Saxlamazdı qapısında o rəsuli-mədəni. 

Xadimi var idi əlbəttə rəsulun neçə kəs, 

Zikri-tətvil olur etməglə vəqti keçəni. 

Dəftərə sığmayacaq bir-bir edərsəm təqrir, 

Bir də kim öyrədəcəkdir sizə siz bilməyəni? 

Bu həman Veysül Qərənidir ki, ibadətləri ilə,

Eyləyib nuri-xuda ilə münəvvəri yəməni. 

Bu həman Veysdir, ol safi olub ruz cəza, 

Qurtarar pir neyçə min hicrimi, həm hicri məni...

 

Hacı Abdullahın Qədir Əfəndiyə yazdığı şeirdə deyilir:

Eylər ərvah veydə tələbi-istimdad, 

Rəf`edər dərdü qəm hər mərəzi-hər həzəni. 

Neçə alim ki, cəm` olmusunuz bir yerdə,

Tərki edüb hüsni-zənni-bərki dutub suyi-zənni. 

Soruram pəs necə siz alimi naamilsiniz, 

Alimi ba əməlinin də oli hərzə suxəni. 

Bizim aləmdə gərəki zikr ola allahu rəsul, 

Rahi-həqqinin bu sifət ola gərəki rəhrəvəni. 

Bizim aləmdə gərəki alimi şirin kalamı, 

Və`z bəzminin ola tutiye-şəkər şikəni. 

Üləma layiqdir zati-rəsulillahın, 

Əmr edə əmr edəni, nəhy edə nəhy edəni. 

Alimin bəzminə huranü məlaik cəm`olur, 

Üləma söyləməsə ləğvi-heca məsxərəni...

 

Nakamın yazdığı şeirdə deyilir:

Gənci-əsrai-xüdayə o degilmi vaqif, 

Baği-rizvanın odur, huriye nazik bədəni. 

Ol degildirmi həmai-fələki şər`i-rəsul, 

Bizə səri-islamun odur lütflə sayəfəkəni. 

Nəşr olub aləmə nəvvar təriqət andan, 

Ol düzüb aləmə bu nəzmiylə silsiləni. 

Şəbi zülmatdə islamə siracü və hacc, 

Cümlə zikri budur, nəvvarəni, nəvvarəni. 

Bu yanan şamlar alışmışdır anın şəm`indən, 

Ol açıb cümlə təriq əhlinə bu dairəni. 

Nəqşibəndinin odur rövzəsinin sərv güli, 

Baği-irşadının odur laləvü nəsrin səməni...

 

Həbib Əfəndinin yazdığı həcv:

Xanəi-Kəbəni dağıtmağa gəlmişdi həman, 

Nə sifət teyri əbavil eylədi Əbrahimi? 

Etdin inkari-kəraməti vəli kafir səni, 

Səni and anda betər edəcək Allahu qəni.  

Çox təəccüb budu kim, mən` iti həcv eylədigim, 

Nə üçün salmış ola könlünə bərhəm zədəni? 

İt nəyindir ki, sən dutmusan anın tərəfin, 

Etmisən həcv dəxi səndə iti həcv edəni?..

 

Qədir Əfəndinin cavabı: 

Mən iti həcv eylədim, ey gözüm, andan sizə nə, 

Göndəribsüz bənə çox xəsmilə vəhmü hədəni. 

Şəmməyi bilmişəm, ey bəg, nə üçün sızlamısan? 

Bilmişəm vəchini ol səndə olan inciməni. 

Bəg səg ilə bir olur vəzndə, həm qafiyədə, 

Neyləyim mən, böylə qoyub ona farsı qaidəni? 

Vədə verdim gedərəm yaxşı ki, qoymadı qəza, 

Gər qəza qoysa görərdim necə bir söyləməni. 

 

Həbib Əfəndinin söylədikləri:

… …. cənnət edən gözləri gər, 

Gözlərinə görkədib kim ki, görüb əhrəməni. 

Baxsın insaf ilə aləmə mən isəm gözləri kor, 

Həzrəti İsmayıl uran söyləyən ol vəqt məni. 

 1926-cı ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olan Səmədov Səməd Ziyəddin oğlu (Safdil) Qədir Əfəndinin nəvəsidir, Bıçaqçı kənd orta məktəbinin müəllimi olub. Ərəb və fars dillərini öyrənərək tərcüməçilik etmiş, 300-dən artıq məqalə və şeirləri çap olunmuşdur. Səməd Safdil 2006 -cı ildə vəfat etmişdir.

 Hazırladı: Bəxtiyar Əsədli

Qədir Əfəndi


İstifadə olunan mənbələr:

Nizami adına Ədəbiyyat institunun əsərləri, “Ədəbiyyat məcmuəsi” (Salman Mümtaz, “Müşairə” adlı dəftər)

Nəsrəddin Qarayev “XIX əsr Azərbaycan ədəbi məclisləri” (Salman Mümtaz, “El şairləri” Bakı, 1928-ci il)

Bıçaqçı kəndinin şair oğlu Qədir Əfəndi Bıçaqçı kəndinin şair oğlu Qədir Əfəndi Reviewed by Bəxtiyar on 25.3.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.