Şirvanşahlar dövlətinin süqutundan sonra Səfəvilər tərəfindən
mərkəzi Şamaxı şəhəri olan Şirvan bəylərbəyliyi yaradıldı. Bəylərbəylik cənubdan
Kür çayı ilə, şimaldan Samur çayı və Böyük Qafqaz sıra dağları ilə, qərbdən
Kartli və Kaxetiya əraziləri ilə, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi. Dərbənd
ərazisi də Şirvan bəylərbəyliyinin tərkibinə daxil edilmişdir.
Mahallara bölünən Bəylərbəyliyini adətən şah sarayına yaxın
olan şəxslər idarə edirdi. Şahın qardaşı Әlqas Mirzә Şirvan bəylərbəyliyinin
ilk hakimi olmuşdur. Mahallar isə kəndlərə bölünürdü. Mahalları naiblər, kəndləri
kəndxudalar, şəhərləri kələntərlər idarə edirdi. Şəhərlərdə asayişi kələntərə
tabe olan darğa qoruyurdu.
1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi 1590-cı ildə
İstanbulda bağlanan sülh sazişi ilə sona çatdı. Sazişə əsasən Talış bölgəsi
istisna olmaqla, bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın
bir hissəsi, o cümlədən Cənubi Qafqazın digər əraziləri Osmanlı dövlətinin nəzarətinə
keçdi. 1583-cü ildə tam olaraq Osmanlıların nəzarətinə keçən Şirvan bəylərbəyliyi
(və ya Şirvan əyaləti) Özdəmiroğlu Osman paşanın idarəçiliyinə verildi.
Şirvan bəylərbəyliyi 13 sancağa bölünmüşdür.
1. Ərəş sancağı, hakimi Kaytaş paşa.
2. Qəbələ sancağı, hakimi Təkəli Üləma oğlu Bahəddin.
3. Ağdaş sancağı, hakimi Vəli bəy oğlu Qaya.
4. Şabran sancağı, hakimi əmir Şamhal Çoban.
5. Zərdab sancağı, hakimi Rumeli Zaimlərindən Mustafa.
6. Saadlu sancağı, hakimi Zaimlərdən Mustafa paşa oğlu Ömər
bəy.
7. Bakı sancağı, hakimi Oltu Alaybəyi Əbubəkr.
8. Salyan sancağı, hakimi Yəmən məzüllərindən Yusif.
9. Havz-ı Lahıc sancağı, hakimi Ardahan Alaybəyi Kərəm Əli.
10. Kürə sancağı, hakimi Miralay Ata.
11. Şəki sancağı, hakimi Mirzə Ömər.
12. Axtı və İxır sancağı, hakimi əmir Şamhal Çobanın qardaşı
oğlu Tuçalav bəy.
13. Liva-i digər, hakimi Amid Zaimlərindən Müzəffər bəy.
Şair və alim Mövlana Valihi Şirvan müftisi, Gögüşzadə Mustafa Çələbi xəzinədar, Sirozlu Dal-Mehmed əyalətin qazisi və Özdəmiroğlu Osman Paşanın katibi, Qara Əhməd isə çavuş təyin edilmişdir.
Özdəmiroğlu Şirvan əyalətinin Şamaxı, Dəmirqapı və Şəki
olmaqla üç bəylərbəyliyinə bölünməsi üçün İstanbula müraciət etmişdir. 1585-ci
ildə qərbdə mərkəzi Ərəş, şərqdə isə Şamaxı olmaqla iki bəylərbəylik təşkil
edildi.
1587-ci ildə Ərəş bəylərbəyliyinə yazılan bir hökmdə Şirvan əyaləti
ilə bağlı 11 sancağın, Şəki, Quba, Rustav, Çıraq, Bərməki, Hilə, Ağdaş, Qanı, Ərudan,
Salyan və Mahmudabad sancaqlarının adları çəkilir.
Sonradan Şirvan əyalətinin şimalında mərkəzi Dəmirqapı Dərbənd
olan Dərbənd, güneydə isə mərkəzi Şamaxı olan Şamaxı bəylərbəylikləri təşkil
edilmişdir. Şamaxı bəylərbəyliyi Böyük və Kiçik Şirvan bölgələrinə ayrılmışdır.
Şamaxı əyalətinə əyalətin mərkəzi Şamaxı, Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab,
Şəki, Bakı, Havuz, Sədə-ru, Siryan, Qassani, Xudaverdi, Ərəş və Mahmudabad
sancaqlıqları daxil idi. Dərbənd əyalətinə isə Dəmirqapı (Paşa), Şabran
(Şaburan), Axtı, Quba, Müşkür, Kürə, Çıraq və Rustav sancaqları daxil
edilmişdir.
Şirvanda sikkələr Osmanlı sultanının adına basılır, xütbə də
Sultan III Muradın adına oxunurdu.
Səfəvi şahı I Şah Abbas XVII əsrin əvvəllərində itirilmiş əraziləri
geri qaytarır. Şamaxını yarım il mühasirədə saxlayan Səfəvilər, 1607-ci ilin
ortalarında Şirvan əyalətini yenidən öz ərazilərinə daxil edirlər. Yenidən Səfəvilər
dövlətinə daxil edilən ərazilərdə bəylərbəylərinin əksəriyyəti şah qulamlarından
təyin edilirdi.
XVIII əsrin birinci yarısında Səfəvi dövləti tənəzzülə uğradı,
Şirvan ərazisi Səfəvilərin nəzarətindən çıxdı və Cənubi Qafqaz ərazilərinə yiyələnmək
uğrunda Rusiya-Osmanlı qarşıdurması baş verdi. 1736-cı ildə Əfşarlar dövlətini
elan edən Nadir şah Səfəvilərin inzibati bölgülərini, bəylərbəylikləri ləğv
etdi və Azərbaycan adı altında vahid inzibati ərazi yaratdı. Nadir şah Əfşarın
öldürülməsindən sonra Əfşarlar dövləti süquta uğradı və Azərbaycan müstəqil
xanlıqlara bölündü. XVIII əsrin ortalarında keçmiş Şirvan bəylərbəyliyi
әrazisindә Quba, Şamaxı, Bakı, Dәrbәnd, Şәki xanlıqları yarandı.
Bəxtiyar Əsədli
Hiç yorum yok: