Weather forecast for Zardab

Qoyun keçidi savaşı

Qoyun keçidi savaşı

 1578-ci ildə Səfəvilər və Osmanlılar arasında baş verən savaş tarixə “Qoyun keçidi” savaşı kimi daxil olmuşdur. Osmanlı mənbələrinin bildirdiklərinə görə, “Qoyun keçidi” savaşı günümüzdəki Mingəçevir dənizinin yerləşdiyi bölgənin şimalında, Kür, Qanıx və Qabirri çaylarına yaxın bir bölgədə baş vermişdir. Bu savaşın müasir Gürcüstanda, Vaşlovani Milli Parkının yerləşdiyi ərazidə baş verdiyini də yazırlar.

 1555-ci ildə Osmanlı imperatorluğu və Səfəvi dövləti arasında imzalanan sülh sazişi 1578-ci ildə pozuldu və osmanlılar Səfəvilər dövlətinin ərazisinə hücum etdilər. Tiflisdən yola çıxan Osmanlı ordusu ilk öncə Qabirri (İori) çayını keçmiş, bu çayla Qanıx (Alazan) çayları arasındakı Şırak düzünə daxil olmuşdular. Ordu osmanlı mənbələrində “Şirvan hüdudu”, “Şirvan qapısı” adlanan Qanıx çayı boyunca irərilədilər. Daşqın səbəbindən bir-neçə gün Qanıx və Qabirri çayları arasındakı yarımadada düşərgə saldılar. Osmanlı ordusu Qanıx və Qabirri çaylarının arasındakı bölgəyə çatdığı zaman, Səfəvilərin Təbriz hakimi Əmir xan 20 min nəfərlik bir ordu ilə Qarabağda yerləşmişdi. Kür çayı sahillərinə gələn Əmir xan, qüvvələrini Qabirri və Qanıx çaylarının birləşdiyi nöqtəyə yaxın bir yerdən, “Qoyun ölümü” keçidindən qarşı sahilə keçirdi. “Qoyun ölümü” keçidinin Ərəş və ya müasir Zərdab rayonunun ərazisində yerləşdiyi bildirilir. Qaynaqlarda Kür çayı bəzən “Qoyunkeçidi” çayı şəklində də keçməkdədir.

 Həm Səfəvi, həm də osmanlı mənbələrində “Qoyun ölümü” keçidinin adına rast gəlinir. Müəllifinin kimliyi tam bəlli olmayan “Sahibqiran xaqanın dünyanı tutması” əsərində Şah İsmayılın Kürü keçməsi təsvir edilir. Əsərdə yazılır ki, Şah əmrinə əsasən Bayram bəy Qaramanlı o biri sahildə mühafizə təşkil etmək məqsədilə Kür çayı sahilinə göndərilmişdir. Bayram bəy orada olan iki keçidin heç birini ordunun keçməsi üçün münasib hesab etmədi. Adamlarını iki dəstəyə ayırır, ucsuz-bucaqsız çaydan keçmək üçün vasitələr axtarmağa göndərir. Əsgərlərin bəziləri sal, bəziləri isə gəmi və bərə hazırlamağın fikrinə düşmüşdülər. Kür sahilinə, “Qoyun ölümü” keçidinə gələn Şah İsmayıl isə atını çaya sürür. Ordu da heç tərəddüd etmədən onun arxasınca atlarına suya salırlar və onların hamısı sağ-salamat çaydan keçirlər.

 Qaynaqların yazdığına görə, Şirvanşaha cəsusluq edən bir xəbərçi Şirvan üzərinə irəliləyən Şah İsmayıl haqqında bilgi vermişdir. Verilən xəbərə görə Səfəvilər “Qoyun ölümü” keçidindən Kür çayını keçərək Şirvana daxil olacaqdılar.

 Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır ki, Gürcüstan yürüşündən qayıdan Şah Təhmasib Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı. Zilhiccənin 11-də (fevralın 2-də) “Qoyun ölümü” keçidinin yanında Kürü keçdi və Ərəşi ötərək Əli Şabana (bəzi mənbələrdə Ali Çobana) gəldi.

 Krım tatarlarının Mollahəsən yaxınlığında darmadağın edilməsindən də yazan Oqtay Əfəndiyev, Mirzə  Salmanın və əmirlərnin Qarabağdan təcili hərəkətə başladıqlarını və “Qoyun ölümü” keçidindən Kürü  keçərək Şirvana daxil  olduqlarını yazır.

 1578-ci ildə Osmanlıların Şirvana hücumu zamanı, Kür çayını keçən və sayca az olan Səfəvilər müharibə üçün əlverişsiz bir ərazidə basqın edərək Osmanlıları məğlub etmək istəyirdilər. Səfəvilər ilk olaraq ərzaq axtaran öndə olan birliklərə və heyvanları yemləyən dəstələrə, daha sonra əsas Osmanlı ordusunun üzərinə hücum etdilər. Səfəvi ordusunun ön hissələrinin hücumu xəbərini alan Lələ Mustafa Paşa ordusunu hərəkətə keçirdi.

 Lələ Mustafa Paşa dərhal əyalətlərdən topladığı əsgərləri, Diyarbəkr bəylərbəyi Dərviş Paşanın, Qaraman bəylərbəyi Mehmed paşanın, Ərzurum bəylərbəyi Bəhram Paşanın, Hələb bəylərbəyi Mehmed Paşanın və Özdəmiroğlu Osman Paşanın başçılıq etdiyi birlikləri Səfəvilərin üzərinə göndərmiş, özü isə bir qədər geridə qalmışdı. Osmanlı ordusu tərəfindən sıxışdırıran Səfəvi ordusu tab gətirməyərək Kür çayına doğru geri çəkildilər. Əmir xan və əsgərləri keçiddə qaldıqları üçün geri çəkilə bilmişdilər. Amma oğlu Muğan hakimi Murad xanın rəhbərliyi ilə irəli göndərdiyi dəstə geri çəkilərkən keçidi tapa bilməmiş, Osmanlıların sıxışdırmaları səbəbindən çaya atılmışdılar. Murad xan da daxil olmaqla səfəvi əsgərlərinin əksəriyyəti Kür çayında boğularaq həlak olmuşdular. Osmanlı mənbələri savaşda səfəvilər tərəfindən 5000 nəfərin öldürüldüyünü, 5000 nəfərin yaralandığını və geri çəkilənlərin Kür çayında boğulduğunu yazsa da, öz itkiləri haqqında məlumat vermirlər.

 “Qoyun keçidi” savaşı zamanı Səfəvi ordusunu məğlub edən Osmanlı birlikləri Qanıx nehrinin kənarında cəmlənmişdilər. Şəki şəhərinə göndərilən birlikdən şəhərin ələ keçirilməsi xəbəri də gəlmişdir. Daha sonra ordu hərəkətə keçərək Ərəş şəhərinə girdi. Osmanlılar Ərəşdə ordu üçün bir qala inşa etdikdən sonra Şamaxı və ətrafını ələ keçirdilər. Osmanlılar ələ keçirdikləri Şirvan və Dağıstanı birləşdirərək böyük bir bəylərbəyliyi yaratdılar və Özdəmiroğlu Osman Paşa Şirvan bəylərbəyi təyin olundu.

       Bəxtiyar Əsədli

Qoyun keçidi savaşı


Qoyun keçidi savaşı Qoyun keçidi savaşı Reviewed by Bəxtiyar on 21.4.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.