“Əkinçi” qəzetinin
nəşrinə icazə alan Həsən bəy Zərdabi dövrünün görkəmli ziyalılarının köməyinə arxalanırdı. Bir çox ziyalıların, yazarların
dəstəyi ilə "Əkinçi" qəzeti Azərbaycan xalqının taleyində böyük rol
oynadı. “Əkinçi” yazarları bir və ya bir-neçə təxəllüsdən, imzadan istifadə
edirdilər. Həsən bəyin özü isə qəzetində “Harayçı qardaş”, “Badkubəli molla”,
“Xeyirxahi-İran”, “7200 4 1 210” imzalarından da istifadə etmişdir.
Seyid Əzim Şirvani
Seyid Əzim
Şirvaninin yaradıcılığının bir hissəsi “Əkinçi” qəzeti ilə bağlıdır. Həsən bəy
şairlərdən bülbülü, gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib, elm təhsil
etməyin mənfəəti barəsində, eləcə də, haqsızlığı, zülmü hədəfə alan şeirlər
yazmağı xahiş etmişdir. O zaman ancaq Seyid Əzim Şirvani Zərdabinin çağırışına
səs vermiş, elm təhsil etməyin faydası haqqında bir-neçə şeir yazmış və bu
şeirlər də “Əkinçi” qəzetində çap olunmuşdur.
Şirvaninin
ilk şeiri 1875-ci ildə qəzetin 6-cı nömrəsində dərc edilmiş və bu şeirində Həsən
bəyi, xidmətlərini dəyərləndirmişdir.
Həzaran şükr
kim, bir şəxsi-aliqədr hümmətdən
Qəzet
bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Məlikzadə Həsən
bəy arifi-dünya Zərdabi
Götürdü
ehli-islamı bu gün xaki-məzəllətdən.
Şairin nəzərində
“Əkinçi” qəzetinin xeyli üstünlükləri vardı və "Qəzet nədir?" şeirində
də “Əkinşi” qəzetindən bəhs etmişdir.
Nəcəf bəy Vəzirov
Nəcəf bəy Vəzirov
hələ tələbəlik illərindən "Əkinçi"nin yaradıcı heyətinə qoşulmuş, məqalələri,
eləcə də ilk publisist əsərləri “Əkinçi” qəzetində çap olunmuşdur.
Müəlliminin ana dilində qəzet nəşr etməsini Moskvadan eşidən Vəzirov, Zərdabinin ünvanına göndərdiyi məktubunda yazırdı: "Əvvəlinci iki nömrəni aldım. "Əkinçi" mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümünkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin ki, nədən yazacağımı bilim."
Nəcəf bəyin
“Əkinçi”də “Nəcəf Vəzirzadə”, “Nəcəf”, “Harayçı qardaş”, “N...V...” imzalar ilə,
müxtəlif mövzularda məqalələri dərc olunmuşdur. İlk məqaləsi isə Petrovsk-Razumovsk
Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs edir.
Vəzirov 14 aprel 1877-ci ildə “Bəndi-məxsusi” məqaləsində “Pəs biz haçaq öz dərdimizin əlacının dalıycan olub, uşaqlarımıza elm öyrədəcəyik?” sualını edərək yazırdı: “Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axrımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlıyıb günlərin keçirdib, biz də ki bu yolu gedirik, tələf olacayıq.”
“Əkinçi” də çap etdirdiyi məqalələrində Nəcəf bəy Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuşdur.
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə “Vəkili Milləti-Naməlum” imzası ilə “Əkinçi” qəzetinin qurucusu Həsən bəy Zərdabiyə məktub ünvalamışdır. Həsən bəy Axundovun bu məktubunu cavabsız qoymamışdır. “Əkinçi” yazarlarından Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə, Mirzə Əsgər ağa Adıgözəlov da Axundzadənin məktubuna cavab yazmışdılar. Həmin məktubların yazıldığı dövrün gerçəklikləri ilə bugünkü reallıqlar xeyli fərqlidir. Amma təxminən 150 il keçməsinə baxmayaraq, bu məktub və bu məktuba verilən cavablar öz dəyərini, aktuallığını qoruyub saxlayır.
Mirzə Əsgər ağa Adıgözəlov
Yazıçı,
aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Bakı real gimnaziyasında Həsən
bəy Zərdabinin tələbəsi olmuşdur. Moskvada təhsil alan Gorani də
"Əkinçi"nin nəşrinə çox sevinmişdi. ”Əkinçi” qəzetinin fəal müxbiri
olmuş, 39 yazısı Əsgər Adıgözəlzadə Gorani, Əsgər Gorani, Əsgər, Gorani, Əsgər
Mirzə Adıgözəlzadə Gorani imzaları ilə qəzetin bütün şöbələrində dərc
edilmişdir.
Gorani
Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir
yolunun keçəcəyi yerlərdən, Peterburq kənd təsərrüfatı muzeyindən, Peterburq
padşahlıq kitabxanasından məlumatlar vermiş, elm təhsil etməyin faydası barədə,
kənd təsərrüfatı, su buxarı ilə yanğının söndürülməsi və sairə haqqında yazmış,
rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib
“Əkinçi”yə göndərmişdir.
Əsgər ağa
Adıgözəlov 26 may 1877-ci ildə “Əkinçi” qəzetində dərc edilən məqaləsində yazırdı.
“Bir baxın bizim qonşu ermənilərin elm təhsil etməyinə. Qafqazın hər bir şəhərində
onların gimnaziyaya bərabər məktəbxanaları var. İrəvan yavıqlığında hətta
akademiyaları da var. Amma bizim bircə də elm oxuyan məktəbimiz yoxdur. Ay
qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər və bunu bilin ki,
Avropa əhlinin bir məsəli var ki, deyir: millətin gələcəkdə xoşbəxt ya bədbəxt
olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlif-beyi oxumağıdır”
Mirzə Həsən Əfəndi ibn Əlhac Abdulla Əfəndi
“Əkinçi” qəzetində
şeir ilə çıxış edən ilk müxbir Mirzə Həsən Əfəndi olmuşdur. 5 sentyabr 1875-ci il
tarixdə qəzetin 4-cü nömrəsində “Əkinçi qəzetinin şükrnaməsi” başlığı altında,
“Məmnun” təxəllüsi ilə Tabasarandan göndərdiyi 7 beytlik bir qəzəli dərc olunmuşdur.
Xoşa kim
qıldı Bakidə qəzet bünyadını məmur
Zəbani-türk
ilə nabud ikən bir fazili-məşhur,
Cənabi-xacəyi-darülfünun
əllame Zərdabi
Məlikzadə Həsən
bəyin xətri hər dəm ola məsrur.
Mirzə Həsən
Əlqədari imzası ilə, 1875-ci ildə qəzetin 8-ci nömrəsində dərc olunan yazısında
isə Qasım kəndində məktəb açmaq məsələsinin vacibliyi bildirilir, insanlara bəd
əməllərdən uzaq olmaq, həyatda düzgün yol seçmələri tövsiyə olunur.
Əlqədarinin
növbəti yazısı “Məmnun Əlqədari” imzası ilə, 1876-cı ildə qəzetin 11-ci nömrəsində
dərc olunmuşdur.
Ələkbər Heydəri
“Əkinçi” qəzetinin
nəşri dövründə Mahaç-Qalada yaşamış, 1879-cu ildə Bakıya köçərək səfarətxanada
qulluq etmişdi. Qəzetdə Heydəri və Ələkbər Elçizadə imzaları ilə yazıları dərc
edilmişdir.
Dünyəvi elmlərin
tədrisinə üstünlük verirdi. 2 dekabr 1875-ci ildə çıxan “Əkinçi”də “dini elmləri,
yoxsa dünyəvi elmləri tədris etmək lazımdır” mövzusunda mübahisələrə səbəb olan
yazısı dərc olunmuşdur. Zərdabi və digər ziyalılar Heydərini müdafiə etmiş,
ruhanilər isə onun əleyhinə çıxmışdılar. Heydərinin bu məqaləsinə cavab olaraq
"Əkinçi"də təxminən 15 yazı dərc olunmuşdu.
Heydəri həm
öz dilimizin, həm də xarici dillərin öyrənməsinin vacibliyini yazardı. 1875-ci
ildə qəzetin altıncı nömrəsində yazırdı. “Bir firəngi tacirindən soruşsan ki,
Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər
ki, sən özün mat və mütəhəyyir qalırsan. Amma o şəhərin əhlindən sual edəsən
ki, kişi, sənin bağında neçə qism yemiş ağacı və nə qədər üzüm, meyvə var, qətyən
deyəcəkdir hesab eləməmişəm. Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlif
dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadı olan adamlardan çox az
tapılır ki, öz dilində bir dürüst məktub yazsın.”
Qəzetdə onun Pyatiqorskdan,
Petrovskidən verdiyi xəbərləri də dərc edilmişdir.
Məhəmməd Sadıq
Dövrünün
savadlı ziyalılarından biri olan, fars və ərəb dilini mükəmməl bilən Məhəmməd
Sadıq “Əkinçi”nin məktubat şöbəsində gedən məqalələrin müəlliflərindən biri
idi. Qəzetdə əsasən Əhsənül Qəvaid imzası ilə yazılar dərc etdirirdi, “Hadimül-Qəvaid”
və Sultanov imzalarının da ona məxsus olduğu bildirilir. O, kənd təsərrüfatından
bəhs edən məqalələr yazmaqla yanaşı, insanları elm təhsil etməyə səsləyirdi. Dini,
mədhiyyə xarakterli yazıları, qəsidə və həcv yazanları, gözəli və meyi vəsf etməyi
şairlik hesab edənləri tənqid edərdi. Məhəmməd Sadığın qəzetdə təxminən 21
yazısı dərc edilmişdir.
Məhəmmədtağı Əlizadə
Şirvani təxəllüsü
ilə "Əkinçi" qəzetinin fəal müxbirlərindən biri olan Məhəmmədtağı
Əlizadə çar sarayının naziri, Rusiyanın Almaniyadakı səfiri, I Dövlət dumasının
üzvü olmuşdur. Dumadan qovulduqdan sonra Şamaxıya qayıtmışdır. Zəngin və nadir
şəxsi kitabxanası var idi. 1918-ci ilin martında ermənilər Məhəmmədtağı Əlizadəni
vəhşicəsinə öldürmüş və bütün mülkünə od vurmuşdular.
Kapitan
Sultanovun yalançı dini mərasimləri (başyarmaları və sairə) müdafiə edən yazısına
cavab olaraq, 17 fevral 1877-ci ildə “Əkinçi” qəzetinin 4-cü nömrəsində
yazırdı: “Neçə ildir “Əkinçi” qəzeti dad-fəryad edir ki, milləti-islam, ayıl bu
qəflət yuxusundan, rehlət vaxtı qalma tənha bu pürxətər biyabanda və indi bir
para adamlar ayılıb istəyirlər ki, qeyrlərin də ayıltsınlar, onda da siz bir
ağac qapıb gəlirsiniz ki, qalmaqal salmayın, qoyun yatıb, istirahət etsin. Amma
heç bilirsiniz ki, bu istirahətin nəticələri nə bəlalardır?”
Əlizadə
Şirvani Mirzə Fətəli Axundzadənin “Vəkili Milləti-Naməlum” imzası ilə “Əkinçi” qəzetinə
göndərdiyi məktuba da cavab yazmışdır: “Cənab Vəkil, buyurursunuz ki, istitaətimiz
yoxdur. Bəndə bir Badkubə şəhərindən 100 nəfərəcən müsəlman adlıya bilərəm ki,
hər birinin ildə 3-15 min manatacan mədaxili var və hərgah onların hər biri ildə
100 manat versə, Onların halına heç təfavüt etməz. Pəs məlum ki, istitaətimiz
var. İkinci, buyurursunuz ki, vəsiləmiz
yoxdur, yəni öz dilimizdə oxumaq, yazmaq çətindir. Əzizim, bu dərdə
külli millətlər mübtəla olublar. Məsələn, buyurduğunuz Prus xalqı 150 il bundan
əqdəm öz dilləri çətin olmağa görə tamam oxumaq-yazmaqları latın dilində idi.
Amma mürur ilə elm təhsil edib, indi öz dillərində oxumaq-yazmağı elə asanlığa
çıxarıblar ki, qeyr millətlər onların dilində elm təhsil etməyə rağib olub. Pəs
məlum ki, vəsilənin olmağı elmin olmağına mövqufdur. Qərəz, bizim elmdən bisəmərə
olmağımıza ümdə mane ittifaqımızın yoxluğudur və onun yoxluğuna biz özümüz səbəb
oluruq.”
Əlimədəd Abdullahzadə
“Əkinçi” qəzetində
“Əlimədəd Abdulla oğlu”, “Əlimədəd Abdullazadə”, “Məhbus Dərbəndi”, “Dərbəndi” imzası ilə yazıları dərc edilmişdir. Abdullahzadə
Dağıstanda, Dərbənddə baş verən olaylar haqqında qəzetə xəbərlər göndərmiş, 3
mart 1877-ci iltarixdə isə “Vəkili Milləti-Naməlum”a cavab məktubu yazmışdır. Məktubunu
belə bitirmişdir: “Qafqaz vilayətinin bizim kimi nadanları milləti-islamı
günü-gündən zəif edən sünni, şiə və qeyr iddiaları araya salıb ittifaqi-milləti
fəramuş edib, özgə millətlərin elm-kəmalına və sənəti-əsasına mütəhəyyar qalan
zaman bircə "Əkinçi" qəzeti xəlaiqin ittifaqına bais olur və bu əsnada
Vəkilimizin tənəsi - yaxamızdan əl çək, rəvadırmı?”
23 iyun
1877-ci ildə qəzetdə dərc olunan yazısında isə hamını “Əkinçi”nin vəkili
olmağa, qəzetin həftədə 1 və ya 2 dəfə nəşr edilməsinə yardımçı olmağa səsləyirdi.
Dərbəndi yazırdı: “Pəs "Əkinçi" qəzetində həmişə yaxşı xəbər olur və
onun azalmağına səbəb biz özümüzük. Belədə bizə lazımdır ki, təzə il üçün
"Əkinçi"nin həftədə bir dəfə çıxmasının, müştərisi artmağının və qiymətinin
barəsində məsləhət bina eləyək.”
Hadiyül-Müzillin Qarabaği
Həsən bəyə həcv
yazıb göndərmişdir. Özünün və atasının adını və sakin olduğu yeri yazıb məlum eləmədiyi
üçün həcv dərc edilməmişdir. Hadiyül-Müzillin Qarabaği kapitan Sultanovun tərəfini
saxlayırdı. Həsən bəy 31 mart 1877-ci il
tarixdə qəzetində yazırdı: “Cənab Əhsənül-Qəvaidin
bu məktubu ilə baş çapmaq mübahisəsin qurtarırıq və əgər indiyəcən Hadiyu-Müzillin
Qarabaği kimi kəslər sözü qanmayıb bizi təzədən həcv edəcəksələr, eləsinlər,
onlara bircə cavabımız var: siz qanmazsınız.” Qarabaği 28 aprel 1877-ci ildə Həsən
bəyə yazmışdır ki, indi sülh, barışıq və qayğı göstərmək vaxtıdır, bu şərtlə
ki, daha keçmişlərdən söz açmayaq. Təqsirin Əhsənül Qəvaidə olduğunu yazan
Qarabağı yazılarının qəzetdə çap edilməsini istəmişdir. Həsən bəy qəzetində ona
cavab yazmışdır ki, mən sizdən küsməmişəm. Saniyən, hər kəs bizə ağıl və elm
yolu ilə kağız göndərsə, onu çap etməyə hazırıq.
09 iyun
1877-ci ildə “Əkinçi” qəzetində Hadiyül-Müzülin Qarabağinin Şuşa qalasından xəbərləri
dərc edilmişdir.
“Əkinçi” qəzetinin nəşri dövründə təsadüfi
imzalara da rast gəlinir.
Məhəmmədəli İsna əşəriyi-Səlyani
03 mart
1877-ci ildə “Əkinçi” qəzetində Məhəmmədəli İsna əşəriyi-Səlyani imzası ilə məktub
dərc edilmişdir. Kapitan Sultanova ünvanlanan bu məktubda yazılmışdır: “İndi məlum
olur ki, bizim milləti islamın həmişə gümrah və zəlalətə düşməyinə belə
böhtanlar və nahaq fitvalar ümdə səbəb olublar. Hərgah bizim millət də sair
millətlər kimi elm və kamal və mərifət kəsb və təhsil etməyə məşğul olseydi, o
surətdə bəzi qasürül-əql olan əşxasların əqlən və şərən qəbih və qələt
olan sözlərinə qulaq
asıb zəlalət biyabanında sərgərdan qalmazdılar.” Səlyani məktubunun
sonunda Həsən bəyə minnətdarlığını da bildirmişdir. “Mərhəba millət xüsusində səy
etməyinizə! Amma heyf ki, təksiz, hərgah siz kimi iki nəfər də olseydilər, milləti-islam
dəxi ziyadə rövnəq tapardı”.
Məhəmmədəli bəy Vəliyev
Şuşada anadan
olan Məhəmmədəli bəy şair idi. 1875-ci il tarixdə qəzetin 9-cu nömrəsində dərc
edilən yazısında, hələ 20-30 il bundan əvvəl Qarapapaq tayfsında 1500 ailənin
İran dövlətindən qaçıb Osmanlı dövlətinə tabe olan Sürəgil adlanan yerə köçməsindən
və ailələrin zor ilə İrana qaytarırmasından məlumat verirdi. 5 oktyabr 1875-ci
ildə isə İrəvanda adamyeyən heyvanın peyda olmasından xəbər vermişdir.
Şeyxülislam Əhməd Hüseynzadə
Qafqaz müsəlmanlarının
III şeyxülislamı Əhməd Hüseynzadə də Həsən bəyə müraciət edərək məktub
yollamışdır. Onun məktubu 1 yanvar 1876-cı il tarixdə “Əkinçi” qəzetində dərc
edilmişdir.
Möhsün Badkubeyi
07 iyul
1877-ci ildə “Əkinçi” qəzetində Möhsün Badkubeyi imzası ilə elm təhsil etməyin
faydası barədə məktub dərc edilmişdir. Badkubeyi yazırdı: “Qabiliyyət elm ilədir,
elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur. Çünki insan üçün
tərbiyət elm ilə olurmuş, belədə çox yaxşı olurdu ki, biz də, qeyr tayfalar
kimi, məktəbxanalar bina edib, elm kitablarını öz dilimizə tərcümə edib, uşaqlarımıza
elm yolu ilə tərbiyət edək və bundan ötrü ittifaq və himmət gərəkdir. Pəs,
qardaşlar, ittifaq olub himmət edin ki, meşə ağacı kimi gələcəkdə həm bisəmərə
olmayaq.”
Xaçatur Qorxmazov
Qars konsulunun mütərcimi Xaçatur Qorxmazovun 2 dekabr 1875-ci il və 11 iyul 1876-cı il tarixlərdə iki yazısı “Əkinçi” qəzetində dərc edilmişdir.
Araşdırmaçıların
yazdıqlarına görə Abbas bəy Haqverdiyev, Mirzə Məsum, Əliqulu Novruzov və
başqaları da “Əkinçi” qəzetində imzasız yazılar dərc etdirmişdilər.
İsa Sultan Şahtaxtlı
“Əkinçi” qəzetinin
nəşr olunduğu dövrdə “Tiflisskiy vestnik” qəzetində şöbə müdiri işləyən İsa
Sultan Şahtaxtlı Zərdabi ilə yaxından əlaqə saxlayar, "Tiflisskiy
vestnik" qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan
yazılar ilə tanış edərdi.
Bəxtiyar Əsədli

Hiç yorum yok: