Weather forecast for Zardab

Həsən bəy Zərdab kəndində

Həsən bəy Zərdabi

 Həsən bəy Zərdabi 1837-ci ildə Rus imperiyasının inzibati ərazisi olan Şirvan əyalətinin Zərdab kəndində anadan olmuşdur. Ona zadəganlıq, istedad, nəciblik, xeyirhaqlıq, xalqına çəfakeşlik və sairə irsən keçmişdir.

 Babalarının əslən Əlvənd kəndindən olduğu söylənilir. XIX əsrdə indikindən daha böyük ərazisi olan Əlvənd yaşayış məntəqəsi bir müddət Şamaxı xanlığının mərkəzi olmuş, kənddə nüfuzlu, tanınmış bəylər yaşamışdır. Bu bəylərin Şamaxı və digər xanlar ilə qohumluq əlaqələri də olmuşdur.

 Ulu babası Fətəli bəy və babası Rəhim bəy o dövrdə Kür sahili boyunca 50 verstlik məsafəni əhatə edən Zərdab kəndinin sahibi, naibi idilər. Rəhim bəyin naibliyi daha qarışıq bir dövrə təsadüf etmişdir. Şimali Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra, Rəhim bəy kəndini, əhalini mühafizə etmək üçün işğalçılar ilə “dil tapmalı” olmuşdur. Eyni zamanda övladları Qasım bəy, Məhərrəm bəy, Səlim bəy, Əhməd bəy, Mirzalı bəy ilə birlikdə əldə silah və at belində yurdunu iran sarbazlarının, gürcü atlılarının basqınlarından müdafiə etmişdir. Məhərrəm bəy də elə Kür sahilindəki döyüşlərin birində həlak olmuşdur.

 Atası Səlim bəy rus ordusunda xidmət etmiş, elmə, təhsilə önəm vermişdir. Bir müddət kənd mollaxanasına gedən Həsən bəy, daha sonra Şamaxı şəhər məktəbində və Tiflis gimnaziyasında təhsil almışdır. 1861-ci ildə Moskva Universitetinə qəbul edilmiş, 1865-ci ildə universiteti bitirmişdir.

 Bir müddət Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda yaşayan Həsən bəy 1880-ci ildə yenidən ailəsi ilə birlikdə Zərdab kəndinə qayıtmışdır.

 Savadsızlıq səbəbindən qanunları bilməyən saknləri çox incidirdilər. Həsən bəy insanlardan köməyini, məsləhətini əsirgəməzdi, onlara hüquqlarını anladar, vergi qanunlarını başa salardı. Rüşvətxor məmurlardan qəzetlərə yazar, hökümətə şikayət edərdi. Hənifə xanım yazır kı, məmurlar Həsən bəydən çəkinirdilər, odur ki, Zərdab kəndinə az-az gəlirdilər. Sakinlər deyirdilər: “Pristav və naçalnik kəndə gələndə elə sıxılırlar ki, üfürülmüş köpük kimi partlayırlar”.

 Həsən bəy Zərdabda məktəb açılmasına çalışırdı. 1883-cü ildə yazırdı: “Hökumət hətta əhalinin çox yaşadığı bütün kəndlərdə belə məktəb açmaq gücündə deyil, kənd icmaları isə məktəbin gətirə biləcəyi faydanı anlamadıqlarına və məktəbi pis şeylər mənbəyi hesab etdiklərinə görə ondan qaçırlar və məktəblərin saxlanmasına bir qəpik də xərcləmək istəmirlər.”

 Zərdabda fəaliyyət göstərən ictimai bərənin gəliri hesabına məktəb açılması nəzərdə tutulmuşdur. Qubernator qəza rəisinə tapşırmışdır ki, Zərdab icmasını bərədən gələn gəlirləri məktəb işi üçün sərf edilməsinə razı salsın. Məktəb üçün on iki min mahat pul vəsaiti də toplanmışdır. Məktəb tikmək vaxtı çatanda isə kömək etməyə söz verən sakinlər onlara məktəb lazım olmadığını söyləyirlər və lazım olanları verməkdən imtina edirlər.

 Həsən bəy 1885-ci ildə Zərdab kəndində ikisinifli məktəbin açılması haqqında qərarın verilməsinə nail ola bilmişdir. Zərdabi yazırdı: “Nəhayət, bizim də küçəmizdə bayramdır. Bu gün də olmasa sabah Zərdabın da məktəbi olacaq. Deməli, mənim səsim səhrada olduğu kimi itib batmamışdır.” Bəyin səylərinə baxmayaraq məktəbin açılması ləngiyirdi. 1887-ci ildə yazırdı: “Artıq 5 ildir ki, bu iş uzanır. Son vaxtlar isə belə görünür ki, məktəb açılmasını zərdablılar üçün artıq, lüzumsuz xərc hesab etdiklərinə görə, bu məsələni tamamilə unudublar.”

 Cəhalətdə qalan Zərdab sakinləri “şeyxə” səcdə edərdilər. “Şeyx” əhali ilə istədiyi kimi rəftar edər, onların yalnız mal-dövlətini deyil, qızlarını, qadınlarını da əllərindən alırdı. Şeyx və tərəfdarları kənddə məktəb açılmasına da mane olurdular. Həsən bəy insanların gözlərini açmağa, avam insanları bu murdar əməllərdən xilas etməyə çalışırdı. Bakıya gedərək “şeyx”in qorxulu bir qüvvə olduğunu sübut edə bilmişdir. Əli Baba adlı “şeyx” iki qardaşı ilə birllikdə Rusiyaya sürgün olunmuşdur.

 Pristavların himayəsində olan bir çox qaçaq, quldur dəstələri ancaq əhalini soyub talamaqla məşğul olurdu. Həsən bəy bu soyğunlar haqqında qəzetlərə yazar, hökümət dairələrinə məlumat verirdi. Mütəşəkkil quldur dəstəsi yaradan Əli Xıdır oğlu onun əməlləri haqqında qəzetlərə məlumat göndərən Həsən bəyə ismarıc göndərərək ölümlə hədələmişdir.

 Həsən bəy Zərdab sakinlərinə, təsərrüfat sahiblərinə faydalı məsləhətlər də verərdi. Özü üçün də təsərrüfat yaratmışdır. Ona məxsus olan torpaq sahələrində taxılçılıq, yemçilik və bağçlıq ilə, eyni zamanda ipəkçilik, balıqçılıq ilə də məşğul olurdu. Rəhbərlik etdiyi sexlərdə toxunan yun kilimlər və ipək cicimlər kiçik gümüş medala, hazırladığı yüksək keyfiyyətli arpa və buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala layiq görülmüşdür. Yetişdirdiyi meyvələr bölgənin ən böyük bazarlarından biri olan Əlvənd bazarında satılırdı. Balıqçılıqla da məşğul olan Həsən bəy Zərdab kəndində 4 nömrəli vətəgəni icarəyə götürmüşdür. Dövlət xəzinəsinə ödənilən haqq icarəçilər üçün çətinliklər yaradırdı. Zərdabi yazırdı ki, düşünürük ki, birtəhər icarə müddətini başa vuraq və sonra tövbə edərək uşaqlarımıza vəsiyyət edək ki, heç vaxt belə bir işə girişməsinlər.

 Zərdabda yaşadığı müddətdə sevimli məşğuliyyətlərindən biri də ov olmuşdur. Qərib Soltan xanım yazır ki, atam evimizin yaxınlığındakı Kür sahili meşələrdə ov etməyi çox sevərdi.

 Kənddə Həsən bəyi sevməyənlər də var idi, onu “şapkalı urus”, övladını isə “urus balası” adlandırırdılar. Sonda Həsən bəydən yalan donos verirlər və araşdırma aparmaq üçün qubernator şəxsən Zərdaba gəlir. İttihamların əsassız olduğunu bilən qubernator Həsən bəyə demişdir: “Siz ki, bu qədər əzab-əziyyətə qatlaşırsınız – həm də belə mühit, həm də bu cür ləyaqətsiz adamların təhqirləri. Bütün bunlara baxmayaraq, çıxıb buralardan getmirsiniz, görünür, siz bu xalqı həddindən artıq sevirsiniz.”

 Həsən bəy Zərdabi 1896-cı ildə yaşamaq üçün yenidən Bakı şəhərinə getmişdir.

     Bəxtiyar Əsədli

   

Həsən bəy Məlikov (Zərdabi)


Həsən bəy Zərdab kəndində Həsən bəy Zərdab kəndində Reviewed by Bəxtiyar on 26.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.