Azərbaycanda
xalq arasında müxtəlif meydan tamaşaları, eləcə də, bayram tamaşaları, dini səciyyəli
tamaşalar və sairə geniş yayılmışdı. XVII əsrin ikinci yarısında İrəvan şəhərində
üç hissəli bir tamaşa göstərilmişdir. Azərbaycanda, İrəvanda qonaq olan Şardenə
bu tamaşa o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası"
adlandırmışdı. 1848-ci ildə Şuşada, 1858-ci ildə isə Şamaxıda mərasim və
yığıncaqlar keçirmək üçün lojaları, salonları, səhnələri olan binalar da
tikilmişdir. Amma 1873-cü ilə qədər Azərbaycanda peşəkar teatr nümayiş edilməmişdir.
Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ilin mart və
aprel aylarında, Bakıda Mirzə Fətəli Axundzadənin
komediyaları səhnələşdirilmiş, Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində
peşəkar teatrın təməli qoyulmuşdur.
Həsən bəy Zərdabi
millət aşiqi idi, xalqına fayda verəcək hər bir işi həvəslə və ümidlə həyata
keçirməyə çalışırdı. Azərbaycanda peşəkar teatrın yaranmasını da istəyən Həsən bəy, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov və digər tələbələri ilə müzakirələr
aparırdı. Bu məqsədlə gimnaziya tələbələrinə
Axundzadənin komediyalarını da oxuyardı. 13 dekabr 1905-ci ildə “Həyat” qəzetində
yazırdı: “Bir-neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara
oxuyub təvəqqe elədim ki, onların birini seçib oynasınlar. “Hacı Qara”nı seçdilər.”
Bir qədər məşq etdikdən sonra, gimnaziya otaqlarının
birində tamaşanı oynayırlar. Tamaşadan təxminən 40-50 manat vəsait yığılır və
bu vəsaiti kasıb tələbələr arasında paylayırlar. İkinci tamaşadan isə yüz manat
pul yığılmışdır. Həsən bəy yazırdı: “Sonra haçan gimnaziya uşaqlarının fəqirlərinə
pul lazım olanda, şagirdlər pişəzvəqt xəbər edib siyahı verirdilər ki, nə qədər
pul gərəkdir. Ona görə teatr çıxarıb vüsul olan pulları paylayırdıq.”
Teatrın yarandığı ilk illərdə təkcə
texniki baxımdan çətinlik olmayıb, ən böyük maneələrdən biri də mühafizəkarların
teatra mənfi münasibəti idi.
Milli teatrın
inkişafında Hacı Zeynalabdin Tağıyevin böyük xidməti oldu. 1880-ci ildə Tağıyev
Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı”
kimi tanındı.
Gimnaziyanın
yuxarı sinif şagirdlərinin Bakını tərk etmələri teatr prosesinin ləngiməsinə səbəb
oldu. 1886-cı ildən isə Bakıda teatr işində önəmli irəliləyiş başladı. 1896-cı
ildə Həsən bəy Zərdabi, Cahangir Zeynalov, Nəriman Nərimanov, İskəndər bəy Məlikov,
Məhəmməd bəy Məlikov, Əbülfət Vəli və digər ziyalılar Bakıda peşəkar
teatrımızın gələcəyinə təminat verən ilk professional teatr kollektivi,
"Müsəlman dram truppası” yaratdılar. 1897-ci ildə Bakıda ilk dəfə
"Artistlər ittifaqı", 1906-cı ildə isə "Müsəlman dram artistləri"
şirkəti yaradıldı. 1908-ci ildə isə Bakıda tamaşaya qoyulan "Leyli və Məcnun"
operası ilə Azərbaycanda peşəkar musiqili teatrın əsası qoyuldu.
Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması milli teatrın fəaliyyətində də canlanmaya səbəb
oldu və Bakıda Dövlət Teatrı yaradıldı.

Hiç yorum yok: