Weather forecast for Zardab

Həsən bəy Zərdabi elm, təhsil haqqında

Elm təhsil etmək haqqında

 Həsən bəy elə böyük şəxsiyyətdir ki, onun əməlləri danışmaqla, yazmaqla bitməz. Xalqının cəfakeşi olan bu dahi insan elm və təhsili cəmiyyətin inkişafının, xalqı tarixi bəlalardan xilas etməyin yeganə vasitəsi hesab edirdi. “Əkinçi” qəzetində və eləcə də digər mətbuat orqanlarında da həmişə bu məsələyə toxunmuşdur. Nəşr etdiyi qəzetdə xalqına müraciət edərək yazırdı.

Ay qardaşlar, "Əkinçi" qəzetinin fəryadını eşidib elm təhsil etmək dalıncan olun, necə ki bir çırağın yağı qurtaranda onun işığı kəsiləndən irəli, ondan bir şəfəq çıxar və bu zaman onun üstə təzə yağ tökülməsə, bilmərrə sönüb tamam ölür, habelə “Əkinçi” qəzeti sizin üçün bu axırda çıxan şəfəqdir.  (“Əkinçi” qəzeti, 01 sentyabr 1877-ci il)

Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq. (“Əkinçi” qəzeti, 20 sentyabr 1875-ci il)

Pəs şikvə etməyin, əvəzində səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın. (“Əkinçi” qəzeti, 02 dekabr 1875-ci il)

 Həsən bəy digər millətlərin təhsil almasından, müsəlmanların isə məktəblərdən vəba xəstəliyindən qaçan kimi qaçdığını yazırdı. Müsəlmanlara müraciət edərək deyirdi ki, savadsızlıq sizləri yoxsulluğa və cəhalətə aparacaq və vaxt gələcək, elmsiz olan sizlər digər millətlərin köləsinə çevriləcəksiniz. 1875-ci ildə “Əkinçi” qəzetində yazırdı. 

Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik. (“Əkinçi” qəzeti, 04 noyabr 1875-ci il)

 “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində isə yazırdı. 

Elmsiz bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elmi təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan otrü kirəkeşlik edəcəyik. (“Həyat” qəzeti, 28 dekabr 1905-ci il – 4 yanvar 1906-cı il)

 Nəşr etdiyi “Əkinçi” qəzetinin demək olar ki, hər nömrəsində elm təhsil etməyin faydasını, vacibliyini yazar, elmsiz qalan millətin yoxsul yaşayacağını və hətta məhv olacağını vurğulayırdı.

Libasdan tutmuş bəzi yeməli şeylərəcən xarici dövlətlərdən gətirdirik. Pəs heç olur ki, bu yoxsulluğumuzdan danışanda onun səbəbi elmsiz qalmağımız olduğun bəyan etməyək? (“Əkinçi” qəzeti, 14 aprel 1876-cı il)

Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puş olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və ola bilməx imiş, pəs belədə sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq. (“Əkinçi” qəzeti, 18 yanvar 1877-ci il)

 Müsəlmanları elm təhsil etməyə səsləyən Həsən bəy, Goraninin müəllifi olduğu yazını da qəzetində çap etmişdir.

Bir baxın bizim qonşu ermənilərin elm təhsil etməyinə. Qafqazın hər bir şəhərində onların gimnaziyaya bərabər məktəbxanaları var. İrəvan yavıqlığında hətta akademiyaları da var. Amma bizim bircə də elm oxuyan məktəbimiz yoxdur. Ay qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir: millətin gələcəkdə xoşbəxt ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlif-beyi oxumağıdır. (“Əkinçi” qəzeti, 26 may 1877-ci il)

 Məktəblərdə kitabların azlığı, tədris proqramlarının düzgün tərtib edilməməsi, türkdilli müəllimlərin sayının az olması da Həsən bəyi narahat edən məsələlərdən idi. 1876-cı ildə “Əkinçi” qəzetində yazırdı.

Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər. (“Əkinçi” qəzeti, 29 mart 1876-cı il)

Pəs vaxt  keçməmiş elm kitabları gətirib, məktəbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki, müsəlmanlıqda qaim olasınız. Mıx bərk vurulduqcan onu çıxarmaq çətin olur. (“Əkinçi” qəzeti, 11 iyun 1876-cı il)

 Nəcəf bəy Vəzirov da "Əkinçi" qəzetinə göndərdiyi məktubda bu məsələyə münasibət bildirmişdir. 

İndi kitab və müəllimlərdən bir neçə kəlmə danışaq. Biz məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki, böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün onları oxuyub eşqbaz, cürəkeş olmasın və birdə bizi oxudanda məhz oxuyub yazmağı, öyrədirdilər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq. (“Əkinçi” qəzeti, 6 noyabr 1876-cı il, Nəcəf )

 14 fevral 1906-cı il tarixdə isə “Həyat” qəzetində müəllimlərə “Açıq məktub”la müraciət etmişdir.

Müəllim qardaşlarımız, siz məgər qəzet oxumursunuz? Eşitmirsiniz nə qədər yazırlar: “oxuyun, elm təhsil edin”. Məktəblərdə şagirdlər ağlaşırlar ki, oxumaq üçün kitablarımız yoxdur. Zavodlarda fəhlələrimiz fəryad edirlər ki, onları oxumadıqlarına görə adam hesab etməyib vacib məvaciblərini tamam vermirlər.

 Dinin deyil, şəriətin, cəhalətin elm təhsil etməyin önündə bir maneə olduğunu yaxşı başa düşən Həsən bəy bu məsələyə də tez-tez toxunurdu. Müsəlmanlara müraciət edərək, peyğəmbərimizin də elm təhsil etməyin tərəfdarı olduğunu və bir zamanlar islam vilayətlərinin elm təhsil etməkdə xristianlardan heç də geri qalmadığını söyləyərdi. 1876-cı ildə “Əkinçi” qəzetində yazırdı.

Vamberi ismdə bir nemes deyir: “Məğrib, yəni xaçpərəst vilayətləri və Məşriq, yəni islam vilayətləri elm təhsil etməyə qeyr tövr baxırlar. Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizlin saxlayır. Lakin İslam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü olmayıb. Ol vaxtla həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin.

Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur ilə tələf olur.   (“Əkinçi” qəzeti, 13 may 1876-cı il)

 1877-ci ildə qəzetində yazmışdı.

Nə ki elm təhsil etməyə səy etməyib, hətta elm təhsil edən müsəlmanların hamısını kafir hesab edib, indiyəcən ol məktəbxanalara yavıq gəlmir. Bir tərəfdən məzkur bəylik axtaran kəslər işin belə olmağını özlərinin xeyri hesab edir, xalqın gözü açılmağa səy etməyib, öz adətlərinin dəxi ziyadə dəyişdirib, hətta onlarım bəzi həqiqət yolundan bilmərrə çıxıb, belə bəd əməllər ilə xalqı elm öyrənmək yolunun qabağını kəsib, onun dəxi ziyadə avam olmasına bais olublar.  (“Əkinçi” qəzeti, 17 mart 1877-ci il)

 Həsən bəy Zərdabi “Dil və din” yazısında da bir daha elm təhsil etməyin vacibliyini vurğulayır və dilini, dinini qoruyub saxlamağı tövsiyyə edirdi.

Bizim zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya vacibdir ki, zindənganlıq davasında heç olmasa özünü saxlaya bilsin və belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin birisi dil və birisi din və məzhəbdir.   (“Həyat” qəzeti, 6 yanvar 1906-cı il)

 Həsən bəy insanları elmsiz deyil, elmli müsəlman olmağa səsləyirdi.

Demirəm rus ya müsəlman ol, 

Hər nə olsan get, ehli-ürfan ol.

Haşa bu sözü biz deməmişik, amma həmişə deyirik: 

Ey oğul, bu dəlili-bişəkdir,

Adəmi-bisəvad eşşəkdir.

Yəni deyirik eşşəyin müsəlman olmağından çifayda? Adam gərək elm təhsil edib insan olsun ki, müsəlmanlığa qabil olsun.  “Əkinçi” qəzeti, 11 iyun 1876-cı il.

 

Xeyir iş görmək qanacaq ilədir və qanacaq elm ilədir, amma heyf ki, bizim müsəlmanlarda azdır.

          “Həyat” qəzeti, 25 noyabr 1905-ci il, “Cəmiyyəti-xeyriyyə binası” məqaləsi.

 

Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin.

          “Həyat” qəzeti, 14 fevral 1906-cı il, “Açıq məktub” məqaləsi.


        Hazırladı: Bəxtiyar Əsədli


Həsən bəy Zərdabi


Həsən bəy Zərdabi elm, təhsil haqqında Həsən bəy Zərdabi elm, təhsil haqqında Reviewed by Bəxtiyar on 18.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.