Weather forecast for Zardab

Vəkili Milləti-Naməlumun məktubu, H.Zərdabinin, “Əkinçi” yazarlarının cavabları

Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə məktubu

  1877-ci ilin yanvar ayında Mirzə Fətəli Axundzadə “Vəkili Milləti-Naməlum” imzası ilə “Əkinçi” qəzetinin qurucusu Həsən bəy Zərdabiyə məktub göndərmişdir. Həsən bəy Axundzadənin bu məktubunu cavabsız qoymamışdır. “Əkinçi” yazarlarından Məhəmmədtağı Əlizadə, Əlimədəd Abdullahzadə, Mirzə Əsgər ağa Adıgözəlov da Axundzadənin məktubuna cavab yazmışdılar. Həmin məktubların, cavabların yazıldığı dövrün gerçəklikləri ilə bugünkü reallıqlar xeyli fərqlidir. Amma təxminən 150 il keçməsinə baxmayaraq, bu məktub və bu məktuba verilən cavablar öz dəyərini, aktuallığını qoruyub saxlayır.

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il) 

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin... İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə? 

   Həsən bəy Zərdabi (18 yanvar 1877-ci il)

Ey mənim dostum Milləti-islamın təqdirən vəkili-naməlumu... Əlhəqq  bizim zəmanədə elmsiz qalaq millət mürur ilə puç olmağı məlum və aşkardır... Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavanası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər. Ey mənim dostum, heç  bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, onilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın.

   Məhəmmədtağı Əlizadə (02 fevral 1877-ci il)

Cənab Vəkil, buyurursunuz ki, istitaətimiz yoxdur. Bəndə bir Badkubə şəhərindən 100 nəfərəcən müsəlman adlıya bilərəm ki, hər birinin ildə 3-15 min manatacan mədaxili var və hərgah onların hər biri ildə 100 manat versə, Onların halına heç təfavüt etməz. Pəs məlum ki, istitaətimiz var.

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il)

Bərfərz ki, etdik müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin, Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya  yox?  Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə  bahar olmaz.

   Həsən bəy Zərdabi (18 yanvar 1877-ci il)

Saniyən, Tiflis və ya yeri şəhərdə bir məktəbxan açmaq olur ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu apardıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və ya kəndlərində məktəbxana açdıra bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq. 

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il)

Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq  gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz  yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun?

   Həsən bəy Zərdabi (18 yanvar 1877-ci il)

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizət etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü buna mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz. 

   Məhəmmədtağı Əlizadə (02 fevral 1877-ci il)

Bu halda milləti-islam qüvvətdən düşmüş yer kimidir. Lazımdır ki, neçə nəfər sizin kimi öz bədənini oda yandırıb, onun külü ilə bu yeri qüvvətə gətirsinlər ki, sizin övladınız bu yerdən bəhrəyab olsun. Ona binaən lazım bilirəm ki, sizi yandıran oda bəndə də bir pilik vurum: Badkubədə sakin olan ermənilərin bir icması var ki, öz aralarında pul cəm edib ondan ildə 6-7 min manatacan vüsul olan müamilə ilə bir ünas və bir zükur məktəbxanası və bir çapxana açıb elm kitablarını çap edib fəqirlərə müftə və dövlətməndlərə bir az qiymət ilə verir və indi danışıq var ki, bir qəzet və bir jurnal çap elətsin.

   Əlimədəd Abdullahzadə (03 mart 1877-ci il)

Bizlər Rusiya dövlətinin təhti-himayətində şakər ola-ola məkatibi-məzkuriyyələrdən birisinin icadına himmətimiz olmamaq, cavanlara zülm, bizlərə eyib və Vəkilimizə ar deyilmi? Qafqaz vilayətinin bizim kimi nadanları milləti-islamı günü-gündən zəif edən sünni, şiə və qeyr iddiaları araya salıb ittifaqi-milləti fəramuş edib, özgə millətlərin elm-kəmalına və sənəti-əsasına mütəhəyyar qalan zaman bircə "Əkinçi" qəzeti xəlaiqin ittifaqına bais olur və bu əsnada Vəkilimizin tənəsi, yaxamızdan əl çək, rəvadırmı?

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il)

Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir.

   Həsən bəy Zərdabi (02 fevral 1877-ci il)

Ey milləti-islamm təqdirən vəkili-naməlumu, cənabınız biz müsəlman tayfası üçün elm öyrənmək dişvar olduğunu bu dəlil ilə həm sübut edirsiniz ki, müsəlman dillərində yazıb oxumaq çətindir. Doğru buyurursunuz, bizim dillərdə yazıb oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birinə düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna onlara bir-birindən təfavüt vermək çətindir. Amma həqiqət heylə çətin deyil ki, siz buyurubsunuz. Bu halda bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və buna səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğuna əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan rəğbətini kəsirlər. Amma bunilə belə bizlərdən Quran oxumağı bilməyən çox azdır. Çünki Quran oxumaq da oxumaqdır, ona binaən bizim, yasin mollası çox və əsli molla az olmağına səbəb məhz yazıb oxumaq çətin olmağı deyil, onun bir qeyr ümdə səbəbi həm var. 

   Mirzə Əsgər ağa Adıgözəlov (28 aprel 1877-ci il)

Əlbəttə, erməni və gürcülərin çalışanı və itirib-axtaranı olduğuna onların dilində xalqa elm və sənət öyrədəcəklər, lakin bizim nə ki çalışanımız yoxdur, hətta Vəkili-naməlumi-millət özü müqərrər olur ki, bizim dildə yazıb oxumaq çətindir və biz elm təhsil etməyə qadir deyilik. Belədə qeyrilərinin çox vecinədir  ki, məktəblərdə türk dilin-də elm öyrədəcəklər, ya yox? 

   Əlimədəd Abdullahzadə (03 mart 1877-ci il)

Görünür, Qafqaz müsəlmanlarının təqdirən Vəkili-naməlumu ancaq əbcəd səbqində ikən bir kamal hasil edib, indi məəttəl qalıb ki, xalq nə dilində və hansı müəllim ilə pərvəriş olsun. Ona binaən bizim millətin elm təhsilini cənab Vəkilə izhar edirik: elməl-təsrif, nəhv, məan, əruz, əlkəf, məntiq, ibadət, ilahiyyat, təsrif, əxlaq, yəqiq, səqayiq, üsul, fiqh, əhkam, ədəbiyyə, hesab, cəbri-müqabilə, riyazət, hikmət, həndəsə, təbiə. Bu elmləri yunan əhlindən sonra ərəblər kamala yetirib. Onlardan sonra Avropa əhli bu  elmlər ilə pərvəriş alıb nə mərtəbəyə yetişməkləri aşkardır. Bizdə ittifaq və Vəkilimizdə həmiyyət olsa, bizim əsrdə olan mütərcimlər ərəb kitabların fars və türk dilinə tərcümə edib bizim üçün asan edərlər.

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il)

Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdəki bir paraları filcümlə oxumaq, yazmaq bilirlər alıblar, dəxi nə istəyirsən? 

   Həsən bəy Zərdabi (02 fevral 1877-ci il)

Adam yazıb oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savadlı kəsb olunsun. Pəs bizim yasin mollası çox olmağa səbəb oldur ki, yasin ona lazım  olduğuna  məktəbxanadan çıxandan sonra onu oxuyub, əlbəttə, bir qeyr uğumlu şey olseydi, onu da oxuyub yasindən başqa şeydə oxumağı bilirdi. Çünki qəzeti yasin mollası da oxuya bilir və qəzet ümdə belə kəslər üçündür, ona binaən cənabınız müştəri az olmaqdan şikayət elədiyimizə bizə tənə vurmaq bicadır və bunu sübut etməkdən ötrü müştərimizin siyahısını çap edirik ki, siz insaf ilə ona mülahizə edəsiniz (siyahıda 3 nəfəri molla olmaqla, cəmi 119 nəfər müştəri verilirmişdir). Pəs, mənim dostum, Qafqazda üçcə molla var imiş.

   Vəkili Milləti-Naməlum (18 yanvar 1877-ci il)

Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyi-nas, Prus (Prussiya) xalqı kimi və Yeni dünya xalqı kimi, ünasən və zükurən elmdən bəhrəyab ola... Sənin muradın o vaxta kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. 

   Məhəmmədtağı Əlizadə (02 fevral 1877-ci il)

İkinci, buyurursunuz ki, vəsiləmiz  yoxdur, yəni öz dilimizdə oxumaq, yazmaq çətindir. Əzizim, bu dərdə külli millətlər mübtəla olublar. Məsələn, buyurduğunuz Prus xalqı 150 il bundan əqdəm öz dilləri çətin olmağa görə tamam oxumaq-yazmaqları latın dilində idi. Amma mürur ilə elm təhsil edib, indi öz dillərində oxumaq-yazmağı elə asanlığa çıxarıblar ki, qeyr millətlər onların dilində elm təhsil etməyə rağib olub. Pəs məlum ki, vəsilənin olmağı elmin olmağına mövqufdur. Qərəz, bizim elmdən bisəmərə olmağımıza ümdə mane ittifaqımızın yoxluğudur və onun yoxluğuna biz özümüz səbəb oluruq.

   Vəkili Milləti-Naməlum (03 mart 1877-ci il)

Həsən bəy, fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və küll iqla olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək. Əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz... Sonra bu tədbirin nəticəsi hər nə olsa, qəzetində yaz elan et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin. 

  Həsən bəy Zərdabi 14 aprel 1877-ci il tarixdə qəzetin 8-ci nömrəsində yazırdı: “Vəkili-naməlumi-millət məktəbxana xüsusunda bizim Badkubə tərəfinə bir daş atandan sonra, biz hərəkətə gəlib guruldayırıq. Amma indiyəcən yağmur zühura gəlməyib.”

   Hazırladı: Bəxtiyar Əsədli

Vəkili Milləti-Naməlumun məktubu, H.Zərdabinin, “Əkinçi” yazarlarının cavabları Vəkili Milləti-Naməlumun məktubu, H.Zərdabinin, “Əkinçi” yazarlarının cavabları Reviewed by Bəxtiyar on 19.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.