Weather forecast for Zardab

Həsən bəy Zərdabi - milli folklorumuz

Həsən bəy Zərdabi

 Həsən bəyə xalqına aid olan hər şey çox əziz idi. Milli folklor nümunələrimizə də çox dəyər verər, onların qorunub saxlanması üçün çalışar və bunun vacibliyi haqqında söyləyər, yazardı. Sərgərdan gəzən dərvişlərin danışdığı nağılları dinləməyi də sevərdi. Qərib Soltan xanım öz xatirələrində yazırdı ki, atam Vəzirovla söhbət əsnasında “Folklor xalqın zəkası, idealı və temperamentidir” söyləyirdi.

 Həmişə milli folklor nümunələrimizin “bütün insanların qulağı üçün əlçatan etmək lazımdır!” fikrini təbliğ edərdi. “Sizin bir zaman qəzet və jurnallarınız olacaq” söyləyərək gənclərə, müxbirlərə ana dilindəki mahnıları, nağılları, misalları, atalar sözlərini toplamağı və onları qoruyub saxlamağı məsləhət görərdi.

 Şeirdən, musiqidən xalqı tərbiyələndirmək qayəsini tələb edən Həsən bəy, mənasız şeirləri tənqid edər, bayağı nəğmələrin gərəksizliyini söyləyərdi. Zövqə oxşamayan şeirlər yazan şairləri məzəmmət etməkdən də çəkinməzdi. 1 sentyabr 1877-ci ildə “Əkinçi” qəzetində yazırdı: “Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eləsin ki, xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç mənası olmur. Belə çağıranların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş gəlir, amma çifayda, eşşək  anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək səyinə düşən yoxdur”.

 Dövrün şairlərini xalqın ruhunu ifadə edən, haqsızlığı, zülmü hədəfə alan nəğmələr yazmağa səsləyirdir. Şairlərdən bülbülü, gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib, elm təhsil etməyin mənfəəti barəsində şeirlər yazmağı və bu şeirləri aşıqlara zövq ilə oxumağı öyrətməyi xahiş etmişdir. O zaman Seyid Əzim Şirvanidən başqa heç kəs Zərdabinin çağırışına səs verməmişdi. Şirvani elm təhsil etməyin xeyrindən bir-neçə şeir yazmışdı ki, bu şeirlər də “Əkinçi” qəzetində çap olunmuşdur. Müsəlmanların əziyyəti, onlara edilən zülmlərdən isə yazan olmamışdır. Sonralar Həsən bəy “Həyat” qəzetində yazırdı: “Bizim şairlər elm təhsil etməyiblər. Onların qanacağı azdır, gözləri bağlıdır, görmürlər və o zülmlər ki, bizlərə olur, onları zülm hesab etmirlər.”

 Həsən bəy yazırdı ki, erməni aşıqları özlərinin keçmişlərindən, xoş və yaman günlərindən və bu kimi başqa şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birlikdə qalxıb bir adam kimi iş görürlər. Zərdabi yazırdı: “məgər bizim belə olmağımız günahdır?”

 Şairlərə çağırış edərək, “Türk nəğmələri” adı ilə tanınan ilk milli nəğmə mətnləri yazdırdı. Həsən bəy özü də nümunə kimi nəğmə mətni yazmışdı. “Türk nəğmələri” kitabını ilk dəfə 1901-ci ildə nəşr etdirdi və pulsuz olaraq məktəblərə payladı.  

 08 yanvar 1906-cı il tarixdə “Həyat” qəzetində yazırdı ki, bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. “Bizim nəğmələrimiz” adlı məqaləsində isə müəllimlərə müraciət edərək yazmışdı: “Qardaşlar, əgər siz, həqiqətən müsəlman qardaşlarımızı xabi-qəflətdən oyatmaq istəyirsiniz, hanı sizin xoş havalar ilə nəğmə oxuyanlarınız? Niyə zikr olan nəğmələri və qeyri-təzədən çağırılanları şagirdlərə və qeyrilərə öyrətmirsiniz?”.

 “Türk nəğmələri” də milli satqınların və ermənilərin donosuna tuş gəldi. Bakı məktəblərinin rəhbərliyinə xəlvəti şikayət edib, “ziyanlı” adlandırdıqları bu nəğmələrin oxunmasını qadağan etdirmişdilər. Müəllimlərin özləri də bu gərəkli işdən tez əl çəkmişdilər.

 Zərdabi Azərbaycan folklorunun ilk nəşrlərindən biri olan M.Qəmərlinin toplayıb tərtib etdiyi “Atalar sözü” kitabına resenziya yazmış və “Kaspi” qəzetinin 30 dekabr 1899-cu il buraxılışında çap etdirmişdir. Həsən bəy “Türk nəğmələri” kitabını nəşr etdikdən sonra özü də atalar sözləri toplamağa başlamışdır. Çox təəssüf ki, topladığı atalar sözlərini çap etdirməmişdir.

 Hələ uşaqlıq dövründə Şuşada təşkil edilmiş tamaşa, tələbə olanda Tiflisdə gördüyü opera Üzeyir Hacıbəyovu opera yazmağa həvəsləndirmişdir. Xəstə olan Həsən bəyi ziyarət etdikdə, Zərdabi də əl işarələri ilə ondan xalq mahnılarından bir opera yazmasını xahiş etmişdir. Üzeyir bəy 1908-ci ildə zəngin folklor materialları əsasında bir opera yazmışdır.

    Hazırladı: Bəxtiyar Əsədli

Həsən by Zərdabi


Həsən bəy Zərdabi - milli folklorumuz Həsən bəy Zərdabi - milli folklorumuz Reviewed by Bəxtiyar on 14.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.