Weather forecast for Zardab

Həsən bəy Zərdabi - xeyriyyəçilik cəmiyyətləri

Həsən bəy Zərdabi

 Azərbaycanda xeyriyyəçilik cəmiyyətinin yaradılması böyük maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Müəllim işlərkən təhsil alan kasıb, kimsəsiz uşaqlara kömək, maddi yardım etmək məqsədi ilə xeyriyyə cəmiyyəti yaratmağa təşəbbüs etmişdir.

 1871-ci ildə rus və Azərbaycan dillərində yazdığı cəmiyyətin nizamnaməsi “Müsəlmanlardan dərs oxuyan uşaqlara iyanət etmək üçün fərahəm olan icmanın vaxtilə qərar olunan qaidəsidir” adlanır. Nizamnamənin altıncı maddəsində cəmiyyətin əsas məqsədi, yetim və kimsəsiz uşaqlara təhsil vermək məqsədi açıqlanır. Bu maddədə yazılıb ki, “İcma şagirdlərinin cümləsinə götürüləcəkdir. Hər bir müsəlman əhalisinin ki, elm kəsb etməyə qüdrəti yoxdur və əksərən yetim olan uşaqlardır”.

 Həsən bəyin xeyriyyə cəmiyyəti hökumət dairələri tərəfindən hüquqi cəhətdən təsdiq edilir. İanələr böyük zəhmət ilə yığılsa da, bu, Həsən bəyi qətiyyən ruhdan salmırdı. O, Qafqazı gəzərək, cəmiyyətə üzv toplamağa çalışırdı. Qafqaz şəhərlərindən cəmiyyətin xəzinəsinə bir qədər pul daxil olmuşdur. Hətta Bakıda məktəbə düzəlmək üçün onun yanına iki uşaq da göndərirlər. Həsən bəy çətinliklə olsa da, onları şəhər məktəblərinə düzəldə bilir. Lakin, ödəmələr az-az daxil olurdu. Əhali və hətta nizamnamə ərizəsinə imza atanlar da xeyriyyəçilik çağırışına yetərincə qoşulmurdu.  

 Həsən bəy Bakının baş ruhanisi Cavad Axunda müraciət edərək kömək istəyir. Axund tanınmış, nüfuzlu, varlı insanları evinə dəvət edir. Həsən bəy toplaşan insanlara cəmiyyəti-xeyriyyə nədir və onun xalq üçün gələcəkdə hansı faydanın verəcəyi haqqında məlumat verir. Pul, ianə sözü araya gələndə toplaşan insanlar hərəsi bir bəhanə ilə məclisi tərk edirlər. Həsən bəy Zərdabi yazırdı ki, “Mən dəftərimi qoltuğuma vurub mənzilimə gələndən sonra bizim bədbəxt müsəlmanların hərəkətindən bir neçə gün xörək yeyə bilmədim və gecələr yuxu mənə haram oldu. Bəs deyilmi, haçan biz ayılacağıq”. Cəmiyyətin vəsaiti yetərsiz olduğu üçün fəaliyyəti dayanır və tədricən bağlanır.

 Zərdabi 28 dekabr 1905-ci il – 4 yanvar 1906-cı il tarixlərində “Həyat” qəzetində dərc edilmiş “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazırdı: “Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynayan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq.”

 Həsən bəy XX əsrin əvvəllərində yenidən bu məsələyə qayıtmış və bu dəfə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rus və Azərbaycan dillərində nizamnaməsini yazaraq Qafqaz Canişinliyi idarəsinə təqdim edir. Nizamnamə 10 oktyabr 1905-ci il tarixdə Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdir.

 Nizamnamə altı bölmədən və 42 bənddən ibarət olmuş, sonunda 21 nəfərdən ibarət olan təsisçilərinin adları qeyd edilmişdir. Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Məlikov, Əli Mərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza bəy Vəkilov, Həsən bəy Ağayev, Kərbəlayi İsrafil Hacıyev, Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsədbəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Atamaliyev, Nəcəf Əmiraslanov.

 Nizamnamədə Cəmiyyətin məqsədi belə izah edilirdi: “Müalicəxanalarda, əlillər evlərində, digər xeyriyyə müəssisələrində əldən düşmüş qocaları saxlamaq, habelə kasıb müsəlman uşaqlarının orta və ali tədris müəssisələrinə daxil olub, təhsillərinin başa vurulmasına maddi yardım göstərmək. Kasıb müsəlmanlara Cəmiyyətin köməyi onlara paltar, yemək verilməsi, mənzillərində tibbi xidmət göstərilməsi, nadir hallarda isə pul vəsaitlərinin verilməsi və tədris haqqının ödənilməsindən ibarətdir”.

 Bu cəmiyyətin də fəaliyyətində çətinliklər yaranırdı. 25 noyabr 1905-ci il tarixdə “Həyat” qəzetində dərc edilmiş “Cəmiyyəti xeyriyyə binası” məqaləsində Zərdabi yazırdı: “Bakıda güya ki, biz böyük iş görmüşük. Bivucüdi ki, bizim elm zəmanəmizdə heç bir millət yoxdur ki, onun nə ki bir, hətta bir-neçə cəmiyyəti-xeyriyyəsi olmasın və onlar 10 və dəxi artıq illərdir ki, xeyir iş görməyə məşğuldurlar... Xeyir iş görmək qanacaq ilədir və qanacaq elm ilədir, amma heyf ki, bizim müsəlmanlarda azdır... Qonşu millətlər bizdən nə qədər irəli gediblər və bunun ümdə səbəbi onların cəmiyyəti-xeyriyyəsi olubdur. Bəs deyilmi, haçan biz ayılacağıq?”

 Cəmiyyətin ilk iclasında 11 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və başqaları idarə heyətinin üzvləri, Bakı qubernatoru knyaz M.N.Nakaşidzenin arvadı Adelanda Lvovna Nakaşidze cəmiyyətin fəxri sədri, H.Z.Tağıyevin həyat yoldaşı Sofiya Tağıyeva isə idarə heyətinin fəxri üzvi seçilmişdilər. Azərbaycanda fəaliyyətə başlayan ilk müsəlman xeyriyyə cəmiyyətinin əsasən H.Z.Tağyevin və digər Bakı milyonçuları maliyyələşdirildilər.

 Cəmiyyətin üzvləri fəxri, həqiqi və adi olmaqla üç qrupa bölünürdü. Nizamnaməyə əsasən fəxri üzvlər Cəmiyyətin ümumi yığıncağında seçilərək birdəfəlik 500 rubl, ildə isə 50 rubl, həqiqi üzvlər isə ildə 5 rubl, adi üzvlər isə 1 rubldan az olmayaraq 5 rubladək cəmiyyətə üzvlük haqqı verməli idilər. Cəmiyyətin əsas gəliri üzvlük haqlarından, pul, paltar, habelə müxtəlif vasitələrlə verilən ianələrdən, konsert tamaşalarından, bədii gecələrdən toplanmış vəsaitdən ibarət idi. Cəmiyyət öz üzvləri tərəfindən bir il müddətinə ümumi iclasda seçilmiş idarə heyəti tərəfindən idarə edilir və ayda bir dəfədən çox olmayaraq iclaslarını keçirirdi.

 Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən Bakı və onun ətraf ərazilərində fəaliyyət göstərirdi. Həsən bəy bölgələri gəzər, bütün gücünü sərf edərdi ki, cəmiyətə mümkün qədər çox üzv cəlb etsin və cəmiyyət onların hesabına yaşaya bilsin.

 Müharibə başlayanda cəmiyyət öz nizamnaməsində bəzi dəyişiklik edilmişdir. Cəmiyyətin Qars, Ərzurum və Tiflisdə xüsusi şöbələri açılmış və nəzdində "Fəlakət və hərbzədələrə yardım şöbəsi" yaradılmışdır. Qafqaz cəbhəsindən qaçqın düşənlərə, ata-analarını itirmişlərə, əsir düşmüş türk əsgərlərinə yardımlar edilmiş, bu sahədə təqdirəlayiq işlər görülmüşdür.

 Cəmiyyət Azərbaycan Xalq Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirmişdir.

   Hazırladı: Bəxtiyar Əsədli



Həsən bəy Zərdabi - xeyriyyəçilik cəmiyyətləri Həsən bəy Zərdabi - xeyriyyəçilik cəmiyyətləri Reviewed by Bəxtiyar on 4.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.