Weather forecast for Zardab

Həsən bəy Zərdabi - Bakı Şəhər Duması

Həsən bəy Zərdabi


 1877-ci ilin dekabrında Bakıda Şəhər Duması və Uprava təsis olundu və 1918-ci ilədək fəaliyyət göstərdi. Hüquqi baxımdan şəhər Duması və Uprava qubernator və yerli polisdən asılı idi. Səlahiyyətləri isə şəhər təsərrüfatının inkişafı, şəhər quruculuğu, su təminatı, səhiyyə, təhsil, maarif və bu kimi digər yerli məsələlərlə məhdudlaşırdı.

 Əhaliyə şəhər Dumasına üzvlər seçmək hüququ verilmişdir. Duma üzvləri arasında başqa millətlərin nümayəndələri sayca çoxluq təşkil edirdi. Əhalisinin 75 faizi müsəlmanlardan ibarət olan şəhərdə, duma üzvlərinin yalnız beşdə biri müsəlmanlardan seçilə bilərdi. Bu ədalətsizlik ilə barışa bilməyən Həsən bəy təkbaşına qubernatorun qəbuluna gedərək xəbərdarlıq etmişdi ki, müsəlmanlar bu ədalətsizliyə görə hiddətləniblər, əgər siz tədbir görməsəniz şəhər idarəsini dağıdacaqlar. Qubernator bu məsələyə ciddi yanaşır və Tiflisə gedərək canişin vasitəsilə nazirdən yeni əmr alır. Yeni əmrə əsasən duma üzvlərinin üçdə biri azərbaycanlılardan, üçdə biri ruslardan, üçdə biri isə ermənilərdən ibarət olmalı idi.

 1880-cı ildə Həsən bəy Zərdaba getməyə məcbur olur. Elə birinci deputat seçkisində ermənilər məsələ qaldırır və onların səyi nəticəsində şəhər Dumasında cəmi 5-6 nəfər müsəlman əyləşir. Bakıya gələn Həsən bəy öndə olan müsəlmanlara şikayət ərizəsi yazıb imzalamağı təklif edir. Lakin onun təklifini rədd edirlər və ərizəyə imza atmırlar. Ədalətsizliklə barışmayan Həsən bəy “Pirəli Pirbudaq oğlu” imzası ilə nazirə şikayət ərizəsi göndərir. Savadla yazılmış bu məktub nazirin diqqətini cəlb edir və ərizəni qubernatora göndərərək bu məsələnin araşdırılmasını istəyir. Bundan sonra hamıda cəsarət yaranır və Həsən bəyin yazdıqlarını təsdiqləyirlər. Qanun dəyişdirilir və duma üzvlərinin yarısının müsəlmanlardan, yarısının isə xristianlardan seçilməsinə icazə verilir. Bu qayda 1906-cı ilə qədər davam edir. Ermənilər və ruslar bu tərkibdən şikayət edirlər və yenidən Duma üzvlərinin üçdə birinin ermənilərdən seçilməsinə icazə verilir.

Çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabi Məlikov, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Səfərəliyev qardaşları, Fərrux bəy Vəzirov, Məmmədrza Vəkilov kimi azsaylı ziyalılarımız Duma üzvləri arasına düşə bilmişdilər. Həsən bəy Zərdabi ardıcıl olaraq Dumaya üzv seçilmiş, əvvəl təftiş komissiyasının üzvü, sonra sədri, məktəb, tibb, bağçılıq və təsərrüfat komissiyalarının daimi üzvü, yarmarka komitəsinin və su təchizatı komissiyanın üzvü olmuşdu. Eyni zamanda, "Qocalar evi"nin qəyyumu, Mariya gimnaziyasında qəyyumlar şurasının üzvü idi. Bakı rus-müsəlman qız məktəbinin layihəsinin və nizamnaməsinin hazırlanmasında iştirak etmişdi.

 Həsən bəy Dumanın iclaslarının, toplantılarının əksəriyyətində iştirak edər, demək olar ki, müzakirəyə çıxarılan bütün məsələlərlə bağlı fikir bildirərdi. Həsən bəy xalq, millət uğrunda yorulmadan mübarizə aparırdı. Bir çox üzvlər özləri üçün çalışdıqları halda və qohumlarını və tanışlarını müdafiə etdikləri zaman, Həsən bəy şəhər üçün, əhali üçün çalışaraq, Dumanın nəzərini daha vacib məsələlərə cəlb etmək istəyirdi. Onun fəaliyyəti bəzilərinin xoşuna gəlməzdi və bəyə deyərdilər ki, “sənin başında tük yox, cibində də pul! Bu nə əhali deyib bağırırsan?”

 Məktəb komissiyasının üzvi olan Həsən bəy, şəhər “rus-tatar” məktəblərinin sayının artmasını istəyirdi. Onun səyi nəticəsində şəhər məktəblərinin sayı üçdən on altıya qədər artmışdır. Həsən bəy məktəb müdirlərindən türk dərsləri proqramının artırılmasını da tələb edərdi.

 Həsən bəy 1896-cı ildə Bakı qubernatoruna müsəlman qızlar üçün məktəb açılması təklifi ilə müraciət etmişdi. Mənfi cavab aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Tağıyev ideyanı dəstəkləyir və 1898-ci ilin mart ayının on altısında məktəbin nizamnaməsi təsdiqlənir. Qarşıya çıxacaq problemləri aradan qaldırmaq məqsədilə təhsil müəssisəsinə imperiatriçə Aleksandr Fyodorovnanın adının verilməsini dəstəkləyirlər. 7 oktyabr 1901-ci ildə qız məktəbinin açılışı baş tutur. Bakı Dumasının üzvləri Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov məktəbin qəyyumlar şurasına seçilirlər və bu şəxslər qız məktəbinin sonrakı fəaliyyətində mühüm rol oynayırlar.

 1904-cü ildə çar II Nikolayın gözlənilən vəliəhdi dünyaya gəlir və imperiya ərazisində  bayram tədbirləri keçirilməyə başlanır. Dumanın 21 sentyabr 1904-cü il tarixli iclasında Həsən bəy və Əlimərdan bəy Topçubaşov bu hadisədən yararlanmağı qərara alırlar, vəliəhdin adına yeni ibtidai məktəb açmağı təklif edirlər.

 1901-ci ilin avqust iclaslarından birində xəbər verilir ki, şəhər yetimxanasındakı uşaqlar arasında göz xəstəliyi yayılıb və  vəziyyəti ağırlaşmış uşaqların sayı artıb. Həsən bəy çıxışında bildirir ki, görünür ki, yetimxanaya nəzarət yoxdur, xəstəliyin qarşısının vaxtında alınmaması üzündən uşaqların təxminən yarısı xəstələnib. Dumanı qınayaraq bildirir ki, yetim uşaqlar üçün sığınacaqlardakı anormal vəziyyət barədə məsələ qaldırılıb, lakin heç bir tədbir görülməyib. Həsən bəyin çıxışından sonra dərhal məsələ ilə bağlı ölçü götürülmüşdür.

 1898-1907-ci illərdə Dumanın əksər iclaslarında su təchizatı ilə bağlı su kəməri komissiyasının işi, şəhərin içməli su ilə təminatı müzakirəyə çıxarılmışdır. İri müəssisə sahibləri olan bəzi Duma üzvləri də qazanc məqsədilə bu məsələ ilə maraqlanırdılar və odur ki, Duma uzun müddət məsələ ilə bağlı yekdil fikrə gələ bilmirdi. Həsən bəy və digər Duma üzvləri isə şəhər əhalisinin, sadə vətəndaşların maraqlarını müdafiə edirdilər. Həsən bəy əhaliyə içmək üçün yararsız suyun şirinləşdirərək verilməsi təklifinə etiraz edərək belə demişdi: "Bulaq suyu təkcə içməli su deyil, həm də orqanizm üçün qidadır, biz hamımız quyu suyu ilə boya-başa çatmışıq, şirinləşdirilmiş su bütün tənqidlərdən aşağıdır. Biz fabrik üçün nəyin yarayıb-yaramadığının qeydinə qalmırıq, biz əhalidən danışırıq".

 Ambarsum Məlikov Zuğulbada ona məxsus ərazidəki mənbədən içməyə yaramayan suyu şəhərə gətirmək istəyirdi. Ambarsumun dəmtutanları Həsən bəyə 8 min rüşvət təklif etmişdilər ki, Zuğulba su kəməri barədə sussun, etiraz bildirməsin. Özünü təhqir olunmuş sayan Həsən bəy onları qovmuşdur. Bütün qüvvəsi ilə Zuğulba su kəmərinə etiraz etsə də, hansı yollarlasa bu su xətti çəkilir.

 Sonradan Varşava su kəmərinin qurucusu Lindleyin mühəndisliyi ilə Samurun Şollar bulağından Bakıya su kəməri çəkilməsi qərarına gəlinir. 1917-ci ildə Şollar-Bakı su kəməri tam istifadəyə verilir.

 Həsən bəy həmişə Kür çayından Bakıya su çəkilməsinin, əhalinin, kənd təsərrüfatının ehtiyaclarının ödənilməsi üçün Kür suyundan istifadə edilməsinin tərəfdarı kimi çıxış edərdi. Onun bu arzusu sovet hakimiyyəti illərində həyata keçdi və Kür çayından Bakıya su kəməri çəkildi.

 Həsən bəy müzakirələr zamanı cəsarət nümayiş etdirərək dövlət vəsaitlərini oğurlayan və israfçılıq edən rus məmurlarına qarşı mübarizə aparırdı. Dövlət Tarix Arxivinin “Bakı şəhər idarəsi” fondunda Həsən bəyin şəhər Dumasına yazdığı və məmurları ifşa edən ərizələrinə dair üç sənəd qorunur. Onlardan biri “Küçələrin döşənməsinə nəzarət xidmətində Terentyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi səbəbi ilə təhqiqatın aparılması haqqında yazışma” adlanır. Zərdabi 18 aprel 1901-ci ildə Dumaya təqdim etdiyi ərizədə Terentyevi küçələrin, körpülərin salınması və təmiri işlərində büdcədən sui-istifadədə, əlavə yeyintidə günahlandırır. Şəhər icraiyyə üzvü Smolenski müxtəlif işçilərdən aldığı rəylər ilə ərizədəki iradları malalamağa çalışır və təhqiqatı nəticəsi olmayan sonluğa aparıb çıxarır.

 Həsən bəyin 19 aprel 1901-ci ildə verdiyi daha iki ərizəsi də hakimiyyət məmurları tərəfindən eyni münasibətlə üzləşir. Dövlət Tarix Arxivində “Şəhər bağçılıq xidməti üzrə A.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqata dair yazışma” və “Mazut toplanmasının müdiri K.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqat haqqında yazışma” adlanan sənədlər saxlanılır. A.Vasilyev şəhər idarəsinə yazdığı izahatında şəhər bağlarının salınması, saxlanması xərclərində səlahiyyət həddindən artıq heç nə etmədiyinə “and-aman” etmişdir.

 Həsən bəyin Mazut toplanmasının müdiri haqqında yazdığı ərizənin araşdırılması isə təxminən 2 il aparılmış və komissiya Məlikovun şikayəti əsassız hesab edilmişdir. Komissiyanın qərarından aydın olur ki, guya, mazutun toplanılması və satışı işində cinayət, sui-istifadə halı yoxdur.

 Həsən bəy iclasların birində sədr M.A.Belevskidən şəhər bağlarının və körpülərin tikintisi üçün vəsait və materiallar haqqında soruşur. Duma sədri izahat verir ki, ayrılmış məbləğ və materiallar tikinti işlərinə sərf olunacaq. Həsən bəy ona yenidən söz vermək istəməyən Duma sədrinə, “Nə üçün? Ona görə ki, düzgün məruzə etmirsiniz” söyləyir.

 Həsən bəy sonuncu dəfə 17 fevral 1907-ci il tarixdə Dumanın iclasında iştirak etmişdir. Yeni seçki başlayanda özünə qutu qoymuş, lakin xəstə olduğu üçün onu seçməmişdilər. Heç kim ona seçilməməsi haqqında bir söz demədi. O isə özünü yenə də Duma üzvi bilir və hətta iclaslara nə üçün çağırılmadığına təəccüb edirdi.

 Həsən bəy Bakı Dumasının ən fəal üzvi olmuş və əhali üçün böyük xidmətlər göstərmişdir. Bakı şəhərinin keçmiş rəhbəri Rayevski Həsən bəyin dəfnində demişdir: “Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim”.

 14 yanvar 1908-ci il tarixdə Bakı şəhər Duması Rus-tatar məktəbinə Həsən bəy Məlikovun adının verilməsi, həmçinin Moskva Universitetində onun adına təqaüd təsis edilməsi haqqında qərar qəbul etmişdir.

      Hazırladı: Bəxtiyar Əsədli



 

Həsən bəy Zərdabi - Bakı Şəhər Duması Həsən bəy Zərdabi - Bakı Şəhər Duması Reviewed by Bəxtiyar on 6.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.