Weather forecast for Zardab

Həsən bəy Zərdabi – Azərbaycan müəllimlərinin qurultayı

Həsən bəy Zərdabi

 Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin 2 qurultayı çağırılmışdır. 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə baş tutmuşdur. Həsən bəy xəstə olduğu üçün II qurultayın iclaslarında iştirak etməsə də, Əli bəy Hüseynzadənin sədrlik etdiyi qurultaya təbrik məktubu göndərmişdir.

 Milli məktəbləri, elm və təhsil cəmiyyətlərini xalqı bəlalardan xilas etməyin vasitələrindən biri hesab edən Həsən bəy, doğma dilimizi bilən müəllimlərin çox olmasının, müəllim kadrlarının hazırlanmasının, milli məktəblərin açılmasının, doğma dilimizdə dərs vəsaitlərinin hazırlanmasının vacibliyi haqqında müntəzəm olaraq yazardı.

 18 yanvar 1877-ci ildə “Əkinçi” qəzeti (Vəkili Milləti-Naməlum) yazırdı: “Bərfərz ki, etdik müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin, Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?"

 Kadr çatışmamazlığından, məktəblərimizin azlığından, bəzi müəllimlərin bacarıqsızlığından gileylənən “Əkinçi” qəzeti  26 may 1877-ci il tarixdə (Gorani) yazırdı: “Bizim müəllimlər qol gücünə biçarə uşağı yarımcan edib əlif-bey öyrədib sonra əlhəmdülillahı əzbərlədib korazehin edirlər. Amma elm oxumuş müəllim uşağı həvəsə gətirib əmcəkdən kəsilmiş uşağı çörəyə, suya öyrədən kimi əlif-beydən sonra ona qaranı tanıdır. Pəs, qardaşlar, gərək mürur ilə təzə məktəbxanalar bina edib, az-çox elmdən xəbərdar olandan oraya müəllim tutmaq. Bir baxın bizim  qonşu ermənilərin elm təhsil etməyinə. Qafqazın hər bir şəhərində onların gimnaziyaya bərabər məktəbxanaları var. İrəvan yavıqlığında hətta akademiyaları da var. Amma bizim bircə də elm oxuyan məktəbimiz yoxdur. Ay qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir: millətin gələcəkdə xoşbəxt ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlif-beyi oxumağıdır.”

 Həsən bəy 1906-cı ilin ilk aylarında, müsəlman müəllimlərinin birinci qurultayı ərəfəsində də, qurultayda gündəlikdə duran məsələr ilə bağlı mətbuatda çıxış etməyi gərəkli bilmişdir. 14 fevral 1906-cı il tarixdə “Həyat” qəzetində dərc etdirdiyi yazıda xalqa, xüsusən ziyalılara müraciət etmiş, 17 oktyabr manifestinə işarə edərək yazırdı: “Bəs indi nə üçün məktəbxanalar açmayırıq, uşaqlarımızı oxutmamayırıq ki, biz istədiyimiz ixtiyarı bizə veriblər?” Həmin ərəfələrdə proqram tərtib etmək, tədris vəsaiti və metodikası haqqında təkliflər planı hazırlamaq təklifi irəli sürülmuşdür. Zərdabi bu təklifi cavabsız buraxan müəllimləri, “qardaşlar yatmaq vaxtı deyil” sözləri ilə fəal olmağa çağırıldı. “Həyat” qəzetində yazırdı: “Müəllim qardaşlarımız, siz məgər qəzet oxumursunuz? Eşitmirsiniz nə qədər yazırlar: “oxuyun, elm təhsil edin”. Məktəblərdə şagirdlər ağlaşırlar ki, oxumaq üçün kitablarımız yoxdur. Zavodlarda fəhlələrimiz fəryad edirlər ki, onları oxumadıqlarına görə adam hesab etməyib vacib məvaciblərini tamam vermirlər. Xülasə, keçən ildə bir tərəfdən tətil edənlərin “yaşasın hürriyət” sədası və bir tərəfdən də daşnak Satyonun tapança, tüfəng və top gurultusu hamı müsəlmanları ayıldıb, hamı oxumaq istəyir”.

 Həsən bəy yaşının çox olmasına baxmayaraq, təhsil, pedaqoji xarakterli məsələlərin müzakirəsində, həllində dərin zəkaya, təcrübə və biliyə malik olduğunu büruzə verirdi. Həm bu xüsusiyyətlərinə görə, həm də qurultayın təşəbbüskarı kimi Müəllimlərin birinci qurultayına sədr seçilmişdir. Odessa Tibb İnstitutunda təhsil alan Nəriman Nərimanov isə sədr müavini seçilmişdir. Bu qurultayda bir çox mühüm məsələlər ilə yanaşı, müəllimlərə çətinliklər yaradan “lal metod” adlanan tədris üsulu da müzakirə edilmişdir. Müəllim şagirdlərinə hər hansı bir cümləni rus dilində öyrətmək üçün, bu cümləni həm rus dilində söyləməli, həm də səs və hərkətlər ilə anlatmalı idi. Qurultay bu üsulun ləğv edilməsini qərara aldı. Həsən bəy bu qərarı həyata keçirmək üçün Qafqaz valisindən bu üsulun Azərbaycan məktəblərində ləğv edilməsi üçün əmr verməsini xahiş etmək təklifini irəli sürür. Nərimanov və tərəfdarları isə xahiş etmək deyil, tələb etmək təklifini irəli sürürlər.

 Nərimanovun təklifindən sonra mübahisə uzanır. Həsən bəy cəmiyyətin inkişaf etdirilməsinin, zəmanənin dəyişdirilməsinin tərəfdarı idi. Bu yolda elmin, təhsilin, maariflənməyin vacibliyini də dərk edirdi. Onun böyük təcrübəsi və səbri var idi, səs-küy salan və özünü gözə soxan insan deyildi. Hökümətə yaltaqlıq və ya “qulluq etməyən” bu insan, “tələb etmək”lə qorxutmadan da hökümətdən nələrisə almağı bacarmışdır. Digərlərinin mülahizələrinə, təkliflərinə hörmətlə yanaşan Həsən bəy, Nərimanova etiraz edərək bildirmişdir ki, “Sən nə ilə tələb edirsən? Topun-tüfəngin var, yoxsa ordun var? Bəlkə, bir-birinin canına daraşmış qoçulara güvənirsən?” Nərimanovun tərəfini saxlayan müəllimlərə isə “Siz gəncsiniz, təcrübəniz azdır, güc ilə iş aşmaz!” söyləyir. Seyidov soyadlı doktor isə bəyə “Ağıl yaşda deyil, başdadır” deyərək ağır cavab vermişdir.

 Bu qurultayın qərarlarına hökümət əhəmiyyət verməsı də, bəzi vacib əhəmiyyəti oldu. Belə ki, müəllimlər öz doğma ana dillərinə daha çox fikir verməyə və türk dilini bilməyən müəllimlər isə bu dili öyrənməyə başladılar.

    Hazırladı: Əsədov Bəxtiyar

Həsən bəy Zərdabi


Həsən bəy Zərdabi – Azərbaycan müəllimlərinin qurultayı Həsən bəy Zərdabi – Azərbaycan müəllimlərinin qurultayı Reviewed by Bəxtiyar on 10.8.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.