Zərdaba gedirəm: Bakı - Ucar - Zərdab
Zərdaba Bakı-Ucar yolu ilə virtual səyahətimiz burada yarımçıq qalmışdı. Bu dəfə biz Zərdabın kəndləri ilə tanış olacağıq, amma hələki yarımçıq səfərimizi tamamlayaq.
Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunub. Rayonun adı, yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl - İstəxrinin "Məmləkətlərin yolları" kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur.
Hazırki Ucar və Zərdab rayonlarının ərazisi e.ə. IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində meydana gəlmiş Qafqaz Albaniyasının tərkibindəki Əcəri vilayətinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, bizim rayonun ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Zərdaba gedən bu marşurutda siz qonşu rayonun Qazyan və Lək kəndləri ilə də tanış olacaqsınız.
Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunan Qazyan kəndi Ucarda ən böyük, Azərbaycanda 2 -ci kənd sayılır.
Qazyan coğrafi adının mənası belədir: Yan – Məkan, yurd, oba adını bildiririr. “Qaz” isə tayfa adıdır, yəni “Qaz” tayfalarının yaşadığı yer mənasını verir. Bəziləri isə Qafqaz dağlarının Qazyan adından götürüldüyünü bildirir.
Kənd Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunur. Kənd ətrafında arxoloji qazıntılar zamanı 1 milyon il əvvələ aid məişət əşyaları tapılmışdır.
Lək kəndinin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər ,xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki, hər ailədə evdə rast gəlmək mümkün idi.
Bu adda kənd və məhəllələrə respublikamızın müxtəlif regionlarında rast gəlmək olar.
Bu da Zərdab rayonu...
Rayona girişdə ilk kənd Çallı kəndidir. Bu kənd şose yolunun hər iki boyunca yerləşir. Azərbaycana aid tarixi mənbələrdə Zərdabla yanaşı Çallı kəndinin adına bir neçə yerdə rast gəlinir.
Tarixi mənbələrə görə 1736-1747-ci illərdə bu ərazilər Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibində olan Azərbaycanın bir hissəsi olmuşdur.
Nadir şahın ölümündən sonra ərazi Şamaxı xanlığının Qarasubasar mahalına daxi idi. “Qarasubasar mahalına Şilyan, I Ləki, II Ləki, Əlvənd, Muradxan, Xələc, Zərdab, Çallı və s. kəndləri daxil idi. Mahalın əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu” (Bayramova N. Şamaxı xanlığı, Bakı, “Təhsil”, 2009, 396 s.)
Çalli kəndindən eyni zamanda rayonun digər kəndləri olan Məlikmudlu və Alıcanlı kəndlərinə də getmək olar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi T.V.Əliyev zerdab.com saytında Məlikumudlu ərazisindən aversində oğuz damğası olan ox kaman və oğuz boylarının sayını bildirən ulduzlar olan pul sikkələri tapıldığını qeyd edir . O, həmçinin yazıların ərəb əlifbası ilə yazıldığınl və sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir.
İndiki Məlikmudlu kəndinin ərazisi Zərdab rayonunun Şahhüseyinli, Dəliquşçu , Qaravəlli kəndlərinin, həmçinin bu günkü Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının müəyyən əraziləri ilə birgə Xançobanı mahalına daxil idi. Tarixi sənədlərdə mahalın naibinin Məlik Umud olduğu ğöstərilir. Çox güman ki, Məlikmudlu kəndinin adının mənşəyini burada axtarmaq lazımdır. Kənd haqqında daha geniş məlumatı buradan oxuya bilərsizniz.
Tarixi faktlar əsasında Zərdabın kəndlərinin ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşdiyini demək olar.
Çallı kəndini keçdikdən sonra təxminən 12 km məsafədə qət edətək Zərdabın mərkəzinə çatmış oluruq. Şəhərin girişində dörd yol adlanan ərzidə yanacaqdoldurma məntəqəsinin xidmətindən istifadə edə bilərsiniz. Eyni zamanda buradan şəhərə girmədən Ağcabədi rayonuna, şərti olaraq yuxarı kəndlər adlanan Zərdabın digər kəndlərinə də istiqamət ala bilərsiz. Eyni zamanda əks istiqamətə dönməklə Kürdəmir, İmişli rayonlarına da gedə bilərsiz.
"Necə getməli?" sualına burada cavab yazmağa ehtiyac görmədik. Soruşun, dörd yol ərazisindəki insanlar sizə geniş məlumat verəcəklər.
Zərdabın Məlikmudlusundan Albaniyaya uzanan tarix
Reviewed by Camil Asad
on
23.12.16
Rating:
Hiç yorum yok: