Weather forecast for Zardab

Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr

Zərdabda nələr olub?

Zərdab uşaq incəsənət məktəbi
Uşaq incəsənt məktəbi - 2017-ci il



/22.10.2009/ Zərdabda Uşaq İncənət Məktəbi istifadəyə verildi


        Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Zərdab rayonunda da incəsənətin təbliğinə və inkişafına xüsusi diqqət göstərilir. Bu fikirlər bugünlərdə rayonumuzda inşasına 2007-ci ilin dekabr ayında başlanmış Uşaq İncəsənət Məktəbinin açılışında səsləndirilib. Bildirilib ki, Zərdabda smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğının bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Uşaq İncəsənət məktəbində 8 ixtisas fənni üzrə dərslər keçiriləcək. Açılışdan öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rayonumuza səfər etmiş Uşaq İncəsənət Məktəbi ilə tanış olmuşdu. 



/20.10.2009/ YAP Zərdab rayon təşkilatı bələdiyyə namizədlərini müəyyənləşdirdi



        Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı bələdiyyə seçikləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq müvafiq addımlar atır. www.zardab.com.az-ın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Proqrama əsasən seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılıb. Belə ki, rayon üzrə 27 bələdiyyəyə 235 namizəd irəli sürüləcək. Artıq bütün namizədlər müəyyənləşdirilib və hazırda lazımi sənədlərin dairə seçki komissiyasına təqdim olunması üçün iş aparılır. 



/17.10.2009/ Prezident rayonumuzun daha bir müəlliminə "Tərəqqi" medalı verdi



        Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 30 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə mükafatlandırılan müəllimlər sırasında Zərdab şəhər 3 saylı məktəbin müəlliməsi Cavahir Əlabbas qızı İsmayılova da var. www.zardab.com.az-ın kollektivi həmyerlimizi bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzulayır. 



/17.10.2009/ Zərdabda xeyirxah aksiya


        Bugünlərdə Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Zərdab rayon Mərkəzi Xəstəxanasına gələrək burada pulsuz göz əməliyyatları aparıblar. www.zardab.com.az-ın xəbərinə görə, göz əməliyyatları həmyerlimiz tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin təşəbbüsü və dəstəyi ilə gerçəkləşib.

       Zərdab rayon Mərkəzi Xəstəxanasından www.zardab.com.az-a daxil olan məlumata görə, ümumilikdə 4 müharibə veteranı gözündən əməliyyat olunub. Digər əməliyyat olunan şəxslərdən isə yalnız əməliyyat üçün lazım olan tibbi materiallar alınıb. 



/13.10.2009/ Milli Dram Teatrı Zərdabda "Varlı" qadın"ı səhnələşdirəcək



        Həmyerlimiz Maqbet Bünyatovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 13-14-də Zərdab rayonunda qastrol səfərində olacaq. Bu barədə www.zardab.com.az-a teatrın direktor müavini, əməkdar artist Azər Mirzəyev məlumat verib. Azər Mirzəyevin sözlərinə görə, səfər çərçivəsində teatrın yaradıcı kollektivi yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" tamaşası ilə çıxış edəcək. Direktor müavini oktyabrın 15-də isə həmin əsərin Ucar rayonunda səhnələşdiriləcəyini bildirib. 



/09.10.2009/ Müəllimlər günü Zərdabda da qeyd olundu
    
    Beynəlxalq Müəllimlər günü Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Zərdab rayonunda da qeyd olundu. www.zardab.com.az-ın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, rayon təhsil işçiləri və bir sıra qonaqlar iştirak etdilər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı son illər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açdı. Lütvəli Babayev həm prezident İlham Əliyevin, həm də ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına, yeni-yeni məktəblərin inşasına xüsusi diqqət göstərdiklərini bildirdi. İcra başçısı son illər Zərdab rayonunda da bir neçə təhsil müəssisəsinin inşa olunduğunu, bəzilərinin isə yenidənqurmadan sonra şagirdlərin istifadəsinə verildiyini söylədi.

     Zərdab rayonundan olan 6 müəllimin "Əməkdar müəllim" adına layiq görülməsini məmnunluq hissi ilə vurğulayan Lütvəli Babayev uğurların davamlı olacağına ümidli olduğunu bildirdi. Tədbirin sonunda müəllimlərə hədiyyələr təqdim olundu.



/06.10.2009/ www.zardab.com.az Ramiz Kərimovu tanımayan qəzet əməkdaşını məlumatlandırdı



        Bu günlərdə "Yeni Müsavat" qəzetində "Sahibi tanınmayan heykəllər" adlı məqalə dərc olunub. Yazının müəllifi Nailə Rövşənqızı məqaləsində Bakıda sahibinin kimliyi bilinməyən bir neçə heykəl haqqında məlumat verib. Onların sırasında həmyerlimiz Ramiz Kərimovun Bakının Nizami rayonu ərazisində, daha dəqiq desək Rüstəmov Rüstəmov küçəsində ("Xəzər" Universitetinin yaxınlığında) yerləşən heykəli də qeyd olunub. Ötən gün www.zardab.com.az-ın əməkdaşları "Yeni Müsavat" qəzetinin redaksiyası ilə əlaqə saxlayaraq müəllif Nailə Rövşənqızına Ramiz Kərimovla bağlı bir sıra məlumatları çatdırıblar (məlumatların toplanmasında göstərdikləri köməyə görə Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin baş redaktoru İ.Əhmədova və şəhər sakini E.Bağırova minnətdarlığımılzı bildiririk- red.). Müəllif yaxın vaxtlarda bu mövzuya yenidən qayıdağacağını və həmin informasiyaları oxucuların diqqətinə çatdıracağını söyləyib. 

        Qeyd edək ki, Ramiz Kərimov 1953-cü il mart ayının 10-da Zərdabın Şəftəhal kəndində anadan olub. Hemyerlimiz 1977-ci ildə Bakı neftayırma zavodunda baş verən dəhşətli yanğının söndürülməsi zamanı xüsusi fədakarlıq göstərib və 24 yaşında dünyasını dəyişib. Ölümündən sonra Ramiz Kərimov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Həmin dövrdə şöhrəti bütün Azərbaycana yayılmış Ramiz Kərimovun haqqında görkəmli şair Hüseyn Arif "Hünər" poeması, şair Əli Vəkil "Əbədiyyət" adlı şer, yazıçı Zeynal Babayev isə "Əbədiləşən ömür" adlı kitab yazmışdı. 


/06.10.2009/ Ucar-Zərdab yolunun 3-cü kilometrliyində dəhşətli avtomobil qəzası

        Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayon Polis Şöbəsinin yaydığı məlumata görə, hadisə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində qeydə alınıb. Ucar rayonu Lək kənd sakini, 1986-cı il təvəllüdlü Fərəcov Şahlar Tahir oğlunun idarə etdiyi 61 BD 446 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil əks istiqamətdə hərəkət edən, rayonun Bərgüşad kənd sakini, 1967-ci il təvəllüdlü Əhədov Elbrus Tapdıq oğlunun idarə etdiyi 09 BC 966 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. VAZ-2106-nın sərnişini, 1978-ci il təvəllüdlü Ucar rayonu Boyat kənd sakini Səfərəliyev İlqar Rəşid oğlu hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra "Opel" markalı avtomobildə qısaqapanma yarandığından maşın alışıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.


Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr Reviewed by Zardob on 29.1.19 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.