Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir,
yaşı min ildən çoxdur. Qaravəlli tayfasının mənşəyi haqqında konkret elmi
faktlar azdır, əksər məlumatlar rəvayət xarakterlidir və müxtəlifdir. Tarixi mənbələrə
və araşdırmalara görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü, sonbeşik
oğlu Qaraevli adlanıb və onun nəslinə Qaraevlili deyiblər. Türk dilinin ahəng
qanununa görə iki sait yanaşı tələffüz edilmədiyi üçün, Qaraevli sözündəki “a”-dan
sonra gələn “e” səsi “v”-dən sonraya keçir, olub Qaravelli. Sonralar “a”
saitinin təsiri altına düşən “e” saiti bir daha ahəngə tab gətirməyib “ə” səsinə
əvəzlənib və beləliklə, nəslin nümayəndəlri “Qaravəllilər” adlandırılıb.
Taleh
Əliyev İbn əl-Əsirə istinad edərək, XI əsrdə Səlcuqların Cənubi Azərbaycan ərazisinə
(Şəhrizor, Kirmanşah və Daquqa) gəlmələrindən yazır: “Hicri 495-ci ildə (miladi
1101-ci ildə) bu bölgənin mühüm bir qismi bir çox oğuz əmirləri kimi təkbaşına
fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth
olundu. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyinə baxmayaraq sonralar
mənbələrdə həmin ərazi Beyt ül-Qara Beliyyə (Qara Beli xanədanı) adı ilə XII əsr
boyu qeyd olunur. Hətta əksər mənbələrdə bura Qara Beli ölkəsi adlanmış,
Bağdaddan Marağaya gedən ana yolda, Dinavərlə Marağa arasındakı bir keçid də
XII əsrin sonlarına qədər Qara Belinin adını daşımışdır. Beləliklə, məlum olur
ki, Qaravəlli tayfası həmin mənbələrdə qeyd olunan Qara Beli vilayətinin əhalisinə
verilmiş addır və Nadir şah dövründən sonra bu tayfa Qaravəlli adlanmışdır.”
Qaravəllilər “Böyük köç” dövründə möhtəşəm döyüşlərdə savaşlar ediblər,
tarix yazıblar, Güney Qafqazda, Anadoluda, Güney Azərbaycanda və digər ərazilərdə
yurd salıblar. Mənbələr Şamaxı xanlığının Xançoban mahalında yaşayan Qaravəlli
obaları haqqında məlumatlar verirlər. Qaravəlli tayfasının nümayəndələri Kür
vadisinə XIX əsrdə həmişəlik gəlmiş və yarı oturaq, yarı köçəri həyat keçirmişlər.
Xançobanı mahalında yaşayan Qaravəlli obalarının bir hissəsi sonradan Qarasubasar
mahalına köç ediblər.
Sənədlərdə
Bakı quberniyasının Göyçay qəzasında yaşayan Qaravəlli obaları - Qaravəlli,
Qaravəlli Xanlıq, Qaravəlli Tapdıq, Qaravəlli Qambaybəy, Qaravəlli Ağaməmməd
obaları haqqında məlumatlar var. Bu obaların bəziləri indiki Zərdab rayonunun ərazilərində
məskunlaşmışdılar. İndiki Zərdab ərazilərində məskunlaşan Qaravəlli tayfa ailələrinin
Ağsudan gəldikləri bildirilir. Ərazidə yerləşən Qaravəlli obaları Kaspi (Xəzər)
vilayətinə, Şamaxı, Bakı quberniyalarına, 1867-ci ildən isə Bakı quberniyasının
Göyçay qəzasının tərkibinə daxil edilmişdilər.
Qaravəlli Tapdıq obası
Zərdab
ərazisində yaşayan Qaravəlli obalarından biri olan Qaravəlli Tapdıq obası, 1870-ci
ildə qəza mərkəzindən 55 verst məsafədə, Kür sahilində yurd salmışdır. Sonralar
Çallı kəndinə doğru yerini dəyişmiş və Xələc kənd icmasına daxil edilmışdir.
Hazırda Lələağacı kəndi yaxınlığında Qaravəlli yurdu, qalası adlanan ərazi var.
Məsafəyə görə ərazinin Qaravəlli Tapdıq obasının ilkin yurd yeri olmasını
ehtimal etmək olar. 1870-ci ildə obanın 15 təsərrüfatında 58 nəfər (30 kişi, 28
qadın) əhali, 1879-cu ildə isə 12 təsərrüfatında 49 nəfər əhali yaşayıb.
1986-cı ildə Xələc kənd icmasına daxil edilən Qaravəlli Tapdıq obasının 12 təsərrüfatında
30 kişi, 21 qadın olmaqla, 51 nəfər əhali, 1902-ci ildə isə 9 təsərrüfatında 28
kişi, 20 qadın olmaqla, 48 nəfər əhali yaşayıb. Obanın əhalisi azalmışdır, bu
Qaravəlli ailələrinin digər oba, yurd yerlərinə köçmələri ilə əlaqədar ola bilərdi.
Qəza mərkəzindən 45 verst, pristav idarəsindən 31 verst məsafədə yerləşən oba, 1911-ci
ildə də Xələc icmasına daxil edilmişdir. Obanın 13 təsərrüfatında 36 kişi, 34 qadın
olmaqla 70 nəfər əhali yaşamışdır.
Oba ailələrinin sonradan Zərdabın digər ərazisinə
küçürülməsi haqqında məlumat var. Professor Eldəniz Həsənov Qaravəlli oba ailələrinin
XX əsrin əvvəllərində indiki Qoşaoba ərazilərinə köşürülməsi barədə yazır. Eldəniz
müəllim bildirir ki, bu Qaravəlli obası Zərdab-Ucar yolunun kənarında, Çallı kəndinin
yaxınlığında yerləşmişdir.
Qaravəlli Ağaməmməd obası
Rus
impeiyasının Bakı quberniyasına aid sənədlərində indiki Zərdab ərazilərində məskunlaşan
Qaravəlli Ağaməmməd obası haqqında da məlumatlar var. Ağaməmməd adlı şəxs obada
yaşayan ailələrinin başçısı olub. 1870-ci ildə Qaravəlli Ağaməmməd obası Zərdab
rayonunun indiki Alıcanlı kəndlərinin yaxınlığında, Saqabdivap (bəzi mənbələrdə
Səpənkova) adlanan qışlaq ərazilərdə məskən salmışdılar. Göyçay qəza mərkəzindən
40 verst, pristav idarəsindən (Ucar dəmiryol stansiyası) 25 verst məsafədə yurd
salan obanın 34 təsərrüfatında 98 kişi, 92 qadın olmaqla 190 nəfər əhali, 1879-cu
ildə isə 34 təsərrüfatında 120 kişi, 82 qadın olmaqla 202 nəfər əhali yaşayıb.
1886-cı
ildə İlxıçı-Əlicanlı kənd icmasına daxil
edilən Qaravəlli Ağaməmməd obasının 50 təsərrüfatında 141 kişi, 102 qadın
olmaqla 243 nəfər əhali yaşayıb. Oba 1911-ci ildə Əlicanlı kənd icmasının tərkibində
yerləşib və 44 təsərrüfatında 260 kişi,
180 qadın olmaqla 440 nəfər əhali yaşayıb. Çox güman ki, sonrakı illərdə oba
ailələri Alıcanlı (Əlicanlı) icma əhalisinə qarışmış və ya indiki Qaravəlli kəndində
məskən salan digər oba ailələri ilə birləşmişdilər.
Sənədlərdə
Şamaxı xanlığının Xançoban mahalına daxil olan Qaravəlli obası ilə yanaşı Ağaməmməd
İlxıçı obasının da adı çəkilir.
Qaravəlli Xanlıq obası
XIX əsrin
sonlarında indiki Zərdab ərazisində, qəza mərkəzindən 65 verst, Kürdəmir pristav
idarəsindən 90 verst məsafədə, Lələ Əhmədli kənd icmasına daxil edilən Qaravəlli
Xanlıq obası da məskən salmışdır. XIX əsrdə Şirvan xanı Mustafa xanın oğlu
Cavad xana məxsus məntəqələr “Xanlıq” adlandırılmışdır.
1879-cu
ildə Qaravəlli Xanlıq obasının 35 təsərrüfatında 162 kişi, 120 qadın olmaqla 282
nəfər əhali, 1886-cı ildə 48 təsərrüfatında 187 kişi, 126 qadın olmaqla 313 nəfər
əhali, 1902-ci ildə 44 təsərrüfatında 172 kişi, 138 qadın olmaqla 310 nəfər əhali,
1911-ci ildə isə 43 təsərrüfatında 188 kişi, 173 qadın olmaqla 361 nəfər əhali yaşayıb.
Sovet hökuməti kolxozlar quranda, əvvəllər yarımköçəri maldarlıqla məşğul
olan Qaravəlli tayfa nümayəndələri tamamilə oturaq həyata keçiblər. Yaylaqda
yaşayanlar yaylaqda, qışlaqda yaşayanlar qışlaqda qalıblar. Beləliklə, Ağcabədidə,
Ağsuda, Balakəndə, İmişlidə, Neftçalada Qaravəlli, Gədəbəydə (Şınıxda),
Şamaxıda Qaravəllilər kəndləri yaranıb. Qaravəlli Xanlıq obasının Zərdab ərazisində
məskunlaşdığı yaşayış məntəqəsi hazırda Qaravəlli adlanır.
Zərdab rayonunun Qaravəlli kəndi
Qaravəlli Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan
düzündə, rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.
Ərazisi 1156,44 hektar, əhalisi təxminən 900 nəfərdir. Kənd sakinlərinin əsas məşğuliyyəti
heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, meyvəçilik,
balıqçılıqdır.
XX əsrin
əvvəllərində hələ də Qaravəlli Xanlıq adlanan kənddə, 1917-ci ildə 84 ev,
1921-ci ildə isə 81 ev olub. 1929-cu ilədək Göyçay qəzasının tərkibində olan
Qaravəlli kəndi, Azərbaycanın rayonlaşdırılmasından sonra, 1929-1935-ci illərdə
Göyçay rayonunun tərkibində yerləşib. Kənd 1935-ci ildə yeni yaradılan Zərdab
rayonunun tərkibinə daxil edilib. 1933-cü ildə Zərdab bölgəsində yerləşən Qaravəlli
kəndində 16-sı ümumi, 64-ü fərdi olmaqla 80 təsərrüfat olub, 228 nəfər kişi,
185 nəfər qadın olmaqla 413 nəfər əhali yaşayıb.
Sovet
dövründə və müstəqilliyimizin ilk illərində İsaqbağı inzibati ərazisinə daxil
olan Qaravəlli kəndi, 17 iyun 2003-cü il tarixdə İsaqbağı kənd inzibati ərazi
dairəsinin tərkibindən ayrılmış və Qaravəlli kənd inzibati ərazi dairəsi
yaradılmışdır.
1878-ci ildə Qaravəllidə anadan olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu
dövrünün mütərəqqi fikirli insanlarından olub, İranın Qum, Məşhəd şəhərlərində,
İraqın Nəcəf şəhərində dini təhsil alıb, Şeyx kimi yüksək rütbəyə layiq
görülüb. Bakıda Təzəpir məscidinin axundu olub, xeyriyyəçi kimi də tanınıb.
Evinin birini atasız- anasız uşaqlara ayırıb, onları öz vəsaiti hesabına
saxlayıb və təhsil verib. Qarəvəlli kəndinə yol çəkdirib, məscid və dəyirman
tikdirib. Azərbaycanın görkəmli elm xadimləri və ziyalıları Həsən bəy Zərdabi,
Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Mustafa bəy Topçubaşovla şəxsən
tanış olub, onlarla dostluq edib. 1932-ci ildə Qaravəlli kəndində torpağa
tapşırılıb.
Zərdabın
Qaravəlli kəndindən olan Əzizbəy Qasımov Sənaye-Tikinti bankında müxtəlif vəzifələrdə
işləmiş, 1987-ci ildə isə idarə heyətinin sədri vəzifəsinə irəli çəkilmişdir.
Bakı şəhər sovetinin sədri Ə.Ləmbəranski Ə.Qasımova müraciət edərək, “Əzizbəyov”
(indiki “Koroglu”) ilə “Neftçilər” stansiyaları arasında yeni bir stansiya
tikilməsinə kömək etməyi xahiş edir. Ə. Qasımov həmin stansiyasının tikilməsini
ittifaq hökümətindən gizli, metronun ümumi smeta dəyəri hesabına maliyyələşdirir
və şiddətli töhmət qazanır. Sonradan Ə. Qasımov Moskva Layihə İnstitutunun şəhərsalma
qaydalarına riayət etmədiyini sübut edir və cəza onun üstündən götürülür.
Tarix elmləri doktoru, 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin,
3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifi, professor Məmmədov İsmayıl Məhəmməd
oğlu Zərdab rayonu Qaravəlli kəndində anadan olub.
Qarabağ müharibəsi şəhidi Abdullayev Vüqar İsa oğlu 05 aprel 1971-ci ildə
Qaravəlli kəndində anadan olub. 18 aprel 1993-cü ildə Kəlbəcər rayonu Başlıbel
kəndində gedən döyüşlərdə, 113 gün mühasirədə qalan və kahalara sığınan mülki əhalini
qəhrəmanlıqla müdafiə edərək şəhid olub. Kəlbəcər rayonu Şırran kahasında dəfn
edilib.
Bəxtiyar Əsədli
1. Rus imperiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
3. Taleh Əliyev “Qoruqbağı əhalisinin etnogenizi haqqında”
2. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
3. Taleh Əliyev “Qoruqbağı əhalisinin etnogenizi haqqında”
Zərdabda məskunlaşan qədim türk tayfası - Qaravəllilər
Reviewed by Bəxtiyar
on
11.6.20
Rating:
Hiç yorum yok: