Weather forecast for Zardab

1935-ci ildən Zərdab bölgəsinə daxil edilən kənd – Körpükənd


        

   Körpükənd Zərdab rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın ən qədim kəndlərindən biridir. Şirvan düzündə, Kür çayı sahilində, rayon mərkəzindən 24 kilometr qərbdə yerləşir. Ərazisi 3330 hektar, əhalisi təxminən 1500 nəfərdir. Kənd Aran iqtisadi rayonunda, Kür çayının sol və sağ sahilindəki tuqay meşələrinin kənarında yerləşir. Bu meşələrdə əsasən palıd, qovaq, söyüd ağaclarına, yeraltı suların çox dayazda yerləşdiyi sahələrdə yulğunluqlara da rast gəlmək mümkündür. Kənddə heyvandarlıq, əkinçilik, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, balıqçılıq inkişaf etmişdir.
   Yaşayış məntəqəsində körpü olduğu üçün kəndin adı “körpü” və “kənd” sözlərinin birləşməsindən əmələ gəlib və “körpüsü olan kənd” mənasındadır. Kənd bir zamanlar Həsən-Körpükənd də adlanıb. Deyilənlərə görə kənd ərazisində Əfil körpüsü adlanan qədim körpü də olub.

   Körpükənddə orta əsrlərdə yaşayış məntəqəsi olub


   Kəndin indiki ərazisi qədim Albaniya dövlətinin tərkibində yerləşmişdir. Körpükənd adına ilk dəfə olaraq Şəki xanlığına, əyalətinə aid sənədlərdə rast gəlinməsinə bazmayaraq tarixi daha qədimdir. Hələ orta əsrlərdə kəndin ərazisində heç də kiçik olmayan yaşayış məntəqəsi olub. Körpükəndin bir yaşayış məntəqəsi kimi orta əsrlərdə Bərdic (və ya Bərzənc) şəhəri ilə eyni vaxtda formallaşdığı bildirilir. Azərbaycanın şimalındakı mühüm şəhərlərdən biri olan Bərdic şəhəri, tarixi sənədlərə əsasən, X-XIII əsrin böyük şəhərlərindən biri olub və şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş. Bərdic şəhərinin Körpükənd ərazisində yerləşdiyini də ehtimal edənlər var.
   Abbasilər xilafətinin və Hülakilər dövlətinin tərkibində yerləşən Körpükənd ərazisi, Hülakilər dövləti süquta uğradıqdan sonra feodal dövlət olan Şirvanşahların tərkibinə daxil edilib. 1551-ci ildə şah Təhmasib Şirvanşahların müstəqilliyinə son qoyduqdan sonra, kəndin ərazisi Səfəvilər dövlətinin tərkibində yerləşib. Səfəvilər dövründə müasir Körpükəndin əraziləri də daxil olan bu bölgədə,  Şirvan bəylərbəyliyinin tabeliyində olan Ərəş sultanlığı təşkil edilmişdir. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.

     Körpükənd Rus imperiyası dövründə


   1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. Rus işğalından sonra, 1819-cu il iyulun 31-də Şəkidə xanlıq üsul-idarəsi ləğv edildi, ərazi Şəki əyaləti adlandırıldı. Əyalət 8 mahala, Şəki, Ərəş, Ağdaş, Padar, Alpout, Qutqaşın, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Körpükənd Şəki əyalətinin Ağdaş mahalına daxil edilmişdir. 1824-cü il siyahıya alınmasına görə, Körpükənd 34 kəndi olan mahalda təsərüfatların sayına görə Koluşdu, Nursal kəndlərindən sonra üçüncü, əhalinin sayına görə isə Eymur, Koluşdu, Nursal kəndlərindən sonra dördünçü böyük kənd olub. Kəndin 86 təsərrüfatında 351 nəfər əhali yaşayıb.
   22 aprel (10 aprel) 1840-cı il tarixdə Cənubi Qafqazda, Rusiya İmperiyası tərkibində Kaspi vilayəti yaradılıdı. Körpükənd vilayətin Şəki qəzasının tərkibinə daxil edilmişdir. 14 dekabr 1846-cı ildə, təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq Kaspi vilayəti ləğv edildi və Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradıldı. Körpükəndin daxil edildiyi Şəki qəzası Nuxa qəzası adlandırılmış və Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir. 06 dekabr 1859-cu il tarixdə Şamaxı quberniyasının mərkəzi Bakıya küçürüldü və quberniya Bakı quberniyası adlandırıldı. 1863-cü ildə Körpükənd kəndinin 87 təsərrüfatında 204 kişi, 175 qadın olmaqla 379 nəfər əhali yaşayıb. 1867-ci ilin sonunda Qafqazda yeni quberniya, Yelizavetpol quberniyası yaradıldı və Körpükəndin daxil edildiyi Nuxa qəzası bu quberniyanın tərkibinə qatıldı.
   Çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən 1873-cü ildə, Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası təşkil olundu və Körpükənd Ərəş qəzasının tərkibinə daxil edildi. 1886-cı ildə  Ərəş qəzasının birinci bölgəsinə daxil olan Körpükənd kənd icması qəza mərkəzindən 57 verst, pristav idarəsindən 47 verst məsafədə yerləşmişdir. İcmaya Bıçaxçı və Körpükənd kəndləri daxil idi. İcmanın 174 təsərrüfatında 585 kişi və 543 qadın olmaqla 1128 nəfər əhali, Körpükənd kəndinin isə 113 təsərrüfatında 385 kişi və 353 qadın olmaqla 738 nəfər əhali yaşayıb.
   XX əsrin əvvəllərində Körpükənd Kotavan kənd icmasının tərkibinə daxil edilmişdir. Kənddə 1917-ci ildə 80 ev, 1921-ci idə isə 166 ev olub. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətin 10 dekabr 1919-cu il qərarı ilə, Körpükəndin daxil olduğu Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 1926-cı idə Ağdaş qəzası 4 bölgəyə bölünüb və Körpükənd qəza mərkəzindən 12 km məsafədə yerləşən Ləki bölgəsinin tərkibinə daxil edilmişdir. Bölgədə fəaliyyət göstərən 13 kənd sovetinin (şurasının) biri Körpükənddə yerləşmişdi. Ağdaş qəzası 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı ləğv edilib və Ağdaş rayonu təşkil olunub. 1935-ci ilədək Ağdaş rayonunun tərkibində yerləşən Körpükənd, 1935-ci ildə Bıçaqçı, Yuxarı Seyidlər, Siləyli yaşayış məntəqələri ilə birlikdə yeni təşkil edilmiş Zərdab rayonunun tərkibinə daxil edilmişdi. Yaşayış məntəqəsi ötən əsrin 60-cı illərinə qədər Bıçaqçı kənd sovetliyinin tərkibində yerləşib. Sonralar Körpükənd kəndinin və Xasa yaşayış yerinin daxil edildiyi yeni sovetlik, Körpükənd kənd sovetliyi yaradılıb. Sovetlik hazırda kənd inzibati ərazi dairəsi adlanır.

     Əsrlər boyu Körpükənd ərazisindən Qarabağa keçid olub


   Körpükənd əsrlər boyu Kür çayından keçid məntəqəsi olub. Orta əsrlərə aid sənədlərdə kənd ərazisində Kürü keçmək üçün bərə olduğu qeyd edilib. Bakıdan, Salyandan gələn gəmilər, Şamaxıdan yol alan karvanlar Kürü Körpükənd ərazisindəki bərə vasitəsilə keçib Qarabağa üz tutmuşdular. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Rusiya-İran müharibəsi zamanı da, rus və İran hərbi qüvvələri Zərdabla Körpükənd arasındakı keçiddən dəfələrlə istifadə etmişdilər. N.Zeydalisin 1859-1864-cü ilin məlumatları əsasında 1870-ci ildə yazdığı “Bakı quberniyası” adlı kitabında Körpükənd bərəsindən də bəhs olunur və deyilir ki, Bakı-Salyan poçt yolunun bir qolu Kür çayı boyunca üzü yuxarı qalxaraq Körpükənd kəndinə gəlib çatır. Körpükənd bir müddət Həştərxan Tiflis ticarət yolunda keçid məntəqəsi də olub.
   Körpükənd şərti olaraq iki əraziyə, Körpükənd və Xasa adlanan ərazilərə bölünür. Xasa kəndi Zərdab ərazisində mövcud olmuş qədim yaşayış məskənlərindən biridir. “Xasa arxı” adlanan arxın yaxınlığında yerləşən bu ərazidə IX – XIII əsrlərdə də yaşayış məntəqəsi olduğu ehtimal olunur. Bu yaşayış yerində məskunlaşan ailələrin Gəncə ətrafından gəldiyi söylənilir. Azərbaycanda “Xasa” sözü ilə bağlı ərazilərdə məskunlaşan ailələr türk əsilli əhali olub. Rus işğalından sonra Xasa yaşayış məskəninin əraziləri Şəki əyalətinə və sonralar Nuxa və Ərəş qəzasının tərkibinə daxil edilmişdir. Bu inzibati ərazilərdən bəhs edən, tanış ola bildiyimiz sənədlərdə Xasa yaşayış məntəqəsinin adı çəkilmir. Sovet hakimiyyəti dövründə isə Zərdab rayonu ərazisində Xasa kəndi qeydə alınıb, kənd ötən əsrin 60-cı illərinə qədər, qonşu Körpükənd ilə birlikdə Bıçaqçı kənd sovetliyinə daxil edilmişdir. Sənədlərə əsasən, XX əsrin 70-ci illərində Körpükənd kənd sovetliyinin tərkibinə daxil edilən Xasa yaşayış məskəni Körpükənd kəndi ilə birləşdirilmiş və rəsmi olaraq bir kənd kimi mövcudluğunu itirmişdir.
   Körpükənd əhalisi uzun müddət balıqçılıqla məşğul olub. Bir vaxtlar bu kənd ərazisində balıq vətəgəsi fəaliyyət göstərib.

      Körpükənd ərazisi qaçaqların məskəni idi


   19-cu əsrin sonlarında Körpükənd ərazisində qaçaq hərəkatı güclənmişdir. Nazim Tapdıqoğlu “Zərdab ensiklopediyası”nda Həsən bəy Zərdabinin verdiyi məlumatlara istinad edərək yazır ki, 1892-ci ildə “Abas” Şamilin qardaşı Abdulla bəy, Uğurlu xanın qardaşı Məcid digər qaçaqlar ilə birlikdə Körpükənd ərazisində məskən salıblar. Hökümət qüvvələri ilə toqquşmalar zamanı hər iki tərəfdən böyük itkilər olur və qaçaq Məcid əsir götürülür. Bundan sonra kənd ərazisində qaçaq hərəkatı süquta uğrayır.
   Güman edilir ki, Nizami Gəncəvinin qəhrəmanı Şirin, Zərdabın Körpükənd ərazisində olmuşdur. Şirinin at belində seyrə çıxdığı Kür sahili ərazilər, Kürbasar və Ceyrançölü Körpükənd və Xasa ərazisindədir.
   Kəndin yaşlı əhalisinin dediklərinə görə, bir zamanlar Körpükənd yaxınlığındakı meşələrdə marallar yaşayıb. Həmin ərazilər el arasında maral çıxan yer adlandırılmışdır. Kənd ərazisində mənası məlum olmayan “zuma” adlanan yer var. Əhali Kür sahilindəki qumluğu belə adlandırır.
   Kənd sakinləri Əliyev Ələsgər Rəsul oğlu, Əliyev Umud Alməmməd oğlu, Hacıyev Namət Mədət oğlu, Məmmədov Vahab Kamil oğlu, Umudov Miqdar Məhəmmədiyyə oğlu,  Cavadov Aydın Vəli oğlu, Rəhimov Mehdi Naməddin oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar.
   İrəvan qəzasında digər adı Körpüqulağı olan və eləcə də Qərbi Azərbaycanın Vedi rayonunda Körpükənd adlı kəndlər mövcud olub.

 Bəxtiyar Əsədli



   İstifadə edilən mənbələr

1. Rus imperiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Taleh Əliyev “Zərdabın tarixi-siyasi coğrafiyası”
4. Z. Ə. Cavadova “Şimal-Qərbi Azərbaycan”
5. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
1935-ci ildən Zərdab bölgəsinə daxil edilən kənd – Körpükənd    1935-ci ildən Zərdab bölgəsinə daxil edilən kənd – Körpükənd Reviewed by Bəxtiyar on 9.6.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.