Şamaxı və
Quba xanları arasındakı müharibələr zamanı, 1774-cü ildə Ağası xan Şamaxını qısa
müddətə olsa da yenidən ələ keçirdi. Fətəli xan Şamaxı xanlığına hücum etdi və
Məhəmmədsəid xanı hakimiyyətə gətirdi. Ağası xan məcbur olaraq Əlvəndə getdi. Abasquluağa
Bakıxanov “Gülüstani İrəm” əsərində yazır ki,
Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hökmran oldu.
Bacısı Fatma
xanımı Məhəmmədsəidin oğlu Məhəmmədrza bəylə evləndirən Fətəli xanın Şirvan iddiasında olduğunu Əlvənddə
yaşayan Ağası xan da bilirdi. Məhəmmədsəid xan ilə razılığa gələrək qüvvələrini
birləşdirirlər və Quba xanına qarşı çıxırlar. Məğlub olan qardaşlardan Məhəmmədsəid
xan Şəkiyə gedir, Ağası xan isə yenidən Əlvəndə çəkilir. P.Butkovun məlumatına
görə, Əlvənddə sığınacaq tapan Ağası xan Qarabağ xanı İbrahimxəlil xan tərəfindən
qətlə yetirilmişdir. Həm Bakıxanovun, həm
də H.Alkadarinin məlumatlarına görə isə Ağası xan Bakıda öldürülmüşdür.
1789-cu ildə
Fətəli xanın ölümündən sonra müxtəlif vaxtlarda Əhməd xan, Manaf bəy, Əsgər bəy
Şamaxıda hakimiyyəti ələ keçirmişdilər. Daha sonra Qasım bəy Şamaxı əyanları ilə
ittifaq bağlayıb Əsgər xanı hakimiyyətdən devirir. Bu çəkişmələr zamanı Ağası
xanın oğlu Mustafa bəy Əlvənddə məskən salmışdır. Qasım xan hakimiyyətə tam
sahib olmaq üçün Mustafa bəyin üzərinə də hücum etmiş, lakin məğlub olaraq geri
qayıtmışdı.
1789-cu ildən
1792-ci ilə kimi Şamaxı xanlığında hakimiyyət uğrunda gedən mübarizədə Mustafa
xan qalib gəlir. A.Serebrov Əlvənddə olan Mustafa bəyin, Əsgər xan ilə qardaşı
Qasım xan arasında hakimiyyət uğrunda aparılan mübarizədən istifadə edərək
hakimiyyəti ələ keçirdiyini yazır. A.Fituni isə yazır ki, Qasım xan qəddarlığı
ilə ad çıxarmışdı. Buna görə də əhali onu devirib, Mustafa bəyi Əlvənddən
Şamaxıya dəvət etdi.
Həm Ağası
xanın, həm də Mustafa xanın Əlvənddə məskən salmalarının bir səbəbi olmalı idi.
Əlvənddə sığınacaq tapan Şamaxı xanları eyni zamanda düşmənlərindən də müdafiə
olunmalı idilər. Onlar möhkəmləndirilmiş bir qalada sakin olmaqla, həm özlərinin,
həm ətrafındakılarının müdafiəsini təşkil edə bilərdilər.
Qaynaqlar
Şirvanda ikihakimiyyətlik dövründə Məhəmmədsəidin Ağsunu, Ağası xanın isə Əlvəndi
mərkəz seçmələrini yazmaqla yanaşı, Ağası xanın Kotevan qalasında sığındığını
da qeyd edirlər. Abbasquluağa Bakıxanov “Gülüstani İrəm” əsərində yazır: “Fətəli
xan bütün Şirvan ölkəsini aldı və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında,
Kotevan qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası xan Hüseyn
xana pənah apardı”. Hüseyn xanın Avar xanzadələrinin köməkliyi ilə Fətəli xanın
üstünə getməsindən də bəhs edən Bakıxanov yazır ki, bu müharibədə Bulaç və Məhəmməd
Mirzə öldürüldü, Hüseyn xan məğlub olub Şəkiyə, Ağası xan da yenə Kotevana
getdi.
Nailə
Bayramlı Kotevan adlanan yerin Kür çayı sahilində, Qarabağ və Şamaxı xanlığı
arasında yerləşdiyini və Əlvəndə daxil olduğunu bildirir. Bir çox qaynaqlar isə
müasir Kotavan kəndinin Şəki xanlığının ərazisinə daxil edildiyini yazır. Quba
xanlığının tarixi barədə yazan Salman İbişov bildirir ki, Fətəli xan tərəfindən
azadlığa buraxılmış Ağası xanın sığındığı Kotavan adlı yer Quba xanlığına qarşı
istinad nöqtəsinə çevrilmişdi.
Şirvanda cərəyan
edən çəkişmələr zamanı Mustafa xan və eləcədə onun ətrafındakı saray əyanları
da Əlvəddə sığınacaq tapmışdılar. Mustafa xanın Qətran qalasında məskən saldığı
bildirilir. Abbasquluağa Bakıxanov “Gülüstani İrəm” əsərində yazır: “Bir həftədən
sonra Ali Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf
xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu
hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu”.
Bakıxanov Qasım xanın Mustafa bəyin üzərinə hücumundan da bəhs edir: “Qasım
xan, Mustafa bəyin səngərinə hücum etmək üçün Əlvəndə getdisə də məğlub olub
geri qayıtdı”.
1795-ci ildə
Ağa Məhəmməd xan Qarabağa və Şirvana yürüş etmişdir. Bakıxanov şahın yürüşündən
bəhs edərkən Qətran qalasının da adını çəkir: “Ruslar Qarabağdan qayıdandan
sonra, Qətran səngərinə gəlmiş olan
Mustafa xan, oradan şahın hüzuruna getdi”.
Mehman Əlvənd
müsahibələrinin birində Əlvənd kəndinin yaxınlığında yerləşən məşhur Qətran
qalası barəsində bilgi verir və Arran hökmdarları tərəfindən məşhur şairimiz Qətran
Təbrizinin şərəfinə tikilmiş, həm Ağası xan, həm də Şirvan elitasının mövqe
tutduqları bu qalanın tarixi sirlərin daşıyıcısı olduğunu bildirir.
Mehman bəy
bildirir ki, Nizami Gəncəvi məhz Qətran qalasında Atabəy Qızıl Arslanla görüşüb
və ona Həmdünyan kəndini bağışlayıb. Sonralar Əlvənd kəndi yaxınlığında yerləşən
Həmdünyan kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb və 1930-cu illərdə
həmin kəndin sakinləri repressiyaya məruz qalaraq zorla Türkmənistana və başqa
yerlərə köçürülüb.
Mehman bəy
yazır: “1918-ci ildə ermənilər Əlvənd istiqamətində hücuma keçərək Qətran
qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn türk
qoşunları və yerli camaat qonşuluqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri
darmadağın ediblər. Sovet vaxtı Qətran qalasının xarabalıqlarını itirmək məqsədilə,
Zərdab rayonu ərazisində 2-3 dəfə Kür çayının axınının istiqamətini dəyişdiriblər.”
Qala rus
işğalından sonra Əlvənd Vat adlandırılmışdır. Çar imperiyasının sənədlərinə əsasən,
1871-ci ildə Bakı quberniyasının indiki Zərdab ərazisində Əlvənd adlanan iki məntəqə
qeydə alınıb. Birinci məntəqə Əlvənd adlanıb və müasir Əlvənd kəndinin ərazisini
və ətrafını əhatə edirdi. İkinci məntəqə isə birinci məntəqədən təxminən 7-8
kilometr şimal-şərqdə, Kür sahilində yerləşib və Əlvənd Vat adlandırılmışdır.
Bolşevik-daşnak qüvvələri tərəfindən türk izlərini silmək məqsədilə, Azərbaycandakı
tarixi abidələr, o cümlədən Qətran qalası tamamilə dağıdılmış, qalıqları isə
yer üzündən silinmişdir. Hazırda bu ərazi Dəvəçökəyi kimi tanınır.
Bəxtiyar Əsədli
Hiç yorum yok: