Ərəb ədəbiyyatında azərbaycanlılara hədis elmini tədris edən
alimlərin adları çəkilir. Ərəb alimlərindən elm öyrənən şəxslərdən biri də mühəddis,
azərbaycanlı hədis alimi Əbubəkr Əhməd ibn Harun ibn Rəvh əl-Bərdici əl-Bərzəi ən-Nisaburi
əl-Bağdadidir.
Əhməd ibn Harun əl-Bərdicinin
doğulduğu tarix dəqiq bilinmir. Həyatından bəhs edən mənbələr onun hicri təqvimi
ilə 230-cu (miladi təqvimi ilə 845) ildə və ya bundan əvvəl doğulduğunu
bildirir. Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən fəlsəfə elmləri doktoru,
professor Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14
fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Bir çox tədqiqatçılar
iddialarına görə, Bərdic şəhəri indiki Zərdab rayonu ərazisində, Körpükənd
yaxınlığında yerləşmişdir.
Bəzi mənbələrdə həm də
əl-Bərzəi kimi təqdim olunması səbəbindən, mühəddisin Bərzə (Bərdə) şəhərində
anadan olduğunu yazanlar da var. Fəlsəfə üzrə fəlsəfə
doktoru İlkin Əlimuradov “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun
oğlu əl-Bərdici (Bərdəli)” əsərində yazır ki, mühəddisin ilk olaraq Bərdicli
kimi təqdim olunması onun Bərdic şəhərində doğulmuş olmasını təsdiqləyir. Onun
Bərdicin yaxınlığında yerləşən Bərzə (Bərdə) şəhərinə mənsub edilməsinə gəlincə
isə, bu mənsubiyyət orta əsrlərdə Bərzəə şəhərinin kifayət qədər inkişaf etməsi
və məşhur olmasından irəli gəlmişdir.
Əhməd Bərdici zəruri
biliklərə yiyələndikdən sonra, İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və
başqa ölkələrdə təhsilini artırmış, sonralar Bağdada getmiş, ərəb alimlərindən təhsil almış, elm öyrənmiş və orada yaşamışdır.
Müasirləri Əhməd əl-Bərdici
haqqında "fəzilətli, zəkalı, hədis dayaqlarından biri, gəzib dolaşmış məşhur
hafizdir" söyləyirdilər. İlkin Əlimuradov yazır ki, Əl-Bərdicinin elmi fəaliyyətindən,
şəxsi keyfiyyətlərindən danışan islam alimləri onun barəsində daim müsbət
fikirdə olmuş, mənfi fikir söyləməmişdilər. İlkin müəllim əsərində məşhur hədis
alimi haqqında söylənilən fikirlər barədə də yazır.
“O, əmin, sözünə
istinad edilən, özünə etibar olunan biridir” (əd-Daraqutni)
“O, dürüst hafizlərdəndir”
(Saleh İbn Əhməd əl-Hafiz)
“O, hifzi ilə seçilən
hədis hafizlərindən idi” (Əhməd İbn Kamil əl-Qazi)
“O, etbarlı, kübar,
üstün və zehni açıq biri idi” (əl-Xətib əl-Bağdadi)
“O, etibarlı, hafiz,
öndərdir” (əz-Zəhəbi)
“O, hədis hafizlərindən
və bu sahənin yüksək nüfuz sahiblərindəndir.” (Şeyx əl-İsbəhani)
“O, hafiz, imam,
etibarlı və nəcib insandır” (əs-Suyuti)
“O, faydalanmış və
faydalandırmışdır.” (Əbu Abdulla Məhəmməd ən-Nisaburi)
“Şəhərin ən öndə gələn
alimlərindən biri idi” (İbn İmad)
Bərdici bir sıra kitabların müəllifidir. Alimin “Təbəqatul-əsma əl-mufrədə minəs-səhabə vət-tabiin
və əshabil-hədis”, “əl-Kəbair”, ”Mərifətul-muttəsil minəl-hədis vəl-mursəl vəl-məqtu
və bəyanut-turuq əs-səhihə”, ”əl-Mərasil”, ”əl-Fəvaid”, ”əl-Cərh və ət-tədil”
adlı kitablarının olması məlumdur. Bərdicinin yazdığı ”Təbəqatul-əsma əl-mufrədə minəs-səhabə
vət-tabiin və əshabil-hədis”, “əl-Kəbair” əsərləri günümüzə qədər gəlib çatmışdır.
Məşhur alimlərindən
biri olan Əhməd ibn Harun ibn Rəvh əl-Bərdici hicri təqviminin 301-ci (miladi
914) ilinin Ramazan ayında Bağdad şəhərində vəfat etmişdir. Hədis elminə bəxş
etdiyi düşüncələri adının əbədiləşməsinə səbəb olmuşdur.
İndiki Zərdab rayonunda anadan olan alim - Əhməd əl-Bərdici
Reviewed by Bəxtiyar
on
29.6.20
Rating:
Hiç yorum yok: