Zərdabda müxtəlif adlar daşıyan 20 yaşayış məntəqəsi
var və Zərdab kəndini miniatür paytaxt adlandırmaq olar. Mərkəzdə əsasən bəylər,
hökümət qulluqçuları və xidmətçiləri yaşayır. Kəndxuda xüsusi şarlar vasitəsilə
keçirilən seçki vasitəsilə təyin olunur.
Zərdab düzənlik sahədə yerləşir. Sağ sahil isə
meşələrdən və çoxlu sayda limanlardan ibarətdir. Su yataqlarında həmişə bol su
olur, payıza yaxın isə su çəkilir. Kürdə balıq boldur, amma ən çox olan som
balığından (yəqin ki, naqqa balığı, İsaməddin müəllimin, Qulu bəyin rəyindən sonra
düzəliş edilib) savayı, “qırmızı balıq” hesab olunan digərlərini ovlamağa icazə
verilmir. Onları ovlamaq üçün ödəniş heç də ücüz başa gəlmir. Yerli əhali ən
bol olan və geniş istifadə edilən balığı “şeytan balığı” adlandırırlar. Yerli əhali
onu qızardır, bizlər (K.Ş.) şoraba bişiririk. Yağlı və sümüksüz balıqdır, yerli
əhali ondan şamlar düzəldirlər və bu şamlar məşəl kimi işıq verir. Payızda bu ərazilərə
qazlar, ördəklər və digər quşlar uçub gəlir, sahələrdə vəhşi keçilər, qabanlar
gəzir. Bir sözlə şikayət etməyə əsas yoxdur, həmişə dadlı və ləzzətli qida
tapmaq olur.
Zərdabın yayı çox isti keçir. Səsli-küylü kənd
sakitləşir. Bi istilər Zərdab haqqında sağlam olmayan yer təsəvvürü yaradır.
Allaha şükür, mən və ailəm sağlamdır. Ətrafda da xəstə adam görünmür. Amma
ağcaqanadlar və gözəgörünməyən sarışınlar-cücülər bizi incidirlər. Sonuncular
daha çox təhlükəlidilər. Əqrəb azdır, amma falanq (hörümçək növüdür) kifayət qədərdir.
10 ayağı və nəhəng çənəsi olan bu həşərat qənimətini tutur və dişləməyə
çalışır. Falanqın dişləməsi təhlükəsiz deyil, düzgün müalicə edilməməsi ölümlə
də nəticələnə bilər. Allaha şükür, hələ bu səbəbdən ölüm hadisəsi olmayıb.
Yerli əhalinin “molla” adlandırdığı qanadlı qurdlar, Kür sahillərində dəliklər
açaraq bir-neçə ay orada yaşayıb gözə görünmürlər. İstilər başlayanda, bir
aydın gündə yuvalarından uçaraq, dəstə halında Kür üzərinə tələsirlər. Su üzərinə
özlərindən ağ qabıq sərirlər və bir müddət sonra ölürlər.
Yay günlərində burada bizi istidən,
ağcaqanadlardan, cücülərdən qoruyan qüllələr var. Bu qüllələr dörd dirək üzərində,
döşəməsi, tavanı yerdən bir sajen və daha çox yuxarıda qurulur. Bəzən güclü küləklər
bu qüllələri dağıdır və hətta dirəklərini də yerindən çıxardır.
Bu qış Zərdabda lap rus şaxtası oldu,
barmaqlarımız və burnumuz donurdu. Sonra yağışlar, zəlzələ, soyuq, çəyirtkə
basqını, qasırğa və ən nəhayət kometa. Bu kometa haqqında Mulla öz
kitablarından nə isə oxudu, amma bizə heç bir açıqlama verə bilmədi. Biz elə
çaşqınlıq içərisində qaldıq.
Zərdab sakinləri çox mehriban yaşayırlar.
Burada kökdən, soydan gələn dostluq və sevgi var.
Fikirləşməyin ki, biz burada vəhşi həyat
yaşayırıq. Bizdə hətta
tamaşalar da olur. Madam Vays öz səyyah truppası ilə kəndə gəldi və tamaşa göstərdi.
İyun ayında misir və hind sehrbazlarının və akrobatların iştirakı ilə fantastik
bir axşam oldu. Orkestr musiqisini dinlədik və kişik Frans öz komik nömrələri
ilə bizi əyləndirdi. Zalda əvvəl 12 stul var idi, sonra kətillər də əlavə
olundu. Tamaşanı qulluqçular, əsgər və zabitlər ilə yanaşı, yerli sakinlər də
izlədilər.
Onu da
xatırladım ki, tezliklə şiə tamaşası, Şah-Hüseyn başlayacaq. Bu bizim üçün
kiçik bir əyləncədir, amma müsəlmanlar üçün qırğın və faciədir.
Tezliklə sizə ölkə və Zərdab haqqında,
insanları və hüquqları, adətlər, təbiət haqqında yeni məlumatlar yazacağam.
Qafqaz qəzeti, 27 iyul 1861, nömrə 58, Karl Şults (ixtisarla)
Tərcümə: Bəxtiyar Əsədli
Zərdab kəndi 1861-ci ildə. Karl Şultsun qeydləri. (I yazı)
Reviewed by Bəxtiyar
on
31.8.20
Rating:
Hiç yorum yok: