Weather forecast for Zardab

Zərdab rayonu Sarıqaya kəndi

 

Sarıqaya Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, Kürün sahilində yerləşir. Ərazisi 795,75 hektar, əhalisi təxminən 700 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq, balıqçılıqdır.

Yaşayış məskəninin adı rəng bildirən “sarı” və coğrafi termin olan “qaya” sözlərinin birləşməsindən ibarətdir. Hər iki söz türk mənşəli sözdür, “qaya” böyük daş anlamındadır. “Sarı” sözü rəng bildirməklə yanaşı, “böyük, geniş, uca” anlamında da açıqlanır. Kür sahilində yaşayan əhali, axının əmələ gətirdiyi yarğanlara qaya deyirlər. Sarıqaya yaşayış məntəqəsi torpağının rəngi sarı rəngdə olan yarğanların yanında salındığı üçün belə adlandırılmışdır.

Yaşayış məntəqəsinin ərazisi qədim insan məskəni olub. Taleh Əliyev Sarıqaya ərazisində ilk orta əsrlərdə əkinçiliklə məşğul olan albanların yaşadığını bildirir. Taleh bəy həmçinin XII əsr tarixçilərinə istinad edərək yazır ki, Mərvan ibn Məhəmməd Xəzərlər ölkəsindən 40 min əhali gətirərək Samur və Şəbəran çayları arasında, Ləkz vilayətində yerləşən düzənlikdə məskunlaşdırıb. XIX əsrdə həmin vilayətdən, Türyançay hövzəsinə aid edilən Zərdabın Qoruqbağı və Sarıqaya kəndləri ərazilərinə əhali köçürülmüşdür. T.Əliyev xəzərlərin davamçılarının da indiki Sarıqaya ərazilərində yaşadıqlarını ehtimal edir.

XIX əsrin ikinci yarısından etibarən, Zərdab kəndindən çıxan ailələr də Sarıqaya ərazilərində məskunlaşmışdılar. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaşayış məskəninin əraziləri Göyçay qəzasının II Zərdab kənd icmasının tərkibinə daxil idi. Azərbaycan Cümhiriyyətinin dövründə və eləcə də Azərbaycanda Sovet hakimiyyətinin ilkin dövrlərində, 1929-cu ilədək Göyçay qəzasının tərkibində yerləşib. 1929-cu ildə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun ərazisinə daxil edilib. Sarıqaya kəndində 1917 və 1921-ci illlərdə 45 ev olub. 1933-cü ildə kənddə hələ kollektivləşmə aparılmamışdır, 44 fərdi təsərrüfatda 144 kişi, 121 qadın olmaqla 265 nəfər əhali yaşayıb.

1961-ci ildə Məlikli kənd sovetliyinin, 1977-ci ildə Yarməmmədbağı kənd sovetliyinin,  XX əsrin sonlarında isə Qoruqbağı kənd inzibati ərazisinin tərkibində yerləşən Sarıqaya kəndi, 17 iyun 2003-cü il tarixdə Qoruqbağı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Sarıqaya mərkəz olmaqla kənd inzibati ərazi dairəsi yaradılmışdır.  

Artıq rəsmi olaraq bir kənd kimi mövcud olmayan Yastıyolun Kürün sol sahilindəki ərazilərinin bir hissəsi Sarıqaya kəndi ilə bir təsərrüfatda birləşdirilmişdir. 

Kənd sakini Qarayev Mənsur Şirvan oğlu Qarabağ müharibəsində şəhid olub. Sarıqaya kənd orta məktəbi Mənsur Qarayevin adını daşıyır.

“Sarı” və “qaya” sözləri ilə adlandırılan xeyli sayda coğrafi yer, məkan qeydə alınıb. Samux rayonunda, Cənubi Azərbaycanın Marağa, Sərab və Məlikan şəhristanları ərazilərində Sarıqaya kəndi var. İrəvan əyalətində də Sarıqaya adlı kənd olub. Masallı rayonunun Əmirtürbə kəndində Sarıqaya icması yaşayır. Ordubad, Yardımlı rayonlarında Sarıqaya dağı, Zəngilan ərazisində Sarı baba dağı, Laçın, Şuşa ərazisində Sarı baba dağ silsiləsi, Xələc kəndində Sarı dərəsi, Zəngilanda Sarıbaba düzü, Qafan ərazisində Sarı qışlağı, Qubadlı və Laçın rayonlarında Sarı yoxuşu, Qafan ərazisində Sarı yurdu var. Cənubi Azərbaycanda türk mənşəli Sarıqaya toponimi farslaşdırılmış və Sariqiyyə adlandırılmışdır.



Zərdab rayonu Sarıqaya kəndi Zərdab rayonu Sarıqaya kəndi Reviewed by Bəxtiyar on 19.9.20 Rating: 5

1 yorum:

Blogger tarafından desteklenmektedir.