Weather forecast for Zardab

“Əkinçi” qəzeti Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi

16.7.21

 

 “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.” Həsən bəyin söylədiyi bu fikirlər çağdaş dövrümüzdə də əhəmiyyətini itirməmiş və mətbuatımızın əsas prinsipi hesab olunmaqdadır.

 1832-ci  ildə "Tiflisskiy vedomosti” qəzetinin "Tiflis əxbarı" adlnan türk dilində əlavəsi buraxıldı. Hələlik heç bir nüsxəsi aşkarlanmayan "Tiflis əxbarı" haqqında yalnız arxiv sənədlərində məlumat var və ilk sayı 1832-ci ilin yanvar ayında işıq üzü görmüşdü. 1845-ci ildə isə "Zaqafqazskiy  vestnik" qəzetinin türk dilində "Qafqazın bu tərəfinin xəbəri" adlanan əlavəsi çap edilmişdir. Bu əlavə təxminən 4 il yarım çap olunmuş və yerli çar hökumətinin qərarı ilə ləğv edilmişdir. Türk dilində çap edilən bülleten xarakterli bu nəşrlər qəzet adlandıra bilməzdi.

 1870-ci ildə Həsən bəy Zərdabi türk dilində qəzet çap etdirmək üçün fəaliyyətə başlayır. Həmin dövrdə çar imperiyasının təzadlı siyasətindən bəhrələnən ermənilər tərəfindən 17 adda qəzet çap edilirdi. Müəyyən dairəlr və eləcə də ermənilər türk dilində qəzetin çap edilməsinə imkan vermək istəmirdilər. Həsən bəy 5 il inadkarlıqla mübarizə apardıqdan sonra, 1875-ci ilin iyul ayının 22-də arzusuna çatdı və “Əkinçi” qəzetini çap etdirməklə Milli Mətbuatımızın təməlini qoydu.

 Millətimizin tərəqqisində, milli şüurun oyanışından “Əkinçi” qəzetinin özünəməxsus yeri var. Əli bəy Hüseynzadənin söylədiyi kimi, aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy əlinə məşəl alıb bu qaranlığı işıqlandırmağa çalışmışdır.  Ayrıca mətbəə açmağa imkanı olmayan Həsən bəyə, Bakı qubernatoru Staroselski kömək edir və qəzetin quberniya mətbəəsində çap olunmasına icazə verir. Həsən bəy qəzetin naşiri, redaktoru, korrektoru, həm də mürəttibi olmuşdur.

 İlk saylarında  “Əkinçi” dörd əsas şöbədən,  “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri” , “Elm  xəbərləri”  və “Tazə  xəbərlər”dən ibarət idi. "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və "Məktubat" rubrikası altında məqalələr dərc olunmağa başlandı. "Əkinçi" tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi.  Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və  Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatirələrində yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi.”

 "Əkinçi"nin sorağı Londona da gedib çıxmışdı. "Daxiliyyə" bölməsində çap olunmuş bir yazıda bildirilir ki, “Altı ay yoxdur ki, bizim "Əkinçi" çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur... London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib, istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nəinki bu çağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi şəxslər onun bina olmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib, onu almaq istəmir".

 Bakıya gələn bir fransız müxbiri isə Həsən bəyin  təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş  və demişdir: "Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz".

 “Əkinçi”də çap edilən yazılar çağdaş dövrümüzdə də öz əhəmiyyətini itirməmişdir. “Xəbərlər” bölməsində çap edilən yazılar faktlara söykənməklə yanaşı dünyanın çox ölkələrini əhatə edirdi. Seyid Əzim Şirvani "Qəzet nədir?" şeirində bu barədə yazırdı:

"Xassə ol kim, "Əkinçi"yi-dana,

Əhli-islamı eyləyib ehya

Gah Peterburqdan olur guya,

Gah olur Hindi-Şərqdən peyda.

Gah Dünyadan qəzet verir xəbəri,

Gah Parisdən gəlir onun əsəri.

Kəşf edir karxanədən səməri,

Söyləyir hər kraldan xəbəri".

 Bayağı mahnıları, nəğmələri, şeirləri tənqid edən, mənasız, zövqə oxşamayan şeirlər yazan şairlərini məzəmmət etməkdən çəkinməyən Həsən bəy “Əkinçi” qəzetində yazırdı: “Bizim mahnılara baxan gərək təəccüb eləsin ki, xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç mənası olmur. Məsələn:

Ağacda oturub sərçə, 

Niyə uzunsan, ay küçə? 

Sən harda qaldın, ah beçə, 

Ey yar, ey yar, ay qaragöz.

 Həsən bəy Zərdabi ateist olmamışdır, lakin cəhalətə qarşı daim mübarizə aparmışdır. Müsəlmanları cəhalət yuxusundan oyandırmağa çalışan, onları zəmanə ilə ayaqlaşmağa, elm öyrənməyə çağıran Həsən bəy, mütəmadi olaraq “Əkinçi” qəzetində yazılar çap etdirirdi. 1876-ci ildə qəzetin 11-ci sayında yazırdı: “Yəni deyirik eşşəyin müsəlman olmağından çifayda? Adam gərək elm təhsil edib insan olsun ki, müsəlmanlığa qabil olsun.” 13 may 1975-ci ildə isə yazırdı ki, “İslam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü olmayıb. Ol vaxtla həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin... 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur ilə tələf olur.”

 "Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin Rusiya müsəlmanlarının həyatında böyük rol oynadı. "Əkinçi" haqqında çox deyilib, çox yazılmasına baxmayarq, qəzetdən öyrəniləsi hələ çox şey var. Mətbuatımzın ağsaqqalı professor Şirməmməd Hüseynov məqalələrinin birində yazır ki, "Əkinçi" qəzetinin ənənələrindən təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.”

  Hazırladı: Bəxtiyar Əsədli


“Əkinçi” qəzeti Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi “Əkinçi” qəzeti Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi Reviewed by Bəxtiyar on 16.7.21 Rating: 5

Əməkdar artist Azər Mirzəyev

16.7.21


 Respublikanın əməkdar artisti Azər Mirzəyev 12 may 1952-ci ildə Zərdab rayonunun Əlvənd kəndində, müəllim ailəsində anadan olub. Bir müddət sonra ailəsi, atasının işi ilə əlaqədar olaraq Sabirabad rayonuna köçüb. Orta təhsilini bitirdikdən sonra, 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

 Jurnalist olmaq istəyində olan Mirzəyev, imtahanları verə bilməmişdir. 1970-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşdur. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib. 1974-cü ildə ali təhsilini bitirib və təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. Ömrünün sonuna qədər bu teatrda çalışıb.

 1989-cu ildə ailə həyatı quran Azər Mirzəyevin 2 oğul övladı dünyaya gəlmişdir.

 “Nekroloq” filmində Sərdar, “Qeybdən gələn səs” filmində Sinman, “Yaşıl eynəkli adam” filmində rəis, “Dəvətnamə filmində molla və tamada, “Yol yoldaşları filmində sabirabadlı, “Mükafat” filmində Bəhram, “Mürafiə vəkillərinin hekayəti” filmində Hacı Rəcəbəli, “Sübhün səfiri” filmində Zaman xan, “Cəza” film-tamaşasında Əbilov, “Unutmayın” tamaşasında Əli Dadaşov, “Zəncirlənmiş Promotey” adlı tamaşada şair və digər rolları canlandırmışdır.  “Yol yoldaşları” filminin ssenari müəllifidir, “Nuş olsun” animasiya filminə redaktorluq etmiş, “Böyük ömrün davamı” filmində də rol almışdır.

 Televiziyalar üçün ssenarilər yazar, veriliş layihələri hazırlayar, aparıcılıq edərdi. AzTV-nin “Gənclik” baş redaksiyası ilə əməkdaşlıq etmişdir. Zarafatı sevər və zarafatları ilə insanların könlünü açmağı bacaran bir insan idi.

 25 may 1998-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

 1 il 8 aya qədər xəstə oldu. Xəstə olduğu müddətdə ssenarilər yazmaqda davam etmişdir. Uzun müddət insulit və ürək çatışmazlığından əziyyət çəkən Azər Mirzəyev, 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölümündən öncə kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxuyan Mirzəyev, Sabirabad rayonunda dəfn olunmuşdur. 

Əməkdar artist Azər Mirzəyev haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

Aşağıdakı keçidi vumaqla A.Mirzəyev haqqında video-çarxı izləmək olar.




 

Əməkdar artist Azər Mirzəyev Əməkdar artist Azər Mirzəyev Reviewed by Bəxtiyar on 16.7.21 Rating: 5
Blogger tarafından desteklenmektedir.