Weather forecast for Zardab

Zərdaba gedirəm: Mollakənd - Çöl Ərəb yolu

  Zərdabın Əlvənd və Otmanoba kəndləri ərazisindəki qədim yaşayış məskənləri  

 Əvvəlki yazımızda öz kəndlərinə, “sarı saçlı qızı” görməyə gedən Sevil xanımın (Sevil Gültən- “Payızı görməyə getmişdim”) “ardınca”  Ucar rayonundan keçərək Zərdaba “yol almışdıq”.  
 Həmin səfərimizdə Ucar və Zərdabın kəndləri olan kəndləri olan  Qazyan, Lək, Məlikmudlu, Çallı kəndlərinin taixinə qısaca nəzər saldıq, Zərabın taixi haqqında bəzi bilgiləri sizinlə bölüşdük (Zərdaba gedirəm: Zərdabın Məlikmudlusundan ....).
Zərdab kəndləri Kürdəmir yolu Село зардоба
Kürdəmir magistiralı
  Bu dəfə Kürdəmir - İmişli avtomobil yolundan, tarixən Çöl-Ərəb yolu kimi tanınan, Möllakənd-Zərdab yoluna dönərək rayonumuza üz tutacaq, eyni zamanda yöl kənarında yerləşən bəzi kəndlərin tarixləri ilə də tanış olacağıq. 
 Bu yolun üzərində yerləşən Kürdəmir Aran iqtisadi rayonuna daxildir, 1930-cu ildə yaradılmışdır. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, şimaldan İsmayıllı və Ağsu, qərbdən Ucar və Göyçay və Zərdabın kəndləri ilə həmsərhəddir. 



Zərdabın kəndləri Село зардоба

    
    Rayonda dövlət qeydiyyatına götürülmüş ilkin orta əsrlərə aid edilən Sığırlı kənd ərazisində "Qaratəpə" və Ərəbqubalı kəndi ərazisində "Şəhərgah" tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə də vardır. Dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində tapılmış 5470 qram çəkiyə malik nadir pul dəfinəsidir.
    Rayonun Mollakənd kəndində 140 yerlik "ULUSU" sanatoriyası 1993-cü ildən fəaliyyət göstərir. Həmin ərazidə 1971-ci ildə 3500 metr dərinlikdən 91 dərəcə istilikdə su fontan vurmuşdur. Yüksək keyfiyyətə malik bu sudan hazırda oynaq, hərəkət orqanlarının, revmatizm, dəri və digər xəstəliklərin müalicəsində səmərəli istifadə edilir. Zərdabın, onun kəndlərinin sakinləri tez-tez bu sanatoriyanın xidmətindən istifadə edir.
    Mollakənd – Zərdab yolu üzərində yerləşən Əlvənd kəndi nəinki Zərdabın, eyni zamanda Azərbaycanın ən qədim taixə malik kəndlərindəndir. Əlvənd kəndinin tarixi barədə danışmazdan oncə onunla qonşu olan Otmanoba və hazırda mövcud olmayan Gur-Gur kəndi barədə qısa məlumatlara baxaq. Bu kəndlər bizi Zərdaba aparan əsas yoldan kənarda yerləşdələr də, onların tarixi sizin üçün maraqlı ola bilər.

    Bəzi mənbələrdə Otman sözünün Osman sözünün dəyişikliyə uğramış forması olduğu iddia edlir. Digər alimlər isə Otman sözünün od çıxan yer mənasını verdiyini iddia edirlər. Oba sözü isə məlum olduğu kimi, el, yurd mənasında işlənilir. Maraqlıdır ki, bəzi tarixi sənədlərdə bu kəndin adı Otmanavalı kimi göstərilir və qeyd olunur ki, XIX əsrin axırlarında burada 67 evdə 310 ailə yaşayıb.
gur gur daş
Gur Gur - qədim qəbr
  Əlvəndun 3 kilometrliyində Otmanoba kəndinin yaxınlığında Gur-gur yaşayış yeri qeydə alınmışdır. Qaya uçqunu zamanı buradan saxsı nümunələri üzə çıxarılmış, 8 metr dərinlikdən maddi mədəniyyət nümunələri əldə edilmişdir.
  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Taleh Əliyev qeyd edir:
Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göllə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”
   “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov 2009-cu idə bu qazetdə yazırdı: 

"... Gur-Gurun köhnə qəbristanlığı Kür sahilindəki əsas bəndin çölündə yerləşsə də zaman-zaman bu qəbristanlığı su basmışdır və indi qəbristanlığın əksər hissəsi futbol meydançası kimi hamardır, əksər qəbirlərin izi də itib. İkinci qəbristanlıq əsas bənddən içəridədir, burada Məşədi Hümbətalı ziyarətgahı da var. Otmanoba kəndinin din xadimi Əlikram Məmmədov deyir ki, Məşədi Hümbətalı çox xeyirxah və imkanlı insan olub, 7 dəfə Məşhəd və Kərbəla ziyarətinə gedib.
    Əlikram kişi bizi bəndin çölündəki köhnə qəbristanlıqla tanış etdi. Dedi ki, burada bəlkə də minlərlə qəbir olub, yer tükənəndə insanlar o biri üzdə qəbristanlıq salıblar. Zaman keçdikcə buradakı qəbirlər tamam itib-batıb. Doğrudan da köhnə qəbristanlıqda cəmi 50-60 məzar gözə dəyir, əksəriyyətinin də başağacı yerdədir. Daşdan olan 2 qəbirdən də birinin başdaşı yerə yıxılıb. Bu günə qədər köhnə görkəmini az dəyişən yeganə daş məzarın başdaşını oxuduq: Dəfn olunub 1123-cü ildə (miladi tarixi ilə 1702-ci ildə).
Gur gur
Gur-Gur qəbr daşı
    Beləliklə, bu qəbrin 307 yaşı var. Əlikram kişi dedi ki, bir zamanlar bura mərkəzi qəbristanlıq olub, Kürdəmirin Köhünlü, Sovla, Söyüdlər, Zərdabın Seyidlər, Gur-Gur, Otmanoba və digər kəndlərindən mərhumları burada dəfn ediblər. İndiyədək qalan qəbirlərdən biri də Soltan piri adı ilə tanınır, insanlar təkcə qədim başağacı qalan qəbrin ətrafına müxtəlif parça hissələri bağlayıb nəyisə niyyət edirlər.

   1702-ci ildən qalan sinədaşı və başdaşı isə bu gün də estetik tərtibatı, ustad xəttat-daşyonan tərəfindən hazırlanması, oyma üsulu ilə yazılmasıyla diqqəti cəlb edir. Ağsaqqalların dediyinə görə burada dəfn olunan şəxs çox hörmətli və dövlətli insan olmuş, məzarının daşları isə Xankəndində hazırlanmış və arabalarda gətirilmişdir, deyildiyinə görə qızmar yayda istiyə və daşların ağırlığına dözməyən kəlin biri yolda ölmüşdür.
     Gur-Gur kəndi ilə tanışlıqdan sonra jurnalist həmkarım, rayon dövlət arxivinin müdiri Mirağa Bağırovun bu kəndlə bağlı «Zərdab Staxanovçusu» qəzetinin 1939-cu il iyun ayının 20-də çıxan 35-ci (ümumən 249-cu) sayında dərc edilmiş məqalə barədə danışdıqlarını və götürdüyü qeydləri xatırladım. 

 «Zərdab Staxanovçusu» qəzetinin həmin sayında yazılmışdır: «Srağagün Zərdab rayon partiya komiteti aktivinin iclası oldu. İclasda Muradov, Hüseyn Süleymanov, Oruc Süleymanov, Hüseynov, Axundov, Səməd Cəbrayılov və B. Məmmədov yoldaşlar çıxış edərək rayonun Gur-Gur kəndində «İnqilab» kolxozunun torpaqlarının Dağıstan ləzgilərinə icarəyə verildiyini, icarə pulunu isə hesaba keçirmədiklərini kəskin tənqid etmişlər».
   Otmanoba tərəflərə səfər edib Kərəm Müslümovu (Kərəm Kürqıraxlı) dinləmədən getmək məncə günahdır. Mərhum akademik Budaq Budaqov onun haqqında yazırdı:


    “Kərəm Kürqıraxlı ömrünü şeirə, sənətə həsr edib: söz sənətinin çətin, yoxuşlu zirvələrini birnəfəsə çıxmağı bacarır”.
    Xalq şairi Məmməd Aslan isə deyirdi:
Kərəm Kürqıraxlının şeiri birbaşa ürəyə xitab edir və necə deyərlər, ürəyə toxunur.
     70-80-ci illərdə Azərbaycan Dövlət radiosunun məşhur “Bulaq” verilişinin redaktoru İntiqam Mehdizadə “Bulağ”ın əvəzsiz ifaçısı Səməndər Rzayevin onun şeirlərini - "biz tərəfin adamıdı, yazısından yulğun kollarının ətri gəlir"- deyərək böyük şövqlə oxduğunu deyirdi (http://www.youtube.com/watch?v=oW18g5Nz57Y).

    Burada səfərimizə qısa fasilə veririk. Əlvənddə görüşənədək.
Zərdaba gedirəm: Mollakənd - Çöl Ərəb yolu Zərdaba gedirəm: Mollakənd - Çöl Ərəb yolu Reviewed by Camil Asad on 2.1.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.