Weather forecast for Zardab

Mollakənddən başlayıb Zərdabda bitən yol

    Çöl Ərəb yolu:  Kürdəmir - Mollakənd - Zərdab

  Çöl Ərəb yolu ilə ( Kürdəmir - Mollakənd - Zərdab) virtual səyahətimiz rayonun  dördyol adlanan ərazisində bitir. 

zerdab_avtovokzal
Avtovokzal
   
    Bu səyahətdə biz Otmanoba kəndinə yol aldıq, hazırda rəsmən mövcud olmayan Gur-Gur kəndində Zərdab ərazisində yerləşdiyi güman edilən, 13-cü əsrə aid qədim  Qutluq-Balıq adlı böyük bir şəhərin qalıqları ilə tanış olduq.
 AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Taleh Əliyev öz araşdırmalarında  qeyd edir ki, Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində inşa etməyə başladığı Qutluq-Balıq adlı böyük bir şəhər müasir Zərdabın ərazisində yerləşən Otmanoba kəndinin yaxınlığndakı Gur-Gur kəndinin ərazilərində yerləşib. Bu haqqda  bizim bu yazımızdan oxuya bilərsiniz.  
   Otmanobada el şairi Kərəm Kürqırqlı ilə "söhbətləşdikdən" sonra yolumuzu nəinki rayonun, həmçinin Azərbaycanın qədim kəndlərindən sayılan Əlvənddən davam etdirdik. Bu o Əlvəndir ki,  adına Abbasqulu ağa Bakıxanovun  məşhur "Gülüstani-İrəm" əsərində də rast gəlinir: "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu...". 
   İkinci dünya müharibəsi zamanı – 1941-ci il avqustun 25-də alman təyyarəsi bu kəndin üzərində uçaraq atdığı bombanın qalıqları bu gün də rayonumuzun tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. Həmin qalıqların şəklinə buradan baxa bilərsiz. 
  Səyahətimiz zamanı Əlvənd toponimi haqqında  kənd sakini Maarif Qurbanovun təqdim etdiyi maraqlı məlumatlarla rastlaşdıq. Sən demə, bu toponimə  nəinki respublikamızın müxtəlif ərazilərində, həm də Avropada, Asiyada rast gəlmək olur. Ən qəribəsi və maraqlısı odur ki, Fransanın qərbində Alvend adlı dünyaca məşhur kosmetik zavod-laboratoriya mövcuddur. Onun məhsulları öz  Alvend adı ilə öz mağazaları vasitəsi ilə satılır. 
 Yolumuzun üstündə yerləşən Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndləri özünəməxsus tarixi, insanları ilə maraqlı idi. Buradan Zərdabın bu kəndləri barədə maraqlı məlumatlar əldə edə bilərsiz. 
zerdab_4yol
Dörd yol ərazisi
   Gəldiyimiz yol həm də tarixi Xançobanı və Qarasubasar mahallarının təbii sərhədləri olub. Məhz bu yolu keçərkən nədən cəmi iki kəndin – Şahhüseyili və Dəli Quşçu kəndlərinin yolun bir tərəfində, digər kəndlərimizin isə başqa bir tərəfində yerləşməsi barədə maraqlı gümanlarımız oxucularımızla bölüşdürdük. Bizim mülahizələrimizlə buradan tanış ola bilərsiniz.
 Qaravəlli kəndi də özünəməxsus tarixə malik kəndlərimizdəndir. Həm də  öz zamanında xeyriyyəçi kimi tanınan Şeyx Əbdürrəhman Molla Tağı oğlunun  vətənidir bu kənd. O, evinin birini atasız - anasız uşaqlara ayırıb, onları öz vəsaiti hesabına saxlayıb və təhsil verib. Yaşadığı Qarəvəlli kəndinə yol çəkdirib, məscid və dəyirman tikdirib. Dövrünün mütərəqqi fikirli insanlarından olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu beş il İranın Qum, beş il Məşhəd şəhərlərində, müəyyən fasilələrlə on beş il də İraqın Nəcəf şəhərində dini təhsil alıb, Şeyx kimi yüksək rütbəyə layiq görülüb. Bakıda Təzəpir məscidinin axundu olub. Qısa araşdırmamız göstərdi ki,  Qaravəlli kəndi barədə yazımız ən çox oxunanlardandır. 
   Əlbəttə ki, bu istiqamətdə yerləşən Zərdabın Kürqırağı kəndlərini -  Şıxbağı, Nəzəralı, Ağabağı və Kəndəbili (Gəndəbil)-i görmədən, Kürün füsunkar mənzərəsini seyr etmədən ötüb keçmək də olmazdı. 
   İsaqbağında isə xatirələri vərəqlədik, bu kəndin hansı yetirməsinin Yunanstanın Saloniki şəhərində  Zərdabın adını tanıtdığını, eyni zamanda vaxtıi ilə rayonda fəaliyyət göstərən və təkcə rayonda deyil, həm də  regionlarda ilk xəbər saytlarından biri olan www.zardab.com.az saytını xatırladıq. www.zardab.com.az saytı az müddətdə fəaliyyət göstərsə də, respublika səviyyəli saytlarla bir sırada durmağı bacardı, respublika səviyyəli müasbiqələrdə iştirak edərək, öz nominasiyasında 3-cü də oldu.
  Ötən dövürlərdə Məscidli oba kimi tanınan  Dəkkəoba kəndi ,  həm də Böyük Dəkkə, Bala Dəkkə kəndləri ilə qonşudur. Bala Dəkkə də hazırda rəsmi mövcüd deyil, Təzəkənd kəndi ilə birləşib. Təzəkənd ərazisində hazırda müasir tələblərə cavab verən suötürcü qurğu inşa edilib. Bu qurğu 10 min hektara yaxın ərazini sulamağa imkan verəcək.
  Zərdab ərazisində Lələ Əhmədli obalarının ən böyüyü olan indiki Dəli Quşçu kəndi səfərimizn sonuncu kəndi idi. Bu yaşayış məntəqəsini keçdikdən sonra Zərdab şəhərinə daxil oluruq. Şəhərin mərkəzinə yol rayonun 4 yol adlanan ərazidən keçir. Buradan həm mərkəzinə, həm də şərti olaraq rayonun yuxarı kəndləri adlanan ərazilərdən keçməklə Ağcabədi Ağdaş rayonuna yol almaq olar. Buradan həmçinin Zərdab - Ucar yolu vasitəsi ilə respublikamızın əh böyük magistirallarından biri olan Bakı - Qazax yoluna da çıxmaq mümkündür. 
zerdab_natiq
"Natiq" şadlıq sarayı
    4 yol adlanan əraizdə rayonun avtovokzalı yerləşib. Həmçinin iki istiqamərtə yol kənarı boyunca  yanacaq dildurma məntəqələri, iaşə və ticarət müəssisələri də yerləşir. Rayonda ən böyük olan "Natiq"  şadlıq sarayı da bu ərazidədir. Dördyoldan Zərdab şəhərinin mərkəzinə yollanmaq olar.    
    Beləliklə, Çöl Ərəb yolu ilə başlanan yolçuluğumuz burada bitir, növbəti səfərlərimizdə görüşənədək.
Mollakənddən başlayıb Zərdabda bitən yol Mollakənddən başlayıb Zərdabda bitən yol Reviewed by Camil Asad on 20.6.17 Rating: 5
Blogger tarafından desteklenmektedir.